Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:07

«Hyatt Regency» Ziyalılar Forumuna niyə yer vermədi?


Eldar Namazov
Eldar Namazov
Ziyalılar Forumunun dekabrın 29-a təyin edilən tədbiri baş tutmayıb. Tədbirin başlanmasına bir neçə saat qalmış «Hyatt Regency» otelindən təşkilatçılara texniki problemlərin yarandığı barədə xəbərdarlıq edilib. Tədbirin keçiriləcəyi Bakı zalı da daxil olmaqda otelin yarısına elektrik enerjisinin verilməsində problem olduğu bildirilib.

«BU, ZİYALILAR FORUMUNU SUSDURMAĞA BİR CƏHDDİR»

Forumun üzvü, politoloq Eldar Namazov isə otelin səsləndirdiyi arqumenti inandırıcı saymır. O hesab edir ki, bu, Ziyalılar Forumunu susdurmağa, onun fəaliyyətinə mane olmağa bir cəhddir:

«Biz bir neçə dəfə belə hallarla rastlaşmışıq. Üstəlik, hakimiyyət nümayəndələri Ziyalılar Forumunda olanlar barədə çox aqressiv bəyanatlar səsləndirirdilər. Sözsüz ki, bu, Ziyalılar Forumunu susdurmağa, onun fəaliyyətinə mane olmağa bir cəhddir. Biz belə hərəkətləri qətiyyətlə pisləyirik.

Bu təzyiqlərlə, qeyri-qanuni hərəkətlərlə ziyalıları nə susdurmaq, nə də qorxutmaq olar. Ziyalılar Forumu öz tədbirini mütləq keçirəcək. Onun vaxtı və yeri haqqında yaxın zamanlarda mətbuata məlumat veriləcək. Ziyalılar Forumu artıq bu hadisəni pisləyən bəyanat da qəbil edib».

«GÖRÜNÜR TAPŞIRILIB Kİ, BU TƏDBİRİN KEÇİRİLMƏSİNDƏN İMTİNA ETSİNLƏR»

Forumun digər üzvü, kinorejissor Rüstəm İbrahimbəyov baş verən hadisə ilə bağlı iki ehtimal irəli sürür:

«Ola bilər otel özü belə bir addım atsın, o da ola bilər ki, yuxarıdan belə göstəriş alsın. Mənə elə gəlir ki, otel biznes idarəsi olduğundan öz-özünə niyə ziyan vursun ki, görünür ki, kimsə onlara tapşırıb ki, bu tədbirin keçirilməsindən imtina etsinlər. Mənə elə gəlir bu, bəhanədir. Çalışırlar ki, bizim işimizə maneə törətsinlər».

OTELİN MÖVQEYİ

«Hyatt Hotels Baku» şirkətinin satış və marketinq departamentinin satış koordinatoru Leyla Ramazanova isə deyir ki, otelin bir hissəsində elektrik enerjisi ilə bağlı problem yarandığından tək «Bakı» zalında deyil, digər konfrans zallarında keçiriləcək tədbirlərin təxirə salınması ilə bağlı təşkilatçılara xəbərdarlıq edilib:

Ziyalılar Forumu ilə «Hyatt Hotels Baku» arasında bağlanana müqavilə
Ziyalılar Forumu ilə «Hyatt Hotels Baku» arasında bağlanana müqavilə
«Bu barədə bizdə məlumat olan kimi tədbir təşkilatçılarının hamısına xəbərdarlıq etmişik. Bu barədə danışıqlar aparılıb və təşkilatçılara izahat da verilib. Hazırda otelin mühəndisləri problemin aradan qaldırılması ilə bağlı iş aparırlar».

Qaldıki yuxarılardan gələn tapşırıqlar əsasında otelin belə bir addım atması barədə deyilənlərə otel nümayəndəsi hesab edir ki, beynəlxalq şirkət kimi onlara belə göstərişlərin verilməsindən söhbət gedə bilməz.

