Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:51

Tehran Əlişanoğlu: ""Haramı"nı Ədəbiyyatımızda böyük hadisə saymıram, amma


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu
Tənqidçi Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçı Şərif Ağayarın "Haramı" romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


"“Haramı”nı Ədəbiyyatımızda böyük hadisə saymıram; zira bu, olsa-olsa, gənc yazarlarımızın roman yaratmaq cəhdlərindən daha birisidir.

Amma bunu Şərif Ağayarın yaradıcılığında böyük niyyətlərə doğru atılmış addım hesab edir və alqışlayıram. Hərçənd roman onun nasir istedadını, təfərrüatlı hekayə və obraz yaratmaq bacarığını təkrarən təsdiqləməkdən o yana getmir".



Tehran Əlişanoğlu


HARAMI - HARAM BUYRULMUŞ YERLƏR

Müharibə, yoxsa həyat...

Kim deyirsə ki, “Haramı” romanında Qarabağ mövzusu adına bircə cümlə var (“Romanda Xalidə başlarına gələnləri qaçqınlıqla izah eləyir, “öz rayonumuzda olanda ərim də belə deyildi” deyir. Məhz bu bir cümləylə roman Qarabağ romanları kateqoriyasına daxil olur”), bunu qəsdən deyir; qıcıqlandırmaq üçün deyir.

O cür cümlələrdən romanda nə qədər desən, tapmaq olar; yəni romanda hadisələrin cərəyan etdiyi zaman-məkan sərhədi birbaşa erməni işğalı həndəvərindədir.

İntəhası, necə ki, hər gün atəşkəs xəttində sərvaxt durub da minaya düşməkdən qorxuruq, roman hadisələri də eləcə birbaşa Qarabağ müharibəsi mövzusunun üzərinə getməkdən çəkinib, oluşduğumuz Atəşkəsi düşünməyi tərcih edir...

Mən razı deyiləm ki: guya Şərif Ağayarın üstünlüyü “müharibə insanı”nın ağrı-acılarını yaza bilməsidir (“Çağdaş nəsrdə bu ağrı simvolikası Şərifin mətnlərində daha yaxşı əksini tapır...”); və öz fikrimdə qalıram ki: “Hərçənd: Qarabağ, ya Aladağ... – qonşu davasından Ədəbiyyat olmaz ki; Ədəbiyyat olar İnsan savaşından, həyat-ölüm savaşından, Ruhun mücadiləsindən...”

Şərif Ağayar sırf Atəşkəs dövrünün yazarıdır; həyatı-sülhü-firavanlığı, İnsan sevinci-nəşəsi-ləzzətlərini yazmağı üstün bilir və hekayələrində də başlıca olaraq bunu və bəli, buna əngəl olan müharibəni yazır: “O, “müharibə hekayələri”ndə heç də müharibəni axtarmır, əksinə, “həyat savaşı” aparır”...

Mən Şərifin istedadını, Ədəbiyyat sevgisini və düşünülmüş Ədəbiyyat yaratmaq ehtiraslarını çox yüksək qiymətləndirirəm. Buna görə də roman haqqında bütün tərifli sözlərə sevinərəkdən, bir çoxunun altına xətt də çəkib, yalnız və yalnız tənqidini verməyə çalışacam; əgər buna tənqid demək olarsa...

Mövzu barədə

Bizim milli varlığımızda, təbiətimizdə hələ də axıracan öyrənə bilmədiyimiz saf -vəhşi-yabanı, uyarılmamış bir Haramı var; bu o yerdir ki, bütün mədəni XX əsr boyu, habelə sovet dönəmində də, müharibəni ötürüb atəşkəs zamanında da yenə var, milli (və mənəvi) ərazilərdə yuva salıb-coğrafiləşib.

Adına istər: Kişilik xisləti de, istər: Təbiət hadisəsinə nisbət ver, istər: keçmişə-nostaljiyə yoz (“Səməndər vaxtından çox-çox gec gəlib dünyaya...”) – bu var; var ki, yazıçı onu romanında konkret kəşf və tədqiq etməyə girişir...

