Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:32

«Vətənpərvərlik - vətəndaşına ədalət verməkdir»


Azər Həsrət
Azər Həsrət
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında jurnalist Elnur Astanbəyli vətənpərvərlik mövzusunda danışarkən deyib. Jurnalist Azər Həsrət isə bildirib ki, vətəni sevən korrupsiyaya bulaşmamalıdır.

Azər Həsrətin sözlərinə görə vətəni sevmək, vətənpərvər olmaq hər hansı tək bir sahədə özünü uğurlu bir şəkildə realizə etməkdən ibarət deyil. Vətəni sevmək hər kəsin olduğu yerdə üzərinə düşən vəzifələri kompleks şəkildə vicdanla yerinə yetirməsi deməkdir. Onun sözlərinə görə bu gün vətənpərvərlikdən dəm vuranların əksəriyyəti saxtadırlar:
«Vətənpərvərlikdən danışanların əksəriyyəti əsl vətənpərlər deyillər. Çünki o adamların əksəriyyətini siz axtarsanız görərsiniz ki, onların 90 faizi korrupsiyaya bulaşıb. 90 faizi bu milləti satıb. Bu dövləti, bu ölkəni, bu vətəni satıblar. Biri var gerçək vətənpərvərlər, biri də var psevdo vətənpərvərlər. Vətəni sevən korrupsiyaya bulaşmamalıdır».
Azər Həsrət bildirib ki, Azərbaycan haqqında xarici telekanallarda gedən tənqidi reportajlar və sujetlərə görə həmin reportajları ortaya çıxaran müəlliflər günahkar deyil. Onun fikrincə günahkarlar tənqid üçün bu şəraiti yaradanlardır:
«Qərb mətbuatı üçün bu normaldır. Orada kimi istəsələr onu tənqid edə bilərlər. Heç kim də ona heç nə deməz. Sadəcə burda maraqlı tərəf ondadır ki, burda vətənpərvər olduğunu iddia edən kəsim evləri dağıdılan 20 min nəfər haqda heç nə danışmırlar. «Eurovision»un uğurlarından danışırlar. Ancaq bu müsabiqəyə görə evsiz qalanları görməməzlikdən gəlirlər. Bu şəraiti yaradanlar əslində Azərbaycana xəyanət edənlərdir, Azərbaycanı satanlardır. Və belə adamlarını özlərini Azərbaycanda vətənpərvər elan etməyə ixtiyarı yoxdur».
Elnur Astanbəyli
Elnur Astanbəyli
Jurnalist Elnur Astanbəyli isə deyib ki, əsl vətənpərvərlər vətəni üçün, vətəndaşı üçün ədalətli olanlardır:
«Vətənpərvərliyin arxasında gizlənib Azərbaycanda hər şey etmək mümkündür. Necə ki, elə bunu edirlər. Məsələn bir çox şəxslər Taksim meydanında «Xocalıya ədalət» qışqırdı. Onlardan bəziləri Azərbaycana ədalət verməyən sistemi müdafiə edir, öz vətəndaşına ədalət istəmir. Əgər belə vətənpərvərsənsə Azərbaycana niyə ədalət istəmirsən?»
Elnur Astanbəyli bildirib ki, son vaxtlar Azərbaycanda vətənpərvərlik bir alver vasitəsinə çevrilib:
«İllərdir Azərbaycanda hamının ağzından «bizim Qarabağ kimi dərdimiz var» deyib vururlar. Korrupsiyadan danışırsan deyirlər ki, erməni dəyirmanına su tökürsən. Azərbaycanda bu gün vətənpərvərliklə bütün ölkənin reallıqlarını malalayırlar. Azərbaycanda vətənpərvərlik artıq mənim üçün korrupsiyanın, seçki saxtakarlığının sinoniminə çevrilib. Çünki bu ölkədə elə adamlar vətənpərvərlik haqqında danışırlar ki, adamın daha deməyə sözü olmur».
Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG