Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:33

Apelyasiya Məhkəməsi 2 aprelçilərin cəzasını dəyişmədi


Apelyasiya Məhkəməsi 2 aprelçilərin cəzasını dəyişmədi
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Arif Hacılı: «Fəxr edirəm ki, sərbəst toplaşmaq uğrunda mübarizəyə görə həbs edilmişəm»

«Deyirsiniz ki, biz bank şüşəsi sındırmışıq, maşın sındırmışıq. Mən isə deyirəm ki, nə bank şüşəsi, nə də maşın sındırmışıq, biz bu rejimin, bu hakimiyyətin üzündəki saxta maskanı sındırmışıq».

Bunu dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanan Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının şikayətləri üzrə yekun məhkəmə prosesində Arif Hacılı dedi.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər və onların vəkilləri həm apellyasiya şikayəti üzrə dəlillər barədə danışıdılar, həm də məhkəmə çıxışları etdilər.

Arif Hacılının vəkili Osman Kazımov bildirdi ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamlar əsassızdır.

Cinayət işi üzrə sübutlar qanunsuz yollarla əldə edilib:

«SÜBUTLAR TƏHRİF EDİLİB»

«Sübutlar təhrif edilib. Cinayət işi üzrə 4 polis ifadəsində deyib ki, Arif Hacılı ancaq şüarlar səsləndirib. Polislər həmçinin ifadələrində qeyd ediblər ki, onların mülkü formada olmasına görə Arif Hacılı onların da aksiyaya qoşulmalarını təklif edib. Həmçinin məhkəmədə ifadə verən polislər deyiblər ki, Arif Hacılı onlara qarşı müqavimət göstərməyib. Məhkəmə isə hökm çıxararkən polislərin məhkəmə zalında dediklərinə yox, ibtidai istintaqdakı ifadələrini əsas götürüb».

Vəkil təşkilatçılıqla bağlı ittihamlardan da danışıb. Deyib ki, Arif Hacılı, Fuad Qəhrəmanlı və digərlərinin mitinqin təşkilatçısı olması barədə cinayət işində mötəbər sübut yoxdur:

«AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qənbər məhkəmədə dindirildilər. Hər iki müxalifət lideri aksiyanın təşkili ilə bağlı geniş ifadə verdilər. Məlum oldu ki, Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı, Məhəmməd Məcidli mitinqin təşkilatçısı olmayıblar».

Arif Hacılı özü isə çıxışında dedi ki, 9 aydır həbsdədir, ancaq bu günə qədər də nə istintaq orqanı, nə də məhkəmələr onun qarşısına cinayətini sübut edə biləcək bir dəlil qoya bilib:

«Bu da bir daha sübut edir ki, barəmizdəki cinayət işi süni, siyasi, sifarişlidir. Mənə qarşı dörd polis işçisi ifadə verib. Onlar özləri də etiraf ediblər ki, mən onlara heç bir müqavimət göstərməmişəm. Ümumilikdə isə fəxr edirəm ki, sərbəst toplaşmaq uğrunda mübarizəyə görə həbs edilmişəm»

«BİZ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ APARDIĞIMIZA GÖRƏ, CƏZALANMIŞIQ»

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
Sonra Fuad Qəhrəmanlı çıxış etdi:

«Hakimiyyət bütün cəhdlərinə baxmayaraq proseslərə hüquqi don geydirə bilmədi. Bizi həbs etməkdə məqsəd cəmiyyəti qorxutmaq idi. Demək istədilər ki, mübarizə aparanın aqibəti dəmir barmaqlıqdır. Ancaq əksinə oldu. Həbs xofunu sındıran insanlar meydana çıxdı. Çünki hamı bilir ki, biz məmur özbaşınalığına, korrupsiyaya, rüşvətə qarşı mübarizə apardığımıza görə cəzalanmışıq. Əslində söhbət insan həbsindən yox, ideyaların, dəyərlərin həbsindən gedir. Mən bir şeyə də təəssüf edirəm ki, bu gün hüquq-mühafizə orqanları hakimiyyətin əlində alətə çevrilib».

Hakim Vaqif Mursaqulov Fuad Qəhrəmanlıya «xahiş edirəm dəlillər barədə danışın» deyə irad bildirdi. O isə belə cavab verdi: «Mən həbsimin mahiyyətindən danışıram. Qəza etməmişəm ki, maşını necə sürməyimdən danışım».

«NƏ AĞZINA GƏLƏNİ DANIŞIRSAN...»

Köməkçi hakim Həsən Əhmədov isə Fuad Qəhrəmanlıya «nə ağzına gələni danışırsan, camaat da qulaq asır» deyərək onun sözünü kəsmək istədi. F. Qəhrəmanlı çıxışını sonadək davam etdi.

Sonra söz Məhəmməd Məcidliyə verildi. Dəlilsiz, sübutsuz, sifarişlə həbs olunduğunu deyən Məhəmməd Məcidli çıxışını həbsxanada yazdığı uzun-uzadı şerin bir neçə bəndi ilə yekunlaşdırdı.

Prokuror hökmün qüvvədə saxlanmasını istədi.

Tural Abbaslı isə çıxışını ötən məhkəmə prosesində etmişdi. Sonra hakim çıxış üçün sözü dövlət ittihamçısına verdi. Dövlət ittihamçısı dedi ki, əmlaklara zərər vurma üzrə cinayət işinin istintaqı ayrıca icraata verilib, istintaq davam edir. O, Səbail rayon Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanmasını istədi. Təqsirləndirilən şəxslər və vəkillər prokurorun çıxışındakı bəzi məqamlara aydınlıq gətirilməsini tələb etdilər.

Arif Hacılı:

Foto arxiv: Arif Hacılı məhkəmə salonunda
Foto arxiv: Arif Hacılı məhkəmə salonunda
- Başa düşmürəm, əgər şüşə, maşın sındıranlar tapılmayıbsa və istintaq davam edirsə, onda bizi niyə tutublar?

Prokuror:

- İş ayrıca icraatdadır, hələ istintaq davam edir.

Vəkillərdən biri:

- Onda belə çıxır ki, hələ şüşə sındıranlar tapılmayıb, bəs bu adamları niyə cəzalandırıblar?

Prokuror:

- Mən heç nə bilmirəm.

Hakim müşavirə otağına yollandığından vəkillərin sualları yarımçıq qaldı. 30 dəqiqəlik müşavirədən qayıdan hakim hökmün yalnız nəticə hissəsini elan etdi:

Səbail rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılsın.

İctimai Palatanın 2 aprel mitinqində təşkilatçılığa və iştiraka görə oktyabrın 3-də Səbail rayon Mhəkəməsi Arif Hacılıya, Məhəmməd Məcidliyə ,Tural Abbaslıya 2 il yarım həbs, Fuad Qəhrəmanlıya isə 2 il şərti cəza verib.
XS
SM
MD
LG