Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:07

Aktyor Ilqar Cahangirov: “Teatrda hansı otağı açırsan, Əliyevin şəklidir”


Aktyor prezidenti tənqid etdi: Teatra marağı yoxdu
Gözlə

No media source currently available

0:00 0:48:58 0:00
Direct-ə keçid

"Pen klub" proqramında debat, 19 yanvar, 2012

Gənc Tamaşaçılar Teatrının aktyoru "Pen klub" da sərt danışdı: "Teatra 90 nəfər yığıblar, bu, zavod-fabrik deyil, 10 il rol almayan var"

-

"OxuZalı"nda ən çox oxunan

İlqar Cahangirov:

“Elə otaq var ki, orda İlham Əliyevlə Heydər Əliyevin 5-6 şəklini asıblar. Mən onlarla nədən danışım?”

Zöhrə Əliyeva:

“Dövlətin teatrlara qayğısının olmadığını deyən adamdan mən bilmirəm nə gözləyim. İkincisi, adlar verilir, prezident təqaüdləri verilir, evlər verilir, nə bilim, hər şey verilir”.


“Pen-klub” verilişində bu dəfə qonaqlarımız Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirov, jurnalist Ramilə Qurbanlı, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevadır. Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova son anda verilişə qatılmaqdan imtina etdi.


Şahnaz Bəylərqızı:

- Son zamanlar 2 teatrda – Akademik Milli Dram Teatrında və Gənc Tamaşaçılar Teatrında qalmaqallar səngimir.

Biz bir teatr üzərində dayandıq. Gənc Tamaşaçılar Teatrında baş verənlərin səbəbini araşdırmaq istədik.

Burda 2 il öncə 3 teatr birləşib. Özü də tamam fərqli ənənəyə, məktəbə malik teatrlar: Hüseynağa Atakişiyevin Gənclər Teatrı, Cənnət Səlimovanın yaratdığı Kamera Teatrı və bir də tamam fərqli ənənəsi olan Gənc Tamaşaçılar Teatrı.

Baş verənlər bu 3 teatrın bir qazanda qaynaya bilməməsinin nəticəsidir, yoxsa islahatların üzə çıxan tərəfidir, kimlərinsə çığallığıdır, mətbuata bu şəkildə sıçrayır?

“LAZIM DEYİL DƏ, BU DÖVLƏTƏ TEATR LAZIM DEYİL”

İlqar Cahangirov:

- Bu gün Azərbaycanda idman sahəsində yaxşı meydançalar, zallar, komplekslər tikilib. İdmançılar da ortaya nəticələr qoyurlar.

Amma bu gün teatrda elə bir şey yoxdur. Yəni fərqli-fərqli düşüncəyə malik rejissorlar olsun, onların öz teatrları, öz məktəbi, ocağı olsun ki, məşq etsinlər...

Bu, dövlətin də marağında deyil. Əksinə düşünürlər ki, fərqli düşünən insanları yığaq bir yerə, qoy başları bir-birlərinə qarışsınlar.

Ramilə Qurbanlı
Ramilə Qurbanlı

Bu, bilərəkdən olub. Lazım deyil də, bu dövlətə teatr lazım deyil. Bu ölkədə 5-6 ilə 3 teatr qalacaq: Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı, bir də Kukla Teatrı. Vəssalam.

Birləşdirəcəklər zavod-fabrik edəcəklər. Gürcüstan balaca bir ölkədir, 36 teatrı var! Bu gün Bakıda 50 teatr olmalıydı, hər rejissorun öz teatrı.

“GÜRCÜSTANDA BİZƏ GÜLDÜLƏR... BAX BUDUR XƏCALƏT, BUDUR BİABIRÇILIQ”

Ş.B:

- Bəs zamanında bu düzənə etiraz etdizmi, “Niyə 3 fərqli məktəb bir teatrda birləşdirilir, bu mümkün deyil” dedizmi?

İ.C:

- 18 il üzr istəyirəm tövlədə məşq elədik, şəraiti olmayan bir yerdə, o cür əziyyətlər çəkmişik, o cür teatr yaratmışdıq... İmkan vermədilər.

Gürcüstanda bizə güldülər ki, 18 ildir teatrınız var, bu cür repertuarınız var, amma binanız yoxdur.

Amma Gürcüstanda cəmi 3 ildir teatr yaranıb, elə binası var, ağzım açıq qaldı. Bax budur xəcalət, budur yanaşma, budur biabırçılıq.

RAMİLƏ QURBANLI: “CƏNNƏT SƏLİMOVAYA YAZIĞIM GƏLDİ”

R.Q:

- İlqar bəyin düşdüyü vəziyyətdə emosional danışmamaq mümkün deyil. Mənə elə gəlir, 3 teatrı məcburən birləşdirmək və “Siz bir yerdə işləməlisiz, Cənnət Səlimova da sizin baş rejissorunuz olmalıdır” demək yanlış idi.

