Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:31

Yeni qəzet köşkləri qəzet satışına mane olur?


Azerbaijan -- Kiosk in Baku, 18Oct2011
Azerbaijan -- Kiosk in Baku, 18Oct2011
«O KÖŞKLƏRİ QƏZET KÖŞKÜ SAYMAQ OLMAZ»
Bir neçə ay əvvəl Bakıda müasir dizaynlı yeni qəzet köşkləri görünməyə başladı. Özü də başqa köşklərin yığışdırıldığı vaxtda. İndi bəzi qəzetçilər də, qəzet yayımı ilə məşğul olanlar da yeni köşklərdən narazıdırlar. «Azadlıq» qəzetinin redaktor müavini Rahim Hacıyev:
«O köşkləri qətiyyən qəzet köşkü saymaq olmaz. Qəzetləri satmırlar, bir qırağa qoyurlar. Biz artıq aşkar eləmişik ki, bu qəzet köşklərində qəzet satışına ciddi maraq yoxdur. Əməkdaşlarımız görüblər ki, «Azadlıq» qəzetinin bir neçə nüsxəsi satılıb, sonra soruşanda deyiblər ki, daha yoxdur. Uzun mübahisədən sonra deyiblər ki, guya səhv ediblər, qəzetlər içəridə qalıb. Yəni açıq şəkildə çalışırlar ki, azad mətbuatın yayımına problemlər yaratsınlar. Köhnə köşkləri götürürlər, yerinə yenisini qoymurlar. Əl yayımına ciddi problemlər yaradırlar. Hakimiyyət həmişə olduğu kimi azad mətbuatı boğmaq siyasətini davam etdirir. Axır vaxtlar bu daha kobud şəkildə özünü birüzə verir».
BƏXTİYAR SADIQOV DA NARAHATDIR
Hətta rəsmi «Azərbaycan» qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqov da narahatdır. O Mətbuat Şurasının 2011-ci ildə gördüyü işlərə dair hesabat konfransında narahatlığını dilə gətirib. Bəxtiyar Sadıqov deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti qəzetlərin həm köşklərdə satışına, həm də səyyar yayımına maneə törədir:
Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov
«İl ərzində mütəmadi olaraq bu barədə şikayətlər daxil olur. Qəzet köşklərinin sayı azaldılır, insan axınının gur olduğu yerlərdə qəzet satışına maneələr yaradılır, hətta köşklər bağlanır».
ƏLABBAS BAĞIROV: «BU KÖŞKLƏR KİMƏ VERİLƏCƏK, HƏLƏ QARANLIQDIR»
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov isə deyir ki, bu şikayətlər ona da tanışdır. Amma o həmin köşklərdə «Azadlıq»ın da, «Yeni Müsavat»ın da satılmasının şahid olub:
«Deyirlər ki, qəzetlər satılmır, ya az satılır. O proses hələ tam başa çatmayıb. Hələ onların yeni partiyasının gəlməsi gözlənir. Şəhərdə hələ sınaq aparılır ki, bunların gəliri-çıxarı nədir? Qəzet satışını əhatə edəcəklərmi? Köhnə qaydayla «Qasid»in, «Qaya»nın və digər mətbuat yayım şirkətlərinin gördüyü işi həyata keçirəcəklər ya yox? Hələ o proses başa çatmayıb, cavabda məndə çətinlik çəkirəm. Belə fikir var ki, «Eurovision» Mahnı Yarışması ərəfəsində şəhər ancaq vahid dizayna malik köşklərlə təchiz olunsun. Qoyulsun, bitsin, sonra danışaq. Proses başa çatmadığından demək olmur ki, bunlar «Qasid»in köşklərini əvəz edəcək, başqa köşkləri də əvəz edəcək? Amma «Qaya» mətbuat yayımının da köşkləri götürülüb və bu gileyi normal qəbul edirəm. Onu biz bilə bilmərik. Yəni bu hansı firmaya veriləcək, verilməyəcək qaranlıqdır».
Dövlətə məxsus «Qasid» mətbuat yayımının rəhbəri Ağaəli İsmayılov danışmağa həvəsli deyil. Bircə onu deyir ki, köşklərin yığışdırılması onlara da maneədir:
«Deyirlər ki, şəhərin abadlaşması üçündür, «Eurovision» var, filan var. İndi görək nə olur».
«Qaya» mətbuat yayımının rəhbəri Xanhüseyn Əliyev isə «Qasid»in susmasını belə izah edir:
«Çünki köşkləri də qoyan dövlət məmurudur».
Xanhüseyn Əliyev (Foto: Mediaforum)
Xanhüseyn Əliyev (Foto: Mediaforum)
Xanhüseyn Əliyev deyir ki, yeni köşklərin Departamentlə, Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqəsi yoxdur:
«Onlar inhisara başlayıblar. «Kaspi» «Azərmətbuatyayımı» özəlləşdirdi və bu proses gedir. Yəni birtərəfli inhisara alınma gedir. Götürək, «Azadlıq» qəzetini, «Kaspi» 100 nüsxəsini götürür, yox demir. Amma ayın axırında satılmayanda qaytarır. Qəzet də bankrot olacaq. Proses buna gedir. Mətbuat qalmayacaq, idarə olunan mətbuat qalacaq. Qorxulu günlər qabaqdadır».
«HƏLƏLİK «KASPİ»NİN DEYİL»
Günün sonu olduğundan «Kaspi» mətbuat yayımı ilə əlaqə yarada bilmədik. Amma Bakı şəhər Ticarət və Xidmət Departamentinin sözçüsü Əlabbas Bağırov dedi ki, köşkləri Bakı şəhər İcra Hakmiyyətinin sifarişi ilə quraşdırırlar. Hətta «Kaspi» dəfələrlə bu köşklərlə bağlı onlara müraciət edib:
«Məncə, köşklər onların deyil. Olacaqsa da bundan sonra olacaq. Hazırda onlara dəxli yoxdur. Bəlkə proses başa çatandan sonra «Kaspi»nin olacaq, bəlkə də «Qasid»in...»
O ki qaldı əl yayımına, Əlabbas Bağırov deyir ki, nə Bakı şəhər Ticarət və Xidmət Departamenti, nə də ümumən Bakı şəhər İcra Hakmiyyəti bu sahədə mane yaradıb. Bəxtiyar Sadıqov isə əl yayımının üzləşdiyi problemləri aradan qaldırmaq üçün mətbuatda bəzi təkliflərlə çıxış edib.
XS
SM
MD
LG