Bəli, fəhm yazıçını aldatmayıb, burda əməlli-başlı roman mövzusu “qaynaşır”; bir yandan erməninin cızdığı, digər tərəfdən sivilizasion və ən nəhayət, milli-feodal basqılar (“dövləti” strukturdan məişətəcən) aralığında sürdür görək – (Kişi) həyatını, göstər görək – Təbiətini, görüm, necə-nə cür edəcəksən... Və romançının ardınca, diqqətini Səməndər obrazının üzərində cəmləyən və paradiqmini eləsinə də (Koroğluyacan), beləsinə də (Cahandar ağadan...) gəlişdirən bütün tənqidçi həmkarlarımla şərikəm; ələlxüsus da tipajı Ədəbiyyatın təzədən sınağa çəkdiyini hədəf götürən Elnarə Akimova ilə. “Bu obrazın sələfləri də milli yaddaş daşıyıcıları kimi sanki tarixə dönmüş, öz funksionallıqlarını dondurmuşlar. Ş.Ağayar bu mövzunu yenidən təsvir predmetinə çevirməklə həm də zamanı yeni sınaq qarşısına çıxarır: yeni cəmiyyətdə milli insanın mövqeyi necə görünür, o yenədəmi cəmiyyət üçün “artıq adam”dır...”

Bəlkə E.Akimovanın yanaşmasında bircə nüansla: guya romanın milli-mənəvi yaddaşı oyatması məsələsi ilə razılaşmamaq gərəkir; o da o mənada ki, məgər Cahandar ağadan bu yana bu Obraz milli və bədii yaddaşdan hara getmiş ki; elə neçəsini tənqidçi özü sadalayır: “Milli nəsrimizdə bu mövzunun bir sıra sələfləri olduğu məlumdur: İ.Şıxlının “Dəli Kür” “Ölən dünyam”, F.Kərimzadənin “Qarlı aşırım”, İ.Əfəndiyevin “Üçatılan”, S.Azərinin “Duman çəkilir” kimi nümunələrində patriarxal qanunlar funksionaldır, bu və ya digər şəkildə milli xarakterin özəlliklərindən rişələnirlər”. Daha başqa (yeni) tiplərini mən yada salım: Anarın Qazan xanı (“Dədə Qorqud”), Aqil Abbasın Batmanqılıncı (“Batmanqılınc”), Kamal Abdullanın Bayandır xanı (“Yarımçıq əlyazma”), Həmid Herisçi “Nekroloq”unda hətta klassik Cahandar ağanı bugünün müstəntiq obrazına dekonstruktə etməyi təklif edirdi... Bu qaydayla, Oxucu da öz yaddaşını silkələsə, yanılmadığımı görəcək.

Belə ki: Şərif Ağayarın Səməndəri hələ bu sırada ən yabanısı, kor-təbii gəlişənidir; o qədər ki, Millət-Cəmiyyət-Vətən ərazisində deyil, bunların dışında, (romanda qabardıldığı kimi) müharibənin sıxışdırdığı yerlərdə Yurd tutur... O mənada ki, Səməndər obrazı Kişi(lik) xislətini bütün ibtidailiyi-çılpaqlığı ilə ortaya qoyur; və hətta resenzentlərdən biri romanın konsepsiyasını da burda arayıb, Kişi aqressivliyinə qarşı Gender mübahisələri ilə çıxır...

Bu ki, mənimcə: əgər yaddaş məsələsindən danışmaq vacibsə, romanda hansısa yaddaşın oyanması yox, məhz oyaqlığı-üsyanı- ipə-sapa yatmazlığı, aqressivliyi aktualdır, diqqətdədir...

Roman konsepsiyası haqqında

İndi məsələ bunu necə yazmaqda, təqdim eləməkdə, məğzinə-mənasına, bədii gerçəkliyinə varmaqdadır.

Bəli, Nərmin Kamal doğru xatırladır: hər bir romanın altzəmini-altniyyəti-konsepsionu olur ki: bunun üzərində yüksəlir-qərar tutur- işləməyə başlayır.

Amma onun nəmənəliyini yazıçının müsahibələrindən sormazlar ki; mətndə axtararlar.

Məxsusən biləndə ki: bu – yazıçının ilk romanıdır; fəhm elədiyini, duyub da dərk elədiyini adekvat yazmaq, ilk romanını yazan müəllif üçün, əlbəttə ki, asan deyildir...

