Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:39

QİSMƏT. Orxan Pamuku - şah əsəriylə anlamaq


QİSMƏT
QİSMƏT
"Oxu zalı”nda başladığımız “Ən məşhur postmodernistlər” rubrikasında QİSMƏTin Nobel mükafatlı türk yazarı Orxan Pamuk haqda yazısı


QİSMƏT

İSTANBULUN HÜZNÜ

(3-cü yazı)

əvvəli

Qara kitab

“Qara kitab” Orxan Pamukun yaradıcılığının sınma nöqtəsi, dönüş məqamıdır. Bu roman Pamukun şah əsəri sayılır.

1990-cı ildə “Can yayınları” tərəfindən nəşr edilən roman, 1995-ci ildə Pamukun sonrakı bütün romanlarını nəşr etdirəcəyi “İletişim” nəşriyyatı tərəfindən iyirminci dəfə çap edilmişdir.

Nədən bəhs edir “Qara kitab”?

İstanbulun Nişantaşı hissəsində çoxadamlı bir ailədə böyüyən vəkil Qalib əmisi qızı Röya ilə evlidir. Bu evlilik günlərinin çoxunu ev-eşiklə maraqlanmaqdan çox, detektiv roman oxumaqla keçirən, sinemaya getməyi sevən Röyanın ikinci evliliyidir.

Tələbəlik illərində Röya birinci əriylə siyasi hərəkatlara qatılıb, sol ideologiyalı dərgilərdə başqa-başqa adlarla məqalələr tərcümə edib, nəşrlər hazırlayıb. Əvvəllər başqa kimliklərə bürünüb, başqalarının düşüncələriylə dünyanı şərh etməkdən ləzzət alsa da, kimlik depressiyasına düşdüyü üçün ərindən ayrılan Röya, əzəldən ona heyran olan Qaliblə evlənib.

Sərbəst vəkilliklə məşğul olan Qalib bir səhər yuxudan oyanır ki, Röya ona bir vida məktubu yazıb və evdən gedib.

Onu axtarmağa başlayan Qalib əvvəlcə düşünür ki, Röya öz ögey qardaşının, “Milliyət” qəzetində köşə yazarı olan Cəlalın yanındadır. Amma onları nə qədər axtarsa da, tapa bilmir və elə bu zaman uşaqlıqdan yazılarının pərəstişkarı olduğu Cəlalın köhnə bir yazısının qəzetin o günkü nömrəsində təzədən çap olunduğunu görür. Niyə köhnə yazının dərc edildiyini qəzetdən öyrənir.

Məlum olur ki, Cəlal bir həftədir işə gəlmir. Bir ipucu tapmaq ümidilə girdiyi iş otağında Cəlalın çapa hazır məqalələrini oxumağa başlayır, onun zəngin qəzet və dərgi kolleksiyasını incələməyə girişir. Otuz ilin qəzetçisi olan Cəlal skleroz xəstəliyinə tutulduğu üçün son vaxtlar yazmağı düşündüyü məqalələri bacısı Röyanın köməyilə makinada yığdırırmış. Hərbi çevriliş və siyasi təhdidlər ucbatından qaldığı evin yerini gizli saxlamaqda və yazılarını heç kimin bilmədiyi bir evdə, bacısının köməyilə yazırmış.

Röyanın qardaşı ilə birgə Nişantaşındakı Şəhriqəlb apartmanının çatısındakı evdə olduğunu düşünən Qalib, onları orda da tapa bilmir. Amma qərara gəlir ki, Cəlalın evinə köçsün. Onun paltarlarını geyinib, onun səsini yamsılayaraq telefonlara cavab verməyə başlayır. Cəlalı axtaran adamlara Cəlal olduğunu deyəcək qədər onunla eyniləşir. Cəlal adıyla köşə yazıları da yazmağa başlayır.