Məncə, bunu edənin mədəniyyətdən, teatrdan xəbəri yox idi. Ya da məqsədli şəkildə elədi ki, Azərbaycanda ayrı-ayrı teatrlar fəaliyyət göstərməsin, hər teatrın öz ideyası, ideologiyası, öz estetikası olmasın. İstəmədi.

Yaradıcı adamları əzmək, boğmaq ona zövq verdi. İndi həmin aktyorlar əziyyət çəkirlər.

Kamera Teatrının uşaqlarına Cənnət xanımın yanaşması, quruluşu tanışdır. Amma Gənclər Teatrı Hüseynağa Atakişiyevin əlində yetişib, onların estetikası fərqlidir.

Məsələn, Naibə Allahverdiyeva Cənnət Səlimovanın mizanlarını, quruluşunu qəbul edə bilmir. Mən məşqdən reportaj hazırlayanda Cənnət Səlimovaya yazığım gəldi.

İlqar Cahangirov verilişdən sonra...
İlqar Cahangirov verilişdən sonra...

Kübra Dadaşova adlı aktrisa var.

Cənnət xanım nəzakətlə mizanı Kübra xanıma izah edir ki, sən süpürgə dolu səbəti əlindən yerə qoymadan danış, bu sənin çörək ağacındır.

Kübra xanım da deyir ki, yox, bu mənə mane olur. Konflikt də burdan yaranır. Onları bir dam altda birləşdirilmək yanlış idi.

“PREZİDENTİMİZ İDMAN YARIŞLARINA GEDİR, AMMA BİR DƏFƏ TEATRA GƏLMİR, TEATR ONU MARAQLANDIRMIR”

Ş.B:

- İlqar bəy, ortaq məxrəcə gəlmək mümkün olacaqmı? Prosesin sonu necə görünür?

İ.C:

- Bu gün Gənc Tamaşaçılar Teatrının 90 aktyoru var, 90 aktyoru... Bu zavoddur, fabrikdir, nədir bu?

Ş.B:

- Aktyor da rol ala bilməyəndə narazılıqlar baş qaldırır yəqin?

İ.C:

- Təbii. Olur ki, 2-3 aktyoru yükləyirlər. Aktyor da var 10 ildir rol almır. Bu da düz deyil. Aktyorla rejissorun yanaşması alınmır. Teatrlar yaranmalıdır! Dövlət bunu eləməlidir.

Prezidentimiz idman yarışlarına gedir. Amma bir dəfə teatra gəlmir. Marağı yoxdur, teatr bunu maraqlandırmır.

“Azneft” dairəsində bir teatr var. Teatrdır o? Nə aktyoru var, nə repertuarı. Amma gözəl binası var. Teatr var ki, məsələn, Uşaq Teatrı, harda məşq edir, bilirsiz? Tövlədə...

Asılıyıq. Dövlət bizi asılı edib. O ki qaldı fəxri adlara, boş şeylərdir. O adı bizə verirlər, nələrəsə görə, kimlərəsə görə. Teatrda hansı otağı açırsan, İlham Əliyevin, Heydər Əliyevin şəklidir.

O teatr böyük aktyorlar yetişdirib. Bir dənə aktyor şəkli yoxdur, bir dənə rejissor şəkli yoxdur.

Bura teatrdır da. Elə otaq var ki, orda İlham Əliyevlə Heydər Əliyevin 5-6 şəklini asıblar. Mən onlarla nədən danışım?

Ş.B:

- Siyasi simpatiyaları olan aktyorla danışmaq mümkün deyil?

İ.C:

- Mümkün deyil ey, mümkün deyil! Onların teatra yanaşmağı bax elə odur…

Başa düşürəm, prezidentin direktorun otağında şəkli ola bilər, bəlkə direktor müavininin otağında ola bilər. Amma elə… O binada teatrla bağlı şəkil yoxdur.

ZÖHRƏ ƏLİYEVA: “DÖVLƏTİN TEATRLARA QAYĞISININ OLMADIĞINI DEYƏN ADAMDAN MƏN BİLMİRƏM NƏ GÖZLƏYİM”

Ş.B:

- İndi elə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva söhbətə qoşulur.

Və aktyor İlqar Cahangirovun sualını ona ünvanlayırıq: “Niyə dövlət səviyyəsində idmana qayğı var, amma teatra yox?”

Zöhrə Əliyeva:

- Dövlətdən hansı qayğı gözlənməlidir? Teatrların inkişafı ilə bağlı prezident sərəncamı var. Bunu hamı bilir. Kimdir orda sual verən?

Ş.B:

- Gənc Tamaşaçılar Tearının aktyoru İlqar Cahangirov.

Z.Ə:

- Elə Gənc Tamaşaçılar Teatrı da təmir olundu. Yeni dəyişikliklər aparıldı. Bütün dünyada sənət adamları bir balaca dedi-qoduçu olurlar.