Diqqət etsək, romançının hətta bundan qayğılandığını, darıldığını ilk Gündəlik qeydi də xəbər verir: “Həə, necəsən, çoxdandı yanın yerdə tikiş tutmur. Nə kitab oxuyursan, nə əməlli bir filmə baxırsan, nə də yazı yazırsan. Bax, əsl tükənmək buna deyərlər. Camaat nəsə yazıb tükənir, sən yanmamış söndün...” (Şərif Ağayar, Haramı. “Qanun”, 2011) Altniyyətlər həmişə bütünlüyü ilə gerçəkləşmir ki; əks halda: uğurlu, uğursuz romanlardan danışmazdıq...

Düşünürəm ki: “Haramı”da roman düşüncəsi heç də birbaşa Səməndər obrazı yox, Haramı metaforası üzərində qərar tutur, təzəliyini də (Cahandar ağa paradiqmində çaşıb qalmaqdansa: nə qədər təzədir, nə qədər köhnədir) bu istiqamətdə aramaq düz olar; Səməndər burda sadəcə yazıçıya mövzu verən materialdır.

Fəhmən də, hardasa
Şərif Ağayar
Şərif Ağayar
konseptual olaraq da romançı: Səməndərdə də, amma təkcə onda yox ki, təhkiyəçi-qəhrəman Rüstəmin duyğu və düşüncələrində də, hardasa sızdırdığı birbaşa yazıçı münasibəti-müdaxilələrində, o cümlədən quraşdırmağa çalışdığı əlavə simvolistik qatda da (o həramidən bu Haramıya, o hərəmlərdən bu haram-Haramılara gələ-gələ) – hər yerdə Haramını axtarır...

Təkrar edək: Haramı – milli varlığın, Təbiətimizin toxunulmamış-saf və eyni zamanda (sanki) haram buyrulmuş altqatı-sirri-zatı kimi!

O səpkidə ki, Şərif Ağayar modern (ya bəlkə də postmodern) üsullarla oynayıb, amma mahiyyətcə “Haramı”nı boyat, idillik mündəricədə təqdim eləyir – tənqid olundu.

Hətta dedilər ki, bu tipdə: amerikan kavboyları barəsində o qədər romanlar var ki; indi Azərbaycan kovboyunun nəmənə bir zat olduğunu dünyada kim bilmək istəyəcək axı?!

Amma mənimcə, bu – “Haramı” haqqında söylənən ən böyük kompliment oldu; hətta beynimdən ani fikirlər keçdi: Səməndərin sərgüzəştlərini (barəsində ki, müzakirə zamanı nə qədər xoş fikirlər səsləndi) çevirəsən ingiliscəyə, ötürəsən ABŞ nəşriyyatlarından birisinə, baxıb-görəsən amerikanlar nə dərəcədə maraqlanacaq...

Ondan deyirəm ki (“Qanun” nəşriyyatının nəzərinə!): şəxsən mənimçün çox maraqlı olardı amerikan kovboyları barəsində nəsə oxumaq; amma həqiqi bir şey olsun...

Əslində, bəli, romançı “Haramı”nı sırf idillik qatda yazmağa, tədqiq etməyə girişir; həqiqi bir şey kimi: ətraf dünyadan-realiyalardan-sivilizasiondan qoparıb, İnsan ruhunun bir parçası olaraq verir... E.Akimova romanda təhkiyə başlanğıclarını (təhkiyənin qurulduğu nöqtələri) dəqiq tutur; həmin bu İdilliya başlanğıcı hadisələrin söyləndiyi üç nöqtədən başlıcasıdır: “Həyətimizə bədheybət bir adam gəlir” və “Köçürük” deyə ayaq alır, “indiki zamanda”, təhkiyəçi-qəhrəman Rüstəmin dilindən, cərəyan edən zaman-məkana ən yaxın, hətta adlıq cümlələr məsafəsindən (“Haramı... Adını çox eşidib özünü görmədiyim məkan!”) nəql olunur.

Qəhrəman yaşadığı Qarabağlı-qaçqın taleli- mənəm-mənəmlik dolu real dünyadan tədricən, Oxucunun canlı şahidliyi ilə: Səməndərli- öz həyatı- öz qanunları- özəlliyi və gözəlliyi- çətinlikləri-təzadları ilə bahəm ruhuna məhrəm olan İdilliya dünyasına daşınır: coğrafi olaraq da, mənən də Haramıya dalır, onu kəşf edir və müvazi olaraq yaradır!

