Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:35

Kamal Abdulla. Uca qaya başında


Kamal Abdulla
Kamal Abdulla
Kamal Abdulla


UCA QAYA BAŞINDA

(hekayə)

("Bilgə əhvalatları" silsiləsindən)


Günlərin bir günü biz ayrılmaz dostlar bağda oturub səssiz-səmirsiz, hərə öz fikrində, zoğal mürəbbəsi ilə çay içirdik.

Nə oldu, nə olmadı, niyəsini, nə üçününü biz bilmədik, elə sakit-sakit oturduğu yerdəcə Rüstəm kişinin gözləri qıyıldı, xəyalı uzaqlara uçmuş şəkildə, ahəstə və bir az da sirli səslə bizdən soruşdu:

-- Möcüzə istəyirsiz, sizə bir möcüzəli əhvalat danışım?!

Sonra da bizim cavabımızı gözləmədən Rüstəm kişi bu əhvalatı danışmağa başladı. Günlərin bir günü qonşu kəndlərin birində, kəndin adını nə o dedi, nə də biz soruşduq, dənizin qırağında bir uca qayanın başında bir arvad, çox yaşlı bir arvad, səsini başına atıb qışqırırmış:

-- Ay aman, ay aman, qoymayın, ay camaat, yetışın, imdad! Xilas edin!..

-- Nolub, ay arvad, səsini niyə atmısan başına? – Yaxınlıqda kimlərdisə iş görürmüş, kisələrə qum yığırmışlar, aralarında bu arvadı tanıyanlar olub, işlərini saxlayaraq bir-birinə göz vura-vura buna üz tutub soruşublar.

-- Zorlayırlar! Zorlayırlar!! Ay aman!!! Xilas edin! And verirəm sizi on iki imama, xilas edin məni! – Arvad ağappaq saçlarına, qırışıq üzünə-gözünə əl atır, batıq səsini daha da ucaldır, haray-həşirindən qalırmı, qalmır.

Adamlar gülüşüb bunun dediyinə inanmırlar:

-- Biz səni yaxşı tanıyırıq, ay Səkinə arvad. Sənin ən azı səksən yaşın var. O hansı axmaqdı, sənə tamah salıb? Niyə qışqırırsan, sən onu söylə.

Qurbağa gölünə daş atırlar. Bir ara arvad tərəfdən səs-səda eşidilmir, Səkinə arvadın özü də qayanın arxa tərəfinə keçib gözə görükmür.

-- Noldun sən, səsin niyə bəs kəsildi?! – İşlərinə davam edən adamlar yüngülcə gülüşərək soruşurlar. Amma qayalıqdan yenə də səs gəlmir.

Nəhayət, bir belibükük qoca arvad bu uca qayanın arxasından ah-zarla çıxıb üst-başını cırpa-çırpa, qara həşyəli yaşıl tumanını gömgöy damarları çıxmış əliylə hamarlaya- hamarlaya, yanını basa-basa, asta addımlarla qum yığan bu adamlara tərəf gəlməyə başlayır. Onun bir əlində qırmızı yaylıq varmış. Bu dəfə o qışqırıb-eləmir. Heç kimin üzünə baxmadan dəniz qırağının qumunu bellə kisələrə yığan adamların yanından sakitcə, başıaşağı ötüb keçir. Amma gedə-gedə dodaqltı mırıldanıb öz-özünə belə deyirmiş:

-- Qoymazlar ki… qoymazlar, adam olub-keçənləri yada salsın, mərdiməzarlar qoymazlar…

Adamlar yenə işlərinə ara verib dəsmalla boyunlarının tərini silir, dodaqaltı qımışıb mənalı-mənalı bir-birinin üzünə baxır və başlarını bulayırlar: " Ay səni, Səkinə arvad, oyunun olsun."

-- Səkinə arvadın olardı o zaman səksən-səksən beş yaşı. İndi dediyimə isə bəlkəm inanacaqsız, bəlkəm də inanmayacaqsız, amma bu, əsl möcüzədi, özü də həqiqətən olmuş əhvəlatdı, həri, vallah, çünki qum yığan fəhlələr bizim çayxanada bunu necə olub, elə də danışırmışlar… -- Rüstəm kişi başını tərpədə-tərpədə özü-özünü təsdiqləyərək bu dəfə söhbətinə, nədənsə, hüznlə davam edir.

Sən demə, Səkinə arvad kəndə gedən yolda hələ gözdən tam itməmiş həmən uca qayanın arxasından gənc, gözəl, yaşıltuman bir qız sıçrayıb çıxır. Qızın, elə bil, içi qaynayır, coşub-daşır, külək oynadan qara saçları dağınıq -- tökülüb üzünə, çiyninə. Od-yalovdu, sanki.

Əllərini atıb bütün dünyanı qucaqlamaq istəyir, nədir?! Qaraçılar kimi oynaya-oynaya, qayalıqda qalmış kiməsə əlindəki qırmızı yaylığı yelləyə-yelləyə, çaşqınlıq içində ona baxan fəhlələrə heç bir fikir vermədən bu qız Səkinə arvadın arxasınca qaçır.

Səkinə arvada yetişməyə az qala ayaqlarını yerdən aralayıb irəli tullanır və bu dəfə havada qanad açıb ona doğru əməlli-başlı uçur, yetişincə arxadan onu bərk-bərk qucaqlayır və bu zaman cavan qız qoca arvadın içində əriyib yox olur.

Qum daşıyan adamlar onu da görüblər ki, gənc qızın indicə tərk etdiyi qayanın başında bu dəfə enlikürək, nazikbığlı, ortaboylu bir cavan oğlan peyda olub və bu qızın arxasınca baxa-baxa qalıb. O, peşiman bir halda əlini əlinə vururmuş, yəni, "vay səni", bəlkəm də qıza deməyə nəyisə unudub, kim bilir?!

Səkinə arvad isə, elə bil, heç nə baş verməyib, taqətsiz əlində tutduğu qırmızı yaylığı dənız tərəfdən yavaş-yavaş əsməyə başlayan xəzrinin ağzına verib yelləndirərək arxasına çönmədən, yanını basa-basa və hərdən də dodaqaltı deyinə-deyinə kəndə tərəf getməyinə davam edib…

son
XS
SM
MD
LG