Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:39

Heydər Əliyev yaddaşlarda necə qalıb?


Heydər Əliyev İstanbulda
Heydər Əliyev İstanbulda
Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 8 il keçir. Dekabrın 12-də respublikanın bir çox dövlət strukturlarında Heydər Əliyevin anım mərasimi keçirilib. Elə paytaxt Bakıda da bu gün onun Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Oğlu, ölkə prezidenti İlham Əliyev və biz yüksək vəzifəli şəxslər də ziyarətçilər arasında olublar.
Heydər Əliyev yaddaşlarda necə qalıb? Bu sualla həm sağlığında ona müxalif olanlara, həm də tərəfdarlarına müraciət etdik.
«O, HƏR YERDƏ VAR»
İqtidaryönümlü «Ana vətən» partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycana qayıtması ilə ölkənin müstəqilliyinə imza atmış oldu. O, tarixi yada salır ki, ötən əsrin 93-cü illərdə ölkəni hərc-mərclikdən, dövləti parçalanmadan yalnız Heydər Əliyev qurtara bilərdi və o, bu missiyasının öhdəsindən də bacarıqla gəldi və onu bir çox faciələrdən xilas etdi. «Təsadüfi deyil ki, Heydər Əliyevi müasir dövrün memarı kimi qiymətləndirirlər» -deyən Fəzail Ağamalı ötən 8 ildə onun yalnız cismən yoxluğunu hiss etdiklərini deyir:
- Nadir tarixi şəxsiyyətlər vəfat edəndə əlbəttə ki, onların yoxluğu hiss olunur. Cismani yoxluğu cəmiyyətdə hiss olunur, amma o, hər yerdədir. Azərbaycanın hansısa taleyüklü məsələləri ortaya gələndə orda Heydər Əliyev olur, çünki burda onun qoyduğu siyasət yürüdülür, siyasi irs var və buna söykənərək də problemlər də aradan qaldırılır. Hesab edirəm ki, Azərbaycanın müstəqilliyi yaşadıqca, Heydər Əliyev də bu siyasətdə, ənənələrdə yaşayacaq.
«QEYRİ- DEMOKRATİK VƏ KORRUPSİONER BİR SİSTEMİN BANİSİ»
AXCP sədri Əli Kərimli isə hesab edir ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə çevriliş yolu ilə gəlib və ondan korrupsiyalaşmış, sülalə hakimiyyət idarəçiliyi miras qalıb:
Əli Kərimli
Əli Kərimli
- Dünyada pis nümunə sayılacaq bir sistemin əsasını qoyub, hakimiyyəti vərəsəlilik yolu ilə oğluna ötürüb. Zorla qəlblərdə yer tutmaq olmaz. Əməllə yer tutulmalıdır. Bu əməl də bu gün ondan ibarətdir ki, Azərbaycan dünyanın ən korrupsiyalaşmış ölkəsindən biridir, 144-cü yerdədir. Bu gün insan haqlarına hörmətə görə Azərbaycanın adı Zimbabve ilə birgə çəkilir. Ona görə də bu gün nə qədər şou təşkil olunur olunsun, tarixi saxtalaşdırmaq mümkün deyil. Heydər Əliyev tarixdə sülalə hakimiyyəti qurmuş, qeyri-demokratik və korrupsioner bir sistemin banisi kimi qalacaq.
«ŞANSLARDAN İSTİFADƏ OLUNMADI»
Heydər Əliyevin hakimiyyətə böhranlı dövrdə qayıtdığını deyən politoloq Ərəstun Oruclunun fikrincə, onun gəlişindən sonra ölkədə nisbətən sabitlik yaranıb. O cümlədən, ölkənin müstəqilliyinə təminat verən addımlar aparılıb. Bu addımlar sırasında politoloq neft müqavilələrini misal çəkir:
Ərəstun Oruclu
Ərəstun Oruclu
- Təəssüf ki, bu şansdan Azərbaycanın dövlət olaraq möhkəmlənməsi üçün istifadə olunmadı. Əksinə, bir korrupsioner rejim yarandı və bu rejimdə təkcə siyasi hüquq və azadlıqlar, demokratik dəyərlər yox, həmçinin mülkiyyət, iqtisadi hüquqlar da kobudcasına pozuldu. Ölkədə ədalətsiz, qaydasız bir mühit formalaşdı. Nəticəsi də bəllidir, dünyada artıq Azərbaycanda vəziyyətin getdikcə pisləşdiyi barədə rəylər möhkəmlənir.
«DAHİ LİDER VƏ KORRUPSİYALAŞMIŞ ÖLKƏ»
Bəs sıravi sakinlər nə düşünür? Ötən 8 ildə Heydər Əliyevin yoxluğunu hiss ediblərmi? Bakı küçələrində üz tutduğumuz sakinlərdən kimisi bu suala cavab vermədi, kimisi ürək dolusu danışdı, kimisi də dolanışıqdan narazılıq etdi:
- Heydər Əliyev dahi şəxsiyyət idi. Nə yaxşı əvəzedicisi var.
- Böyük lider var, amma qoyduğu dövlətdən razı deyiləm. Qanun pozuntuları çox olur.
- O olmasaydı, Azərbaycan bəlkə parçalanmışdı, dağılmışdı.
- Heydər Əliyev bizim yaxşı yaşamağımız üçün çalışırdı.
- Çalışmağı fayda verdimi? Yaxşı yaşaya bilirsinizmi?
- Yox, iş yox, maaş aşağı. Hələ ki yaxşı yaşaya bilmirik.
- Kimin ayağına yazırsız bunu?
- Hər halda rəhbərliyin. Gərək rəhbərlik çalışsın buna.
- Mən sovet dövründə yaşamış bir adamam. O vaxt Heydər Əliyev birinci katib idi. Böyük şəxsiyyətdir. Amma ondan miras qalan ölkə məni qane etmir. O zaman adamların rifahı daha yaxşı idi, nəinki indi. O vaxt bu qədər korrupsiya yox idi, adamların şikayətinə də qulaq asırdılar.
Şərhlər bölməsinə sən də fikirlərini göndər,
HEYDƏR ƏLİYEV SƏNİN YADDAŞINDA NƏ İLƏ QALIB?!
XS
SM
MD
LG