Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

Dilqəm Əhməddən ilk kitab - “Bozqırdan uçuruma!"


“Apostrof” nəşriyyatında gənc yazar Dilqəm Əhmədin “Bozqırdan uçuruma” adlanan ilk kitabı çap olunub.

Kitab “Sərgərdan” adlı povestdən, hekayələr və içsəslərdən ibarətdir. Kitabın ön sözündə müəllif yazır:

“Bozqır azadlığımız, uçurum uğursuzluğumuzdur. Bu gün elə bir dönəmdəyik ki, hər bir fərdin azadlığı dəyişik yollarla sınırlandırılıb, mücadilə aparanlar isə uçurumun kənarına yuvarlanıblar. Bozqırdan sürgün olunaraq uçurumun qarşısında dayanarkən geridə buraxılan hisslər, sevgilər, düşüncələr təkrar-təkrar xatırlanır, məhz bu xatırlanmalar bizim uçurumdan aşağıya atlamağımızın qarşısını alır. “Bozqırdan uçuruma” adlandırdığım bu kitabda cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu əks olunub. Bu uğursuzluq əsla yenilgi deyildir. Bu gün əsas olan uçurumun kənarında olsaq belə, mətinliyi qorumaqdır. Uçurumdan bozqıra doğru geri dönüləcək yol isə çox da uzaqda deyildir”.

Müəllifin iki şeirini diqqətinizə çatdırırıq:


Bozqırdan uçuruma

Biz üç uşaq idik,
Hər uşağın bir arzusu olur,
O arzunu həyata keçirən
ataları olur
dövlətləri olur.
Bizim heç nəyimiz yox idi
Amma arzumuz vardı:
Böyüyəndə bütün qapıları qıfılsız
düzəldəcəkdik.
Üç uşaq idik,
böyüklərdən daha böyük düşünürdük
Hər qapı qıfılının,
insan ürəyinin bağlanması olduğunu bilirdik.
Uşaqlığımız bitincəyə qədər
qapılar rəngdən-rəngə düşdü,
Taxtadan dəmirə çevrildi,
Gözlüklər kameraya çevrildi.
Qapılar böyüdü, sevgilər daha da uzaqlaşdı.
Dəyişməyən qıfıllar oldu.
Böyüdük, təkcə biz böyümədik
Qıfıllar da böyüdü
O qədər böyüdü ki, daha qapılara sığmaz oldu
Qapılar deyil, binalar qıfıllandı
Şəhərlər qıfıllandı, ölkəmiz qıfıllandı.
Bozqırdan uçuruma atdılar bizi
Azadlığımız qıfıllandı.
Səsimiz, düşüncəmiz, sevgimiz qıfıllandı
Dözdük, səbr etdik, unutduq
Sonunda
Uşaqlarımızın arzuları qıfıllandı.
Daha qapıları qıfılsız düzəldəcək
Uşaqlarımız da, arzuları da yoxdur.


Meqapolis obrazları

Qapılar açılınca
divarlar çıxır qarşıma
Meqapolis yanlızlığı içində
Pəncərədən dərvişlər boylanır
Daha hücrələr yanlızlığı bölüşə bilmir
Şəhər minlərlə yanlızlarla doludur.
Saxta üzlər gülümsəyir bir-birinə
Sevgilər imitasiya olunur
Dostluqlar teatr səhnəsindən boylanır
Gecələr pərdə qapandığında
24 saatlıq maskalar enir
Obrazlar dağılır.

Hər səhər paltarlar ilə birgə
Obrazlar ütülənir
Obrazlar seçilir
Bu gün vəfalı sevgili obrazındayam
İstədiyin qədər səni sevdiyimi deyəcəm
Əllərini tutacam, ürəyimin titrədiyini söyləyəcəm
Sənin gözlərin parıldayacaq, mənsə parıltılı baxmağa çalışacam
Gülümsəməni sevdiyimi söyləyəcəm
Bu günün unudulmaz olduğunu söyləyəcəm
Sən aldanmağı sevəcəksən, mən yalanlara öyrəşəcəm
Axşam olacaq yenə, obrazları asılqanına taxacam
Özümə dönəcəyəm

Bu gün sədaqətli dostam
Pulsuz mesajlarımdan göndərəcəm
Darıxdığımı söyləyəcəm
Yaşanılan xatirələrdən danışacağıq
Bir çaynik limonlu çayla
Ən uzun çay qədər xatirə danışacağıq
Metroya birgə minəcəyik,
ayrı stansiyalarda düşəcəyik
Hər kəs öz maskasının gərəyini ödəyəcək

Bəzən insan olmağı xoşlayırıq
Kənardan baxılanda hətta insana oxşayırıq
Vicdanlı oluruq,
bahalı kafelərdə insan haqlarından danışırıq
Savaşlara lənət oxuyub, savaşla yaşayırıq.

Boğuluram obrazlar içində
Meqapolis yanlızlığında
Qapılar açılınca,
divarlar çıxır qarşıma.
XS
SM
MD
LG