Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:34

Əsəd Cahangir: “Koroğlunu iqtidara qarşı qoymaq lazım deyil”


Əsəd Cahangir: “Koroğlunu iqtidara qarşı qoymaq lazım deyil”
Gözlə

No media source currently available

0:00 0:50:32 0:00
Direct-ə keçid

Əsəd Cahangir: “Koroğlunu iqtidara qarşı qoymaq lazım deyil”

Qara Namazov:

Koroğlu tarixi şəxsiyyət olub. Ancaq tarixçilər, dastançılar, aşıqlar, ozanlar onu o qədər şişirdiblər ki, tarixilikdən çıxarıblar...

Əli Əkbər:

Prezident çıxışında Koroğlu haqda “gözəl vətəndaş” kimi danışdı. Bu fikir sosial şəbəkələrdə lağlağı predmetinə çevrildi...

Seymur Baycan:

Bu gün kimsə banan gətirən oliqarxın evini çapsa-talasa, camaata paylasa, biz sevinməyəcəyik?..

Əsəd Cahangir:

Mən “Koroğlu”nu 10 yaşımda əzbər bilirdim, Seymur Baycan 40 yaşında oxuyub. 30 yaşdan sonra “Koroğlu” oxumaqla onu başa düşmək olmaz.


“Pen klub” verilişində bu dəfə studiyamıza gələn yazıçılar Seymur Baycan, Əli Əkbər və folklorşünas professor Qara Namazov, tənqidçi Əsəd Cahangirlə (telefonla) dastan qəhrəmanı Koroğludan danışdıq.

PROQRAMIN AUDİOYAZISINI DİNLƏ

“TARİXDƏ İKİ KOROĞLU OLUB”

Şahnaz Bəylərqızı:

- Qara müəllim, Koroğlu tarixi şəxsiyyətdir, yoxsa mifik qəhrəman?

Qara Namazov:

- Koroğlu tarixi şəxsiyyət olub. Ancaq tarixçilər, dastançılar, aşıqlar, ozanlar onu o qədər şişirdiblər ki, tarixilikdən çıxarıblar.

Koroğlu təxminən XVI əsrin əvvəlində yaşayıb. Osmanlı imperiyasında ayrı-ayrı feodallar arasındakı çəkişmələr üsyanlara gətirirdi.

Bu üsyanlar nəticəsində 32 dəstə yaranmışdı. Aşıqlar da bunu şişirdir, miflər yaradırdılar.

Yəni Koroğlunun atının dəniz ayğırından törəməsi, Misri qılıncın metereoitdən yaranması, Koroğlunun Qoşabulaqdan su içib qəhrəmanlıq qazanması kimi...

- Qara müəllim, Koroğlunun tarixi şəxsiyyət olmasını sübut edən hansı sənədlər var?

- Koroğlunun adı Rövşən olub. Türkiyədə “Topqapı”da bu haqda külli miqdarda sənəd var. Hətta dövlət onun dəlilərindən birinə - Dəli Həsənə 10 minlik dəstə verib, o da gedib Alp dağlarında vuruşub.

Koroğlu dövlətə qarşı vuruşmayıb. Heç vaxt. Hətta iki Koroğlu olub. Biri Sultan Gənc Osmanın zamanında yaşayıb,

1585-ci ildə onun bütün yürüşlərində iştirak edib. O biri Koroğlu isə qaçaq dəstəsinin
Qara Namazov
Qara Namazov
başçısı olub. Xarici müdaxiləyə qarşı da çıxıb, yerli feodallarla da mübarizə aparıb.

- Hansı ərazidə yaşayıb?

- “Koroğlu” da “Dədə Qorqud” kimi türk xalqlarının ortaq abidəsidir. İkincisi, Qərb müəlliflərinin yazdıqlarına görə, dastan Azərbaycanda yaranıb.

Dastan Aşıq Sadıqdan toplanıb, 1842-ci ildə Londonda çap olunub. Qərb mənbələrinin yazdıqlarına görə, Koroğlu Şimali Azərbaycanda – özü də Azərbaycan sözü işlənib orda - fəaliyyət göstərib.

Koroğlu osmanlılar arasında gəzəndə çox vaxt onu tanımayıblar, həmişə aşıq libasında gəzib.

Bu da onun gəlmə olduğunu, Şimali Azərbaycandan gəldiyini göstərir. Tovuzda, Şəmkirdə onun adına yerlər var, Şamlıq, Koroğlu düzü, Dəlilər stansiyası...

SEYMUR BAYCAN “KOROĞLU” HAQDA YAZDIQLARINA GÖRƏ VİCDAN ƏZABI ÇƏKİR

Seymur Baycan:

- Koroğlu haqda 5-6 il əvvəl çox yazmışam. O vaxt dəstə halında inkarçı mövqe tutmuşduq.

