Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:32

Naməlum qadın Elza...


-
Elza İbrahimova
Elza İbrahimova
Belə bir rəsm əsəri var. Ta gəncliyimdən o rəsmə vurğunam. Onu Leonardo da Vinci'nin «Cakonda»sından da çox sevirəm.

Bu, rus rəssam İvan Kramskoyun «Naməlum qadın» («Neznakomka») tablosudur.

Niyə «Naməlum qadın»? Rəssam onu niyə belə adlandırıb?

Deyilənə görə, bu xanım rəssam Kramskoyun sevdiyi qadın olub. Amma qadın evli olduğundan rəssam sevdiyini adı ilə çağırmaqdan qorxub. Daha doğrusu, çəkdiyi tabloda hisslərinin üzə çıxacağından çəkinib və əsəri «Naməlum qadın» adlandırıb.

3-cü əsrdir ki, Tretyakov Qalereyasında yurd salan bu tablo könülləri oxşayır, reproduksiyaları evlərin divarlarını bəzəyir.

Gəncliyimdə getdiyim evlərin divarlarından asılan bu tablonun tarixçəsini hamıya anladardım. Onu kimin çəkməsini öyrənmədən, rəsmdən boylanan gözəlin kimliyini bilmədən öz divarından asanlar vardı…

Lap Elza xanımın mahnıları kimi…

Kimin yazdığını bilmədən onun mahnılarıyla böyüyən, sevən-sevilən nəsillər kimi.

Niyə bu yazımı «Naməlum qadın» adlandırdım? Ona görə yox ki, Elza xanıma bəslədiyim duyğuların üzə çıxmasından çəkinirəm. Yox, əslində bu yazını ona olan hisslərimi bildirmək üçün yazıram.

Məni duyğulandıran odur ki, Elza xanım bu həyata naməlum qadın kimi gəldi, elə naməlum qadın olaraq da getdi. Heç danışmadı, heç görünmədi, heç varlığını duyurmadı, heç nə ummadı, heç vaxt kiməsə yarınmadı. Heç zaman haqqı qoyub nahaqqın yanında olmadı.

Ancaq musiqisi danışdı. Ancaq mahnıları haray saldı. Hamının ürəyindən xəbər verdi. Hamının yerinə oxudu.

70-80-ci illər gəncliyinin sevimli bəstəkarı olan bu qadın sanki hamının yerinə sevdi, hamının yerinə sevildi, hamının yerinə yaşadı.

Amma hamını sevib-sevdirən bu qadın özü tək-tənha idi… Tənhalığını axıracan qorudu. Heç kəs onu tam tanıya bilmədi. O, bu dünyaya naməlum qadın kimi gəldi, elə naməlum qadın kimi də getdi.

Arzuları ürəyində qaldı. Elza xanımı heç tanımadan bu sözləri inamla deyirəm.

Mahnılarıyla hər kəsdə neçə onilliklər gözəl duyğular oyadan bu qadın dünyadan nakam köçdü. Elza xanım ancaq 70 yaşında mənzil ala bildi.

Elza xanım hələ 1992-ci ildən yazdığı «Yanan laylalar» operasının tamaşasını görə bilmədi. Onu heç kəs dindirmədi. Heç kəs onun ürəyinin səsini dinləmədi.

«Nəğmə dolu bir ürək» ancaq nəğmələrdə açıldı. Nəğmələrdə oxudu.

Və həyatda… Lap rəssam Kramskoyun «Naməlum qadın» tablosu kimi bilinməz qaldı.
Elza xanım bütün bunları bizim acığımıza etdi.Bizim etinasızlığımızın, bizim acımasızlığımızın, bizim qəddarlığımızın acığına etdi.

Biz ona neylədik, amma o, bizə nələr qoyub getdi?!

Bu yükün altından çıxa biləcəyikmi? Bu yükə tablaşacağıqmı? Ya bəlkə yüklə yaşamaq bizim alın yazımızdır?!

Rus rəssamı Kramskoyun "Naməlum qadının portreti" 1883
Rus rəssamı Kramskoyun "Naməlum qadının portreti" 1883
XS
SM
MD
LG