Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:37

Dekabrın 1-dən qiymətlər qalxır, bəs maaşlar?


Metroda gediş haqqı 20 qəpik oldu
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

Tarif Şurasının qərarı ilə dekabrın 1-də Bakı metrosunda bir dəfə gediş haqqı 15 qəpikdən 20 qəpiyə qaldırılır. Metronun daimi sakinləri olan Bakı sakinlərinin fikirləri

Dekabrın 1-dən metro sərnişinləri günə 10 qəpik daha artıq xərcləməli olacaq. Tarif Şurasının qərarı ilə metroda gediş haqqı 15 qəpikdən 20 qəpiyə qaldırıldı. Şuranın məlumatında bildirilir ki, bir sərnişinin birdəfəlik gediş xərci hələ də mövcud tarifdən bir neçə dəfə yüksəkdir. Metroda gediş haqqının qaldırılması səbəbi belə izah edilir: «Bakı Metropolitenin Perspektiv İnkişaf Planı çərçivəsində vaqon parkının yenilənməsi, yeni stansiyalarının istismara verilməsi və sair işlər görüldüyündən, gediş haqqının qaldırılması qərara alınıb».

BİR AİLƏDƏN 3-4 NƏFƏR METROYLA GEDİRSƏ...

Metropolitenin 28 May stansiyası çıxışında qarşılaşdığımız sakinlərdən bu xəbərə reaksiya müxtəlif oldu.

- Bir ailədən 3-4 nəfər gedirsə, əlbəttə çətin olacaq. İşə gedib- gəlirəm, bağçaya uşağın dalıyca gedirəm.
- 20 oldu, 15 oldu, fərqi yoxdur, əsas odur tıxac olmasın.
- 20 qəpik oldusa, bir azdan 30-40 edəcəklər, avtbuslar da 1 manat olacaq, bu heç kimi qane etmir
- Mənim üçün fərqli yoxdur, bədxərcəm.
- Etiraz edib nə edəcəyik ki? Bir iki adamla, nə deyə bilərik? Düzdü, çətin olacaq, amma nə etməliyik?
- Vallah, dövlətin işidir, bizlik deyil. Onsuz da büdcəmiz ödənmir. Aldığımız əmək haqqı ərzağa çatmır, gediş haqqına çatmır, kommunal xərclərə çatmır...problemdir də yaşayırıq.

KOMMUNAL XİDMƏTLƏR DƏ QALXDI

Tarif Şurasının keçirdiyi iclasda qiymətlərində dəyişiklik edilən xidmətlər sırasına digər sahələr də aiddir. Məsələn, isitmə xidməti tarifləri 1 kvadrat metr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kub metr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib. İsti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 1,5 manat müəyyən edilib. Bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qrupla üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri isə 1 kubmetr üçün 1.2 manat təsdiq edilib.

Tarif Şurası açıqlayır ki, əhali üzrə isti su təchizatı xidmətləri təqribən 1500 ailəni əhatə edir. İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, bu bütün ölkə üzrə ailələrin 0.1 faizi belə etmir. Ona görə də isti suyun qiymət artımı elə ciddi təsirə malik olmayacaq:

«Daha çox təsir məişət tullantıları sahəsində və metropolitenin qiymətinin artırılmasında olacaq. Xüsusən də metropoliten sosial baxımdan ağır zərbə olacaq. Məsələn, bir ailədə 4 nəfər bundan istifadə etsə, xüsusilə kasıb ailələr üçün izafi xərcdir».

Rövşən Ağayev
Rövşən Ağayev
Rövşən Ağayevin sözlərinə görə, metroda gediş haqqından əldə edilən gəlirlərin xərclənmə istiqaməti şəffaf olmalıdır. Tarif Şurasının verdiyi məlumatda deyilir ki, metro tikintisi və avadanlıqların alınması çox vəsait tələb etdiyindən, gediş haqqı artırıldı. Ekspert bildirir ki, onsuz da bu istiqamətlərdə dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb.

QİYMƏT ÇOXDAN QALXMALIYDI

Millət vəkili, parlamentin sosial siyasət komitəsinin üzvü Elmira Axundova deyir ki, metroda qiyməti çoxdan qaldırmaq lazım idi:

«Metronun özünü saxlaması üçün qiyməti heç olmasa, 80-90 qəpik olmalıdır. Dövlət başa düşür ki, bu, mümkün deyil, 5 qəpik qaldırır. Məncə bu insafla olub, mən bunun əleyhinə deyiləm. 20 qəpik normaldır, hətta aşağıdır».

«BU, CİNAYƏTDİR»

Müsavat başqanı İsa Qəmbər isə qiymət artımını hakimiyyətin Azərbaycan xalqına qarşı etdiyi cinayət kimi dəyərləndirir:

«Heç bir normal iqtisadi inkişaf və islahat proqramı olmayan, sadəcə hər il guya büdcə layihəsi hazırlayaraq sərvətlərdən nə qədərini mənimsəməyə imkan olduğunu müəyyən etməklə məşğul olan bir hakimiyyətimiz var. Bu da hakimiyyətin növbəti cinayətidir. Vətəndaşların maaşları artırılmadan, pensiyalar artırılmadan, sovet dövründən qalma əmanətlərin qaytarılması üçün heç bir real addım atılmadan nəqliyyatda qiymət artımına baş vurublar. Biz Müsavatın divanında da buna etiraz etdik və bildirdik ki, hakimiyyət buna son qoyub insanların rifahını yaxşılaşdırılması üçün təcili tədbirlər planı hazırlamalıdırlar».

GÖZLƏMƏK LAZIM İDİ

Vahid Əhmədov
Vahid Əhmədov
Milli Məclisin İqtisadi siyasət komitəsindən Vahid Əhmədov isə deyir ki, belə məsələlərdə qərar vermək üçün dövlət büdcəsinin qəbulunu gözləmək lazım idi.

«Gözləmək lazım idi ki, biz dövlət büdcəsini qəbul edək. Maaşların artırılması üçün 2012-ci il dövlət büdcəsində təxminən 8 mln manat vəsait nəzərdə tutulub. Amma indi bunların mütənasibliyini, ölkədə gedən inflyasiya və sairəni gərək oturub hesablayaq».

İqtisadçı ekspert bildirir ki, metroda qiymət qalxması digər nəqliyyat növlərinə də təsir edə bilər.

Tarif Şurasından isə Azadlıq Radiosuna bildirdilər ki, Nəqliyyat Nazirliyindən onlara qiymət artımı ilə bağlı müraciət olunmayıb.
XS
SM
MD
LG