Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Rusiya prezident seçir


Valdivostokda seçki banneri.
Valdivostokda seçki banneri.

Martın 4-də Rusiyada prezident seçkiləri keçiriləcək. Seçkidə 5 nəfər – indiki Baş nazir Vladimir Putin, Kommunist Partiyasının lideri Gennady Zyuganov, Liberal-Demokrat Partiyasının lideri Vladimir Zhirinovsky, milyarder Mikhail Prokhorov və “Ədalətli Rusiya” Partiyasının sədri Sergey Mironov mübarizə aparacaq.

Namizədlər haqqında qısa məlumat:

Rusiyanın indiki Baş naziri, 59 yaşlı Vladimir Putin bu seçkinin favoriti hesab edilir.
Vladimir Putin
Vladimir Putin

2000-ci ildən 2008-ci ilə qədər prezident olan Putin 4 il Baş nazir vəzifəsində işləyəndən sonra yenidən prezident kürsüsünə qayıtmaq istəyir.

O, prezidentliyinin ilk dövrlərində dövlətin güclənməsi üçün çalışıb. Yeltsinin hakimiyyəti dövründə çox güclənən iş adamlarına qarşı müharibə elan edib. Onunla mübarizə aparan Khodorkovski kimiləri isə həbsə atdırıb.

Putin "Kommersant" qəzetində dərc edilən təşviqat məqaləsində bildirmişdi ki, Rusiyada daha çox birbaşa demokratiyaya ehtiyac var. Putin bələdiyyələrə birbaşa seçkilər və lokal səviyyədə referendumlar vəd edir. O, deyib ki, cəmiyyət 2000-ci ildən bu yana dəyişib deyə siyasi sistemi də dəyişmək lazımdır.

Gennady Zyuganov
Gennady Zyuganov

67 yaşlı Gennady Zyuganov keçmiş fizika müəllimidir. 1993-cü ildən Rusiya

Kommunist Partiyasının lideridir. 1994-cü ildən dördüncü dəfədir prezidentliyinə namizədliyin irəli sürür.

O, Baş nazir Putinin apardığı iqtisadi siyasəti pisləyərək ölkədəki korrupsiya və bürokratik əngəllərə görə yerli iş adamlarının xarici ölkələrə investisiya qoymaqda maraqlı olduğunu bildirib.

Liberal-Demokrat Partiyasının lideri 65 yaşlı Vladimir Zhirinovsky siyasətə 1990-cı ildə gəlib. Prezident seçkilərində beşinci dəfə iştirak edəcək.
Vladimir Zhirinovsky
Vladimir Zhirinovsky

O, parlamentdə və televiziya ekranlarındakı dava-dalaşları ilə məşhurdur.

Deyib ki, prezident seçilərsə, hazırkı parlamenti buraxacaq, Dövlət Dumasına təkrar seçkilər keçirilməsi qərarı verəcək.




46 yaşlı milyarder Mikhail Prokhorov Rusiyanın yeni liberal orta sinfinin lideri sayılır. Bankir olan Prokhorov Rusiyanın üçüncü ən varlı adamıdır.
Mikhail Prokhorov
Mikhail Prokhorov

O, həm də yaxşı basketbol oynayır. 2009-cu ildən New Jersey Nets komandasının sahibidir. Avropa tərəfdarı olan Mikhail Prokhorov rubldan avroya keçilməsini istəyir. Kremlin adamı olması haqqındakı iddiaları özü rədd edir.





“Ədalətli Rusiya” Partiyasının lideri, 59 yaşlı Sergey Mironovun
Sergey Mironov
Sergey Mironov
kampaniyasının əsasını isə rüşvətxorluqla mübarizə təşkil edir. O bildirib ki, prezident seçiləcəyi təqdirdə ölkədə zəruri siyasi islahatlar həyata keçirəcək. Bu islahatlardan sonra isə istefa verəcək.

Rüşvətə görə cəzanın daha da artırılmasını istəyən Mironov həm də təklif edir ki, təkcə korrupsionerin deyil, onun ailə üzvlərinin də əmlakı müsadirə edilsin.

Mironov hesab edir ki, təhsil, səhiyyə, sosial xidmətlər, elm, mədəniyyət və idman sahəsində çalışan dövlət qulluqçularının maaş və pensiya təminatı vahid səviyyəyə qaldırılmalıdır.

Müstəqil namizəd kimi mübarizə aparacaq Grigory Yavlinskinin namizədliyi isə qeydə alınmadı. Yavlinski seçkilərin ədalətli keçirilməyəcəyini bildirib. O deyib ki, “bu seçkidə müxalifətdən olan heç bir namizəd iştirak etmir”.

Rusiya prezidenti Dmitri Medvedev xalqı seçkilərdə fəal olmağa çağırıb. Medvedev bildirib ki, rus xalqı demokratiya yolunda böyük təcrübə qazanıb və istədiklərini hökumətin əli ilə həyata keçirmək istəyini göstərir. “Bu da vətəndaşların Rusiyanın gələcəyinin qarşıdakı seçkilərlə bağlı olduğunu yaxşı başa düşdüyünü göstərir”. Öz seçicilərinə müraciətində Baş nazir Vladimir Putin rahat qalib gələcəyini bildirib.

Ekspertlər Putinin ən güclü rəqibinin Zyuganov olduğunu deyirlər. Zhirinovskinin 8 faiz, Prokhorov və Mironovun 6-5 faiz səs qazanacağı proqnozlaşdırılır. Putinin isə 66 faiz səsə qazanacağı gözlənilir.

Son sorğulara görə seçicilərin 40 faizi seçkilərdə iştirak etməyəcəyini bildirib. Onların çoxu buna əsas kimi bu dəfə də saxtakarlıqların olacağını bildirir.
Seçki yerli vaxtla səhər saat 8-də başlayıb axşam saat 20.00-da başa çatacaq.

Rusiyada əvvəllər 4 illiyinə seçilən prezident Konstitusiyaya dəyişikliklərdən sonra bu dəfə 6 il prezident olacaq.
XS
SM
MD
LG