Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:43

"Anası ölmüş zirzəmidə yaşadı, zirzəmidə də öldü"


Elza Kərimova və Cavid Zeynallı
Elza Kərimova və Cavid Zeynallı

Həyat yoldaşı Elza Kərimovanın görkəmli şair Əli Kərim haqda xatirələri (AİLƏ FOTOLARI)

...Mehdi Hüseyn gəlir Əlinin qabağına ki, mənə niyə salam vermədin? Rəhmətlik utana-utana deyib, Mehdi müəllim, əlimdən bu gəlir...

...Əlinin meyitini xəstəxanaya aparanda Məmməd Araz xərəyə qoymağa razı olmadı. Köməkləşib qucaqlarında apardılar...

...Azər mənə deyir, sən olmasan, Azərbaycana gəlmərəm; atama qiymət vermirlər, qardaşıma şər atdılar...


...Əli gəlib küçənin başında dayanırdı, mən də çox utanırdım. Bacımla danışırdı. Bir dəfə özümdə güc tapıb dedim, durma da burda, bilirəm, mənə görə gəlirsən...


Cavidlə xatırlamaq


Cavid Zeynallı


“TƏBİƏT DƏ BİLİRDİ ƏLİ ÖLÜR...”


- “Nərimanov” metrosundan üzü Keşlə bazarına sarı gəl, Ağa Nemətulla 49-da “A” binası bizimkidi. Üçüncü blok, üçüncü mərtəbə. Çətinliyin olsa zəng et, özüm qabağına çıxım.

Şair Əli Kərimin həyat yoldaşı Elza xanımın səsi telefonda kəsilər-kəsilməz, hazırlığımı görüb nişan verdiyi ünvana yollanıram. Hava küləkli, səmt verdiyi ünvanda binalar çox...!

Nabələd-nabələd vurnuxmağın nə xeyri, telefonu bir də qulağıma sıxıb çəkingən səslə dil-ağız etməyim çox çəkmir: ağbirçək qadının binanın qarşısında ora-bura boylandığını görürəm. Deyir, namaza hazırlaşırdım, elə qabağınca yerə xalça atdım.

Üçüncü mərtəbədəki mənzil yarıqaranlıqdır, qapı-bacanın rəngi soluxub. Divar kağızlarına hopan ləkələr, nimdaş pərdələr, çopur döşəmə ürəyimdə nisgilli hisslər oyadır.

Stolun üstündə Əli Kərimin kitabları qalaqlanıb, divarboyu asılan fotolardan ağ-qara keçmiş boylanır. O fotolardan ki, orda şair övladlarının - Paşanın, Azərin, Orxanın uşaqlıqları var. Orda Elza xanım gəncdi, Əli Kərim ailəsinin başındadır, zaman indiki deyil, bambaşqadır...

...Nəfəs dərib “çay qoyum” deyəndə, mane olmaq istəyirəm. Məhrəm ərkyanalıqla üstümə çəmkirir: qaçmırıq ki, vaxt çox, ürəyim dolu!

- Əlini sevənlər həddən artıq çoxdur, - deyib, söhbətə başlayır. – İnan, desəm, kimdənsə xahiş etmişəm Əlinin kitabını çıxarın, yalan olar. Kim onun üçün nə edibsə, təmənna güdməyib, sevgisini göstərib. Cavanşir Yusiflini tanıyarsan, bizim Paşa ilə yaşıddı, sağ olsun, öz vəsaitinə Əlidən o boyda kitab yazıb. Əli Kərim ömrü boyu çətinlik içində yaşayıb. Göyçaydan gəlib indiki Bakı Dövlət Universitetinin ədəbiyyat fakültəsinə daxil olubmuş. Universitet yataqxana vermədiyindən, oxuya bilməyib. O qədər kasıb olub, özünə bir gecəqondu
Əli Kərimin atası Paşa kişi
Əli Kərimin atası Paşa kişi
kirayələyə bilməyib. Faytonçunun oğlu olub da, kasıb kişidən necə ev pulu, çörək pulu istəsin?

