Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

İntiqam Əliyev Türkiyədən deportasiya olunur


İntiqam Əliyev
İntiqam Əliyev

Türkiyədə saxlanan Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev dekabrın 7-də İstanbuldan Bakıya deportasiya edilərkən təyyarəsinin qalxmasına bir saat qalmış yenidən polisin təzyiqinə məruz qalıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən türkiyəli vəkil Halil Kocabaş bildirir ki, Türkiyə polisi ilə mübahisə zamanı İntiqam Əliyevin sözləri düzgün başa düşülməyib: “Polis onu itələyib, ya da bəlkə yumruqla vurub. Nəzarət kameralarının görüntüləri ilə bu aydınlaşdırılacaq. Bundan başqa, onu təhdid ediblər, deyiblər ki, daha betərini də edə bilərlər". - deyə Koçabaş bildirib və əlavə edib ki, hadisəyə İstanbuldakı Vəkillər qarışıb, Türkiyə mediasını dəvət ediblər.

Hadisənin detallarına toxunan Kocabaş deyib ki, dünən İstanbulda hava limanında hansısa sözün yanlış anlaşılmasına görə polis özünü təhqir edilmiş bilib və bir-neçə nəfər İntiqam Əliyevin üstünə düşüb, onu sürüyüb bir otağa salıblar: “Dörd saat mən ona yetişə bilmədim. Hətta mən çatanda xəbərdarlıq etsəm də, polis çığırıb-bağıraraq hərəkətlərini davam etdirdi. Onu da deyim ki, Türkiyə dövləti bizə yardımçı olmadı, dövlət idarələri tərsinə hərəkət edib hüquqi prosedurları əngəllədi, hadisənin böyüməsinə səbəb oldu" - deyə vəkil bildirdi.

Vəkil həmçinin deyib ki, Türkiyə polisinin İntiqam Əliyevə təhqir və zorakılığına görə məhkəməyə müraciət edəcəklər: "Biz İntiqam Əliyevə qarşı törədilən hərəkətlərə görə bütün məhkəmə orqanlarında iddia qaldıracağıq.”

Vəkilin sözlərinə görə dekabrın 8-ə keçən gecə İntiqam Əliyev təyyarə ilə İstanbuldan Bakıya deportasiya edilib.

***

Türkiyədə saxlanan Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev Azərbaycana deportasiya olunacaq. O, polisə həqarətdə ittiham olunur.

Bu barədə AzadlıqRadiosuna hazırda Atatürk Hava Limanında saxlanan İntiqam Əliyev özü məlumat verib.

- İntiqam müəllim, Sizi hava limanında niyə saxlayıblar, nə baş verib?

- Dünən mən Vilnüsdan ATƏT-in tədbirindən Bakıya dönürdüm. Pasport yoxlamadan keçirdim. Gömrük məmuru sənədə möhür vurandan sonra sənədi mənə normal şəkildə təqdim etmədi, ikrah hissi ilə onu stolun üstünə atdı. Mənim üstümə qışqırdı ki, götürüm. Mən onu sakitliyə dəvət etdim. Bundan sonra aramızda mübahisə yarandı. Az qala bütün aeroportun polisi töküldü üstümə. Hüquqşünas olduğumu dedim, əhəmiyyət verən olmadı. Buna etiraz etdim və polis rəisi ilə görüşməmi istədim. Rəhbərlik gəldi, amma o, məndən polis məmurundan üzr istəməyimi tələb etdi. Mən bundan imtina etdim, polislərin mənə qarşı kobudluq etdiyini bildirdim. Bildirdim ki, mən təhqir olunmuşam, məndən onlar üzr istəməlidirlər. Bundan sonra məni aeroportun zirzəmisinə apardılar və 4 saat orda saxladılar. Vəkil tələb etdim, vermədilər. Şikayət yazmaq üçün imkan da vermədilər. Sonradan qollarıma qandal vurub bütün aeroport boyu cinayətkar kimi apardılar. Buna etiraz edəndən sonra mənə vəkilimlə görüş verdilər. Mənə bildirdilər ki, səni bu axşam saat 10:50-də Türkiyədən deportasiya edəcəklər. Polisə həqarət maddəsi ilə cinayət işi də açılıb. Amma bu barədə mənə nə sənədlər verilir, nə də detallı məlumat. Deportasiya olunmam o anlama gəlir ki, mən bir neçə il Türkiyəyə gedib-gələ bilmərəm. Amma mənə dedilər ki, deportasiya olunsan da, cinayət işi davam edəcək.

- ATƏT Sizin saxlanmanızla bağlı məsələyə müdaxilə edibmi?

- «Freedom House» təşkilatından mənə yazmışdılar ki, onlar bu barədə məlumatlar yayıblar. Artıq hava limanı ilə əlaqə saxlanılıb. Faktiki onların reaksiyasından sonra vəziyyət yumşaldı. Yoxsa belə başa düşdüm ki, mənim üstümə rahatca şər atıb tuta da bilərdilər. Dünən məni saxlayan polis əməkdaşlarına da dedim ki, Türkiyə artıq Azərbaycana oxşamağa başlayıb. Hətta təzyiqlər edirdilər ki, susum, danışmayım. Bir polis isə dedi ki, susmasan sənin başına oyun açacaqlar.

Atatürk Hava Limanının polis bölməsindən isə AzadlıqRadiosuna bildirdilər ki, təhlükəsizlik kamerası hər şeyi qeydə alıb, polis kiməsə təzyiq etməyib:

«Polis kobud davranmayıb, zatən kamera qeydləri var».
XS
SM
MD
LG