Cəlalın köşə yazarı kimliyinə bürünməkdən, onun kimi davranmaqdan ləzzət alır. Bir tərəfdən də İstanbulun dəyişən tarixini, ictimai kimliyini anlamaq, şəhərin ruhunu və sirlərini öyrənmək üçün çayxanaları, Bəyoğlu pavilyonlarını, Bizansdan qalma yeraltı dəhlizləri, Süleymaniyə məscidini, Qapalı çarşını, köhnə bazar yerlərini, sinema və sərgiləri, kitab evlərini gəzməyə başlayır. Kəsəsi, Cəlalın yazılarına material yığmaq
Orxan Pamuk
Orxan Pamuk
üçün təğyiri-libas olub onun gəzdiyi hər yeri gəzməyə, insanları tanımağa, üzlərindən bir işarə, gizli məna tapmağa cəhd edir.

Röyanı arayarkən bir cüt gözün həmişə onu axtardığını hiss etməyə başlayır. Bu göz ona arvadını və özünü tapmaq üçün haralara getməli olduğunu, nələr etməsini söyləyən, ona yol göstərən ikinci “mən”idir, yəni Cəlalın varlığıdır.

Axşamüstləri Cəlalın evində illik hərbi bülletenləri, İstanbul şəhəri üçün bələdçi kataloqunu araşdıran Qalib, Cəlalın qutularda saxladığı, üstü yazılmış fotoları və müəyyən hissəsi yaşıl qələmlə işarələnmiş şəhər xəritələrini görəndə onlara bir məna verməyə çalışır. (Sonradan Orxan Pamukun ssenarisini yazdığı və Ömər Kavurun çəkdiyi “Gizli üz” filmi elə bu romanın içindən çıxacaq)

Bu arada Mahir İkinci və Mehmet ləqəbindən istifadə edən, təqaüdə çıxmış əsgər olduğunu deyən, sirli bir adam tərəfindən ona tez-tez təhdid zəngləri gəlməyə başlayır. Cəlal ilə görüşməkdə israr edən həmin adamla Qalib əvvəllər görüşmək istəməsə də , axırda ona evin tinindəki şirniyyatçıda görüş verir. Qalib randevu saatına qədər Cəlalın kimliyinə bürünərək BBC-dən gələn ingilis jurnalistlərlə görüşmək üçün Pera Palasa gedir.

Qayıdanda evinin önündə üstü qəzetlə örtülmüş vəziyyətdə Cəlalın cəsədini görür. Röyanın isə yaralı vəziyyətdə Ələddinin dükanına qədər süründüyünü və orda oyuncaq kuklalar arasında can verdiyini öyrənir. Polis Qalibin şahidliyi ilə bəzi şübhəli adamlardan ifadə alsa da, nəticə əldə edə bilmir. İş hekayəni danışmağa, yazmağa qalır. Romanın son cümləsi belədir : “Heç nə həyat qədər şaşırdıcı ola bilməz.Yazıdan başqa. Hə, yeganə təsəlli olan yazıdan başqa”.
***
Postmodern mətnlərdə reallıq ilə uydurma iç-içə olur. Bu tipli mətnlərdə real müstəvidə olan bir hadisə, hər hansı bir adamın macərası qəfildən uydurmanın, bədii yalanın sahəsinə sürüşə bilir. Real bir hadisə, ya da bir fiqur birdən-birə röyaya, yuxuya, xəyala, fantaziyaya, yaxud nağıla çevrilir, təhkiyənin içində buxarlanır. “Qara kitab”da reallıq-fantaziya məsələsi əsasən Röyanın çevrəsində inkişaf edir. Röyanın həyatının evli olduğu, detektiv romanlar oxuduğu, sinemaya getməyi sevdiyi zaman kəsimi Reallıq dövrü, bir səhər Qalibə qısa bir məktub yazıb evdən getməsi, yoxa çıxması isə Fantaziya dövrüdür. Röya adı bu mənada anlaşılır. Röya Qalibin reallışdırmaq istədiyi xəyalı, arzusudur. Bu, Qalibin yazıçı olmaq arzusudur.Röyanın evdən getməsi Qalib üçün bir başlanğıcdır, kimlik arayışını aktivləşdirən əsas faktordur. Röya Qalibin həm həyat yoldaşıdır, həm də onun öz mənliyini axtarıb tapmasını ifadə bir metaforadır,simvoldur.

Bir az da romanın işarələri, metaforaları haqqında.