Əli məktəb illərindən şeir yazırmış. Məktəbdə sevdiyi qızın adını da bilirəm, Zəkiyyədi. Bəlkə o qızın sevgisi onu şair edib. Zəkiyyəyə yazdığı qalaq-qalaq qoşmaları var. Bəzilərini kitabına daxil etmişik, bəziləri arxivdədi. Həmişə deyirdi, bizim millət çox istedadlı millətdi, amma mütaliəsi yoxdur. Bax, Rəsul Rzanı həm də mütaliəsinə görə çox sevirdi. Həmişə deyirdi, mən istedadlı cavanı qohumumdan çox sevə bilərəm. Elə bil, bu dünyaya poeziya üçün gəlmişdi. Var-dövlət, cah-calal, bağ maşın... heç birini eyninə almırdı. Heç nəyi yox idi. O vaxt Vaqif küçəsi idi, indi Həsən Seyidbəylidir; Yazıçılar İttifaqına bir bina tikilmişdi. Bizə iki otaqlı mənzil vermişdilər, amma zirzəmi kimi bir yerdi, evə girmək üçün küçədən 38 pilləkən aşağı düşmək lazım idi. Onu da, Əhməd Cəmil bizə gedib-gələndə saymışdı. Əli öləndən sonra Əhməd Cəmil evimizi dəyişdirmək üçün Yazıçılar İttifaqının rəhbərliyinə - Mehdi Hüseynə məktub yazdı. Baş üstə Allah var, Mehdi vicdanlı adam idi, Əlini çox istəyirdi, plenumlarda şeirlərini əzbər deyirdi. Amma nədənsə bizim vəziyyətimizi nəzərə almadı. Ailəmiz böyük idi, güzəranımız ağır. Qoy elə bunu da deyim: evi qazaxlılara vermişdi Mehdi. Onlarda yerlipərəstlik güclü olur. Torpağı sanı yaşayasan, bir dəfə Əli Yazıçılar İttifaqının qarşısında yoldaşları ilə dayanıbmış. Bir də baxıblar ki, Mehdi Hüseyn Bəxtiyar Vahabzadə ilə qol-boyun pilləkənləri düşür. Yoldaşlarının hamısı qaçıblar bunların qabağına, Əlidən savayı. Mehdi Hüseyn gəlir Əlinin qabağına ki, mənə niyə salam vermədin? Rəhmətlik utana-utana deyib, Mehdi müəllim, əlimdən bu gəlir. Mehdi qayıdıb ki, Əli, cavan oğlansan, iki uşağın var, gələcəyin qabaqdadır, o qədər ev alacaqsan ki... Hər şeyin olacaq.

Allah rəhmət eləsin, Altay Məmmədov Əli Kərimlə dost idi, qardaşdan yaxın olublar. Həm də Orxanın kirvəsidir. Əli haqqında “Tanıdığım Əli Kərim” adlı böyük bir kitab yazıb, imkanımız yoxdur nəşr etdirək. İndi Paşa çalışır bir sponsor tapsın. Hə, sözüm onda yox, bir dəfə Altay bizə gəldi ki, pulumu köçürmüşəm, Gəncə qeydiyyatında olduğum üçün Yazıçılar İttifaqı mənə ev vermir, get, sən al! Mən də avam, getdim Yazıçılar İttifaqına. Mirzə İbrahimov sədr idi, özü də Əlini çox istəyirdi. Manaf Süleymanovla Novruz Gəncəli də ev işlərinə baxırdılar. Katibəsi dedi, Mirzə müəllim səni qəbul eləmək istəmir, get, Manaf Süleymanovun yanına. Manaf müəllim məni hörmətlə qəbul etdi, üzrxahlıq etdi ki, bu işlərə Novruz Gəncəli baxır. Novruz bilirsən mənə nə dedi? Əli ölüb, “uçot”u da batıb!!! Get işə gir, “uçot”a dur, evini al!!! Mən Əlinin, balalarımın xətrinə hər adamın yanına getməmişəm, hər adama minnətçi düşməmişəm. Döndüm geri, dedim, Yazıçılar İttifaqı, mən bir də sənin qapını açmaram! Sonralar nə yaxşı Anar katib oldu, yoxsa, inan, mən ora heç vaxt getməzdim.

