Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:46

Türkiyə Fransa Senatının qərarını «məsuliyyətsizliyin nümunəsi» adlandırıb


İqbal Ağazadə
İqbal Ağazadə
«Fransa Senatının qəbul etdiyi qərar Türkiyədən çox, Avropa dəyərlərinin, insan haqlarının, demokratiyanın, ifadə azadlığının qorunmasına zidd bir qərardır».

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Fransa Senatının qərarını belə qiymətləndirir.

«Avropa bu barədə ciddi düşünməlidir. Mən hesab etmirəm ki, bu problemlə yalnız Türkiyə məşğul olmalıdır. Bu, Türkiyəyə qarşı deyil, Avropaya qarşı bir iddiadır. Bülənt Arınc dünən Fransadakı mətbuat konfransında yaxşı bir ifadə işlətdi. Dedi, biz sabah küçələrə 100 min adam çıxaracağıq, hamı da deyəcək ki, biz soyqırımı qəbul etmirik. Onda nə baş verəcək? 100 min adamın hamısı həbsxanayamı doldurulacaq?».

İ.Ağazadə deyir ki, son dövrlər Avropa Birliyinin Türkiyəyə münasibəti, regionda baş verən hadisələr və bu hadisələrin fonunda Türkiyənin təklənməsi belə bir qərarın qəbulunu gözlənilən edirdi. İ.Ağazadəyə görə, Azərbaycan və Türkiyə bu məsələni dəhşətli hal saymamalıdır:

«Bunun dəhşətini Avropa düşünməlidir, Avropa həll etməlidir. Bu, yeni dünya düzənində, yeni dəyərlərdə Avropanın və o, cümlədən Fransanın problemidir».

***
Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, politoloq Rasim Musabəyov hesab edir ki, Fransa Senatının qəbul etdiyi qanunun Fransaya və ermənilərə faydası olmayacaq:

Rasim Musabəyov
Rasim Musabəyov
«Ola bilsin ki, Fransa Senatının belə bir qanun qəbul etməsi Sarkozy'nin hansısa cılız məqsədlərinə nail olması üçün faydalı oldu. Amma düşünmürəm ki, bu qərardan Fransa və ermənilər bir şey qazanacaq».

Rasim Musabəyovun fikrincə, belə bir addımı atmaqla Fransa Qarabağ münaqişəsinin həllində qeyri-obyektivliyini bir daha sübut etdi.

«Düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün vətəndaş cəmiyyəti üzvlərinin və ya prezidentlərin Fransada görüşməsi kimi təklifləri Azərbaycan hökuməti bundan sonra rədd edəcək».

***
Türkiyə Xarici İşlər Nazirliyi Fransa senatının qərarını “məsuliyyətsizliyin nümunəsi" adlandırıb.

Nazirlik Fransa senatının yanvarın 23-də qəbul edilən qanun layihəsi ilə bağlı bəyanat yayıb. Qanun layihəsi erməni soyqırımı iddialarını inkar etməyə görə cəzalar nəzərdə tutur.

Nazirliyin bəyanatında bu qanun layihəsi "məsuliyyətsizliyin nümunəsi" kimi qiymətləndirilib. Bəyanatda bildirilib ki, Türkiyə hökuməti bununla bağlı zəruri tədbirləri həyata keçirməkdə tərəddüd etməyəcək.

Türkiyənin Fransadakı keçmiş səfiri Uluc Ozulker deyib ki, bu qanun layihəsi Fransa prezidentinin rəqiblərinə güc gəlməsi üçün atdığı siyasi addımdır. Onun fikrincə, prezident Sarkozi yeni prezident seçkilərində daha çox səs almaq üçün "siyasi jest" edib.

Foto: Arxiv
Foto: Arxiv
Fransa senatının qərarına İstanbul küçələrində də etirazlar səslənib. İstanbul sakinin Ozkan Yeginaltay Fransanın hərəkətini "satqınlıq" adlandırıb.

Ermənistan İ Dünya Müharibəsi zamanı Osmanlı Türkiyəsinin 1,5 milyon ermənini öldürdüyünü və soyqırıma yol verdiyini iddia edir. Ermənistan xarici işlər naziri Eduard Nalbandyan Fransa senatının qərarını tərifləyib və bunu dünyada insan hüquqları sahəsində əsas hadisə kimi qiymətləndirib.

