Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:54

Fransa parlamenti «erməni soyqırımı»nın inkarını qadağan edir


Parisdə Parlamentin ətrafında türk nümayişçilər
Parisdə Parlamentin ətrafında türk nümayişçilər

Fransa "erməni soyqırımı olmayıb" deyənə, hətta, ölən ermənilərin sayını dəfələrlə az söyləyənə 45 min avro cərimə, bir il də həbs vermək istəyir.

Son məlumata görə, Türkiyənin baş naziri Erdogan bildirib ki, Türkiyə Fransa ilə bütün iqtisadi, hərbi və siyasi görüşləri ləğv edir.

Reutersin məlumatına əsasən, Fransanın hərbi gəmilərinə Türkiyə limanlarına daxil olmağa, Fransanın hərbi təyyarələrinə Türkiyə torpaqlarına yerə enməyə icazə verilməyəcək.

Bunları Erdogan Fransa Milli Məclisinin bugünki qərarı ilə bağlı elan edib.


*** *** *** ***


Fransa Parlamentinin dekabrın 22-də qəbul etdiyi qərara reaksiyalar.

Fransanın Xarici İşlər naziri Alain Juppe
Fransanın Xarici İşlər naziri Alain Juppe
Fransa - Xarici İşlər naziri Alain Juppe:
- Parlamentin bir təşəbbüsü qəbul edilib. Türkiyədəki dostlarımdan bu məsələni çox da aşırı reaksiya verməsinlər.

Bizim birgə çox işlərimiz var. Fransa ilə Türkiyənin əlaqələri bir çox sahələrdə çox sıxdır. Mən onlardan səfirlərini geri çağırmaları barədə məlumat aldım. Bizim səfir də bu günlər tətil üçün Parisdədir.

İlk reaksiyalardan təəssüf edirəm və bir daha da sakitliyə çağırıram.

Türkiyənin Baş naziri Recep Tayyib Erdoğan
Türkiyənin Baş naziri Recep Tayyib Erdoğan
Türkiyə - Baş naziri Recep Tayyib Erdoğan:
- Fransada prezident seçkilərində qalib gəlmək və şəxsi maraqlarını təmin etmək xatirinə türkofobiya və islamafobiyadan istifadə cəhdləri var. Bu, təkcə Fransada yox, universal Avropa dəyərlərini paylaşan bütün Avropada narahatlıq doğurur.

Biz səfirimizi məsləhətləşmələr üçün Ankaraya geri çağırmışıq. Hərbi təyyarələr üçün kollektiv icazələr bir illiyə dayandırılır, biz hər belə uçuş üçün fərdi icazələr sistemini tətbiq edəcəyik. Bungündən başlayaraq hərbi gəmilərə də icazə almaq lazım olacaq.

Prezident Administrasiyasında Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyasında Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov
Bakı - Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov:
- Hesab edirik ki, Fransa parlamentinin bu gün qəbul etdiyi qanun layihəsi ədalətsiz bir qərardır və bu ölkənin demokratik imicinə ziyan vurur.

Bu addım Azərbaycanla Fransa arasındakı münasibətlərə də təsir göstərə bilər.





Ermənistanın Xarici İşlər naziri Edward Nalbandian
Ermənistanın Xarici İşlər naziri Edward Nalbandian
Yerevan - Xarici İşlər naziri Edward Nalbandian
- Fransa Milli məclisinin aşağı platasının erməni soyqırımının inkar edilməsinin cinayət hesab edilməsiylə bağlı qanun layihəsi qəbul etməsini alqışlayıram.

Fransa bununla demokratiyanın beşiyi olmasını və unversal insani dəyərlərə sadiq olduğunu göstərdi.

Fransa rəhbərliyi, Milli Məclis və bütün Fransa xalqına təşəkkürümü bildirirəm.



***

Fransada kim desə ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin soyqırımı olmayıb və yaxud ölən ermənilərin sayını kütləvi şəkildə azaltsa, onu 45 min avro cərimə və 1 il həbs gözləyir.

Bu, yeni qanun layihəsində yazılıb və Fransa parlamentinin aşağı palatası dekabrın 22-də bu layihəyə səs verdi.

