Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:53

Eyvaz Zeynalov "Cöngəpulu" (Hekayə)


Eyvaz Zeynalov
Eyvaz Zeynalov
Eyvaz Zeynalov


CÖNGƏPULU

Tale güclülər üçün doğma,
zəiflər üçün ögey anadır.
Ş. Osvald

Falabaxan qadın küçənin gur yerində, insan axarında dayanmışdı.

Böyür-başından ötüb-keçənləri ovsunlayıcı baxışlarıyla seçib-seçmələyir, arabir ona-buna söz, rəml atırdı bəxtəbəxt, balıq-çı çayda balıqlara qarmaq atan kimi. İlişər ilişər, ilişməz, nə çoxdu ilişməyə meyilli.

Budu, biri elə bizim balıq-adam.

- Cavan oğlan, qoy sənin falına baxım.

- İstəmirəm, fala-zada inanmıram, - dedi, amma bir anlığa ayaq saxladı.
Arifə bir işarə, deyiblər, falabaxana elə bu da kifayətdi. Belələrinə yaxşı bələddi. İnanmır-dısa niyə qulaqardına vurmur, üzüb getmir, quyruqlamağa şərait yaradırdı?

- Mən hər falabaxanın tayı deyiləm, cavan oğlan!

- Əşi, hamınız eyni yuvanın quşusunuz. - Bir az da ləngidi.

- Nə bilirsən? Yəqin haçansa fırıldaqçıya rast gəlmisən, ona görə belə danışırsan. - Qaraya-nız, suyuşirin, orta yaşlı qadın əlindəki kitabçanı irəli uzatdı. - Arasına bir şirvan qoy, Quranı aç! - Birinci qarmağının boşa çıxmadığını görüb daha bir cəhd elədi, ikinci qarmağını atdı. Neçə illik təcrübəsini işə salmalı, məharətini göstərməli, yaralı balıq-adamın üzüb aradan çıxmasına imkan verməməliydi.

- Yox, mən Quranı açmaram, düşər-düşməzi var.

- Aç, aç, qorxma! - Tərəddüdlə gerilədiyini görüb dalınca düşdü, qılığına girməyə, ürəklən-dirməyə başladı.

- Bir şərtlə açaram. - Balıq-adam təkrar dayanmaqla falabaxanın özünə inamını bir qədər də artırdı.

- Hansı şərtlə?

- Hər şeyi düz desən, arasına bir şirvan əvəzinə iki şirvan qoyacağam. Düz deməsən, heç nə qoymayacağam.

- Razıyam! - Falabaxan rahatlanaraq onu cəld dalınca dartdı, çəkib “çaydan” qırağa çıxartdı. İstədiyi yar idi, yetirdi pərvərdigar. - Bir adını de, bir də bu Quranı aç, qalanı mənlikdi.

- Düzgün falabaxansansa, elə adımı da de də. - Balıq-adam cığallamaq istədi. Lakin falaba-xan bu cür şıltaqlıqları çox görmüş, çox yola vermişdi.

- Mən Allah deyiləm, əlimdən yalnız Quranla fal açmaq gəlir. Adını de, taleyini mən söylə-yəcəyəm. - Üçüncü qarmağı atdı.

Balıq-adam ram oldu. İstedadlı, savadlı, eyni zamanda bir falçıya inanacaq qədər sadəlövh-dü. Yalan danışmasa da yalana daha tez-tez aldanırdı. Necə deyərlər, zəmanə adamı deyildi. Qu-ru maaşa gözünü dikmişdi. Nə rüşvət alır, nə rüşvət verirdi. Ətrafındakılara, rüşvətlə dolananlara mane olduğuna görə onu sevmirdilər. Hər addımbaşı badalaq vurur, işini bururdular. O isə uğur-suzluqlarının hamısını alın yazısı sayırdı.
Quranı açdı, əlini qadının əlinə təslim etdi.

- Ay yazıq, sənin taleyin əvvəldən kəm gəlib. - Falabaxan düdüləyib tökdü. - Ata, ana, qar-daş, bacı, əmi-dayı köməyi görməmisən, düzdü?

- Düzdü, - təsdiqlədi.

- Gənc yaşında bir qız sevmisən, qismət olmayıb.

- Düzdü.

- Hansı işin dalınca gedirsənsə, bəd gətirir. - Falçı onu tamam ovsunlamışdı. Halal qəniməti sayırdı. Bir daha əmin olmuşdu ki, zəif adamlar öz uğursuzluqlarının əsiridilər, təxminən eyni ta-leyi bölüşürlər. - Anan heç qazancını görüb? - Söyləmək əvəzinə soruşdu. Qurbanının sayıqlığını yoxlayırdı.

- Yox, anam erkən ölüb. - Adam fərqinə varası halda deyildi. Belə bir qurbanı idarə eləməyə nə vardı!

- Sənin ardınca ananın gözü qalıb, o gözü mütləq götürmək lazımdı.

- Bacararsanmı?.. - Gözlənilmədən tapdığı xilaskarını itirməkdən qorxan adam kimi tez so-ruşdu.

- Bu, mənim işimdi. - Falçı qələbəsinin təntənəsini yaşayırdı. - Sən əvvəl hələ bir mənə de görüm, o gözdən xilas olmaq istəyirsənmi?

- Əgər bütün uğursuzluqlarıma bais o gözdüsə, niyə də istəməyim? İşinizdə olun!

- Küçədə, atüstü göz götürülməz, qadası! Göz götürmək sənin düşündüyün qədər asan, sadə bir məsələ deyil. - Bu, oxunu atıb yayını gizlətməkdi.