- Bu gün yalnız Ermənistan və Fransanın dostluq tarixinə qızıl hərflərlə yazılmayacaq, bu gün həm də dünyada insan hüquqlarının qorunması tarixində salnamə olacaq.

Türkiyə soyqırım iddialarını rədd edir, deyir ki, 1915-1916-cı ildəki döyüşlərdə hər iki tərəf böyük itki verib

***

Fransa Senatı erməni soyqırımı iddialarını inkar etməyə görə cəzalar nəzərdə tutan qanun layihəsini təsdiqlədi.

CNN Türk telekanalı xəbər verir ki, qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa parlamenti 2001-ci ildə Osmanlı dövründə Türkiyədə ermənilərə qarşı qırğınlar olduğunu və bunun "soyqırım" kimi tanınması barədə qanun qəbul edib. İndi qəbul olunan qanun isə prezidentin imzası ilə qüvvəyə mindikdən sonra həmin hadisələrə soyqırım deməyənləri cəzalandırmağı nəzərdə tutur. Qanun rəsmi qəzetdə yayılandan sonra həmin hadisələrə "soyqırım" deməyənlər Fransada 1 il həbsə və 45 000 avro cərimə ödəməyə məhkum edilə bilər.

İndi qanun layihəsi imzalanmaq üçün prezident Sarkoziyə göndəriləcək.

Amma əgər 60 millət vəkili və senator etiraz edib Konstitusiya Məhkəməsinə müraciət edərsə, sənəd yenidən bu məhkəmədə müzakirəyə çıxarıla bilər.

+++

Yanvarın 23-dəki müzakirələrdə senatorların çıxışlarından sonra qanun layihəsinin Konstitusiyaya uyğun olmadığı üçün gündəlikdən çıxarılması təklifi səslənib.

Amma təklifin lehinə 83 - əleyhinə 167 nəfər səs verdiyi üçün qanun təklifinin müzakirələri davam edib.

Sonda çoxluğun dəstəyilə qanun layihəsi qəbul edilib.

Fransa Senatı
Fransa Senatı
Parlamentin aşağı palatası sözügedən qanunu dekabrda qəbul edib. Qanun layihəsi qüvvəyə minərsə, soyqırım iddialarını inkar edənləri 1 il həbs cəzası və 45 min avro cərimə gözləyəcək.

Fransa hökumətinin üzvü Patrick Ollier müzakirələr zamanı qanun layihəsinin lehinə çıxış edib və millət vəkillərindən layihəyə səs vermələrini xahiş edib.

Onun fikrincə, "Soyqırımın inkarı Fransanın da bölüşdüyü tarixi yaddaşın təhqir edilməsi və əzablara düçar olanları unutdurmaq cəhdidir".

Müzakirələrin davam etdiyi vaxtda Senat binasının yaxınlığında həm Türkiyə yönümlü, həm də erməniyönümlü aksiyalar keçirilib.

Birincilər millət vəkillərini qanun layihəsini rədd etməyə, ikincilərsə dərhal təsdiqləməyə çağırıblar.

Senatın hüquq komitəsinin rəhbəri Jean-Pierre Sueur isə Senat üzvlərinə müraciət edərək bildirib ki, hansısa tarixi hadisə ilə bağlı səslənən fikirləri məhudlaşdırmaq olmaz.

Onun qənaətinə görə, tarixin necə yazılması millət vəkillərinin yox, tarixçilərin işidir.

Fransa 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlini 2001-ci ildə "soyqırım" kimi tanıyıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, əgər yeni layihə Senatdan keçərsə, Türkiyə buna müvafiq addımlar atacaq. Amma nazir həmin addımların nədən ibarət olacağını açıqlamayıb.

Davudoğlu hesab edir ki, qanun layihəsi fikir azadlığına qarşı yönəlib və qəbul edilərsə, bu, "Avropada yeni inkvizisiya dövrünün başlanğıcı olacaq".

Türkiyə rəsmiləri hesab edir ki, qanun layihəsini gündəmə gətirməklə Fransanın hazırkı dövlət başçısı Nikola Sarkozi bu ilki prezident seçkilərində erməni seçicilərin səsini qazanmağa çalışır.

Fransada yarım milyona qədər erməni yaşayır.
XS
SM
MD
LG