Həmin dünyanın sahibi, şəksiz ki, Səməndərdir; qanunlarını da, gerçək dünya ilə toxunub-ayrıldığı sərhəddi də təyin edən, bu əsnada qaçılmaz “partlayışları” yatırıb-yoluna qoyan da odur!

Bu baxımdan təbiət hadisəsi və (“Mədəniyyət”siz) Təbiətimizə (!) tən Səməndərə həmkarlarımın hədsiz aludəçiliyinə mən də qoşuluram; amma Rüstəmi də unutmayaq, həmin dünya eyni qədər, hələ bəlkə daha da çox onundur.

Milyarder Feyzullalar, qulbeçə Bəxşeyişlər, keşiklərində qoşun-qoşun duran polislər sırasında necə olur ki, Səməndərlər mümkün olur... – bunun analitik-realist tədqiqi-təqdimi yoxdur əsərdə (heç romanın (alt)niyyətində də bu yoxdur); nə varsa, Rüstəmin idillik (ziddiyyətsiz-filansız) seyri-yanaşması-sevgisi-heyrəti-pərəstişindən çatır bizə, bu məhz onun dünyasıdır!

Haramı eyni qədər də Rüstəmin içində-ruhundadır; Haramı ilə, təbiətlə, Səməndərlə təmas onun öz Təbiətinin (“haram”larının) kəşfinə doğru gedir.

Kişi xislətinin (Səməndərin) sorğusuz-sualsız yeridiyi-qəbul olunduğu hər şey, hər yer, hər kim: seyidi olsun, polisi olsun, oğru-doğrusu olsun onun ruhunu oxşayır, hətta qadınlara münasibətdə müəyyən tərəddüdləri varsa da, son halda yenə Səməndərin tərəfindədir...

Və budur, bayaqdan bəri real dünyada hansısa oğru-biznesmenin əlindən aciz-sərgərdan qalmış Rüstəm Kişiliyin yeridiyi İdilliya dünyasında Bəxşeyişə, Eyvaza, hətta Səməndərin özünə qarşı belə çımxırır- kükrəyir- üsyan edir (“kişiləşir”): “Silahı yerə qoydum və hirslə evə tərəf addımladım. “Sabah köçürük” – deyə Sərəngülə acıqlandım. Məni həmişə fağır görən Sərəngül üstümə çəmkirdi: “Nə olub, itə dönmüsən. Çöldəkilərin acığını mənnən çıxırsan?” Part! Sərəngülə bir şapalaq...”

Öz mədəni dünyasından qopub, nəinki çoban-oğru-basqınçı olmağa razı-ram olur, üstəlik: “çobanlığın fəlsəfəsi”nə, “oğruluğ”un doğruluğuna, hətta hər cür hünərin zoruna da haqq qazandırır: təki ölüm-itim olmasın! Bir baxın: “Müstəntiqə ərinizin dözülməz adam olduğu barədə uzun-uzadı danışmısınız, unutmusunuz ki, bu qədər dəhşətli təqdim etdiyiniz insan sizdən fərqli olaraq həyatı boyu bir nəfər belə öldürməyib...”

Nə qalır; bir o qalır ki, dağıldığı yerdən (ki, romanda Xalidənin Səməndəri öldürməsi anıdır) belə həmin bu illüziyalı-idillik dünyanın nostaljisinə dalasan; və eyni duyğuyla Oxucunu da aşılamağa çalışasan: Haramı nə imiş-nəmənəymiş- nə qədər ləzzətliymiş; axx, heyf Səməndərdən(mi?)...

Kompozision həqiqətlər

Fabula etibarilə sonuncu olan Ölüm səhnəsini romanın lap “Əvvəli”nə gətirməklə romançı bu dəfə olaylara bu nöqtədən-rakursdan (keçmiş kimi!) baxmaq, qiymət vermək əzmindədir; bu isə mətnə başqa bir – “keçmiş zaman”ın təhkiyəsi və ovqatını da gətirir. Xüsusən Səməndəri tanıdan ayrıca Əhvalatlarda və romanı epos-dastan ruhuna kökləmək səylərində görünür bu ...

Bu baxımdan, Cavanşir Yusiflinin qeyd elədiyi kimi: romanın kompozisiyası, əslində, (uğurlu olaraq!) çox sadədir; Haramını yazıçının materialında (Səməndərin sərgüzəştlərində) istər o yandan bu yana Rüstəmin idillik dünyası kimi izlə, istərsə də aqibətindən başlayıb, bir zaman olmuş ol Kişilər barəsində söz-dastan-əhvalat qoş-söylə...

Bu zaman ən diqqətçəkən isə Şərif Ağayarın təhkiyə texnikasıdır; belə ki, idillik dünyanın içindən verilən indiki zaman əsasən keçmiş zaman feilləri ilə nəql olunub uzaqlıq (onda, o zaman) təəssüratı yaradır; əksinə, bir zaman olmuş Əhvalatlar isə indiki zaman feilləri ilə söylənib indilik (həmin bu gördüyümüz Səməndər!) ovqatını yaradır...

Bu isə məhz “keçmişin indiliyi”ni istəyən-nostaljisinə dalan- şadyanalığını edən mükəmməl İdilliya poetikasıdır: Ax, öt ən əyyam olasan indilər!

Amma demişdik axı: Şərif Ağayar bugün bizdə düşünülmüş Ədəbiyyat yaratmağa iddialılardan birisidir; görünür, bu üzdən yazıçıya daha böyük mənalar vəd verən “qoç
Şərif Ağayar
Şərif Ağayar
Səməndərin əhvalatı”nı qaçqın bir ailənin tale pəncərəsindən, konkret: “Rüstəmin hekayəti” kimi təqdim etmək, göstərmək ona (d)ar gəlir.

Halbuki bayaqdan bəri əsaslandırmağa çalışdıq: romanda nə varsa, nə mənalar varsa, elə bu planda var!; hələ bəlkə bir az da korrekt olub, təhkiyəçi-qəhrəmana (Rüstəmə) axıracan inanmaq-etibar etmək- mane olmamaq gərək idi...

Maneçilik isə var: bu, hardasa qoç Səməndərin qoçaqlıqlarını dastanlaşdırmaq, sanki qoç Koroğluya nisbət vermək meyllərində görünür. İkinci təhkiyə planı, Əhvalatlar, əslində, bu niyyətdən doğulur...

Amma Haramı zahirən bənzəsə də, Çənlibel (xalq başlanğıcı!) deyil ki; Haramı məhz qaçındığımız (“haram”) yerlərdir; birləşdirmir, ayırır! Bu ki: “Urustam” ha çalışır, Səməndərin xoş əməlləri barəsində eşitdiklərini ha düzüb-qoşursa da, dövrə-zamana müğayir filan qədər “cinayət tərkibi” tapır, gəl ki xalq qəhrəmanlığına bənzər nəsə ortaya çıxara bilmir. Səməndər öz fərdi “kovboy həyatı”nın mənəvi ərazilərindən bir addım da o yana çıxmaq istəmir.

Odur ki, “Haramı”da epos qəhrəmanlığına xas nələrsə görüb-təqdir edən həmkarlarımla heç razılaşmıram. Doğrudur, mətnə yerləşdirdiyi haşiyələrdən birində guya (deyirlər: ironik olaraq!) romançı özü də ona diqqət çəkir ki, müasir anlamda, konstitusion hüquqlarla yanaşsaq, Koroğlu da başdan-ayağa “cinayətkar” olmuş olur... “Koroğlu” eposdur, söz sənətidir, aşığın ifasında xalqın mifik-tarixi təxəyyülünün məhsulu olub, konkret hansısa mənəvi keyfiyyətləri təqdir, hansısa naqislikləri təkdir edir.

Epos qanunlarını yazı-Mədəniyyət-Tarix qanunları ilə mühakimə etmirlər; istəsən (necə ki, romançı istəyir), yalnız yoza bilərsən ki, bu halda da Yazı öz, başqa məntiqini təklif edəsidir...

Elnarə Akimova romanı təfsirinin bir yerində belə bir məqama diqqət çəkir: “Ş.Ağayar zamana müxalif davranan obrazlar sırasında komediya qəhrəmanının iç dünyadüyumuna, onun mühakimə və tutumlarına (əsərdəki Rəcəb İvedik nüansı!) köklənsə də, faciə qəhrəmanının obrazını yaradır...”

Bəli, Yazı əsrində Koroğludan fərqli olaraq, qoç Səməndərin “oğruluğu” da, doğruluğu da, əslində, İroniya doğurmalıdır (bunu artıq mən deyirəm), nəinki hamılıqla “pəh-pəh-pəh”...

Və bəlkə roman təhkiyəsi də Sivilizasion nöqteyi-nəzərin tərəfində durub, ironik modus üzərində (yəni sərgüzəştlərə hardasa istehza eləyərəkdən) qurulsaydı, daha düz olardı?! Amma romançı, bəli, guya faciəni seçmişdir, bəs hansı faciəni?; Səməndərin (və ya Haramının) hər an Zamanla tərs-avand düşmüş fəciliyini yox ki (əksinə, o zəmanə ilə dil tapmağın ustasıdır)! Üstəlik, tənqidçi həmkarım da buna uyub, təhkiyəçi-qəhrəmanla bahəm, qadını tərəfindən güllələnən, əslində, özü də qeyd etdiyi kimi, təbii sonluğuna varan Səməndərin ölümündə faciə axtarır. Məgər hər ölüm faciəmi?

Yox, Şərif Ağayar Yazı (mədəni) təfəkkürü nöqteyi-nəzərindən Səməndərin hər cür hünərlərinə qahmar durmağın doğru olmadığını yaxşı görür; odur ki, öz yazıçı obrazını da daxil edib (əslində, romandan ayırıb!), bütün bu qəhrəmanlıq pafosunu yükləyir Rüstəmin boynuna: “Dəqiq bildiyim bircə məsələ var: igidlik zamanını keçirmiş bir dəyərdir. Səməndər belə ölməsəydi də necəsə başqa cür olacaqdı. Ya tutulacaqdı, ya hansısa meydanda vurulacaqdı. Mən sadəcə, səndəki Səməndər vurğunluğunu anlaya bilmirəm. O, bir cinayətkardır!”.

Və bu nöqteyi-nəzərdən, sanki Mədəniyyət qatını daha da gücləndirmək qayğısına qalıb, üçüncü bir təhkiyə planını da – Gündəlikləri daxil edir əsərə. E.Akimova ilə tam razıyam ki, həmin publisist plan əlavə heç nə vermir mündəricəyə (xüsusən də Haramı metaforası qatında), bəli, hələ onu başqa istiqamətlərdə dağıdır da: idillik təsəvvürlərdəki nəhəng Səməndər Dilşadın təqdimində arvadını “zorla minetə təhrik edən” cılız “aristokrat”a çevrilir, öz İdilliyasının içindən çıxan Urustam – pillə-pillə: jurnalist-detektiv- bellestrik macəralar qəhrəmanı Rüstəmə, demə, ona görə yüksəlir ki, təzədən ölən keçmişinə yas saxlasın!..

Detektiv yanaşması da bu yandan çıxdı!; deyəcəksiz, niyə də olmasın, əvvəlki roman müzakirələrindən yadımızdasa: Türkiyədə hansısa mehmanxanada azərbaycanlı qızını qətlə yetirmişdilər və bir Azərbaycan jurnalisti-yazarı burdan durub getmişdi oraya hadisənin detektivliyini yapmağa (“Yol ayrıcında” romanı); indi gözümüzün qabağındaca qadını Səməndər boyda bir nəhəngi öldürür, vaxtilə onun hamisi və çobanı olmuş,
hazırda Aqrar İslahatlar Nazirliyində mədəni bir insan qismində çalışan əli qələm tutan birisi məgər onun detektivliyini yapa bilməzmi?... İndi durub desəm, Şərif Ağayar müasir romançılıqda Elçin Hüsenbəylini yamsılayır, deyəcəksiz, qəsddir; bəs postmoderndə bu adicə üsuldur...

Son qənaətlərim

Romançılıqda (ümumən prozada) təhkiyənin fəlsəfəsi deyilən bir şey var: bu, təhkiyə başlanğıcının hansı nöqtədən qurulması, necə motivlənməsi, yəni hansı məxrəcə, ideya-mətləbə (konsepsiyaya!) köklənməsini ifadə edən məqamdır.