- Bəs indi necə olsun?.. - Adam nəyə, hansı məhrumiyyətlərə desə, hazırdı.
Falabaxan Laçın qaçqını olduğunu dedi. Guya Sumqayıtdakı filan mikrorayonda, filan qaç-qın yataqxanasında məskunlaşmışdı. Gəlib tapar, arxayınca anasının gözünü götürər, işləri hamısı qaydasına düşərdi.
Şərtə görə iki “şirvan”ını ödədi, qadının ünvanını dəqiqləşdirib cib dəftərçəsinə yazdı.

***

Quş kimi səkən günlər qatarlanıb aylara dönsə də hər dəfə uğursuzluğa düçar olanda yadına düşən falabaxanın yanına getməyə vaxt tapmadı. Bir axşam ayıldı ki, ünvanını yazdığı dəftərçəsi dolduğuna görə küçədə zibil qabına atıb. Peşimançılıq hissiynən səhərəcən yatmadı. Hava işıqla-şanda geyinib şəhərə getdi. Dəftərçəsini tulladığı zibil qabını tapdı. Küçədəkilərin heyrətli baxış-ları altında zibil qabını eşələməyə, zibilləri töküb-töküşdürməyə başladı. Lakin dəftərçə yağlı əppəyə dönüb tapılmadı. Ordan avtobusa oturub birbaş Sumqayıda yollandı.

Yadında qalan mikrorayona üz tutdu. Bir-bir qaçqın yataqxanalarına baş çəkdi. Laçınlı qaç-qın falabaxanı soraqladı. Tanıyıram, deyən olmadı. Şər qarışanda əliboş geri qayıtdı.

Bir təsəllisi qalmışdı. Arvad demişdi ki, işdi-şayət əgər geciksən, yaxud təsadüfən məni gə-lib tapmasan (falabaxan belə olar, hər şey qabaqcadan ürəyinə damar!), o zaman iki yüz kiloluq bir cöngə alıb kəsərsən, yetim-yesirə paylayarsan, ananın gözü yığılar.

Yenə günü-günə sataraq gözlədi ki, əlinə hardansa necəsə təsadüfən artıq pul gələcək (maaşı aylıq dolanışığını dadar-doymaz güclə ödəyirdi), iki yüz kiloluq bir cöngə alacaq. Amma nə əlinə pul gəlirdi, nə də işləri düz gətirirdi.
Bunu eşidən dostlarından biri tanış qəssabdan iki yüzkiloqramlıq bir cöngənin neçəyə oldu-ğunu öyrənib həmin pulu ona çatdırdı.

- Bu nə puldu? - Bir pula baxdı, bir ona, təəccüblə soruşdu.

- Cöngəpuludu.

- Hansı cöngənin? - Başa düşmədi.

- Falçının dediyi cöngənin.

- Sən niyə verirsən?

- Dost deyilik?..

Xeyli vaxt gözünə görünmədi ki, birdən narahat olar. Düşünürdü ki, bu, psixoloji bir səddi. Onu aşa bilsə, qalanı, göz-filan boş söhbətdi, bədlikdən çıxacaq.

Nəhayət, bir gün görüşdülər. Mısmırığını sallayıb:

- O nə puldu elə? - Dostunu sorğu-suala çəkdi.

- Dedim, axı, cöngəpuludu.

- Cöngəpulu olduğunu bildim. Haram, halallığını soruşuram.
Dostu bir az fikrə gedib düzünü dedi:

- Məndə o qədər artıq halal pul hardadı? Guya bilmirsən, mən də təxminən elə sənin qədər maaş alıram. Rüşvətdi. Bir nəfərin işini aşırmışdım.

- Elə o cür də bildim, - əsəbi halda mızıldadı.

- Nədi, noolub axı?..

- Pul cibimdə işə yollandım. İş, otaq yoldaşım niyyət eləmişdi, həcc ziyarətinə getməliydi, vaxtı yetişmişdi. Amma pulu kəmdi. Soruşdum ki, nə qədər çatmır? Dedi, filan qədər, zalım elə bil cibimdəki cöngəpulunu manatınacan saymışdı. Çıxardıb qoydum qabağına. Fikirləşdim, bura qədər dözmüşəm, qoy bir az da dözüm. Gedər həccə, gələr, pulumu qaytarar, alıb cöngəmi kəsə-rəm. Həm öz işim düzələr, həm də iş yoldaşımın.

- Nooldu, getdimi?

- Getməyinə getdi...

- Yəqin pulunu qaytarmadı, eləmi?..

- Əşi, yox. Yazıq yolda qəzaya düşdü, öldü. Savab qazanmaq istəyirdim, günaha batdım sənin ucbatından. Haram pulnan da həccə getmək olar?..

- Guya gedənlərin hamısı halal pulnan gedir? Ə, az avam ol. - Dostu həmişəki kimi əvvəlcə başına ağıl qoymağa çalışdı, sonra da təskinlik verdi. - Fikir eləmə, ölməmişəm ki! Yenə birinin qulağını kəsər, cöngəpulunu düzəldib gətirərəm.

- Yox, yox, qaradaş, o cür pul mənə lazım deyil! - İlan vuran ala çatıdan qorxan kimi dad elədi. - Qəpik-qəpik də olsa cöhgəpulunu öz halal maaşımdan yığacağam.

***

O vaxtdan illər keçmişdi. Hərdən görüşəndə dostu soruşurdu:

- Ə, nooldu, cöngəpulunu düzəltmədin hələ?

Cavab vermir, başını aşağı salıb aralanırdı. Cöngəpulunu düzəltmək qalsın bir yana, bəxti gətirməmiş, filan qədər borca girmişdi...
XS
SM
MD
LG