Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

Alim Qasımov: “Ruslana təklif etdi, mən də dedim baş üstə”


Alim Qasımov
Alim Qasımov
Xalq artisti Alim Qasımov ukraynalı ifaçı, 2004-cü ildə “Eurovision” Mahnı Yarışmasının birincisi olan Ruslananı heyran edib. O hətta Alim Qasımova birgə layihə üzərində işləməyi də təklif edib. Bəs, azərbaycanlı xanəndə bu haqda nə düşünür?

- Alim bəy, çılğın, emosional Ruslana – Ukrayna müğənnisi sizə bir duet oxumağı təklif edib. Bu işbirliyini necə qiymətləndirirsiz? Baş tutacaqmı?

- Cavanlarla həmfikir olmağa, onlarla mahnı oxumağa mən pis baxmıram. Cavanlarla oxumuşam, hamısının müsbət enerjisini görmüşəm. Ruslana da söz xatirinə yox, sənət xatirinə deyirsə, mənə elə gəlir ki, çox maraqlı iş alınar. O təklif elədi, mən də dedim, baş üstə, eləyək. İndi nə olacaq, Allah bilir.

- Nəsə planlaşdırdınızmı? Yoxsa söz olaraq qaldı...

- O mənim telefon nömrələrimi götürdü və dedi ki, müraciət olunacaq.

- Özünüzün təklifiniz varmı? Birgə nə ifa edə bilərsiz?

- Mən o adamın sənətiylə elə yaxından tanış deyiləm. Bizim muğam da elədir ki, hər şeydə həll olunur, həzm olunur. Gərək o bir fikir desin, mən də görüm ona hansı muğam, hansı qəzəl uyğun gəlir.

- Ruslana həm də etno-pop oxuyur. Ukrayna xalq mahnılarının ruhuna yaxın ifaları da var. Necə bilirsiz, Ukrayna ilə Azərbaycan mahnılarını bir qazanda qaynatmaq, sintez etmək olacaqmı?

- Mənə elə gəlir ki, şirin olar. Həm orda populyar olar, həm burda. Mahnılarını göndərsə, qulaq asıb fikrimi deyərəm.

- Alim bəy, birinci dəfə deyil ki, belə təkliflər alırsız. Əvvəllər Stingdən, David Vandettadan təkliflər gəlmişdi...

- Vandetta ilə mahnı yazdıq, məncə öz yerini də tapdı, pis alınmadı. İndi də müəyyən yerlərdə oxunur. Stinglə layihə hələ razılaşdırılmayıb. Mənim dostlarım da çalışırlar ki, Stinglə oxutsunlar məni. O da alınsa dünya şöhrətli bir şey olacaq. Stingi bütün dünya tanıyır, bizim muğam orda səslənsə əsrin gözəl layihələrindən olacaq.

- Stinglə layihə artıq 10 ildir danışılır...

- Mənə də BBC-dən bir oğlan demişdi. Əfsuslar olsun ki, məndən icazə alıb, ondan yox. Yəqin ki, o “zanitdi”, işi-gücü...

- Heç Stingin ifasına qulaq asmısız?

- Stingin yaradıcılığına bir az qulaq asmışam. Lap dərindən bələd deyiləm. Amma görmüşəm ki, sırf yaradıcılıqla məşğuldur. Elə o baxımdan xoşuma gəlir. Həm də daxili aləmlə oxuyur, hisslərlə. Onun elə səsi yoxdur. Amma çox oxuyanlarla, məsələn, rəhmətlik Pavarotti ilə oxuyub, maraqlı çıxıb.

- Sting həm də filosofdur.

- Bilmirdim, amma görürsən ki, fəlsəfi fikirləri var.

- Yəni sizinki tutar.

- Dəhşət tutar. Amma ona bir “xod” lazımdır, “dux” lazımdır, ürək lazımdır ki, kimsə onu bu işə maraqlandırsın.

- Birinci dəfə deyil xarici ifaçılardan birgə layihələrlə bağlı təklif alırsız. Onlardan hansı sizin üçün yaddaqalan olub?

- Amerikalı rokçu vardı, dünyasını dəyişdi, onunla bir şey yaranacaqdı. Yo-Yo Manın “İpək yolu” ansamblında çox konsertlərdə çıxış etmişik.

Pereslə İsraildə Nizaminin “Leyli və Məcnun”unu hazırlamışdıq.

Mali ölkəsindən bir ansamblla konsert verdik. Yaxşı proyekt idi, amma ayaq tutmadı, dalınca düşmədik. Onların notları, çalarları adamın canına hopur. Hamısı maraqlıdır.

Vaxt olsun gərək, maliyyə olsun. Adicə qonaq çağıranda onları 10 gün saxlayırsan, onların yeməyi, içməyi, qalmağı...

- Vaxtilə bu layihələrə görə qınanırdız. Amma indi adiləşib deyəsən.

- Baxdılar dünyaya, internetə-zada, gördülər aləm qarışıb. Biz isə didişirik.

- Stingi dediz ki, izləmisiz, bəs, Ruslanaya qulaq asmısız? Onun haqqında nə bilirsiz?

- Demək olar ki, onun sənətiylə tanış deyiləm. Amma birlikdə iş görsək gərək musiqilərini göndərsin, mən də görüm neyləyə bilərəm. Elə bir tanışlıqla başlaya bilərik. Bilirəm ki, “Eurovision”da birinci yer tutub.

- Siyasi mövqeyi olan müğənnidir. Vaxtilə prezident Yuşşenkonu dəstəkləyirdi...

- Bu? Sənətçi siyasətə qarışmamalıdır.

- Bu günlərdə beynəlxalq tədbirdə “Sarıgəlin”i oxuduz? Niyə?

- Birinci orkestr notlaşdırılmışdı. Hazır idi. Həm də siyasi baxımdan, bizimkidir yəni...

Ayın 3-ü yola çıxırıq. ABŞ-da 5 konsert verəcəyik. 10-15 də master-klass olacaq.

- Uğurlar.

- Diqqətinizə görə minnətdarıq...
XS
SM
MD
LG