Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:45

Türkiyənin Rusiya bazarında savaşı. Udan Azərbaycandır


Moskva bazarı
Moskva bazarı
AKP POMİDORU

İstanbul bazarlarında tünd sarı, lampaya bənzər AKP adlı pomidor da satılır. Bu sort pomidor ölkənin iqtidar partiyası - Ədalət və İnkişaf Partiyasının şərəfinə yetişdirilib. Bir neçə il qabaq Baş nazir Recep Tayyip Erdoğan Türkiyənin fermer təsərrüfatlarını iflasdan xilas etdi. Yerli seleksionerlər də bu addımı cavabsız qoymayıblar.

Söhbət o dövrdən gedir ki, Rusiya Türkiyənin kənd təsərrüfatı mallarına qadağa qoymuşdu. Səbəb də həmin mallarda həddən artıq nitrat və pestisid olmasıydı. O zaman baş nazir şəxsən rusiyalı həmkarı ilə görüşür və əmin edir ki, Türkiyə bu ölkəyə ancaq təmiz mal göndərəcək.

Kənd Təsərrüfatı Nazirliyinin sabiq əməkdaşı Ahmet Kaya:

«Türkiyə istehsalçıları o vaxt 300 milyon dollardan artıq pul batırdılar. Bir çox fermer təsərrüfatları bağlandı. Kəndlilər şəhərə iş dalınca yollanırdılar».

İstanbul bazarları çürümüş pomidor və xiyarla dolmuşdu. Onları az qala pulsuz satırdılar.

Kənd Təsərrüfatı Nazirliyi qəti addımlar atdı. Rusiyaya və Avropaya «zay məhsul» satan 15 şirkəti məhkəməyə verdi. Fermer təsərrüfatlarına lisenziya verilməsi gündəmə gəldi və məhsulun keyfiyyətini araşdıran bir neçə laboratoriya yaradıldı. «Bu əsil şok idi» deyir Hasan Erkan. Bu adam illərdir İstanbul bazarlarına meyvə-tərəvəz vurur.

Kənd Təsərrüfatı Nazirliyi bir sıra kimyəvi vasitələrdən istifadəyə də qadağa qoydu. Bu həm də Avropa Birliyinin qaydalarının kəskinləşməsi ilə bağlıydı. Qaydalar pozulduqda fermer «qara siyahı»ya düşürdü.

«YA GƏRƏK YEMƏYƏSƏN, YA DA»

Antalyada 7 dövlət, 3 özəl laboratoriya açılıb. Hökumət bunu yetərli sayır. Amma fermerlər deyirlər ki, bəzi tərəvəzlər testdən keçirilmir. Çünki ölkədə lazımi yoxlama sistemi yoxdur.
Foto: Arxiv
Foto: Arxiv
Adının çəkilməsini istəməyən fermer AzadlıqRadiosunun rus xidmətinə danışıb:

«Mənim babam deyir ki, almada qurd varsa, deməli yararlıdır. Amma belə də heç kim dəqiqliklə deyə bilməz hansı məhsul hormonludur, ziyanlıdır, hansı yox. İki yol var - ya heç nə yeməyəsən, ya da özün əkəsən. Bizə deyirlər ki, ixracat üçün məhsul yetişdirən şirkətlərin lisenziyası var. Hər fermer qadağan edilmiş məhsulların adlarını əzbər bilir. Onlardan biri karbedazimdir, o bitkini xəstəliklərdən qoruyur, amma insanın hormonal sistemini pozur. Belə məhsullar bazara buraxılmır. Ancaq alıcı da yaxşı, görünüşü gözəl, ləkəsiz, əyri-üyrü olmayan məhsul istəyir. Belə məhsulun da qiyməti xeyli artır. Odur ki, bəzi istehsalçılar hələ də kimyəvi gübrələr olan sulfat ammoniyadan, superfosfatdan, sidik cövhərindən istifadə edirlər».

SİTRUS BİTKİLƏRİ NECƏ «ŞİRİNLƏŞİR»

Alıcı görünüşə qaçdığından fermer də çətin duruma düşür. Türkiyədə meyvələri, xüsusən də sitrus bitkilərini yetişməmişdən bir neçə həftə əvvəl yığırlar. Yolda xarab olmasınlar deyə. Sonra da onları qoruyucu və rəngləndirici vasitələrlə yuyur ya da çiləyirlər. Məsələn, turş bitkini şirinləşdirmək üçün rəngləndirici məhlullardan istifadə edilir.

BƏZİ SİRLƏR

İstehsalçı Mehmet Meraklı:

«Təəssüf ki, görkəminə, ya da iyinə görə tərəvəzdəki nitratım çoxluğunu müəyyənləşdirmək olmur. Yalnız bir halda - nitratdan həddən artıq istifadə olunarsa bunu görmək olar. Çuğundurda və kökdə nitratın çoxluğunu ağ özək, qarpızda sarı damarcıqlar göstərir. Kartofda, qabaqda, xiyarda qabığın altındakı sarı ləkələr də nitratın çoxluğunun işarəsidir. Belə məhsulu
Moskva bazarı
Moskva bazarı
yemək olmaz».

«MƏSƏLƏ NİTRATDA DEYİL»

Antalyadakı laboratoriyanın direktoru Necati Polat isə deyir ki, bütün məhsullar yoxlamadan keçirilir, hər tərəvəz az qala 100 testdən çıxarılır, bu da Avropa standartlarına uyğundur.

Necati Polat deyir ki, Türkiyə hər il Avropa və Rusiya bazarlarına milyard dollardan artıq məhsul vurur. Rusiyadan fərqli olaraq Avropa onlardan razıdır.

Rusiyada bəzi iş adamları qəsdən Türkiyənin meyvə-tərəvəzini pisləyir, onları bazardan çıxarmağa çalışırlar. Bu fikir Türkiyədə getdikcə möhkəmlənməkdədir. Keçmiş nazirlik əməkdaşı Ahmet Kayaya görə, məsələ nitratda və ya pestisidlərdə deyil:

«Bu sistem dünyada işləyir. Tonlarla badımcanı və xiyarı dənizə atırlar ki, qiymət ucuzlaşmasın».

Türkiyə Rusiya bazarından sıxışdırılacaq ya yox, zaman göstərər. Amma bundan xeyir götürən həm də Azərbaycan istehsalçılarıdır deyəsən. Rusiya mətbuatı yazır ki, bu ilin sonunda Azərbaycandan gələn meyvə-tərəvəz 20-25 % artıb. Bu rəqəmin daha da artacağı gözlənir.
XS
SM
MD
LG