Sağı-solu qılınclayırdıq. O vaxt tənqid hədəfinə, gülüş hədəfinə çevirdiklərimizdən biri də Koroğlu idi. Çox sataşmışdıq ona.

Mənə elə gəlir ki, bu, təbii idi, bəlkə də olmalıydı. Amma 15-20 gün əvvəl “Koroğlu” dastanını yenidən oxudum.
Mövqeyim tamam dəyişdi. Dastanın dili çox gözəldir, dinamikdir, oxunaqlıdır. Zamanında mən Koroğlunun dilindən çox yazmışdım ki, igidlik ondur, doqquzu qaçmaqdır, biri də gizlənmək. Amma dastanı oxuyanda gördüm ki, Koroğlu bunu Aslan Paşa haqda deyib. Mən ona haqsızlıq eləmişəm. Bir az da vicdan əzabı çəkdim buna görə.

“BU GÜN KİMSƏ BANAN GƏTİRƏN OLİQARXIN EVİNİ TALAYIB CAMAATA PAYLASA SEVİNMƏYƏCƏYİK?...”

Ş.B:

- 1990-cı illərdə mətbuatda yazırdılar ki, Koroğlu qəhrəman kimi təqdim oluna bilməz, elə öz xalqından olan xanlara, paşalara qarşı çıxıb, amma əslində yadelli istilaçılara qarşı döyüşə bilərdi. Yaxud 5 qazan yemək yeməsinə lağ olunurdu ki, qəhrəmanlıq budurmu?..

S.B:

- Bu, mifik qəhrəmandır. Bu da yeməyib kim yeyəcək? İndiki dövrdə 2-3 kişi 1 litr arağı qabağımıza qoyub az qala hərəmiz bir qoyun yeyirik. Buna niyə lağ edək?.. Qaldı o zaman tacirləri, paşaları soymasına, həqiqətlər paralellərdə açılır. Bu gün xalqımıza saxta mal satan, monopoliya yaradanlar azərbaycanlılar deyillər? Deməli, biz bu gün onlara da susmalıyıq? Bananı kim gətirir Azərbaycana? Həmin oliqarxlardır. Bu gün kimsə banan gətirən oliqarxın evini çapsa-talasa, camaata paylasa, biz sevinməyəcəyik?..

“MƏN “KOROĞLU”NU 10 YAŞIMDA ƏZBƏR BİLİRDİM. SEYMUR BAYCAN 40 YAŞINDA OXUYUR”

Əsəd Cahangir:

- Seymur Baycan dastan haqda qələm adamı kimi danışa bilər. Amma hər işlə diletantlar yox, peşəkarlar məşğul olmalıdırlar. Mən Seymur Baycanı dinlədim.
Seymur Baycan və proqramın aparıcısı Şahnaz Bəylərqızı
Seymur Baycan və proqramın aparıcısı Şahnaz Bəylərqızı
Səhvlərini də, etiraflarını da dinlədim. Amma o səhvlərin, o etirafların “Koroğlu” dastanının dərkində heç bir əhəmiyyəti yoxdur. Dastanı anlamaq mifin dilini bilməyi
tələb edir. Bəli, bu tarixi dastandır. XVII əsrin əvvəllərində baş verən tarixi hadisələrlə bağlıdır. O həm də mifik dastandır. XVII əsrdən öncə də bu dastan mövcud idi, xalqın təfəkküründə, yaddaşında. Amma mifin bir özəlliyi var. Şifahi şəkildə yarandığından o hər bir tarixi şəraitdə yeni bir don geyinir. XVII əsrdə dastan sonuncu donunu geyib. Onun altında çoxlu qatlar var və onu Tanrıya bağlayır. “Kor” sözü ilə “qor” sözü eyni kökdəndir. Qorqud da, Koroğlu da eyni kökdən olan dastanlardır. Misir mifologiyasında Qor baş tanrıdır. Bu, Azərbaycan tarixidir, bəli, eyni zamanda qlobal dastandır. Burda Misir, hind, İran, yunan mifologiyası ilə bağlı məqamlar da var. Koroğluya belə bayağı münasibət göstərmək olmaz. “Niyə Koroğlu çox yeyirdi” kimi yanaşma bayağıdır. Mən “Koroğlu”nu 10 yaşımda əzbər bilirdim, Seymur Baycan 40 yaşında oxuyub. 30 yaşdan sonra “Koroğlu” oxumaqla onu başa düşmək olmaz.

S.B:

- O dastanı elə uşaqlıqda da, yeniyetməlikdə də oxumuşam. Əsəd bəy məndən akademik yanaşma istəyirsə, mən razıyam, akademik deyiləm. Nizami Cəfərovun Koroğlu haqda danışması üçün heykəl açılmalıdır və ya mütləq prezident iştirak etməlidir, ya AzTV olmalıdır? Gəlsin danışsın da... Mən heç kimin yerini tutmamışam. Onlar Koroğlu haqda danışırlar, amma özlərini Keçəl Həmzə kimi aparırlar.