Frans Pressin məlumatına görə, zalda təxminən 50 deputat var idi. Onlar əllərini qaldırmaqla səs veriblər. Zalda olanların böyük əksəriyyəti layihənin lehinə səs verib, 6-7 deputat əleyhinə səs verib.
Milli Məclisin iclası
Milli Məclisin iclası

CNNTürk kanalının məlumatına görə, Türkiyənin Başbakan Yardımcısı Bülent Arınç bununla bağlı deyib:
"Fransa Milli Məclisində 577 deputat var. Onlardan yalnız 50-si civarında millət vəkili bu utancverici layihəyə əl qaldıra bildi”

Səsvermənin nəticəsi bilinəndə Ermənistanın xarici işlər naziri Nalbandian Fransaya öz təşəkkürünü bildirib.

Associated Press səsvermədən əvvəl yazırdı ki, qanun layihəsi aşağı palata olan Milli Məclisdən asanlıqla keçməlidir, yuxarı palata olan Senatda isə vəziyyət belə aydın deyil.

Milli Məclis belə qanun layihəsini hələ 2006-cı ildə də qəbul etmişdi. Bu ilin may ayında bu layihəni Senat məhv etdi.

Onu da xatırladaq ki, Fransa 1915-ci il hadisələrini erməni soyqırımı kimi 2001-ci ildə tanıyıb.

LAYİHƏNİ KİM İRƏLİ SÜRÜB?

İndiki qanun layihəsini prezident Sarkozy-nin partiyasından olan 40 deputat irəli sürüb.

Fransanın indiki hakimiyyəti gələn ilki seçkilərdə sayı 400 mindən 500 minə kimi olan erməni mənşəli vətəndaşların səslərini qazanmaq istəyir.


Valerie Boyer, hakim partiyadan deputat - layihənin müəllifi
Valerie Boyer, hakim partiyadan deputat - layihənin müəllifi
TÜRKİYƏNİN İTİRMƏYƏ HEÇ NƏYİ YOXDUR

Reuters yazır ki, belə vəziyyətdə Türkiyə “açıq siyasi mübarizəyə” başlayıb. Çünki “Türkiyənin Avropa Birliyinə üzvlüyünə Sarkozy-nin açıq düşmənçiliyi şəraitində Türkiyənin itirməyə heç nəyi yoxdur”.

Frans Press yazır ki, Sarkozy 2007-ci ildə prezident olandan Türkiyə-Fransa münasibətləri soyuqlaşır.

Dünən Türkiyədə Fransa səfirliyi qabağında 100 adam nümayiş keçirib. Orda “Soyqırımı ustası Fransa”, “Siz Əlcəzairdə nə edirdiniz?”, “Siz Ruandada nə edirdiniz?”, “Yalançı Sarkozy” kimi şüarlar səsləndirilib.

Milli Məclisin müzakirəsi gedən vaxt onun binasının ətrafına 3 min adam toplaşıb, yaxın vaxtlarda onların sayının 10 min olacağı gözlənilir. Fransada yaşayan 700 türk ailəsini təmsil edən Yıldız Hamza Reutersə deyir ki, “mən başa düşmürəm, niyə Fransada mənim fikrimi və azadlığımı senzura etmək istəyirlər?”.
O deyir: “hər 5 ildən bir- seçki ərəfəsi Fransada bu soyqırım oyunu qaldırılır”.

ERDOGAN SANKSİYALARI ELAN EDƏCƏK

Milli Məclisdə müzakirə ərəfəsi Türkiyənin xarici işlər naziri Davutoglu demişdi ki, "bizim səssis qalacağımızı gözləməsinlər"

Fransa Milli Məclisinin qərarı bilinən kimi Türkiyə Fransadakı səfirini geri çağırdı.

Türkiyənin baş naziri Erdogan Milli Məclisdəki səsvermədən bir gün qabaq deyirdi ki, qanun layihəsi Milli Məclisdən keçsə, “sabah mən sanksiyaların birinci mərhələsini elan edəcəyəm”.

Türkiyənin elan edəcəyi addımlara Türkiyədə ictimai sektordakı tenderlərə, xüsusilə nəqliyyat sahəsindəki tenderlərə Fransa şirkətlərinin yaxın buraxılmaması və başqa ticarət sanksiyaları daxildir.

Türkiyə ilə Fransanın ticarət dövriyyəsi ildə 12 milyard avrodur.

Türkiyədə 1000-ə yaxın Fransa şirkəti işləyir.

Ancaq bir sıra mənbələrə görə, Türkiyə hökuməti Fransa mallarının açıq boykotuna çağırmaq istəmir.
XS
SM
MD
LG