Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:30

Oğuz-Qəbələ-Bakı su kəməri susuzluq yaradır?


İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə baxarkən
İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə baxarkən
«Oğuz-Qəbələ-Bakı su kəməri kəndlərimizi susuz qoyur. Qaynama sular quruyur». Şəkinin Aşağı Kəldək kəndindən Bakıxan Qəribov AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, kənddə 50 qaynama su olduğu halda indi biri qalıb:
«Onun da 30 faizi azalıb».

Oğuz-Qəbələ su kəmərinin bir hissəsi Şəki ilə Oğuzun sərhəd kəndlərindən keçir:
Köbər-Zəyzid, Aşağı Kəldək, Aşağı Daşağıl, Aydınbulaqdan.

Bakıxan Qəribov deyir ki, tək onlarda yox, Oğuzda da bəzi kəndlərdə bulaqlar quruyur:

«Kəmər işə düşəndən sonra hər artezian saniyədə 90 litr su vurur. Ömrü boyu özbaşına qaynayan sular azalmağa başladı. Aşağı Kəldək kəndində 50-dək qaynama su vardı. Cəmi bir-ikisi qalıb. Bizdə olan məlumata görə, qonşu kəndlərdə də belə vəziyyət yaranıb. Su artezianları Şəki ilə Oğuzun tam sərhədindən başlayıb. Kəmər boyunca, hardasa 20 km radiusda qaynama sular azalmağa başlayıb, hətta çoxu quruyub».

«VEDRƏYLƏ SU DAŞIYIRIQ»

Kəldəkin başqa sakini Samirə Məsimova:

«3 azyaşlı uşağım var. Neçə yüz metr yol gedib su gətiririk. Mal-qara susuzdur. Vedrəylə su daşıyırıq. Bu gün- sabah yazdır. Dirriyə su yoxdur. Bir qonaq gələndə 500-600 metrdən su gətiririk. Oğuz-Qəbələyə su götürüləndən sonra qaynama sular qurudu. Neçə ildir kənddə yaşayırıq, mənim babam 95 yaşındadır. Həmişə kəndə su gəlib. Amma indi kəmərə su götürüləndən bizə su yoxdur. Artezianlara su gəlir, amma bizə vermirlər».

Bakıxan Qəribov kənddə dolaşan bir söhbəti də bölüşür:

«Camaat arasında danışırlar ki, sovet vaxtında geologiya naziri Şəkinski olub. Bu məsələ onda da qalxıb. Bu kişi də o vaxt gedib Heydər Əliyevin yanına ki, bu proyekti reallaşdırmaq olmaz. Bu, xalq arasında danışılıb. Əlimdə əsas yoxdur. Təbii ki, bu azalmalar su kəmərinin çəkilişindən sonra olub».

Telman Zeynalov
Telman Zeynalov
Kənd camaatı çox yerə yazdığını deyir. Cavab Ombudsman Aparatından gəlib. Məktubda Şəki İcra Hakimiyyətinin cavabı yerləşdirilib. İcra Hakimiyyəti bildirib ki, həqiqətən də su problemi var və lazımı qurumlar qarşısında məsələ qaldırılıb. Bu haqda az sonra…

«ALLAH O SUYU VERMİŞDİ Kİ…»

«Ekoloqlar ilk gündən deyirdilər ki, Oğuz-Qəbələ-Bakı su kəmərini çəkmək olmaz». Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov belə deyir:

- Bakıya su gətirilməsi ordakı bulaqların qurumasına gətirib çıxaracaq. Bunu mən demişdim. Belə layihələr olanda mütəxəssislərin fikrini öyrənmək lazımdır. Özbaşına iş görmək olmaz. Mən demişdim ki, aşağı zonalarda meşə yanğınları ola bilər, quraqlıq ola bilər, səhralaşma gedə bilər. Allah o suyu vermişdi ki, o su ordakı ağacları, meşəni inkişaf etdirsin. Sən o suyu, bulaqları gətirəndə inkişafın qabağını kəsəcək. Demək quraqlıq yaranacaq, bulaqlar itəcək.

- Ümumiyyətlə, geriyə yol varmı, prosesi dayandırmaq olarmı?

- Ordan, bulaqlardan su gətirməyə son qoymaq lazımdır.

- Amma layihə çəkilib…

- Ondan keçib. Artezian quyuları qazmaq lazımdır ki, o zonanın təbiəti özünə gəlsin. Zeynalabdin Tağıyev araşdırma aparmışdı və Qubadan su gətirtmişdi Abşerona, Bakıya. O, hesablamışdı bunu. İndi təzədən su gətirmək quraqlıq yaratmaqdır. O zonanı susuz qoymaqdır. Onlar da buna əl atdılar.

«ƏLAQƏSİ YOXDUR»

Azersu
Azersu
Şəki İcra Hakimiyyətindən bildirdilər ki, həmin kəndlərdə qaynama suların qurumasının kəmərə dəxli yoxdur: «Su kəmərinin bizim kəndlərlə əlaqəsi yoxdur. Yanlış məlumatdır». Ombudsman Aparatına göndərilən cavabı isə təkzib etdilər.

««Azərsu» ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da deyir ki, Oğuz-Qəbələ su kəmərinin Şəkiyə dəxli yoxdur. Hətta bu məqsədlə komissiya yaradılıb və araşdırma da aparılıb. Deyir ki, qaynama suların quruması qlobal istiləşmənin nəticəsi ola bilər. Amma Anar Cəbrayıllı deyir ki, Oğuzda həqiqətən də belə problem var, bəzi bulaqlar quruyur:

«Bayan, Bucaq, Kərimli və Xaçmaz kəndləri quyu zonasına yaxındır. Ona görə orda su təchizatının yenidən qurulmasına yenidən başlamışıq. Saniyədə 5 kubmetr su götürür və su ehtiyatlarına təsir edir. Tam quruma yoxdur. Amma müşahidə aparmışıq, bəzi yerlərdə bulaqlarda su azalır. Əhalinin su təchizatının əvvəlki səviyyədə saxlanması üçün addımlar atırıq».

Anar Cəbrayıllı meşələrin quruması, səhralaşma haqda fikirlərə belə cavab verdi: «Gözləmirik».

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən isə məsələyə münasibət öyrənə bilmədik.
XS
SM
MD
LG