Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

Novella Cəfəroğlu: «Hökumət nə hüquq müdafiəçilərini vecinə alır, nə jurnalistləri»


Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Beynəlxalq İnsan Haqları Günü ərəfəsində AzadlıqRadiosunun suallarını cavablandırdı.

- Novella xanım, sabah Beynəlxalq İnsan Haqları Günüdür. Hal-hazırda Azərbaycanda insan haqlarının vəziyyəti Sizi qane edirmi?

«NƏ SEÇKİLƏR SAXTALAŞDIRILAR, NƏ DƏ KORRUPSİYA OLAR...»

- Yox, qane etmir. Sözsüz ki, qane etmir. Bizim indi ən önəmli məsələmiz siyasi məhbusların işidir. İkincisi, indi Azərbaycanda hər bir insanın hüququ pozulur. Söhbət mülkiyyət hüquqlarından gedir. Bununla bağlı bizdə minlərlə şikayət məktubu var. Onlardan «Muray» şirkəti ilə bağlı məsələ deyəsən yoluna qoyulur. Bunda da bizim monitorinq qrupunun xidmətləri oldu. Rəsmilərdən Fuad Ələsgərovla, Hacıbala Abutalıbovla görüşdük, hər yerə yazdıq. Yenə Azərbaycanda mülkiyyət hüquqları kütləvi şəkildə pozulur. Azərbaycanda qanunun aliliyi yoxdur. Məhkəmələr müstəqil deyil. İnsan haqlarına hörmət edilmir. Bu 3 məsələ Azərbaycanda öz həllini tapsa, nə seçkilər saxtalaşdırılar, nə də korrupsiya olar...

- Cəmiyyətdə belə bir fikir var ki, insan hüquqları sahəsində saysız şikayətlər olsa da, hüquq müdafiəçiləri buna adekvat münasibət bildirmirlər. Hətta bəzən çox ağır faktlara da münasibət bildirilmir. Məsələn, Naxçıvan MTN-də öldüyü güman edilən Turac Zeynalovun ailəsi Bakıya sığınıb və demələrinə görə, onlara heç bir hüquq müdafiəçisi dəstək vermir. Bunu nə ilə izah edirsiniz?

«BİZƏ DEDİLƏR Kİ, ÖLÜ BİZİMDİR, ÖZÜMÜZ BİLƏRİK»

- Düz demirlər. Biz bir qrup hüquq müdafiəçisi Naxçıvanda olanda, həmin mərhumun qardaşı ilə danışdıq. O bizə dedi ki, bizim işə qarışmayın. Ölü bizimdir, biz özümüz bilərik.

- İndi deyirlər ki, o vaxt Naxçıvanda vəziyyətləri pis idi. Ailənin təhlükəsizliyinə qarantiya yox idi. Ona görə belə danışırdılar. İndi gəliblər Bakıya, onlarla maraqlanan yoxdur.

- Mən Azərbaycanda deyildim, İsraildə idim. Görüşərik də, danışarıq da. Ancaq hər bir insan birinci növbədə özü öz hüquqları uğrunda mübarizə aparmalıdır. Bir də biz bu məsələdə boş oturmadıq. Bütün dünyaya məlumatlar çatdırdıq.

- Cəmiyyətdə belə fikirlər də var ki, hüquq müdafiəçilərinin çoxu maddi baxımdan hökumətdən asılı vəziyyətə düşdüklərindən çox vaxt susmağa üstünlük verirlər. Belə qiymətləndirmə ilə razısınızmı?

«ÖZ HÖKUMƏTİNLƏ DANIŞIQLA ÇOX ŞEY ƏLDƏ ETMƏK OLAR, NƏİNKİ ŞTRASSERİN AZƏRBAYCANA GƏLİŞİ İLƏ...»

- Yox mən yenə razı deyiləm. Hökumət nə hüquq müdafiəçilərini vecinə alır, nə jurnalistləri, nə də heç kimi. Bunu sizə açıq deyirəm. Biz necə illərdir bu ölkədə hüquq müdafiəsi ilə məşğuluq. Sadəcə başa düşmüşük ki, hökumət ilə danışmaq lazımdır. Sözsüz ki, beynəlxalq təşkilatların təsiri var. Ancaq biz bu əfvi, amnistiyanı kimdən almalıyıq? Hökumətdən. Öz hökumətinlə danışıqla çox şey əldə etmək olar, nəinki Ştrasserin Azərbaycana gəlişi ilə...

- Yaxşı, deyirsiniz ki, hökumət heç kimi vecinə almır. Bəs onda danışıqların nə xeyri olacaq?

- Baxma, hökumətdə də bəzi insanlar var, onları inandırmaq olar. Onları başa salmaq olar ki, bu addımları atmasanız bunun ölkəyə, məhz sizə ziyanı dəyəcək. Bax, biz Gürcüstan və Ermənistanla birgə federasiya təsis etmişik. Bununla göstərmək istəyirik ki, tək Azərbaycanda deyil siyasi məhbuslar. Gürcüstanda da, Ermənistanda da siyasi məhbuslar var. Bundan sonra Ermənistanda 5 siyasi məhbus azad edilsə, biz həmin məmurlara deyəcəyik ki, siz 10 siyasi məhbus azad etməlisiniz. Çünki bu Azərbaycan haqqında müsbət imicin formalaşmasına xidmət edə bilər...
XS
SM
MD
LG