Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:24

Aqşin Yenisey. Yeni şeirlər


Aqşin Yenisey


YENİ ŞEİRLƏR


Eşq

Mənə göz ver, işıq vermə.
Göz-gözü görməyən qaranlıq ver.
Ayı da olmasın, ulduzu da.
Səni gəzim, axtarım o qaranlıqda.
Mən səni tapmaq yox,
axtarmaq istəyirəm həmişə.


Qüssə

Öləcəyik!
O da, sən də, mən də...
Birimiz qürbətdə, birimiz yolda, birimiz vətəndə.
Sonra yenidən doğulacayıq.
Birimiz enliyarpaqlı bir ağac kimi – meşədə,
Birimiz ətirli bir ot kimi – çəməndə,
Birimiz ağ yumurta kimi – kirli bir hində.
Gəlin, indidən tanış olaq ki,
O zaman bir-birimizi
Yarpağımızdan, ətrimizdən, rəngimizdən tanıya bilək,
Darıxmamaq üçün...


Pəncərə tərinə yazılmış şeir

Sinəndən ötrü darıxıram,
Daha doğrusu, ürəyinin səsindən ötrü.
Gəlməyindən ötrü darıxıram,
Daha doğrusu, gəlməyəcəyindən ötrü.
Darıxdığımı biləcəyindən ötrü darıxıram,
Daha doğrusu, bilməyəcəyindən ötrü.


BMT-nin İnsan Haqları Komitəsi üçün məruzə

Həyatda qadınlar yox, sevgilər azad olmalıdır.
Qadınlar bir az zad olmalıdır,
Məsələn, tale kimi bir şey
Yəni yaşamaq qədər əziz, ölüm qədər ögey.

Həyatda sevgilər yox, qadınlar azad olmalıdır.
Sevgilər bir az zad olmalıdır,
Məsələn, tale kimi bir şey
Yəni yaşamaq qədər əziz, ölüm qədər ögey.

Həyatda qadınlar da, sevgilər də azad olmalıdır.
Kişilər bir az zad olmalıdır,
Məsələn, tale kimi bir şey,
Yəni yaşamaq qədər əziz, ölüm qədər ögey.


Köhnə nal

Tarixin ayağından qopub düşən bu dəmir qırığı
Öz əyri sükutuyla haraylayır onu atıb gedənləri
Dördnala çapıb getmış, bu tozlu yolla keçmiş
Arxasınca qalxan toz hələ də çəkilməmiş

Tarixin alnıdır, at ayaqlarının altı
Tarixin alnına vurulan bu dəmir qırığı
Öz əyri sükutuyla haraylayır onu atıb gedənləri
Həm də indiyədək üstündə saxlayır, böyük sərkərdənin ağırlığını

Tarixin ayağından qopub düşən bu dəmir qırığı
- odur bu tozlu yolun yeganə dəmir sirri, kövrək xəyalı
Öz əyri sükutuyla haraylayır onu atıb gedənləri
Üfüqdən yəhərli, yüyənli bir at qayıdıb, imsiləyir yerdəki nalı.
XS
SM
MD
LG