Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:20

Bakının qarlı dərsləri


Bakı 2012
Bakı 2012
TEMPERATUR GETDİKCƏ ARTACAQ!
Növbəti 3 gündə temperatur gün-gündən artacaq. Hava yağmursuz keçəcək. Bir sözlə, hava şəraitində kəskin dəyişiklik gözlənmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev AzadlıqRadiosuna belə deyib:
«Gecə-gündüz müsbət temperatur qeydə alınacaq. Kəskin soyuqlar gözlənmir hələlik. Hava bu gündən fevralın 16-dək mülayimləşəcək».
SIĞINACAQLAR İSƏ QALACAQ
Havalar düzəlsə də, hökumətin sərt havalarda kimsəsizlər üçün yaratdığı sığınacaqlar hələ ki yığışdırılmayıb. Paytaxtın 5 yerində çadır qurulub, kimsəsizlər üçün yatacaq, yeyəcək verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fevralın 10-dan bu sığıncaqlarda 105 nəfərə xidmət göstərildiyini bildirir.
Bu sığınacaqlardan biri də Xətai prospekti 11-də yerləşir. Yevlaxdan olan 42 yaşlı Famil:
«Qar yağdı, yıxıldım. Qolum qırıldı. Bir salamat yerim yoxdur. Çöldə qalmışdım. Bura pənah gətirdim. Sağ olsun dövləti, millətə qurban olum. Sağ olsun belə sığınacaq yaradıb. Ölüm ayağındaydım. Çadır qurulana kimi küçələrdə qalırdım. Son nəfəsimdə başım daşa dəydi...»
Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini Elvüsal Hüseynovun sözlərinə görə, fevralın 13-də gecə səyyar sığınacaqda 9 nəfər qalıb. Gündüz saatlarında hava günəşli olsa da, 5 nəfər yenə də çadırdadır: «Bizə hələlik heç nə deməyiblər. Çadırlar sabah da, biri gün də qalacaq».
«ALLAHA DUA EDİRƏM Kİ...»
Bakı
Bakı
Famil yatacaq-yeyəcək üçün hökumətə təşəkkür edirsə, Bakı sakini Gülnarə Ağayeva Allaha təşəkkür edir ki, hava isinir. «Neftçilər» metrostansiyası yaxınlığında yaşayan həmsöhbətim deyir ki, qarlı günlərdə çox əziyyət çəkib.
- İşığımız elə oldu ki, səhər söndü, axşam yandı. Qaz yoxdur. «Novostroyka»da qalırıq. Suyumuz da donmuşdu. Çətinliklə başa vurduq qarlı günləri. Qohum evinə getməklə günümüzü keçirtdik. Allaha dua edirik ki, hava belə keçsin. Azərbaycana qış yaraşmır.
- Ən çox hansı qurumdan narazı qaldız?
- Ən çox «Bakıelektrikşəbəkə»dən narazı qaldım. Televizorda danışırlar ki, qışa belə hazırıq, elə hazırıq, amma biz görmədik. Azacıq qar yağan kimi işığı söndürdü ki, problem var. Öldük soyuqdan.
Nərminə Əlişova:
- Vallah birtəhər yola verdik. İşığımız sönürdü. Qaz yoxdur.
Şərəf Novruzov:
- Qurumlardan narazı deyiləm. Bir su donmuşdu. Əziyyət çəkdik.
- Bəs yollar?
- Bundan artığını gözləmirik. Şikayət etsən də dəyişməyəcək.
Samir Abbasov da narazıdır:
- Çox çətin. İşıq, qaz, su problemi də oldu. Amma əsas yollardan narazıyam. Sumqayıtda yaşayanam. İşə gələ bilmirdim.
Rufullayeva Rübabə isə narazı deyil:
- Belə də. Qazımız, işığımız, hər şey vardı. Şükür Allaha. Bu yaxında qalırıq.
HƏBSXANADA DA, MƏHKƏMƏDƏ DƏ SU YOXDUR
Fevralın 13-də Bakı Hərbi Məhkəməsində su məsələsi gündəmə gəlib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov təqsirləndirilən şəxsə söz verib. Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev sözə ondan başlayıb ki, su gəlmədiyindən həbsxanada namaz qılmağa şərait yoxdur. Üstəlik ayaqyolu da pis vəziyyətdədir. Hakim üzrxahlıq edib ki, məhkəmədə də su yoxdur. Qara görə bir neçə gündür məhkəmə binasına su gəlmir.