- Sonralar Anarın sizə münasibəti necə oldu? Köməkliyi dəydi?

- Anar həmişə bizi sevib, hörmətlə yanaşıb. Vaqif küçəsində bizimlə qonşu da olub.
Soldan: Əhəd Hüseynov, Salam Qədirzadə, Nəbi Xəzri, Vidadi Babanlı, Aslan Aslanov, Əli Kərim, İsa Hüseynov
Soldan: Əhəd Hüseynov, Salam Qədirzadə, Nəbi Xəzri, Vidadi Babanlı, Aslan Aslanov, Əli Kərim, İsa Hüseynov
O bizdən yuxarı mərtəbədə yaşayırdı. Anar həmişə Əlini sevib, Göyçayda qəbrini ziyarət edib. Dolanışığımız yaxşı deyil, 85 manat pensiya alıram... Anar neçə dəfə yuxarılara məktub yazdı ki, Əli Kərimin ailəsinə hökumət təqaüdü kəsilsin, eləmədilər. Axır, keçən il birillik təqaüd verdilər. İndi də alıram, dolanışığıma kömək edir. Keçən il 80 illiyi idi Əlinin. Nazirlər Kabinetindən xatirə lövhəsini vurmağa icazə ala bilmədim, inanırsan? Haqq üçün, Elçin Əfəndiyev Əlini sevən adamdır, məqalə də yazıb, amma onun qəbuluna düşə bilmədim, bir dəfə maraqlanmayıb ki, nə dərdiniz-azarınız var? Mən yaxşılıq itirən adam deyiləm, oğlum. Hər yerdə deyirəm, deyəcəyəm: Rəsul Rzanın sülaləsinə borcluyam. Niyə? Əli qəfil rəhmətə getdi, Fəxri Xiyabanda dəfn eləməyə qoymadılar. Partiyaya keçsəydi, hər şeyi olacaqdı, istəmədi. Rəsul Rza zəng vurub xahiş etdi, Göyçayda yer ayırdılar, adına park verdilər.

Elza xanım həbsdə olan oğlu Orxan Kərimovdan danışanda kövrəlir. Deyir, oğlum tutulandan sonra yoldaşı xəstə düşdü, göndərdim atası evinə ki, müalicə alsın. Stolun üstündə Orxanın oğlu İsmayılın şəklini görəndə, göz yaşlarını saxlaya bilmir.

- Orxanın üstünə ağ şər atdılar. Doqquz deputat müraciət etdi, onların içində Sabir Rüstəmxanlı da vardı, Anar da müraciət etdi. Heç birini eşitmədilər. Təhsil Nazirliyində kimsə rüşvət alıb, amma Orxanı qurban verdilər. Deyirlər, saçı ağappaq ağarıb balamın. Balası İsmayılı Orxan özü Litseyə qoymuşdu, indi babası aparıb gətirir. Yanvarın 16-sı 11 yaşı tamam oldu. Qızının iki yaşı var, kukla alıb apardım ki, sevinsin. Qəzetdə Orxanın şəklini vermişdilər. Uşaq “ata” deyib, qəzetin üstünə necə atıldı, ilahi! (Hönkürür). Öl Elza, gör də bu günləri, gör də bu günləri! Yay idi, Orxanı süddən kəsdim. Əli hirsindən ağladı, dedi, uşağa süd ver. Əli öləndə Orxanın bir yaşı vardı. Hirsimdən üç yaşına qədər süd verdim uşağa ki, atası istəmirdi onu süddən kəsim. Allah haqqı, tez-tez yuxuma girir. Elə hey deyir, Orxandan muğayat ol, Orxandan muğayat ol! Ruhu narahatdır. Hələ Azəri demirəm, ondan ötrü də əsirdi atası. Azər indi Bilkənd Universitetinin professoru, Türkiyə Cümhuriyyətinin riyaziyyat olimpiadasının sədridir. Dolanışığımıza da Azərin çox köməkliyi dəyir. Azər mənə deyir, sən olmasan, Azərbaycana gəlmərəm; atama qiymət vermirlər, qardaşıma şər atdılar. Orxan tutulanda prokurorluqdan gəldilər, evi ələk-vələk etdilər. Guya, biz milyon gizlətmişik. Rəsul Rza sağ olaydı, Əlinin oğlunu tuta bilərdilər?

