Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:45

"İnsanlarla debil kimi davranırlar" (Məşhur yazarlar TV haqda)


Umberto Eco
Umberto Eco
Amerikanın nüfuzlu "Paris review" ədəbi dərgisinin müxtəlif dövrlərdə dünya yazıçılarından aldığı müsahibələrdən seçmələr.


UMBERTO ECO

Paris Review (2008)

...- Hələ də televiziya vurğunu olaraq qalırsız?

- Mənə elə gəlir ki, televiziyaya baxmağı xoşlamayan ciddi alim yoxdur. Sadəcə, bunu etiraf edən təkcə mənəm. Mən həm də televiziyadan öz əsərlərimə material yığmaq üçün yararlanmağa çalışıram. Amma hər gördüyünü gözünə təpən acgöz birisi də deyiləm, hər növ proqramlardan həzz alan da. Çoxseriyalı dramatik telefilmlərdən xoşum gəlir. Amma yüngül mövzulu tok-şouları sevmirəm.

- Bəs konkret olaraq nəyə baxmağı xoşlayırsınız?

- Polislər haqda seriallara, məsələn "Starsky and Hutch"...

- O serial daha göstərilmir, 70-ci illərin serialıdır.

- Bilirəm. Eşitmişəm ki, onun bütün seriyalarından ibarət DVD təzəlikcə buraxılıb və onu almaq haqqında düşünürəm. Bununla yanaşı "CSİ", "Miami Vice", "ER"i, ən çox da "Columbo"nu xoşlayıram*...


*("CSİ"- cinayətləri yeni elmi metodlardan istifadə edərək araşdıran müstəntiqlər haqda serialdır. "Miami Vice" serialı - polislərin əsasən narkomafiya və fahişəlik ilə mübarizəsi haqdadır. "ER" - tibbi mövzuda serialdır, hospital həkimlərinin üzləşdiyi müxtəlif kritik situasiyalardan, təcili yardıma ehtiyacı olan xəstələri xilas etmək çabalarından bəhs edir. "Columbo" da polislərin cinayətkarlığa qarşı mübarizəsi haqda serialdır. - "Oxu zalı")


PAUL AUSTER

Paris Review (2003)

...Vaxtilə tənqidçi Robert Hughes bunu "əyləncə-sənaye kompleksi" adlandırmışdı. Media bizə populyar adamlar, dedi-qodular və qalmaqallardan kənar çox az şey verir. Bizim özümüzü televiziyada və filmlərdə təsvir etmək üsulumuz elə ucuz və təhrifedici həddə enib ki, real həyat yaddan çıxıb. Bizə təqdim olunanlar - zorakılığın təsviri ilə şok effekti doğrumaq cəhdləri və axmaq əyləncəvi fantaziylardır. Bütün bunların da hərəkətverici qüvvəsi puldur. İnsanlarla debil kimi davranırlar. Sanki onlar daha insan deyillər, istehlakçıdırlar, ağızlarını açıb yem gözləyirlər, hətta gərəkləri olmayan şeylərə də manipulyasi yolu ilə onlarda istək yaratmaq olar. İstəyirsiz, bunu kapitalizmin zəfəri adlandırın, istəyirsizsə, azad bazar iqtisadiyyatı. Hər nədirsə, onun çərçivələri daxilində əsl Amerika həyatının əks olunması imkanları çox məhduddur...


NORMAN MAİLER

Paris Review (2007)

...Indi insanlar televiziya ilə baş-başa böyüyür. Televiziyanın mahiyyətindəsə ciddi mütaliəyə düşmən olan bir element var ki, bu da kommersiyadır. Elə ki təhkiyə diqqətini çəkir, bilirsən ki, onu hər yeddi, on dəqiqədən bir kəsəcəklər. Uşaqlar televiziyaya baxır
Norman Mailer
Norman Mailer
və davamlı təhkiyəyə maraqları itir. Bir romançı olaraq mən özümü ölməkdə olan qədim sənətkarlıq növünün qocaman nümayəndəsi kimi hiss edirəm. Bir zamanlar bu, incəsənət idi, indi qədim sənətkarlıq növü həddinə enib və bu sənətkarlıq növü də tədricən öləcək. Sizin sualınıza cavabım belədir: Amerika daha romançı olmaq üçün əlverişli məkan deyil. Hərçənd bir zamanlar gözəl məkan idi...


