Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:35

Xarici seriallar dayandırılır... Rəşid Hacılı: "Bu senzuradır"


Arxiv foto
Arxiv foto
«MƏQSƏD STİMULLAŞDIRMAQDIR»

Gələn ilin mayından Azərbaycanda xarici teleserialların yayımı dayandırılacaq.

Bununla bağlı qərarı Milli Televiziya və Radio Şurası dekabrın 22-dəki toplantısında verib.

Şuranın qərarında deyilir ki, bu addım Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan yerli teleserialların çəkilməsi üçün atılır: «Məqsəd milli şüurun formalaşmasında, gənc nəslin inkişafında əhəmiyyətini nəzərə alaraq yerli telefilmlərin və serialların çəkilişinin stimullaşdırmaqdır».

Sədrin köməkçisi Toğrul Məmmədovun AzadlıqRadiosuna dedikləri:

«Məqsəd də milli film və serialların çəkilməsini stimullaşdırmaqdır. Ucuz başa gəlsin deyə, efiri doldurmaq üçün televiziyalar xarici teleseriallara üstünlük verirdi. Bu da milli, mənəvi, əxlaqi dəyərlərə uyğun olmayan seriallar idi. Şuranın tam hüququ var. Əsasnamənin 9.1-ci maddəsində də deyilir ki, Şura yayımçılarla bağlı məcburi qərarlar verə bilər. Bu da məcburi qərardır».

Toğrul Məmmədov deyir ki, bu qərar uzun müddətli müzakirələrdən sonra qəbul edilib.

Bu ilin sentyabrında prezident yerli serialların çəkilməsi üçün 5 milyon manat ayırıb və bu məbləğ bir neçə televiziya arasında bölüşdürülüb. Hər birinə 300 min manat ayrılıb.

«BU SENZURADIR»

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı Şuranın belə qərar verəcəyinə inanmır. O deyir ki, əvvəla Milli Televiziya və Radio Şurasının bu cür qərar verməyə səlahiyyəti yoxdur. Bundan başqa, ekspert bu addımı senzura kimi dəyərləndirir:

Rəşid Hacılı
Rəşid Hacılı
«Xarici serialların dayandırılması ön senzura qoymaqdır. Azərbaycanda yayımçıları qeyri-qanuni olaraq proqram yaymaq imkanlarından məhrum etməkdir. Özü də bunun üçün gətirilmiş əsas, yəni «gənc nəslin tərbiyəsi» qeyri-hüquqi ifadədir, yayğın ifadədir. Və əsaslandırma kimi istifadə edilə bilməz. Həm də bu məsələ Şuranın səlahiyyətində deyil. Bununla Milli Televiziya və Radio Şurası qanunla verilmiş səlahiyyətini tamamən aşır. Xarici serialları qadağan et ki, gənc nəslə pis təsir edir? Elə serial ola bilər ki, gənc nəslə müsbət təsir edir. Bunu öncədən MTRŞ qiymətləndirə və ya görə bilməz ki... Düzü, elə primitiv qərardır ki... Açığı mən təəssüf edirəm ki, Azərbaycanda teleradio məkanı bu şəkildə idarə olunur».

Rəşid Hacılı deyir ki, Şura yalnız konkret serialın məzmunu ilə bağlı qərar qəbul edə bilər.

TAMAŞAÇILARIN FİKRİ

Bakı sakini Sevinc Əliyeva MTRŞ-nin arqumenti ilə razılaşmır:

- Heç kimin hüququnu pozmaq lazım deyil. Hərənin özünün zövqü var, dünyagörüşü var, ona uyğun da baxdığı filmlər, seriallar, verilişlər var.

Fuad Həsənov:

- Camaat baxırsa, niyə dayandırılsın? Rusiya kanalları da verirsə, Azərbaycanda niyə göstərilməsin? Özü də serialdan seriala fərq var. Camaat baxırsa, verilməlidir.

Rəna Axundova xarici serialların gənclərin tərbiyəsinə mənfi təsir göstərməsi fikrinə qarşıdır:

- Məncə göstərsinlər. Braziliya filmləri bədii baxımdan zəifdir. Amma lazımdır, qoy baxsınlar dünyada necə yaşayanlar var. Kiməsə pis təsir edirsə, serialsız da nəsə təsir edəcək. Onun dəxli yoxdur.

35 yaşlı İradə evdar qadındır:
- Nə bilim, onda öz seriallarımız olsun ki, onları da dayandırsınlar.

- Yerli seriallar artıq çəkilir, baxırsızmı?

- Baxıram. Yeni serialların səviyyəsi məni qane edir.

Bu xəbərə sevinən də var, məsələn, Günay kimi:

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov
İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov
- Əla, super. Çünki heç vaxt baxmamışam. Bekar insanlar baxırlar. Seriala baxmaqdansa normal işlə məşğul olsunlar.

TELEVİZİYALAR RƏQABƏTDƏN QAÇIRLAR?

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov bu qərarı normal qarşılayır. O deyir ki, İctimai Televiziyada yayımlanan yerli seriallar çoxalmağa başlayıb:

«İTV-də yayımlanan «Qaranlıqlar çiçəyi», «Döngələr» bəyənilir, populyarlıq qazanıb. Təcrübə, kadrlar var. Düşünürük ki, belə qərarın verilməsi böyük çətinlik yaratmayacaq. Və televiziyaları produktiv olmağa sövq edən qərar ola bilər».

«MƏN 2 ƏLLİ SƏS VERİRƏM»

ANS Şirkətlər qrupu prezidentinin müşaviri Mais Məmmədli isə bu qərarı iki əlli dəstəkləyir:

«Türkiyəyə, Rusiyaya baxın. Onlarda Kolumbiya, Braziliya, Venesuela serialları yoxdur. Onlar bizim serialı göstəririlər? Qoy xarici kino qalsın, versinlər. Amma biz özümüz serial istehsal etməliyik, yoxsa yox? Bu məcburidir, amma bu lazımlıdır. Kömək də edirlər, başlayaq da. Məcburidir, amma gələcəyə nəticə verəcək.

Rəşid Hacılı isə düşünür ki, məqsəd yeni çəkiləcək seriallara meydan açmaqdır. Amma bu cür qərar normal rəqabətə mane olacaq və yeni serialların keyfiyyətini bir az da aşağı salacaq...

Tahir Məmmədov isə bu addımı rəqabətdən qaçmaq kimi qiymətləndirmir. O deyir ki, yerli serialların texniki tərəfdən problemləri ola bilər, amma məzmunu daha önəmlidir: «Bu bizim mədəniyyətimizə, məişətimizə, tariximizə, Azərbaycan həyatına həsr olunmuş seriallardır. Bunlar auditoriya tərəfindən daha çox bəyənilir, nəinki Braziliya serialları».

MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov isə deyir ki, bu addım Azərbaycanda serial sektorunu inkişaf etdirəcək, yeni istedadları üzə çıxaracaq. Onun dediyinə görə, vaxtilə Türkiyə də belə qətiyyətli addım atıb və bu gün nəticə göz qabağındadır.
XS
SM
MD
LG