Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

Rüstəm İbrahimbəyov İlham Əliyevə çağırış etdi


“Azərbaycan” qəzetinin 7 yanvar sayında Ziyalılar Forumunu ittiham edən məqalə dərc olunub. Məqalədə təşkilatın üzvləri kinorejissor Rüstəm İbrahimbəyov və Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun ünvanına sərt ittihamlar səsləndirilib.

Bu və digər məsələlərlə bağlı Rüstəm İbrahimbəyovun “Azadlıq” qəzetinə müsahibəsini sizə təqdim edirik.


- Rüstəm bəy, sizə qarşı ünvanlanan ittihamlardan biri bundan ibarətdir ki, hazırda bu cür çıxışlarınızın məqsədi şəxsi maraqlarınızın təmin olunmamasıdır. Guya siz, Şəhidlər Xiyabanı ətrafında meşə massivini ələ keçirmək istəmisiniz və baş tutmadığına görə hazırda sərt bəyanatlarla çıxış edirsiniz.

- Məqalədə yazılanlar reallıqdan uzaqdır. Mən belə bir fikrim olmayıb ki, Şəhidlər Xiyabanının yanında nəsə torpaq alım və orada tikinti işi aparım. Mənim qanunla aldığım torpaq sahəsi var və o Bayılın axırında yerləşir. Narazılığım yalnız ARDNŞ-dəndir ki, şirkət bir neçə adamın sahəsini zəbt edib və elan edib ki, burada neft çıxardacaq. Əgər bura meşə sahəsidirsə, burada neft qülləsinin qoyulması anlaşılan deyil. Mən bu istiqamətdə özüm məhkəmə yolu ilə mübarizə aparıram və buna heç kimi qarışdırmıram.

- Səslənən ittihamlardan biri də mövqeyinizin tez-tez dəyişməyinizlə bağlıdır. Məqalədə vurğulanır ki, bir müddət əvvəl siz İlham Əliyevin alternativsiz olduğunu desəniz də, indii başqa fikir söyləyirsiniz?

- Mən ziyalı, vətəndaş cəmiyyəti problemindən, ictimai rəyin zəifliyindən beş-altı ildir ki, danışıram. O vaxtı Azərbaycandakı bütün qəzetlər üstümə düşmüşdü. Mən o zaman mətbuat konfransı keçirərək bildirdim ki, Azərbaycanda ziyalılar var, ziyalılıq yoxdur. O mənada ki, Azərbaycanda ziyalılar təbəqəsinin hökumətin ictimai-siyasi həyatına təsiri yoxdur. Əsərlərimdə də bugünkü Azərbaycanın problemlərini dəfələrlə dilə gətirmişəm. Sonuncu əsərim də bu qəbildəndir. Mən dövlət başçısı İlham Əliyevi uzun illərdir ki, şəxsən tanıyıram və həmişə ona hörmətlə yanaşmışam. Bunun da əsası var. Mən özüm üçün yox, dəfələrlə mili kino və teatr barədə ona müraciət etmişəm. Və həmişə o bu təklifləri yaxşı qəbul edib. Konkret olaraq “İbRus” teatrı İlham Əliyevin köməyi ilə tikilib və yaranıb. Mən yaxşılığı yaddan çıxardan adam deyiləm və həmişə bu adam üçün əlimdən gələni edəcəyəm. Amma söhbət başqa məsələdən gedir. Mən İlham Əliyevə alternativ görmədiyimi deyəndə onu nəzərdə tuturdum ki, Azərbaycanda real situasiya hazırda elədir ki, seçki sistemi elə qurulub ki, kifayət qədər güclü şəxslər seçkidə iştirak edə bilmirlər. Və qalanların arasında İlham Əliyevə alternativ yoxdur. Vaxtilə dediyim bir fikri də yada salmaq istərdim: Konstitusiyanı dəyişdirib bir adamı 3-cü dəfə prezidentliyə seçmək demokratiyaya ziddir.
Ölkəni “juliklərin” idarə etdiyi ilə bağlı söylədiklərimə gəlincə isə, mən bu fikri bir daha təkrarlayıram. Və dövlət başçısını bizi bu “juliklərdən” azad etməyə çağırıram. Bu bazar terminologiyası deyil. Bu termin bu insanların fəaliyyətini tam reallığı ilə əks etdirir. Çünki onlar bazar təfəkkürlü insanlardır və bazar metodları ilə fəaliyyət göstərirlər. Ona görə mən onlara başqa terminlə müraciət edə bilmərəm. Bu insanlar ölkəyə rəhbərlik edirlər, hamı onların adlarını gözəl bilir. Mən konkret olaraq kimsənin adını çəkmək istəmirəm. Çünki onlar bir sistemin tərkib hissəsidir. Biz bütun bunlara görə dövlət başçısına müraciət edirik.