Quyu. Roman boyunca tez-tez təkrarlanan söz,işarə - quyudur. Qalibin uşaqlığının keçdiyi evin yanında olan quyu, onun yaddaşında nağıl motivləriylə birləşir. “Bir nağıl quyusu kimi içində yarasalar, zəhərli ilanlar, əqrəblər, siçanlar qaynaşırdı”.
Quyu - ədəbiyyatda adətən yaddaşı, şüuru işarələmək üçün istifadə olunur. Yaddaşın zirzəmisidir quyu. İnsanların unutduqları keçmişlə bağlı xatirələr, sirlər burda, yaddaş quyusunda yığılır. Quyunun üstünün örtülməsi insanların öz dəyərlərinə sahib çıxmamağı və bunun utancı ilə keçmişlərinin üstünü örtməsidir.

Yeraltı. Şərq və Qərb sivilizasiyasının qalıqlarını simvolizə edir. İstanbulu İstanbul edən, keçmişə aid çoxlu sirlərin gizləndiyi assosiasiyasını yaradan, tarixi yozumlara imkan verən simvoldur. Yer altındakı həyat, yer üstündəki çöküntüyə, deqradasiyaya işarədir. Dəyərlərə, mədəniyyətə, sənətə sahib ola bilməməyin metaforasıdır yeraltı dünya.

Bunların sırasına Ev, Boğaz və s. işarələri, metaforaları da salmaq, siyahını uzatmaq olar. Keçək adlar sisteminə.

Romandakı adlar da metaforikdir. Bu adlar özündən əvvəlki dönəmlərin, əsrlərin klassik əsərləri ilə səsləşir. Əsərdəki adlar xüsusilə ərəb və İran ədəbiyatının mistik hekayələrindən, alleqorik əsərlərindən bəhrələnərək yaradılıb.

Romanın baş qəhrəmanı Qalibin adı “Hüsnü eşq” məsnəvisini yazan Şeyx Qalibin adından götürülüb. Qalib həm də bu məsnəvidəki Eşqin pozisiyasını təmsil edir.

Hüsnə qovuşmaq üçün ruh səyahətinə çıxan Eşqin, axırda sevdiyinin elə öz içində olmasını anlaması kimi. (Allaha ağılla yox, eşqlə qovuşmaq. Bu eşqin də başqa yerdə yox, adamın öz içində olduğunu anlaması). Qalib də eyni şeyləri keçir və axırda məqsədinə çatır. Mövləvi olan Şeyx Qalib necə Mövlana məktəbinin tərbiyəsi, təhsilə ilə yetişib “Hüsnü Eşq”i yazıbsa, Qalib də Cəlal Salikin köşə yazılarını və kitablarını oxuyaraq, ondan təsirlənərək öz yazıçı kimliyini tapır və Qara kitabı yazır.
Röya isə həm Qalibin həyat yoldaşıdır, həm də onun özünü tapmaq, özü olmaq yolundakı arzusudur. Röya “Hüsnü Eşq”də uğrunda mücadilə verilən Hüsnü təmsil edir.

Qalibin can atdığı, oxşamağa çalışdığı Cəlal isə Mövlanə Cəlaləddin Rumiyə işarədir.(Diqqətlə bax, Cəlal-Cəlaləddin) Cəlala “Hüsnü Eşq” məsnəvisində nəfs mücadiləsi verən Eşqə yol göstərən, onu sıxıntılardan qurtaran Sühana uyğun gəlir.

Cəlal Qalibə məqsədinə çatmaq üçün hansı yollardan getməsi gərəkdiyini köşə yazıları və kitabları ilə yol göstərdiyi kimi.

Cəlalın yaşadığı, daha sonra Qalibin Cəlala çevrilib yazıçı kimi yaşadığı Şəhriqəlb apartmanı da “Məsnəvi”də olan Diyari-qəlbi xatırladır.