«KİMSƏ ZİYALILAR FORUMUNU HAKİMİYYƏTƏ TƏHLÜKƏ TÖRƏDƏN TƏRƏF KİMİ TƏQDİM ETMƏK İSTƏYİR»

Hakimiyyətyönlü Ana Vətən partiyasının sədr müavini, deputat Zahid Oruc isə hesab edir ki, kimlərsə Ziyalılar Forumunu hakimiyyətə təhlükə törədən bir tərəf, hakimiyyət uğrunda mübarizənin bir həlqəsi kimi təqdim etmək istəyir. Onun fikrincə, bu mənada oteldə yaranan texniki problemi də, otel rəhbərliyinin verə biləcəyi qərarı da hakimiyyətin ayağına yazmağa çalışırlar:

«Bir dəfə Heydər Əliyev açıq şəkildə bildirmişdi ki, ayrı-ayrı məmurlar və ya hansısa bürokratik sistemdə yer alan insanlar səhv qərarlarının məsuliyyətini bəzən barmaqları ilə yuxarını işarə edərək dövlət idarəçilərinin üzərinə atırlar. Yəni ziyalılara münasibətdə yer almaq, işıq söndürmək kursunu dövlət heç vaxt yürüdə bilməz».

Zahid Oruca görə, bəlkə də bu kimi söz-söhbətlərə son qoyulması, texniki problemlərin də günahını iqtidarın üstünə atmamaları üçün hakimiyyət bu sahədə diqqətini artırmalıdır ki, həmin şəxslər istədikləri yerdə tədbirlərini keçirsinlər.

«BUNA TƏSADÜFİ HADİSƏ QİYMƏTİNİ VERMƏK ARTIQ MƏNTİQ XARİCİNDƏDİR»

«Azadlıq» qəzetinin siyasi yazarı Seymur Həziyev isə Ziyalılar Forumu keçiriləcək oteldə tədbirə az qalmış texniki problemlərin yaranmasını təsadüf saymır. O, bir neçə gün əvvəl «Azadlıq» qəzetinin yubiley tədbirinin keçirildiyi restoranda işıqların söndürülməsinə diqqət çəkir:

Seymur Həziyev
Seymur Həziyev
«Bu cür məsələlərə təsadüfi hadisə qiyməti vermək artıq məntiq xaricindədir. Əgər bir-birinə oxşayan tədbir eyni problemlə üzləşirsə, bu o deməkdir ki, bu, qəsdən törədilmiş siyasətdir. Konkret olaraq Azərbaycan hakimiyyəti arzulamır ki, alimlər, ziyalılar tərəfindən alternativ fikirlər səsləndirilsin».

Yazar hesab edir ki, ölkədə müstəqil biznes olmadığından otelin mövqeyi başa düşüləndir: «Əsas məsələ odur ki, bu hadisələr hakimiyyətin iradəsi ilə baş verir».

«BU, SİYAVUŞ NOVRUZOVUN DEDİKLƏRİNİN DAVAMIDIR»

Seymur Həziyev bir gün əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun «Mediaforum» saytına müsahibəsində Ziyalılar Forumu barədə dediklərini yada salır. Siyavuş Novruzov deyib ki, «özünü Ziyalılar Forumu adlandıran qurumda ziyalı yoxdur. Bu işığın kəsilməsi də elə Siyavuş Novruzovun dediklərinin davamıdır. Başqa bir şey deyil».

YAP icra katibi Əli Əhmədov da partiyanın internet saytına verdiyi müsahibəsində ziyalıları tənqid edib. «Əgər ziyalı öz peşəsini buraxıb siyasətə baş vurursa, demək, o artıq tükənib», Əli Əhmədov bildirib.

ZİYALILAR FORUMUNUN BUNDAN ƏVVƏLKİ PROBLEMİ

Ziyalılar Forumunun bundan əvvəl keçirilən tədbiri də problemsiz ötüşməyib.
Gərginliyi azaltmaq üçün hakimiyyətlə ictimaiyyətin dialoquna dair müzakirələrdən sonra tədbirin aparıcısına, Neft Akademiyasının müəllimi, akademik Rafiq Əliyevə onun kafedra müdirliyindən çıxarılması ilə bağlı əmr verilib.
XS
SM
MD
LG