Bu, normal gəlir mənə. Amma dövlətin teatrlara qayğısının olmadığını deyən adamdan mən bilmirəm nə gözləyim. İkincisi, adlar verilir, prezident təqaüdləri verilir, evlər verilir, nə bilim, hər şey verilir.

Ş.B:

- İlqar Cahangirovsa deyir ki, Gürcüstanda bu gün 36 teatr var, amma Bakıda teatrların sayı azdır.

“BİZ HEŞ KƏSLƏ YARIŞMIRIQ”

Z.Ə:

- Biz heç kəslə yarışa girmirik. Nə olsun azdır? Tutaq ki, azdır. Bunun məsələyə dəxli var?

Ş.B:

- Keyfiyyəti də fərqlidir…

Z.Ə:

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı

- Onda özü yaxşı aktyor olsun.

Ş.B:

- Siz İlqar Cahangirovun tamaşalarına baxmısız?

Z.Ə:

- Hər nədisə… Kollektivdə narazılıq varsa, bu o demək deyil ki, teatra qayğı yoxdur.

Ş.B:

- İlqar bəy, Zöhrə xanım konkret prezident sərəncamından danışdı. O sərəncamdan sonra nə dəyişdi teatrlarda?

Z.Ə:

- Çox şey dəyişdi. Teatrlar təmir olundu, kollektivlərdə dəyişikliklər aparıldı, dotasiyalar verildi, yeni tamaşalar qoyuldu.

Ş.B:

- Zöhrə xanım, bu sizin dedikləriniz, gəlin aktyorun da fikirlərini eşidək.

Z.Ə:

- Siz məndən icazə almadan birbaşa efirə qoşmusuz. Bu jurnalistikaya yad bir şeydir. İkincisi də… Nədir… Mən İlqarla razı deyiləm.

Ş.B:

- Sizə bir sual da vermək istərdim. Gənc Tamaşaçılar Teatrında 3 fərqli tearın birləşdirilməsində məqsəd nəydi? Bu birləşmə narazılıqlara gətirib, teatrda bu gün 100-dək aktyor var, çoxu da rolsuz qalır, eləcə də rejissorlar tamaşa qoya bilmir, bu da söz-söhbətə gətirir.

Z.Ə:

- Bu söz-səhbət çoxdan gedir. Teatr ona görə birləşdirilib ki, daha rentabelli, daha səmərəli işləsin. Komandalar birləşdirilib ki, yeni nəsil yetişsin, yeni tamaşalar qoyulsun, ayrı-seçkilik olmasın deyə.

Ş.B:

- Amma bu teatrda işləyənlər deyirlər ki, biz birləşə bilmədik, biz bir qazanda bişə bilmədik və bu səhv addım idi. Bəlkə bu səhvi düzəltmək lazımdır?

Z.Ə:

İlqar Cahangirov
İlqar Cahangirov

- Ona elə gəlir ki, səhv addımdır. Zaman göstərəcək bunu. Hələ çox az vaxt keçib. Teatrın son zamanlar normal tamaşaları da olub. Ola bilər öz aralarında yola getmirlər, bu, normaldır.

Bəzən bir ailədə 3 adam da yola getmir. Yavaş-yavaş kollektivlər bir-birlərinə nüfuz edəcəklər. Əlbəttə, heç kim demir ki, bu, asan prosesdir və ağrısızdır.

Amma elə məsələlər var ki, onları etmək lazımdır.

(Zöhrə Əliyeva artıq sualları cavablandırmaq və qonaqlarla polemikaya girmək istəmir deyə bu yerdə onunla sağollaşırıq)

"SIRF MƏMUR YANAŞMASIDIR“

İ.C:

- Zöhrə xanımın yanaşması sırf məmur yanaşmasıdır.

R.Q:

- O elə deməyə məcburdur. Rəsmi şəxsdir. Öz fikirlərini yox, nazirliyin mövqeyini çatdırır.

Ş.B:

- İlqar bəy, belə çıxır ki, siz birgə işləməyə məhkumsuz.

İ.C:

- Məhkumuq, məcburuq, asılıyıq. Yaradıcı adamlar gedəcəklər teatrdan. Elə adam da olacaq ki, başını salıb işləyəcək ki, hamı necə, mən də elə. Amma bu əsl teatr olmayacaq, yaradıcılıq olmayacaq. Teatr fərdi olmalıdıdr, sərbəst olmalıdır. „Bunu mütləq qoy!“ demək bazardır. Nazirlik sifariş verəcək, mütləq 5-6 tamaşa qoyulacaq, mütləq bu pul xərclənməlidir axı...


BU, PROQRAMDA SƏSLƏNƏN FİKİRLƏRİN BİR HİSSƏSİDİR, VERİLİŞİN TAM VİDEOYAZISINA YUXARIDA BAX

XS
SM
MD
LG