Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:50

“Eurovision-2012” əcnəbi homoseksuallar üçün həm də toplantı yeri olacaq


Homoseksualların hər il Brazilyada keçirdiyi iftixar yürüşü. San Paulo, 6 iyun 2010
Homoseksualların hər il Brazilyada keçirdiyi iftixar yürüşü. San Paulo, 6 iyun 2010
Homoseksuallara aid nighttours.com saytı 2012-ci ildə dünya ölkələrində bu cür cinsi azlıqların kütləvi toplaşacağı tədbirlərin təqvimini dərc edib.

Həmin tədbirlərə həm homoseksualların dünya boyu keçirdiyi iftixar yürüşləri, həm də onların kütləvi şəkildə iştirak etdiyi qapalı tədbirlər aiddir. .

Bunların çoxunu homoseksuallar özləri təşkil edir, amma bəziləri homoseksuallarla bağlı olmasa da, onlar həmin tədbirlərə adi iştirakçılar kimi qatılmağı xoşlayırlar.

Belə tədbirlərdən biri də “Eurovision” mahnı müsabiqəsidir

Nighttours.com saytı yazır ki, bu il mayın 22-dən 26-can homoseksualların beynəlxalq toplantı məkanı Bakı olacaq, konkret olaraq Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsi.

Amma söhbət Bakıda iftixar yürüşünün keçirilməsindən yox, geylərin sadəcə Bakıdakı tədbirə yollanıb orada tamaşaçı kimi iştirakından gedir.

Necə ki son illərdə keçirilmiş bütün "Eurovision"larda homoseksualların fəal iştirakı müşahidə edilib.

2002-ci ildə Amsterdamda yaradılmış Nighttours.com homoseksuallar üçün bir bələdçi saytıdır.

Orada dünya boyu turist şirkətlərinin homoseksuallar üçün təşkil etdiyi turlar və homoseksuallar üçün otellər barədə də məlumatlar verilir.

Avropanın homoseksuallara yönəlik ən böyük xəbər saytlarından biri - pinknews.co.uk saytı isə ötənilki müsabiqədən dərhal sonra diqqətini Bakıya yönəltmişdi və yazmışdı ki, 2001-ci ildə homoseksuallığa görə cəza Cinayət Məcəlləsindən çıxarılsa da, Azərbaycanda homoseksuallara münasibət mənfidir, onlar polis idarələrində təzyiqə məruz qalır, nigah bağlamasına icazə verilmir.

Sayt yazır ki, buna görə, bir çox homoseksuallar “Eurovision- 2012” yarışması üçün Bakıya getməyə bilər.

"EVDƏ VƏ İŞDƏ PROBLEMLƏR OLUR"

Bakıda - homoseksuallara hüquqi, tibbi yardım üçün yaradılmış “Gender və Tərəqqi” İctimai Birliyinin sədri Kamran Rzayev deyir ki, qanunlarda homoseksuallara qarşı cəzalar nəzərdə tutulmasa da belə insanlar cəmiyyətdə qınaqla üzləşirlər, onlara təzyiqlər olur.

- Düzdür, qanun çərçivəsində geylərin hüquqları yaxşı qorunur. Qanunda yazılmayıb
ki, onları döymək, öldürmək, türməyə basmaq olar. Əsasən iş yerlərində və evdə təzyiqlər olur. Evdə valideynlər biləndə ki, uşaqları qey, ya lesbiyandır, ya işdə biləndə işdən qova bilərlər, ya ona gülürlər, ələ salırlar.

- Sizə elə şikayət olubmu ki, məhz cinsi azlıq olduğuna görə kimsə işdən azad edilsin?

- Üç nəfər belə şikayət edib. Məsələ burasındadır ki, onları işdən çıxaranda səbəb gətirirlər ki, ya işə gecikib, ya da işini yarıtmır. Əmək kitabçasında yazmırlar, ya da heç kim demir ki, lesbiyan və ya qey olduğuna görə işdən azad olunur.

- Bəs, sonradan yeni iş tapması necə, çətinlik yaratmır?

- Artıq sahibkarlar da anlayırlar ki, əgər adam peşəkardırsa, onun cinsi oriyentasiyasının məsələyə dəxli yoxdur.

"BAKI 20 İL ƏVVƏLKİ BAKI DEYİL"

Bəs əgər “Eurovision” müsabiqəsi zamanı başqa ölkələrdən Bakıya gələn homoseksuallar burada hansısa təzyiqlər, qınaqlarla üzləşə bilərlərmi?

- Yox, yox. Çünki Bakı 20 il əvvəkli şəhər deyil, dəyişib, hər şey də görüb. Düzdür, indi müsabiqəyə görə bir az çox danışılır bu barədə, amma Bakıda onlar var, gəzirlər də şəhərdə, heç kim də heç nə demir. Hətta bu yaxınlarda lesbiyanka olduğunu açıq-aşkar deyən bir xarici müğənnı gəldi, Bakıda konsert verdi, onun konsertinə gedənlər oldu. Heç kim də ona daş atmadı”.

Homoseksuallar dünyanın müxəlif ölkələrində iftixar yürüşləri keçirirlər. Kamran Rzayev isə hesab edir ki, Azərbaycan cəmiyyəti bunu qəbul etməyə hazır deyil.

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov isə bir müddət əvvəl BBC-yə müsahibəsində demişdi ki, Azərbaycanda homoseksuallara mənfi münasibət bəslənməsi haqda yayılmış məlumatlar yanlışdır:

«Biz hesab edirik ki, bunlar hamısı «Eurovision» ərəfəsində Azərbaycanı pisləməklə yaşadığı xarici ölkədə yaxşı reputasiya qazanmağa çalışan insanların yaydığı səhv fikirlərdən başqa bir şey deyil».


----------------------------------
Forum dayandırılıb!
XS
SM
MD
LG