Tanrıverdi Mustafayev
Tanrıverdi Mustafayev
««BAKIELEKTRİKŞƏBƏKƏ» HƏMİŞƏ «5» ALIB»
«Bakıda elektrik enerjisinin verilməsindəki məhdudiyyətlər aradan qalxıb». «Bakıelektrikşəbəkə»nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev belə deyir. Və əlavə edir:
«Bakıelektrikşəbəkə» həmişə «5» alıb. Sadəcə bu fors-major bir vəziyyətdir. Dünyanın hər yerində belə hadisə olur. Bizim xətlərimiz nöqsansızdır, nə transformatorumuzda qüsur var, nə yarımstansiyalarımızda, nə dispetçer sistemimizdə. Rəhbərlik də daxil olmaqla 24 saat xidmət göstəririk».
Tanrıverdi Mustafayev deyir ki, «Azərenerji» Səhmdar Cəmiyyətinin «Sumqayıt» və «Şimal» elektrik stansiyalarının işindəki problemə görə, çətinliklər yaranmışdı. Buna görə də paytaxta elektrik enerjisi məhdudiyyətlərlə, sürüşkən qrafiklə verilib.
«Azərenerji» problemlərin aradan qaldırılması üçün ehtiyat tədbirlər görəcəkmi? Məsələn, suyun donmaması üçün hansı addımlar atıla bilər? Təəssüf ki, gün ərzində qurumdan sualımıza cavab ala bilmədik.
«16 İLLİK TƏCRÜBƏMDƏ ÇOX YAXŞI ÇIXDIQ VƏZİYYƏTDƏN»
Sakinlərdən bəzisi suyun donmasından narazılıq edirdilər. «Azərsu» Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bu günlərdə radiomuza deyib ki, binalara su təchizatında problem olmayıb. Problem fərdi evlərdə, ətraf qəsəbələrdə yaranıb. Buna səbəbsə su xəttinin yer üstüylə çəkilməsidir. O deyir ki, suyun donmaması üçün xüsusi tədbirlər görüblər:
«Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı da işlərini yüksək qiymətləndirir. Düzdür, bəzi yerlərdə qazın təzyiqi ilə bağlı zənglərin gəldiyini də etiraf edir. Amma:
«16 illik təcrübəm göstərir ki, çox-çox yaxşı çıxdıq vəziyyətdən. Ciddi fəsadlar olmadı. Qəfləti hadisədən başqa. Bilirsiz ki, maye qaz daşıyan maşın partladı. Şəbəkə hazır idi. Maksimum dərəcədə 26 milyon kubmetr qaz verdik».
Bu günlərdə qaz dəmindən zəhərlənmələrin də sayı artıb. Amma Kamandar Eyvazlı günahı abunəçilərdə, düzgün tüstü-baca sistemi qurulmamasında görür.
Natiq Cəfərli (Foto: AFU)
Natiq Cəfərli (Foto: AFU)
«ŞƏHƏR HÖKUMƏTİ SEÇKİLİ OLMALIDIR»
«Əlbəttə, onlardan məsuliyyət tələb edən cəmiyyət və hökumət yoxdursa, həmin qurumlar da işlərinə ən yüksək qiymət verəcəklər».
İqtisadçı Natiq Cəfərli belə deyir. O qarlı-çovğunlu günlərdə paytaxtın qazla, işıqla sınağa çəkilməsini infrastrukturun köhnəlməsiylə izah edir. Hesab edir ki, islahatlara gedilməlidir:
«İnsanların sıx yaşadığı rayonlarda, mərkəzdən uzaq rayonlarda çox böyük problemlər oldu. Elə bu gün də qalır, məlumatlar gəlir. Bu da şəhər təsərrüfatının qışa hazır olmaması, düzgün idarə olunmaması ilə bağlıdır. Bir də sovetdənqalma idarəçilik dəyişməlidir. Böyük şəhər bələdiyyəsi haqda qanun qəbul etməlidir, şəhər hökuməti də seçkili olmalıdır. Bundan sonra irəliləyiş əldə etmək olar. Bu günkü sistemlə problemlər daha da artacaq».
XS
SM
MD
LG