Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:39

Putin hərbi xərcləri qaldıracağını vəd edir


Vladimir Putin
Vladimir Putin
«Rossiiskaya Gazeta» bazar ertəsi baş nazir, martın 4-də keçiriləcək prezident seçkilərinin ən iddialı namizədi Vladimir Putinin məqaləsini dərc edib. Məqalə belə adlanır - «Güclü olmaq Rusiyanın milli təhlükəsizliyinin təminatıdır».
Məqalədə Putin hərbi islahatlar və yenidən silahlanma ilə bağlı planını açıqlayıb. Bu plana əsasən növbəti 10 il ərzində hərbi xərclər 770 milyard dollar təşkil etməlidir.
Putin yazır ki, «aydındır ki, biz Rusiyanı müdafiə etmək iqtidarında olmasaq, nə beynəlxalq mövqelərimizi gücləndirə, nə də iqtisadiyyatımızı və demokratik təsisatlarımızı inkişaf etdirə bilərik». Putin bildirib ki, illər boyu ordu maliyyə sıxıntısı çəkib, «indi isə hesab ödəmək vaxtıdır».
Vladimir Putin yazır ki, sovet dövrünün hərbi strukturunun inkişaf potensialı tamamilə tükənib. Ötən əsrə məxsus olan böyük ordu anlayışı artıq köhnəlib. Müasir təhdidlərin qarşısını almaq üçün «yeni ordu» lazımdır.
Baş nazir bildirir ki, quru qüvvələrində 100 nizami və xüsusi briqada var. Bunlar bir saat ərzində toplana və 24 saat ərzində potensial döyüş səhnəsində yerləşdirilə bilər. Putin yazır ki, bu qüvvələr 400-dən çox qitələrarası ballistik raket, nüvə başlıqlı 28 sualtı gəmi, 50-dən artıq hərbi gəmi, 600-dən çox müasir hərbi təyyarə, o cümlədən 5-ci nəsil təyyarələri, 1000-dən çox döyüş helikopteri, yeni S 400 raketdən hava hücumundan müdafiə sistemi və Vityaz raketdən müdafiə sistemi, İskander-M raket sistemi və təqribən 2300 yeni tank və 2000 özü yeriyən artilleriya qurğusu ilə təchiz olunacaq.
Putin Rusiyanın etirazına baxmayaraq, ABŞ və müttəfiqlərinin Avropada yaratdıqları raketdən müdafiə sistemi barədə deyib ki, Rusiyanın bu sistemə «effektiv və qeyri-simmetrik» cavabı olacaq.
PUTİN ORDUDA GÖZLƏNİLƏN İSLAHATLARA DA TOXUNUB
Putin yazıb ki, 2017-ci ilə qədər Rusiya ordusunun heyəti 1 milyon olacaq. Bunun da 700 minini peşəkar hərbi qulluqçular təşkil edəcək. 2020-ci ilə qədər isə 1 milyonluq silahlı qüvvənin yalnız 145 mini çağırışçılardan ibarət olacaq.
Putin hərbi qulluqçular üçün tibbi sığortadan tutmuş ev və yüksək pensiyaya qədər geniş sosial təminat sistemi yaradılacağını da bildirib. Söz verib ki, 90-cı illərdə ordudan tərxis olunmuş, hələ də ev növbəsində dayanan 20 minə qədər hərbi qulluqçu 2012-ci ilin sonuna qədər evlə təmin olunacaq.
Məqalənin bir yerində Putin yazır ki, «əgər öz ordunu gücləndirməsən, xarici ölkənin ordusunu yedizdirməyə, hətta quldurların və beynəlxalq terrorçuların quluna çevrilərsən».
Putin 2000-ci ildə ilk dəfə prezident seçiləndən dəmir adam imici formalaşdırıb. Onun xalq arasında nüfuzu əsasən Rusiyanın beynəlxalq aləmdə nüfuzunun güclənməsi barədə çıxışlarına əsaslanır.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG