Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:27

Aqil Abbasın "Dolu" romanı da "Oxu zalı"nda müzakirəyə çıxarıldı


Seymur Baycanın "Quqark" romanı ilə birlikdə eyni movzuda - Qarabağ müharibəsi mövzusunda yazılmış digər bir əsər - Aqil Abbasın "Dolu" romanı da "Oxu zalı"nda müzakirəyə çıxarıldı.


Aqil Abbas

DOLU

Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına!

I FƏSİL

Xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil.
A.Abbas


***

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yarada bilən çinarlar da çırpınıb-çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı bayıra...

... Dolu yağanda bu şəhərdə zurna-qavallı bir toy-bayram olardı, təbii ki, zurna-qavalı da dolunun özü gətirərdi. Baxmayaraq ki, dolu bağ-bağata da, avtomobillərə də, pəncərə şüşələrinə də, kasıb evlərinin kasıb damlarına da, çölü-biyabanda yaxaladığı adamlara da çox böyük zərər vururdu - dəxli yox idi, camaat uşaq kimi sevinərdi. Bu dolu çəkərdi beş dəqiqə, on dəqiqə, amma bu beş-on dəqiqənin dadı-ləzzəti damaqlardan uzun müddət getməzdi.

Elə ki dolu başladı, camaat həsrətlə gözlədiyi dolunun gətirdiyi zurna-qavalın səsini eşitdi, sevinclə tökülərdi bayıra. Və çölə tökülən bu camaat dolunun tutmadığı bir yanda daldalanır, dolunun gətirdiyi qeyri-adi, soyulmuş baldırğan qoxusuna bənzər bir qoxunu ləzzətlə ciyərlərinə çəkib xoşallanar, əllərini dolunun altına tutub göylərə - buludların arasından süzülən Tanrı işığına tamaşa eləyə-eləyə bu dolunun damları, torpağı, ağacları, pəncərələri döyəcləməsindən yaranan Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir musiqiyə qulaq kəsilirdilər.

Balacalar isə böyüklərin əsəbləşmələrinə, çığırıb-bağırmalarına baxmazdılar, dolunun altında sevinclə atılıb-düşər, yerdən ovuclayıb yığdıqları buz parçalarıyla bir-birini daşlar, arabir də ağızlarına atıb konfet kimi sümürər, dolunun kefini çıxarardılar. Gecə də anaları yanlarını şapalaqlaya-şapalaqlaya bellərini küpələyərdi...

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yaradan çinarlar da çırpınıb-çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən yorulub day ulduzları da sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı bayıra.

... Amma Dolunun sevincini yaşamağa, gətirdiyi soyulmuş baldırğan qoxusunu ciyərlərinə çəkməyə, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi musiqisinə qulaq asmağa yox. Uşaqlar bu Dolu ilə oynaya bilmirdilər, ağızlarına atıb konfet kimi sümürə bilmirdilər. Bu Dolunun musiqisindən ləzzət almaq olmurdu, bu Dolunun musiqisi insanların beyninə bir dolu kimi dəyib ruhunu əzirdi. Göydən dolu yağmırdı, Əzrayıl yağırdı. Kimi harda yaxalayırdısa, elə orda da cənginə alıb çeynəyirdi.

Sambist Eldarı gecə növbəsindən qayıdanda Lenin bağının başında yaxalamışdı, səhər batalyonun uşaqları yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından parçalarını zorla yığa bilmişdilər. Xanəndə Baratın xanımını evin içində, yuxunun ən şirin yerində cənginə almışdı, başlarını itirdiklərindən yalnız Ağcabədidə xəstəxanaya çatdıranda bilmişdilər ki, sağ qolu qalıb evdə. Əlinə düşəndən babat vurub çarpayıya daş kimi düşmüş Kefli Çapay səhər ayılanda evin ortasında parçalanmamış bütöv bir Dolunun sancıldığını görüb demişdi:

- Bunu kim göndərdi, ə?!

