Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:54

Mətləb Muxtarov. Fahişələr övladlığa götürmüşdü qaranlıq küçələri,


.
Mətləb Muxtarov



ÖVLADLIĞA GÖTÜRÜLMÜŞ GECƏNİN QARANLIĞI


Pəncərəmin tərləmiş şüşəsi ağlayırdı səssizcə,
qaranlıq sürətlə keçirdi gecənin yanından,
heç kəs onu saxlamırdı.
Nə gecə, nə yol polisi, nə də mən.
Mən saxlaya bilmirdim, çünki
gecəni seyr edirdim, şəhəri seyr edirdim
və göydələnlər hamiləydi reklam lövhələrindən.
Fahişələr övladlığa götürmüşdü qaranlıq küçələri,
pişiklər övladlığa götürmüşdü zibil yeşiklərini,
sən övladlığa götürmüşdün məni və bütün kitablarımı.
Mən mündəricatlar qədər sadə,
mən ilk şeirlərim kimi dayazdım.
Kitablarımdakı cümlələr gələcək zamanda bitirdi,
əslində bütün cümlələr gələcək zamanda bitir
sadəcə biz keçmişi yaşayaraq yaşlanırıq.
Mən səni yaşayıram, sən məni yaşayırsan.
Bizi heç kim yaşamır.
Məni heç kim anlamır.
Mən,
həyatı döydüyümə görə həbs olunmuşam pəncərə önünə,
amma arzuladığım kimi deyil pəncərəm önündəki mənzərə.
Nə günəş oyadır məni hər sabah qırmızı şualarla,
nə quşlar uçur dəniz kənarında qeyri-qanuni
əvəzində həmişə eyni tərəfə uçan elektrik məftilləri
və həmişə eyni tərəfə baxan daş heykəlləri görürəm.
Bax, budur bütün mənzərə.
İndi sən de mənə, səni necə fikirləşim?
Səni necə sevim səssizcə?

Qaranlıq yenə sürətlə keçirdi gecənin yanından
Mən tutmaq istəyirdim onu,
Tutmaq,yatağıma salmaq və sevişmək bütün gecə,
nə şəhəri seyr etmək,
nə küçəyə baxmaq gizlincə,
nə də gecəni pusquda gözləmək,
qaranlıqda sevmək və sevişmək, səni düşünərək.


MUZEY

Sən,
bir eksponatsan Tənhalıq Muzeyində
Mən,
silmək istərdim, üstündəki yalnızlıq tozunu.
Sabahın açılmasını gözləyən yatağım,
bəlkə də arzulayır,
sənin soyuğ payızını.


HƏYAT ƏBƏDİ OLSAYDI

Həyat əbədi olsaydı,
dözülməz olardı,
Allahın ömrü kimi.
yaşa ki, yaşayasan,
çətin-asan.
Həyat əbədi olsaydı,
Budda olardım,
onun kimi oturardım,
Gülərüz,
qıyıqgöz,
birazdolu.
Doldurardım içimdəki boşluğu,
yox olardı zamanın mövcudluğu.
Vaxt həyatdır,
Həyat narahatdır saniyələrdə.
Və əbədi olsaydı,
sən çətirli kokteyl içərdin hansısa tropik adada,
Gülərdin günəşin təkliyinə
özündən razı halda.
Güvənib əlinin böyükluyünə tutardın günəşi.
O da səndən küsüb batardı.
Gecə düşərkən,
müdrikliyin itərdi qaranlıqda.
Səndə aydan gizlicə
ağlayardın ölməzliyə.
Ölməzlik tənhalıqla sinonim.
İndi bir sən və heç kim.
Həyat əbədi olmasaydı.


YUXU

Hər şey birdən-birə oldu:
“Əvvəl evimizdəki bütün bayraqlar endirildi.
Üç günlük matəm elan etdi
qapımızın heç vaxt susmayan zəngi.
Sonra yəhudilər Reyxstaqı yandırdılar.
Külündən Ağ Ev düzəltdilər Böyük Çin Səddi boyda.
Maratın arzusuyla bütün Şarlottalar edam olundu.
Kitablar yandırıldı,
qayıqlar düzəldildi,
gəmilər batırıldı.
Pinqivinlər şimala,
quşlar isə cənuba səlib yürüşü təşkil etdi.
Ərəblər şahmatdakı at fiqurunu dəvəylə əvəz etdi.
Piyadalar yeniçərilərlə,
toplar atom bombalarıyla,
vəzirlər baş nazirlərlə,
şahlar isə prezidentlərlə əvəz olundu.
Hər şeyin adı dəyişildi,
amma qaydalar dəyişilmədi.
Kasıblar hər dəfə “mat” oldu.
Dünya arıqlamaqçün,
bədənindəki artıq insanlardan xilas oldu.
Millətlər kiçilib tayfa oldu,
dövlətlər böyüyüb respublika.
Bütün peyklər partladıldı,
kosmos qaranlığa qərq oldu.
Dağlar Məhəmmədə yaxınlaşdı,
Musa dağlardan uzaqlaşdı.
Radioların dili kəsildi,
televizorların gözləri çıxarıldı,
“əjdahalar” nağıllara qayıtdı,
heyvanlar danışmağa başladı,
insanlar meymuna çevrildi.
Və tanrı yuxudan oyandı”.
XS
SM
MD
LG