- Sizə, qarşı aparılan bu kampaniyanın arxasında kim dayanır?

- Bu insanlar çox ola bilər. Mən konkret ad çəkməyə çətinlik çəkirəm. Amma təxminən on ildir ki, Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə və müvafiq olaraq Administrasiyanın rəhbəri mənimlə mübarizə aparır. Çünki mən dəfələrlə demişəm ki, Humanitar Şöbənin fəaliyyəti sıfıra bərabərdir. Onlar Azərbaycan üçün faydalı heç bir iş görmürlər. Biz Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq on ildir ki, ciddi fəaliyyət göstərməyə çalışırıq. Amma onlar bizə mane olurlar. Məsələn, məhz onlar çox gözəl və möhtəşəm beynəlxalq kino festivalı “Şərq-Qərb”i bağlatdırdılar, Azərbaycan kinolarının kənd rayonlarında nümayiş etdirilməsinə mənə maneçilik törədirlər. Prezidentin Azərbaycanda Ali Kino Məktəbinin təşkil olunması ilə bağlı qərarına baxmayaraq, bunun reallaşmaması üçün əlindən gələni etdilər. Kinematoqrafçılar İttifaqı iki il ərzində bunu öz vəsaiti hesabına edib. Mədəniyyət Nazirliyi demək olar ki, hər şeyi etdi ki, bu məktəb mövcud olmasın. Xaricdə təhsil üçünsə rüşvət tələb olunduğundan yerli gənc mütəxəssislər bu imkandan məhrum olurlar. Faktiki olaraq xaricdə kino təhsili alanı yoxdur.

- Əsl ziyalı kimdir? Məqalənin əvvəlində qeyd olunur ki, Ziyalılar Forumuna toplaşan insanlar ziyalılıqdan uzaqdır...

- Ziyalılıq haqqında hər kəsin öz fikri var. Bəzən belə ifadə işlədilir ki, ziyalılar yalnız hakimiyyətə qulluq edənlərdir. Ölkənin başlıca ideoloqlarından birindən bunu eşitmişdim və düşünürəm ki, bu çox gülüncdür. Düşünürəm ki, yalnız milli maraqları hər şeydən üstün tutan insanlar əsl ziyalı sayıla bilərlər. Ziyalılar Forumunda birləşən insanların kriteriyaları buna uyğundur. Onlar öz sahələrində böyük mütəxəssis, ölkəsinə, millətinə sadiq insanlardır. Onlar həqiqətən də öz vicdanlarının səsinə qulaq asaraq azadlıqlar uğrunda mübarizəyə başlayıblar. Bizə mənasız ittihamlar ünvanlayırlar, amma toplaşmağımıza imkan vermirlər. Biz növbəti toplantımızı icarəyə götürdüyümüz “Hyatt Regency”də keçirmək istəyirik. Biz “Hyatt Regency”nin ABŞ-dakı rəhbərliyinə də müraciət etmək niyyətindəyik ki, Bakıdakı təmsilçilik ümumi brendə ziyan gətirir. Ona görə xarici təzyiqləri də müşahidə edəcəyik. Eyni zamanda məhkəməyə də müraciət etmək niyyətimiz var. Biz nə istəyirik? Biz sadəcə olaraq deyirik ki, ölkədəki vəziyyət dəyişməsə faciəvi hadisələr baş verə bilər. Əgər zamanında islahat aparılmasa, ölkədə gedən kütləvi oğurluğun qarşısı alınmasa nəticə çox pis ola bilər. Hakimiyyət özü antikorrupsiya komitəsi yaradır və ölkədə korrupsiyanın olduğunu etiraf edir. Nəyə görə ziyalılar da ölkədə korrupsiyanın olduğunu elan edəndə buna qarşı mübarizə başlanır?