Hərə başını götürüb bu Doludan hara gəldi qaça bildikcə qaçmaq istəyirdi. Maşınlılar colum-cocuğunu maşınına doldurub şəhərdən çıxarır, kəndə-kəsəyə üz tuturdu. Kənddə-kəsəkdə doğması olmayanlar isə şəhərin kənarında Dolu tutmayan bir yerdə ya maşında, ya ağacların altında gecələyirdilər. Maşınsızlar isə colum-cocuğunu evin dərin yerinə çəkir, əlacsızlığın ağırlığı altında balalarının qorxudan bərəlmiş gözlərinə baxmağa da utanırdılar. Bu colum-cocuğun baxışları onları dışardakı Doludan da bərk döyürdü.

Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş,yuxunun ən şirin yerində tuturdu. Gecənin qaranlığından, Dolunun insanların beynini bir dolu kimi döyüb ruhunu əzən şaqqıltısından çaşmış adamlar fırtınanın sahilə atdığı balıqlara oxşayırdılar.

Yenə gecə yarıdan keçmişdi... Və şəhəri Dolu necə vururdusa... Maşını olanlar yenə colum-cocuğunu maşına doldurub şəhərdən çıxarmağa çalışırdı. Maşını olmayanlar isə yenə colum-cocuğunu evin dərin yerinə çəkib ümidlərini onları çoxdan yaddan çıxarmış Tanrıya bağlayaraq xəcalətlərindən domuşmuş balalarının qorxudan bərəlmiş gözlərinə də baxmağa ürək eləmirdilər...

... Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları önü düşmən, arxası isə heç nəyə söykənməyən səngərin içində silahlarını əzizləri kimi bağırlarına basıb ürəkləri qan ağlaya-ağlaya şəhərə yağan Doluya ağrı ilə tamaşa edirdilər.

- Allah, sən özün kömək ol!

- Allah, sən saxla...

Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənmiş Tanrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi o da vaxtından əvvəl qocalmışdı. Qibləsini azmış insanların üzünü yenidən qibləyə çevirmək üçün bir peyğəmbərə ehtiyac olduğunu görüb mələkləri yer üzünə göndərmişdi ki, bu peyğəmbəri tapsınlar. Mələklər də yer üzünün altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Axırda Tanrının yanına əliboş qayıtmaqdan qorxan mələklər təsadüfən göy üzü kimi təmiz, Zəmzəm bulağı kimi saf, göz yaşı kimi dupduru bir səs eşitmişdilər. Tökülmüşdülər səs sahibinin üstünə, qanından, ruhundan bu qeyri-adi səsi soymuşdular və Tanrıya hədiyyə aparmışdılar.
Və artıq öz yaratdıqları ilə bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu ki, insanları məhşərə çəkib qiyami -qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir Rüstəmovun səsi ruhuna necə işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi. Və bu Yiyəsiz Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya yalvara-yalvara şəhərə yağan Dolunun haranı vurduğunu dəqiqləşdirməyə çalışırdılar.

Pələng:
- Deyəsən, İmarəti vurur.
Evləri İmarətin böyründəydi.
Qeyrət Dağarcığı:
- Ə, yox, görmürsən mərkəzə düşür.
Drakon:
- Onda bizim evləri döyür ki!

Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları yalnız səhər açılandan sonra biləcəkdilər ki, bu Dolu onların hansının anasını döyüb, hansının balasını, hansının bütün ailəsini. Hər şeydən, yalvarıb-yalvarıb bir şey çıxmadıqlarını gördüklərindən hətta Tanrıdan da ümidləri kəsilmiş bu Yiyəsiz Övladlar hirslərindən-hikkələrindən əllərini, dodaqlarını gəmirirdilər. Elələri olurdu bəzən dözə bilmirdi, səngərdən sıçrayıb çıxır, bağıra-bağıra irəli atılırdı və qarşıdan bağırtısız-filansız ona atılan səliqəli-sahmanlı güllələrdən birinə qurban olurdu...