İntertekstuallıq

Özündən əvvəlki zamanların ədəbi mətnlər dünyasında gəzişməyi sevən
Cəlaləddin Ruminin xəyali rəsmi
Cəlaləddin Ruminin xəyali rəsmi
postmodernist yazıçılar, bundan həm də romanları üçün bir fənd kimi istifadə edirlər. “Qara kitab”dakı köşə yazarı Cəlal Salik yazılarını həmişə başqalarının köməyilə yazdığını deyir. ”...əsas - yeni bir şey “yaratmaq” deyil, əsas - əvvəllər, minlərcə zəka tərəfindən min illər boyu yaradılmış olan şahanə şeylərin künc-bucağından qopardıb yepyeni nəsə deməkdir”.

Tarixən yazılmış ən məşhur əsərlərin həmişə özündən əvvəlkilərə oxşayaraq yazıldığını, “Çaldımsa da miri malı çaldım” (oğurladımsa da dəyərli malı oğurladım) deyən Qalib də Şeyx Qalibi özünə örnək götürür. “Məsnəvi”nin də başdan-ayağa oğurluq bir əsər olduğunu deyir. Ordakı əhvalatların “Kəlilə və Dimnə”dən, Əttarın “Məntiq-üt Tayr”ından, “Leyli və Məcnun”dan, “Mənaqib-i Övliya”dan oğurluq olduğunu söyləyir. Bunlara “Qissəyi Ənbiya”, “Min bir gecə nağılları” və İbn Zərxanini də əlavə etmək olar.

Parodiya/pastiş

Orxan Pamuk romanın məzmununda, forma və təhkiyəsində Şərq ədəbiyyatının gələnəklərindən xeyli yararlanıb.”Məsnəvi”, “Hüsnü Eşq”, “Məntiqül Tayr”, “Min bir gecə nağılları” və s.

Mövlanənin öz ruhunu və üzünü əks etdirəcək bir ayna kimi gördüyü Şəms Təbrizini Şam küçələrində axtardığı kimi Pamukun qəhrəmanı Qalib də bir səhər evi tərk edən Röyanı İstanbul küçələrində axtarır. Hər ikisi də ruhi axtarışlardır.

Orxan Pamuk Şəmsin cəsədinin atıldığı quyu ilə Qalibin evinin yanındakı quyunu eyniləşdirir. Röya ilə Qalibin sevgisi “Hüsnü eşq” məsnəvisinn parodiyasıdır.
Romanda Qərb ədəbiyyatının da mətnlərindən istifadə edilib. Ceyms Coysun məşhur “Uliss” romanında Stiven Dedalı Dublin küçələrində gəzdirməsi, onu qəzetə aparması, səfilliklə dolu yerlərdə dolaşdırması ilə Qalibin İstanbul sokaklarında gəzməsi, qəzetə baş çəkməsi, meyxanalarda dolaşması arasında xeyli oxşarlıqlar var.

Metafizik düşüncə forması, mistik metaforalar Borxesi, yeraltı dünya məsələsi isə Dantenin “İlahi komediya”sını xatırladır. Maniken atelyesini turistlərə gəzdirən Bədii Ustanın oğlu yerin altına, zirzəmiyə aparılan manikenləri “saxtakarlar, günahkarlar, özü olmayanlar, başqasının yerinə keçənlər, bədbəxt evlilər, narahat ölülər, məzarından çıxan şəhidlər, üzlərinə hərflər yazılmış əsrarəngiz adamlar və bu hərflərin sirlərini faş etmiş müdriklər” kimi qruplara bölür. Bu bölgü Dantenin Vergilinin bələdçiliyində günahlarına görə cəhənnəmin qatlarında olan günahkarlarla danışmasını xatırladır.

Qalibin Röyaya olan sevgisini məşhur fransız romançı Marsel Prustun “İtgin Albertin” adlı romanının qəhrəmanı Marselin sevgilisi Albertinə olan məhəbbətilə müqayisə etmək olar. Bir səhər kiçik bir vida məktubu ilə yoxa çıxan Röyanın hekayəsi eynilə bir məktub yazıb yoxa çıxan, amma hara getdiyi bilinməyən Albertinin hekayəsinə bənzəyir.

Orxan Pamukun “Qara kitab” romanında ironiya, təqlid, oyun, detektiv xətt və s kimi postmodern romanlara xas başqa çox şeydən istifadə olunub. Bunlar isə artıq daha geniş bir araşdırmanın mövzusudur.

(ardı var)
XS
SM
MD
LG