- Sizcə, hazırda formalaşmış durumda Azərbaycan hakimiyyətində siyasi iradə varmı ki, vəziyyətdən çıxış yolunu taparaq, islahatlara başlasın?

- Əgər biz siyasətlə məşğul olmayan insanlar ölkədə vəziyyətin hansı istiqamətdə getdiyini görürüksə, o zaman bu işlə professional şəkildə məşğul olanlar iradə göstərməlidirlər. Biz buna inanırıq. Vətəndaş cəmiyyəti, korrupsiya, cəmiyyətin ümumi durumu ilə bağlı addımlar atılmalıdır. Əsas məsələlərdən biri gənclərin problemidir. Çünki onlar məktəbdə oxuduqları müddətdə eyni zamanda korrupsiya məktəbini də keçirlər. Ali savad alandan sonra özləri hazır korrupsioner olurlar.

- Tədbirinizə icazənin verilməməsi, sizə qarşı kampaniyanın aparılması yuxarı rəhbərliyin iradəsindən qaynaqlanır, yoxsa bu iradədən kənardır?

- Çerçil vaxtı ilə demişdi ki, Kremldəki siyasi mübarizə palaz altındakı davaya bənzəyir ki, zaman-zaman onun altından meyitləri sürüyüb çıxarırlar. Biz hakimiyyətdə baş verənlər haqqında heç nə bilmirik. Vaxtı ilə bizə deyirdilər ki, Əli Insanov, Fərhad Əliyev necə gözəl insanlardır. Birdən-birə bəyan etdilər ki, onlar cinayətkardırlar. Hansına inanmalıyıq? Biz heç nə bilmirik. Ona görə konkret deyə bilmərik ki, aparılan kampaniya yüksək dairələrlə bağlıdır, yoxsa-yox.

- Son mətbuat konfransınızda ziyalılara çağırış etdiniz ki, birgə fəaliyyət göstərməyə ehtiyac var. Bu müraciətlə bağlı bir irəliləyiş görürsünüzmü?

- Ziyalılar beş-altı nəfər olub bəyanat verəndə onları sıxışdırmaq asan olur. Amma bu işlə bir neçə yüz adam məşğul olanda onlarla mübarizə aparmaq çətin olur. Bəzən bizi ittiham edirlər ki, biz toplantılarımızı forum adlandırırıq, halbuki toplananların sayı yüzlərlə olmur. Cavab verirəm. Biz internet əsrində yaşayırıq. Bizim bəyanatlarımıza minlərlə insan internetdə reaksiya verir. Ona görə bizim forum olmadığımızı iddia edənlər bu sözün mənasını bilmir. Ona görə hakimiyyət tezliklə siyasi iradə göstərməlidir və dəyişikliklərə imza atmalıdır. Bu dəyişiklikləri təkcə biz yox, bütün dünya istəyir. Biz hazırda elementar demokratik azadlıqların məhrum olduğu ölkədə yaşayırıq.

- Rafiq Əliyevin kafedra müdirliyindən uzaqlaşdırılmasına cəmiyyətdə sərt reaksiya oldu. Hazırda sizin apardığınız mübarizəyə toplumun münasibətini necə qiymətləndirirsiniz?

- Çox müsbət. Cəmiyyətin reaksiyası alqışlanan idi. Rafiq Əliyevin kampaniyası hazırlanmış idi. Bu kampaniyada “satılıq” insanlar iştirak edirdi. Onlar 20 il əvvəl Heydər Əliyevi “tənqid” edirdilər. Rafiq Əliyevi isə ittiham edirlər ki, o, Vəzirovun dövründə işləyib. Bəs onlar özləri o zaman harda idilər? Azərbaycandan çıxmışdılar? Bu cür keçmişə malik insanlar dünya şöhrətli alim olan Rafiq Əliyevə qarşı hücuma keçdilər. Sevindirici haldır ki, Rafiq Əliyevə qarşı hücumlara əks olaraq cəmiyyətdən ciddi dəstək gəldi. Bizə qarşı ittihamlar əsassızdır. Raifq Əliyevə qarşı ittihamlar, mənim guya Şəhidlər Xiyabanını ələ keçirmək istəklərim hamısı cəfəngiyatdır.
XS
SM
MD
LG