OCTAVİO PAZ

Paris Review (1991)

...- İyirminci əsr həyatını dağıdan qüvvədir - deyib televizyanı tənqid edirlər. amma sizin bununla bağlı çox fərqli mövqeyiniz var, hesab edirsiniz ki, şifahi ədəbiyyat ənənələrinə qayıdış vasitəsi olaraq televiziyanın poeziyaya xeyri dəyəcək.

- Poeziya yazıdan əvvəl də mövcud idi və mahiyyəti etibarilə şifahi sənət növüdür. o, daxilimizə yalnız gözlərimiz və təfəkkürümüz deyil, həm də qulaqlarımız vasitəsilə nüfuz edir. Şeir - deyilən və eşidilən bir şeydir. Amma biz həm də onu oxuyur və yazırıq. Bunun vacibliyi Şərqin və Asiyanın hüsnxətt ənənələrində ifadə olunub. Yeni dövrün Qərb cəmiyyətindəsə bu baxımdan nəşriyyat işi xüsusi əhəmiyyət kəsb edir. Bunun ən bariz nümunəsi Mallarmé-dir. Televiziyada poeziyanın səs aspekti vizuallıqla, eləcə də kitablarda olmayan bir elementlə - hərəkət elementi ilə qovuşa bilər. İcazə verin izah edim: bu, demək olar ki araşdırılmamış bir imkandır. Mən demirəm ki. televiziya poeziyanın yenidən şifahi söz sənəti ənənəsinə çevrilməsinə yol aça bilər. Demək istəyirəm ki, bu, yazı, səs və görüntünün birləşdiyi yeni ənənənin əsasını
Octavio Paz
Octavio Paz
qoya bilər. Poeziya həmişə öz dövrünün bütün kommunikasiya vasitələrindən yararlanıb: musiqi alətləri, çap, radio, səs yazılışı. Elə isə, niyə televiziyanı sınaqdan keçirməyək. Biz bu imkanı sınamalıyıq...


CARLOS FUENTES

Paris review (1981)

...- Öz əsərlərinizin təbliği üçün nə edirsiniz? Tok-şoulara qatılırsınızmı?

- Yəqin ki, hər ölkənin özünə layiq Sibiri var. Sovet İttifaqında tənqidi təfəkkürlü yazıçını, bildiyiniz kimi, ruhi xəstə təkliyinə məhkum edirlər. Birləşmiş Ştatlarda isə onu tok-şouya çıxarırlar. Orda yazıçı "KQB" ilə üz-üzə gəlməli olur, burda isə Johnny Carson-la. Özü də məncə, ikincisi daha üzücü işdir. Bir dəfə Phillip Roth öz vəziyyətini Milan Kunderanın durumu ilə müqayisə etmək üçün belə demişdi: Birləşmiş Ştatlarda çox şey baş verir, amma heç nə mühüm deyil. Çexoslovakiyada isə heç nə baş vermir, amma hər şey mühümdür. Bu da burdakından fərqli olaraq yazıçını daha çox diqqət mərkəzinə gətirir.

Keçən il Parisdəydim. Kitabım nəşr olunurdu və mənə dedilər ki, televiziyada çıxış etməliyəm. İstəmədim. Dedilər ki, yox, yox, gərək çıxış edəsən, çünki onda kitab çox satılır, proqramın adı "Apostrophes"-dir, çox populyardır, Fransada ona 30 milyon insan baxır. Dedim ki, "Yaxşı, gedək, görək axırı necə olur". Dəhşət... kobud bir fransız elə hey sözümü kəsir, fikrimi deməyə imkan vermirdi. İstəyirdi ki, hər şey tezbazar olsun. Buna görə də fikrimi çatdıra bilmədim. Proqramda baş verənlər məni bərk dilxor etmişdi, öz çıxışımdan da narazı idim. Həyat yoldaşım Sylvia ilə birgə qaldığımız mənzilə qayıtdıq. Sən demə növbətçi qadın bizim qayıtmağımızı gözləyirmiş: "Mən televizoru indicə söndürdüm. Çox gözəl! Əla! İnanılmaz!" Mən etiraz etdim ki, "Yox, proqram çox pis keçdi, dözülməz idi. Öz çıxışımdan da xoşum gəlmədi". O isə belə dedi: "Cənab Fuentes, düzdür, mən sizin dediklərinizin heç birini eşitmədim, Amma mən siz gördüm. Mən sizi gördüm"...

Hazırladı: Q.Rövşən
XS
SM
MD
LG