“KOROĞLUNU İQTİDARA QARŞI YÖNƏLTMƏK OLMAZ”

Əli Əkbər:

- Bu gün sosial şəbəkələrin birində Koroğlu haqda maraqlı fikrə rast gəldim. Bir nəfər soruşur: “Belə başa düşmək olarmı ki, İlham Əliyev bir növ insanları itaətsizliyə çağırır? Yəni Koroğludan nümunə götürün, varlılardan alıb kasıblara verin”. Prezident heykəlin açılışında kasıblardan danışıb həmin çıxışda...

Ş.B:

- Dəqiq sitat beləydi: “Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində

Əsəd Cahangir
Əsəd Cahangir
idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi”.

Ə.Ə:

- Azərbaycan hakimiyyətinə yad olan hər şeyi sadalayıb. Bəlkə elə bizi itaətsizliyə səsləyir dövlət başçısı? Yəni Koroğludan ibrət götürək, Koroğlu kimi olaq. Koroğludan nə öyrənə bilərik? Kasıbların yanında olmağı. Amma necə? Koroğlunun metodlarından istifadə edərək? Elədirsə, xoş bir şeydir.

Ə.C:

- “Koroğlu” dastanına bu gün ehtiyacımız var, bəli. Çünki xalqın qəhrəmanlıq idealına ehtiyacı var. “Koroğlu”dan ancaq bu cür söhbət gedə bilər. Bir xalqın qəhrəmanlıq ruhunu qaldırmaq üçün demək lazımdır ki, bax öz keçmişinə, mədəniyyətinə, ona uyğun ol və erməniyə qalib gəl. Koroğlunu iqtidara qarşı yönəltmək lazım deyil. Yəni daxili münaqişə, siyasi hakimiyyət predmetinə çevirmək lazım deyil. Bizim düşmənimiz var, müharibə aparan ölkəyik və bizim qəhrəmanlıq idealına ehtiyacımız var. Niyə Mübariz İbrahimov kimi qəhrəmanlar azdır? Ona görə ki, Seymur Baycan kimi adamlar Koroğlu kimi adamları ruhdan salırlar. Deyirlər ki, sənin qəhrəmanlıq ruhun yoxdur, sən qorxaq xalqsan, sən məğlubiyyətə məhkumsan... Füzulini söy, muğamı söy, Nizamini, Axundovu söy, Səməd Vurğunu söy. Nə var, nə var şöhrət qazanır. Bu qədər cılız məqsəd xatirinə tarixi qəhrəmanları biabır etmək lazımdır?

S.B:

- Mən təəssüf edirəm ki, Əsəd Cahangir söhbəti mənim üstümə gətirdi. Mən heç vaxt Axundovun əleyhinə çıxmamışam. O hər bir şüurlu azərbaycanlının fəxr edəcəyi şəxsiyyətdir. Mən onu Şərqin Volteri adlandırmışam. Azərbaycanın düşüncə təfəkkürü
Əli Əkbər
Əli Əkbər
Axundovla başlayır. O ki qaldı, akademik biliklərə, o akademik bilik prezident təqaüdü almağa, Fəxri Xiyabanda basdırılmağa hesablanacaqsa mənə lazım deyil.

“KOROĞLUNU BİRBAŞA BU İQTİDARA QARŞI QOYMAQ LAZIMDIR”

Ə.Ə:

- Bəlkə Əsəd Cahangir “qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipi ilə prezidentə çatdırmaq istəyir ki, Koroğlu haqqında danışma?.. Prezident çıxışında Koroğlu haqda “gözəl vətəndaş” kimi danışdı. Bu fikir sosial şəbəkələrdə lağlağı predmetinə çevrildi. Səbəb bilirsiz nədir? Dövlət başçısı ənənəvi ritorikadan kənara o qədər az çıxır ki, artıq ajiotaj yaranır. Sosial şəbəkələrdən birində bu mövzunun müzakirəsi artıq qadağan edilib.

Ş.B:

- Əsəd Cahangir dedi ki, Koroğlunu iqtidara qarşı qoymaq olmaz, razılaşrısızmı?

S.B:

- Xeyr. Mən deyirəm ki, Koroğlunu birbaşa bu iqtidara qarşı qoymaq lazımdır. Biz əvvəlcə öz problemimizi həll etməliyik, 20 faizi düşünməliyik. Əvvəlcə 80 faizi işğaldan azad edək, sonra 20 faizi azad edərik.

PRODÜSSER: CAVİD ZEYNALLI
XS
SM
MD
LG