***

... Düşmənə dörd-beş güllə vurandan sonra az-çox ürəyi soyusa da, indi sandıqdakı otuziki güllənin otuzikisini də qarşısında dayanmış bu At Belində Olan Adamın qarnına doldurardı, uf da deməzdi, bu adamın qarnı ölürdü otuziki güllədən ötrü. Düşmən düşmən olanda nə olar, onun da öz bir gözəlliyi vardı, heç olmasa bilirdin ki, qarşındakı düşməndi, sənin qanını içməkdən sərxoş olan bir düşmən. İndi bu qarşısındakında o gözəllik də yox idi. Bu düşməndən də daha dəhşətliydi. Bu insanın məcburən öz içində gəzdirdiyi, müalicəsi olmayan xəstəlik kimi bir şey idi. Bu xəstəliklə birgə yaşamaq zorundaydılar. Eyni göyü, eyni torpağı, eyni qanı, eyni şəhəri paylaşırdılar. Amma eyni göyü, eyni torpağı, eyni qanı bərabər paylaşsalar da, amma bu eyni şəhəri eyni paylaşmamışdılar.

Birinin payına Dünyanın Ən Varlı Şəhərinin bazarında balaca bir ət dükanı düşmüşdü. Amma bu qarşısındakı At Belində Olan Adamın payına bu şəhərin az qala yarısı düşmüşdü, dədəsindən, babasından qalmış miras kimi. Katiblərin, rəislərin, day hansı kərtənkələlərin quşunu götürə-götürə özü də çoxlarına quş götürdə bilmişdi. Atını sağa da səyritmişdi, sola da. Həmişə at belində olmuşdu. İndi də at belindəydi, amma atını day əvvəlki kimi səyridə bilmirdi. Təkcə o yox, hətta onun quşunu götürdüyü katiblər də, rəislər də day atlarını istədikləri kimi səyridə bilmirdilər.

Dünya öz məhvərindən çıxmışdı, baş alıb gedirdi. Hara gedirdi, heç kim, hətta öz yaratdıqlarının məhvərindən çıxartdıqları bu Dünyanın hara getdiyini Tanrının özü də bilmirdi. Və indi onu məhvərindən çıxaran insanlardan qurtulmaq üçün başını götürüb hara gəldi qaçan bu Dünyada insanlar elə bir duruma düşmüşdülər ki, içlərində nifrətdən başqa heç nə qalmamışdı. Bu nifrət vurub çıxmışdı sir-sifətlərinə və sir-sifətlərindən zəhər-zəhrimar yağırdı. Bu məhvərindən çıxmış və həm Tanrıdan, həm də özündən baş götürüb qaçan Dünyada həm bu şəhər, həm də bu şəhərin adamları qəflətən elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu. Və bu vurğun da ən çox cavanları vurmuşdu. Dünənədək müharibəni kinolarda görən bu vurğun vurmuş cavanlar qəflətən bir müharibə Kinosunun düz ortasına düşmüşdülər. Özü də öz xoşlarına yox, onları bu müharibə Kinosunun içinə zorla itələyib salmışdılar.
Bu dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında yazmışdılar. Çəkilişini də Tarkovskinin də, Tofiq Tağızadənin də həsəd aparacaqları rejissorlara tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlətlərin Böyük Saraylarında oturub çəkməkdə olduqları kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu Kinonun iştirakçılarının isə nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və bu Kino əvvəllər gördükləri kinodan təkcə onunla fərqlənirdi ki, burda partlayan bombalar həqiqi bombalar idi, insanlar doğrudan güllələnir, uşaqların başı doğrudan kəsilir, qadınlar doğrudan zorlanırdı. Bu kino əvvəllər gördükləri kinodan bir də onunla fərqlənirdi ki, bu Kino sona çatmırdı və bu Kinonun sonu heç üfüqdə də görünmürdü.

Fazil Müəllimin Kinoteatrında baxdıqları bütün kinolarda bizimkilərin atdığı (onda ruslar da bizimkilər idi, xaxollar da, latışlar da, elə ermənilərin özləri də) hər gülləyə bir alman qarnını tuturdusa, bədbəxt almanların güllələri həmişə boşa çıxırdı. Ona görə yox ki, almanlar güllə atmağı bacarmırdılar, ona görə ki, ssenarini yazanlar da, rejissorlar da bizimkilərin qohum-əqrəbalarıydı. Bu Kinoda isə bizimkilər, ruslar, xaxollar, latışlar, ermənilər deyil, bizimkilər elə bizimkilər idi. “Hollivud”un və “Mosfilm”in birgə istehsalı olan bu Kinoda ssenariçilər də, rejissorla da ermənilərin qohum-əqrəbalarıydı. Və keçmiş bizimkilər ermənilərə dünyanın ən bahalı, ən müasir silahlarını versələr də, indi bizim bizimkiləri özününkülərinin qarşısında əliyalın buraxmışdılar. Və bu Kinoda atılan bombalar bizim başımıza tökülürdü, yandırılan evlər bizim evləriydi, başı kəsilən uşaqlar bizim uşaqlarıydı, zorlanan qadınlar bizim qadınlarıydı. Bu Kinoda nemes biziydik.

Döyüşlərin birində əllərinə bir erməni qızı düşmüşdü. İntiqam eşqindən gözlərini qan tutmuş uşaqlar qızı zorlamaq istəmişdilər. Amma tir-tir titrəyən qızın insanın iliyinə işləyən yalvarışlı baxışları hələ insanlığını tam itirmədiyindən onun qanını dondurmuşdu. Yaralı ac qurdların əlinə düşmüş çarəsiz, ümidi Tanrıdan üzülmüş bu qızın zorlanmasına biganə qala bilməmişdi. Dəxli yox idi ki, bəlkə də günün birində bu qız onu vuracaqdı, amma indi onun qarşısında sabah onu vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad diləyən yaratdığı bir varlığı görürdü. Bəlkə də uşaqlar bu qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən uşaqları saxlamışdı:

- Dəyməyin!
Araya mübahisə düşmüşdü.
- Bəs onlar bizimkiləri zorlaya bilər?!
- Biz erməni deyilik!
Onu yaxşı tanımayanlardan biri:
- Ə, nə lotuluq eləyirsən?- deyib qızın üstünə yeriyəndə o, gülləni lüləyə verib bağırmışdı:
- Kimin kişiliyi çatır, buyursun! Cırıq-cırıq eləyərəm! Dedim ki, biz erməni deyilik.
Onun hədəqəsindən çıxmış gözlərindən qorxub geri çəkilmişdilər. Sonra qızın əynindən çıxarılmış pal-paltarı avtomatın lüləsi ilə yerdən qaldırıb atmışdı üstünə.
- Geyin! Sürük burdan!
Soyulmuş kənd yumurtası kimi qəşəng və yeməli olan qızcığac bayaqdan ayıb yerlərini örtmək istədiyi əlləri əsə-əsə paltarlarını götürüb tələm-tələsik geyinmişdi, amma sonra yerindən tərpənməmişdi.
- Sürük dedim sənə!
Qulaqlarına inanmayan qız ehmal-ehmal geri çəkilməyə başlamışdı və qorxa-qorxa soruşmuşdu:
- Qardaş, adın nədi?
- Sənin qardaşıyın... Sürük dedim.
- Sən Həzrət Abbas, adın nədi?
Qarabağ erməniləri bizimkilərə and verəndə Həzrəti-Abbasa and verərdilər. Və onlar da çox yaxşı bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrəti-Abbasdan qorxurlar.
Qızın belə bir ağır and verməsi onu əsəbləşdirmişdi:
- Səni zorlayıb güllələmədiyimə görə adım eşşək oğlu eşşəkdi! Sürük dedim, qəhbə!
Qız daha heç nə soruşmamışdı, çevrilib üzü erməni kəndinə doğru qaçmağa başlamışdı, heç dala da baxmamışdı.
Axşam Komandir erməni qızını burax dığına görə onu danlayanda demişdi:
- Komandir, mən arvad davası eləmirəm, torpaq davası eliyirəm.
XS
SM
MD
LG