Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:48

Britaniyalı jurnalist Qərbi R.Tağıyla bağlı susqunluğa görə "yıxıb-sürüdü"


"Beynəlxalq ictimaiyyət"in Rafiq Tağının ölümündən kədərləndiyi heç hiss olunmadı. Naməlum şəxs qorxaqcasına onun kürəyinə bıçaq sapladı... Onun qatili yəqin ki, siyasi yox, dini tiranlığın tərəfdarlarından idi. Amma 61 yaşlı azərbaycanlı yazarın qətlinə demək olar ki reaksiya gəlmədi...

Britaniyalı jurnalist Nick Cohen bunu noyabrın 26-da "Observer" qəzetində dərc edilən şərhində yazır. "The deafening silence on a good man's death" (Yaxşı adamın ölümü ilə bağlı qulaqdeşən sükut) adlanan məqalədə deyilir ki, Rafiq Tağının qətli Qərbin dini ekstremizm qarşısında qorxaqlığını göstərir.

Kohen yazır ki, "ərəb baharı" davam etdikcə hər yerdə Rafiq Tağı kimi insanların hücuma məruz qaldıqlarını görmək olar.

Məqalədə deyilir ki, məsələn, Tunisdə inqilabdan sonrakı ilk seçkidə "Ən Nahda" Partiyası qalib gəlib. Qərb media orqanları həmin partiyanı "mötədil islamçı" kimi təqdim edir. Amma bu həmin "mötədil" partiyadır ki, İranda qadınlara qarşı zorakılıq haqda proqram yayımlayan telekanala hücum edir, onları "İslamın müqəddəs dəyərlərini təhqir etməkdə" günahlandıraraq məhkəməyə verir. Misirdə isə liberal müxalifət artıq anlayıb ki, "Müsəlman qardaşlığı"ndan onlara müttəfiq olan deyil.

Kohen yazır ki, güman ki ondan başqa heç kəs Britaniyada Rafiq Tağının ölümündən yazmayacaq.

O, Rafiq Tağını "dünyəvi diktatura və dini ekstremizmə qarşı mübariz" kimi təqdim edir.

Jurnalist yazır ki, dünya ölkələri neft və qaz ehtiyatlarına görə "keçmiş KQB zabitinin oğlu" İlham Əliyevin idarə etdiyi "dünyəvi diktatura" ilə yaxşı əlaqələr qurublar. Qərblilər bu uzaq ölkə haqqında məlumatları ingilisdilli "Bakı" jurnalından alırlar. Prezidentin qızı Leyla Əliyevanın redaktoruluğu ilə çıxan həmin jurnalda moda, kino ulduzları haqda məqalələr və Azərbaycan mənzərələri yer alır. Amma hakimiyyətin müzalifətə qarşı təqiblərindən heç nə yazılmır. Pul hərisliyi haqda da. Halbuki "Transparency İnternational" bildirir ki, Azərbaycan ən çox korrupsiyaya bulaşan ölkələr sırasında yer alır. Məqalədə o da deyilir ki, bəzi Amerika diplomatları hətta hakim elitanı Karleone cinayətkar qrupu ilə müqayisə edirlər.

Tağı həm də dini ekstremizmə qarşı çıxırdı. O da müsəlman ölkələrində liberalların döyüşdüyü iki istiqamətli cəbhə xəttinin önündə idi.

Onun din cəbhəsindəki düşmənləri bunu bilirdilər və onun qətlinə fərman vermişdilər.
Yaxınları və dostları Rafiq Tağının məzarını ziyarət edir
Yaxınları və dostları Rafiq Tağının məzarını ziyarət edir
Rafiq Tağı müqayisə zamanı İsa peyğəmbəri Məhəmməd peyğəmbərdən üstün sayırdı. O qeyd edirdi ki, xristianlıq Avropada insan haqları və demokratiyanın təntənəsinə gətirib çıxarıb, İslam isə Şərqdə despotizmə. O düşünürdü ki, azərbaycanlılar azad olmaq istəyirlərsə, dünyəvi dövlət quruluşunu seçməlidirlər.
Azərbaycan hökuməti onu həbs etmiş və İran ayətullası Lənkərani onun ölümünə fitva vermişdi. Amma Rafiq Tağı azadlığa çıxandan sonra yenə yazılarına davam edirdi.

Kohen yazır ki. Rafiq Tağı son yazılarında İrandakı dini dövlət quruluşunu tənqid edirdi.

"Onun qətlini ya İran, ya da yerli dindarlar təşkil edib".

Amma britaniyalı jurnalist yazır ki, dövlətlə bağlı şəxslərin də burada əli olduğu istisna edilə bilməz. O, azərbaycanlı blogger Emin Milli ilə söhbətinə istinad edir. "E.Milli təəccüblənir ki, dövlət klinikasında müalicə alan və ağır əməliyyatdan çıxıb sağalmağa doğru gedən yazıçı birdən-birə necə ölə bilərdi?"

Kohen hazırda Londonda təhsil alan blogger Emin Millinin hakimiyyəti tənqid etdiyi üçün tutulduğunu qeyd edir.

Britaniyalı jurnalistin yazdığına görə, Emin Milli heç cür anlaya bilmir: necə olur ki, Qərb ölkələri onun həbsini qəti şəkildə pislədikləri haqlda Rafiq Tağının qətli ilə bağlı susurlar.

Kohenin azrbaycanlı bloggerə cavabı belə olub: "Mən izah etməyə çalışdım ki, Avropa Rafiq Tağının düşündüyü qədər cəsarətli qitə deyil. Avropa siyasi təqiblərin qurbanlarını müdafiə edər, amma dini təqiblərin qurbanlarını yox. Salman Rüşdiyə qarşı təqiblərdən sonra burda bir çoxları repressiyalardan ehtiyat edib islamçıları pisləmədi. Bəziləri isə orientalizm, neokonservatizm və başqa "fobiya"larda ittiham ediləcəklərindən ehtiyatlanmağa başladılar... Liberal qərblilər siyasi avtoritarizmlə mübarizədə müttəfiq ola bilərlər, amma dini avtoritarizmlə mübarizədə yox".

Britaniyalı jurnalist yazır ki, "Emin Milli bunu anlamadı və mən xəcalət çəkdim. Yaxın Şərqdə və digər bölgələrdə liberalların nələrlə üzləşə biləcəyini nəzərə alanda adam düşünür ki, qərblilərin öz cılız mənafelərini hər şeydən önə çəkməyə nə haqları var?"
XS
SM
MD
LG