Taleyi əvvəldən gətirməyən bu ağbirçək qadının kədərlənməyində özümü günahkar sayıram. Çalışıram, söhbətin axarını dəyişim. İşıqlı, xoş şeylərdən danışım ki, eyni açılsın. Məsələn, Əli Kərimlə harada tanış olubsunuz, ilk görüşünüz necə olub? Elə
Elza Kərimova oğulları Paşa, Azər və Orxanla
Elza Kərimova oğulları Paşa, Azər və Orxanla
bil, qadının sinəsinə sərin su səpilir. Xəyalı uzaq əllinci illəri aparır onu; sevinir, dəli bir istəklə coşur, gülümsəyir, fərəhlənir...

- 1957-ci ildə tanış olmuşuq. – Yanağında gilələnən göz yaşını silib, danışır. - İlyas Tapdıq atamla yaxın dostu idi. O vaxt radioya tərcümələr edirdi. Bir dəfə İlyas bizə gəldi ki, biologiyadan tərcüməm var, bəzi terminlər çətin gəldi, sən kömək elə. İş elə gətirdi, terminin birini mən də bilmədim. İlyas dedi, bir dostum var, bəlkə o bilər. Zəng etdi. Telefonda sözü mən başa saldım. Sən demə, danışan Əli olub. Tərslikdən Əli də bilmədi, dedi, nömrəni verin, bir dostumdan soruşum... Sən demə Əlinin səsimdən xoşu gəlib. Biz indiki İdarəçilik Akademiyası var ha, bax orda, Lermontov küçəsində yaşayırdıq. Əli gəlib küçənin başında dayanırdı, mən də çox utanırdım. Bacımla danışırdı. Bir dəfə özümdə güc tapıb dedim, durma da burda, bilirəm, mənə görə gəlirsən. Dedi yox, səhv edirsən, mən Lermontovu çox sevirəm, ona görə burdayam... Sonralar evimizə tez-tez zəng edirdi. Əli yaraşıqlı idi, həm də çox ağıllı. Mənim zəif nöqtəm ağıllı adamdır. Sonralar dava-dalaşımız da olurdu, güzəranımız da ağır keçirdi, amma mənə xoş idi. Gözəl qız idim, yaxşı oxuyurdum, atam da beş kişinin biriydi. İnstitutda oxuyanda Rza Şah Bakıya gəlmişdi, dedilər, apar gül ver. Sonra İranın səfiri bizə elçi gəldi. (gülür) Amma nə olsun? Mən Əlini seçdim. Telefonda uzun-uzun danışıqlarımız oldu. Onu necə sevdimsə, oxuya-oxuya ərə getməyə razılıq verdim. İndiki AZİ-nin tələbəsi idim. Mən dərsdən çıxdım, Nizami kinoteatrının yanında aptek vardı, birinci dəfə orda görüşdük. 1958-ci ilin aprelin 30-da toyumuz oldu. Əlinin dəmiryolçu dostu vardı, onun vağzalın yanındakı evində toy etdik. O vaxt “Azərbaycan” jurnalında işləyirdi. Zənnim məni aldatmırsa, Əli Vəliyev, Əbülhəsən, Əhməd Cəmil, Böyükağa Qasımzadə, Əlağa Kürçaylı, Ağacavad Əlizadə toyda iştirak edirdilər. Tamada Əhəd Hüseynov idi. Deyim sənə, İsa Hüseynovla çox yaxın idi. Biz çox xoşbəxt idik, oğlum. Aşağı dağlı küçəsində birotaqlı, balaca evi vardı. İlk poemasına görə mükafat vermişdilər, onun pulu ilə almışdı. Pula o qədər həsrət qalan adamın gözü tox idi, düşkünlüyü olmayıb. Moskvada oxuyanda Rəsul Rza Əlinin şeirlərini jurnalda dərc etdirib, qonorarını göndərmişdi. İnanırsan, o pulun bir-ikisini cırmışdı ki, sənə görə nə əzablara qatlaşmışam. Bir dəfə bazara getmişdim, Azər yanımda idi. Dedi ana, bu şalvarı mənə al, pul az idi, gücüm çatmadı. Evə gələn kimi atasına danışdı. Əli o dəqiqə bazara qaçıb o şalvarı aldı ki, mənim geyim-keçimdən çox korluğum olub, heç olmasa, bunlar mən çəkdiyimi çəkməsinlər. Qucaq-qucaq oyuncaqlar alırdı uşaqlara. Deyirdim, Əli, ay Əli neynirsən bunları, acığına gəlirdi ki, mənim olmayıb, qoy bunlar gözü tox böyüsünlər. O vaxt Mərkəzi Univermaq təzə açılmışdı. Qonorar alıb getdim bazarlığa. Bir də baxdım ki, pul kisəm yoxdur, oğurlayıblar. Kor-peşman gəldim evə. Eşidəndə dedi, mən də elə bildim uşaqlara nə isə olub. Puldur da, kiminsə ehtiyacı varmış ki, oğurlayıb.

