Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:55

Putinin seçkidəki rəqibləri kimdir?


Vladimir Putin
Vladimir Putin
-

Rusiyanın Mərkəzi Seçki Komissiyası müxalifətdəki “Yabloko” Partiyasının lideri Qriqori Yavlinskini seçkidən kənarlaşdırıb. Komissiya yanvarın 27-də bildirib ki, onun martın 4-də keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq üçün topladığı imzaların az qala dörddə biri etibarsızdır.

Rusiya qanunlarına görə, prezidentliyə namizəd olmaq istəyən şəxs 2 milyon imza toplamalıdır.

Yavlinski liberal müxalifətin nümayəndəsidir, ölkədə demokratik islahatların aparılması, azad bazar iqtisadiyyatının tam bərqərar olması uğrunda mübarizə aparır. Partiya hazırkı baş nazir Vladimir Putin və onun komandasının hakimiyyətdən getməsinə çağırır.

Komissiyanın belə bir qərar verəcəyi gözlənilməz deyildi

Komissiya rəsmiləri Yavlinski üçün toplanan imzaların bir hissəsinin etibarsız olması haqda bu həftənin əvvəli bildirmişdilər. Yavlinski isə demişdi ki, onu yarışdan kənarlaşdırmaq cəhdində məqsəd seçkidə həqiqi rəqabəti məhv etməkdir:

“Qərar siyasi xarakter daşıyır və qətiyyən imzaların həqiqi olub-olmaması məsələsi ilə bağlı deyil”.

Mərkəzi Seçki Komissiyasının katibi Nikolay Konkin isə deyib ki, Yavlinski komissiyanın qərarından şikayət verə bilər: “Hər bir şəxsin komissiyanın qərarından 10 gün müddətində Ali Məhkəməyə şikayət etmək haqqı var”.

Qriqori Yavlinski
Qriqori Yavlinski
Mərkəzi Seçki Komissiyasının bu qərarı həm də Yavlinskinin partiyasından olan müşahidəçilərin seçkini izləməsinə imkan verməyəcək.

Bu arada “Yabloko”nun da daxil olduğu müxalifət qrupları fevralın 4-də Moskvada böyük mitinq keçirməyi planlaşdırırlar.

Ötən ilin sonundan bəri keçirilən belə mitinqlərdə müxalifətçilər son parlament seçkilərinin saxtalaşdırıldığını bildirir, seçki islahatı və baş nazirin istefasını tələb edirlər.

İndiyəcən prezident seçkilərində iştirak üçün 5 namizəd qeydiyyatdan keçib

Bunlar baş nazir Putin, kommunistlərin lideri Gennadi Züqanov, “Ədalətli Rusiya” Partiyasının sədri Sergey Mironov, liberal demokratların rəhbəri Vladimir Jirinovski və milyarder Mixail Proxorovdur. Həm Züqanov, həm də Proxorov Yavlinskini müdafiə ediblər və onun namizədliyinin qeydə alınmasına çağırıblar.

Bunlar arasında yalnız kommunistlərin lideri hakimiyyəti açıq tənqid edir, milyarder Proxorovun tənqidləri isə yumşaq xarakterlidir.

MSK bundan əvvəl daha bir müxalifət lideri – millətçi bolşevik Eduard Limonovun namizədliyini qeydə almaqdan imtina etmişdi.
XS
SM
MD
LG