Eyni zamanda bir mövzunu həm idilliiya kimi (təhkiyəçi-qəhrəman Rüstəmin nöqteyi-nəzərindən), həm epos kimi (qoç Səməndərin “qəhrəmanlığı”na nəzərən), həm də detektiv araşdırması kimi (yazıçının aktual təhqiqatı) yazmaq, təfsir eləmək,dəyərləndirmək mümkünsüzdür; hər birisinin öz fəlsəfəsi, öz həqiqətləri!

Yox, əgər sən bunu mütləq istəyirsənsə, cəmisinin fövqündə duran hansısa daha bir fəza nöqtəsi tapıb, təhkiyəni ordan qurmalısan (indi gör bunun fəlsəfəsi Aqrar İslahatlar Nazirliyinin “pəncərəsi”ndən necə olar?!)...

Bildiyin (hətta Oxucunun da bildiyi!) hər şeyi birdən yazmaq istəyi-mərəzi bizim gənc yazarlarda artıq “solluq uşaq xəstəliyi”nə çevrilməkdədir...

Mənim “Haramı” haqqında son qənaətlərim belədir:

Yazıçı fəhmən geniş mənada ruhumuzun Haramısını yazmaq istəmiş, əvəzində qoç Səməndərin igidliyinə-qoçaqlığına aludə olub mövzunu xeyli daraltmış, daha sonra öz dəyərləndirməsinə şübhə ilə yanaşaraq yazdığını (mədəni dəyərlər işığında) təhqiqat-təftiş etmək fikrinə düşmüşdür...

Əlavə mövzular (kişi-qadın məsələsi), əlavə mənalar (faciə, ya komediya) ortaya çıxmış, duyub da verə bilmədiklərini isə romançı habelə hər cür simvolika ilə (ki, həmkarlarım geniş diqqət yetirmişlər) möhkəmləndirməyə çalışmışdır.

Romanı hardan yazmağın üstünlüyünü (təhkiyə başlanğıcını) əldən verərək, cəmisini (idilliya, epos, detektiv və hətta əlahiddə simvolika!) mətnə yükləmiş, sadə roman kompozisiyasını (hekayət və metaforası!) süni olaraq mürəkkəbləşdirmişdir...

Son(uc)da: heyrəti tərəddüdünə, şübhələri göz yaşlarına, aktual (Atəşkəs) düşüncələri nostaljiyə və s. və s. qarışaraq, həmişə olduğu kimi, hər şey hamımızdan daha da çox bilən Oxucunun ümidi-ixtiyarına qalmışdır...

“Haramı”nı Ədəbiyyatımızda böyük hadisə saymıram; zira bu, olsa-olsa, gənc yazarlarımızın roman yaratmaq cəhdlərindən daha birisidir.

Amma bunu Şərif Ağayarın yaradıcılığında böyük niyyətlərə doğru atılmış addım hesab edir və alqışlayıram. Hərçənd roman onun nasir istedadını, təfərrüatlı hekayə və obraz yaratmaq bacarığını təkrarən təsdiqləməkdən o yana getmir.

Yəni ki, oxucu “Haramı”da “Kosmos əsrinin gerçəkləri”ndən daha biri ilə tanış oldu, “Kərpickəsən kişinin dastanı” üzərinə “qoç Səməndər və s. barəsində Rüstəmin hekayəti” də gəldi...

Böyük niyyətlər deyəndə , Şərif Ağayarın Atəşkəs barəsində aram bilməyən düşüncələrini, yaşadığımız dövrün mənasına varmaq səylərini nəzərdə tuturam; qoy “çoban fəlsəfəsi” olsun, qoy “qaçqın nağılları” olsun, hər hansı “iç pəncərəsi”ndən olsun – nə qədər qəhrəmanlarına yaxın nöqtələrdən olursa, Ədəbiyyat yaratmaq niyyətlərinə bir o qədər açıq, adekvat görürəm yazarı...

Nərmin Kamalla razıyam; Postmodernə oynamaqla olmur, “kosmos əsri”nin onu qənşərinə gətirib-çıxarması ayrıdır, qələminə – bir ayrı...

7-8, 10 mart 2012
XS
SM
MD
LG