- Eşitmişəm, Əli Kərimin sevənləri çox olub. Qadınları deyirəm...

- Qalaq-qalaq məktublar yazıblar. İnan oğlum, heç birini açmazdı. Gətirib mənə
Əli Kərimin heykəli
Əli Kərimin heykəli
verərdi ki, sən oxu! Bizim aramızda dava-dalaşlar belə şeylərə görə olmayıb.

Dostları ilə otururdu, gec gəlirdi mən də küsürdüm, dalaşırdım. Kaş, elə Əli qadına baxardı. 11 il bir yerdə yaşamışıq, Əli öləndə 29 yaşım vardı.

Bir dəfə də qadın üstündə narazılığımız olmayıb.

Bir dəfə dedi, qolum ağrıyır. Cabir Novruzun anasını çağırdım. O, otlarla müalicə edirdi. Əli təngnəfəs oldu, ürəyi sıxılmağa başladı. Orxan da balacadır, hey ağlayır. Atam uşağın üstünə çımxırdı ki, kəs səsini! Əli ağrılarını unutdu, pərt oldu. Atam çölə çıxanda mənə dedi, kişi uşağa niyə acıqlandı?

Get-gedə vəziyyəti lap xarablaşdı. Dedim, gedək xəstəxanaya, razı olmadı ki, uşaqlar mənsiz nə edərlər?!

Gecə yarı halı lap dəyişib, mən də daş kimi ağır yatan, özü də qıyıb oyatmır. Anam gecə otağa girib ki, uşağa baxsın, deyir, gördüm, Əli heyranlıqla sənə necə baxır, necə baxır...

Təcili yardım həkimi Böyükağa Qasımzadənin qardaşı idi.

Apardıq xəstəxanaya. Gedəndə özü ilə kitab götürdü ki, birdən darıxaram, oxuyum. Xəstəxana zirzəmidə idi, anası ölmüş zirzəmidə yaşadı, zirzəmidə də öldü.

Vallah, möcüzələr olur həyatda. İyunun 30-u bir tufan qalxdı, bir tufan qalxdı. Təbiət də bilirdi Əli ölür. Gördüm evdə uşaqlar oynayırlar, gülüşürlər. Boğulurdum. Qonşu gəldi ki, Elza niyə ağlayırsan, uşaqlara nə isə olub?

Əlidən sonra Qılman İlkin məni nəşriyyatda işə götürdü. Dostları onu çox istəyib. Ruhu şad olsun, Əlinin meyitini xəstəxanaya aparanda Məmməd Araz xərəyə qoymağa razı olmadı.

Köməkləşib qucaqlarında apardılar. İsi Məlikzadə... başına-başına vurub saçını yolurdu, necə yolurdu, necə yolurdu!..
Nəvəsi İsmayıl Əli Kərimin qəbrini ziyarət edir
Nəvəsi İsmayıl Əli Kərimin qəbrini ziyarət edir

Rəsul Rza başda olmaqla qələm dostları Əli Kərimin dəfnində
Rəsul Rza başda olmaqla qələm dostları Əli Kərimin dəfnində

































Həmçinin oxu
İsi Məlikzadənin yaxınları nədən narazıdır?
XS
SM
MD
LG