Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:48

MTN «SEPAH»la əməkdaşlıq edən dəstəni zərərsizləşdirdiyini deyir


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfərin həbsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, saxlananlar İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «İslam İnqilabının Mühafizəçiləri Korpusu» – «SEPAH»ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub və Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə məlumatlar veriblər.

Bəyanatda deyilir ki, tutulanlardan biri Niyazi Kərimov hələ 1999-cu ilin yaz aylarında İranın Məşhəd şəhərinə səfər edərkən Tehranda Əkbər Pakraveş adlı şəxslə tanış olub. Bildirilir ki, səfər ərzində onların münasibətləri dərinləşib və «SEPAH» əməkdaşı olan Əkbər Pakraveşin təklifi ilə Niyazi Kərimov məxfi əməkdaşlığa razılıq verib.

MTN açıqlayıb ki, «SEPAH»ın əməkdaşı Əkbər Pakraveş Niyazi Kərimova ABŞ, İsrail və Qərb dövlətlərinin nümayəndəliklərinin əməkdaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsi məqsədilə münasib şəxslər tapmağı tapşırıb. Məlumatda deyilir ki, 1999-cu ildən 2011-ci ilədək Niyazi Kərimov dəfələrlə İrana gedib və «SEPAH» əməkdaşları ilə görüşüb, o cümlədən «SEPAH» üçün uyğun adamlar tapıb.

MTN bildirir ki, saxlanan şəxslər İranda Tehran və Kərəc şəhərlərinin yaxınlığında yerləşən hərbi düşərgələrdə müxtəlif odlu, o cümlədən avtomat silahlardan, tapançalardan atəş açmağı, partlayıcı maddələrdən və qurğulardan, topoqrafik xəritələrdən istifadə edilməsi üzrə nəzəri və praktiki xüsusi hərbi təlimlər keçiblər.

Məlumatda deyilir ki, saxlanan şəxslər diqqət çəkməmək üçün üçüncü ölkədə də «SEPAH» əməkdaşları ilə görüşüblər.

MTN bəyan edir ki, bu illər ərzində «SEPAH»ın məxfi əməkdaşlığa cəlb etdiyi Azərbaycan vətəndaşları texniki avadanlıqlar və nəqliyyat vasitələri ilə təchiz edilib. «Onlar xarici dövlətlərin Bakı şəhərindəki səfirliklərinin, nümayəndəliklərinin, təşkilatlarının, iqtisadi sahədə fəaliyyət göstərən şirkətlərinin, o cümlədən «Soxnut» adlı qurumun və bir neçə təhsil müəssisəsinin, «American Fast-food» restoranının, «BP-Azərbaycan» neft şirkətinin baş ofisinin və digər obyektlərin dəqiq ünvanlarını, yerləşmə proyeksiyalarını müəyyənləşdirərək müşahidələr aparmış, burada işləyən şəxslər barədə bilgilər toplanıb və əldə etdikləri məlumatları İranda Əkbər PakraveşVəhidə çatdırıblar».

Məlumatda deyilir ki, araşdırma zamanı məxfi əməkdaşlığa cəlb olunmuş şəxslərə silah-sursat verildiyi də məlum olub.

MTN bildirir ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır.
Natiq Kərimov
Natiq Kərimov
Əgər dövlətə xəyanət ittihamı təsdiqlənərsə, şəxsi on ildən on beş ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

«BU İTTİHAM ƏSASSIZ VƏ QONDARMADIR»

Saxlananlardan biri Niyazi Kərimovun qardaşı, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov AzadlıqRadiosuna deyib ki, o, bu ittihamları qəbul etmir. O, qardaşının Qarabağ döyüşlərində vuruşduğunu, mömin biri olduğunu deyir və əlavə edir ki, belə bir adam vətənə xəyanət edə bilməz:

«Allah bilir ki, o, nə qədər vuruşub. O, müharibə adamı idi. O, müharibədə kəşfiyyat batalyonunda olub. Kontuziya da almışdı. Dəfələrlə müalicə olunub. Bunun üçün də İrana gedib. Tutulanda da Maştağadakı ruhi dispanserdə olub. O, kifayət qədər güllə atmağı da bacarır, avtomat atmağı da. Ona lazım deyil ki, İrana getsin və 5 günə nəsə öyrətsinlər».

Natiq Kərimov baş verənləri 2 ölkə arasındakı gərginliklə izah edir.

Bu ilin əvvəlində də MTN Bakıda İsrail vətəndaşlarını öldürməyə hazırlaşan 3 nəfərlə bağlı məlumat yaymışdı. Onların da İran xüsusi xidmət orqanlarına xidmət etdiyini demişdi. Amma həbs olunanlardan birinin - Rasim Əliyevin anası AzadlıqRadiosuna MTN-in məlumatının yalan, böhtan olduğunu demişdi.

Bir neçə il öncə isə Səid Dadaşbəyli və onun dəstəsi də oxşar ittihamla həbs edilmişdi. Sonradan həbs olunanlardan birinin işgəncə zamanı öldüyü haqda yaxınları mətbuata danışmışdı. Səid Dadaşbəyli isə ittihamları rədd etmişdi.

Natiq Kərimov da bunları xatırlayır və artıq belə məlumatların gülüş doğurduğunu söyləyir:

«Binədəki oğlanla bağlı təcili şou düzəltdilər. Fağırın biridir. Gör, İsrail nə günə düşüb ki, bunlar onun səfirliyini partladır. Nə qədər olar, bilmirəm. «SEPAH»ın nə qədər əməkdaşı var ki, Azərbaycandan kim gedir, tutub öyrədirlər ki, Qərbin adamını öldür, təxribat hazırla. Kompyuter, kosmos dövrüdür. Kiminsə yerini öyrənməyə nə var... Siyasi sifarişdir.
Sülhəddin Əkbər
Sülhəddin Əkbər
Tutduqları inək saxlayan, qəssab, parnik əkəndir. Xüsusi xidmət orqanları bunları 15 günə nə öyrədəcək ki, ABŞ səfirliyi kimi qorunan səfirliyi partladacaqlar? Nağıldır. Qardaşımı da tanıyıram. Vətən satmaz, kiməsə qulluq etməz».

PROFİLAKTİK ADDIMLAR

MTN-in sabiq sədr müavini Sülhəddin Əkbər də son 2 ayda belə məlumatların yayılmasını 2 dövlət arasındakı münasibətlərin gərginliyi ilə izah edir. Onun fikrincə, Azərbaycan sadəcə profilaktik tədbirlər həyata keçirir:

«Azərbaycan rəhbərliyi strateji qərarlar qəbul etmək ərəfəsindədir. Bu qərarlar İranı, Rusiyanı narahat edə bilər. Hakimiyyət də bilir ki, həmin qərarlar veriləcəyi halda Rusiya və İranın şəbəkələri hərəkətə keçəcəklər. Bunlar profilaktik addımlardır. Amma təəssüf ki, Azərbaycan xüsusi xidmət orqanları peşəkar davranmırlar. Yetərincə sübut olmadan ağır ittihamlar irəli sürürlər. Bu da sonra məhkəmədə üzə çıxır».

Amma Sülhəddin Əkbər etiraf edir ki, onun nazir müavini olduğu vaxtdan İranın Azərbaycanda geniş casus şəbəkəsi var. Həm dini, həm biznes, həm siyasi çevrələrdə. Azərbaycan hakimiyyəti də bundan narahatdır. Onun fikrincə, Bakı İranla yanaşı, Rusiya kəşfiyyat şəbəkəsinə də yaxınlarda zərbə vuracaq addımlar ata bilər.
XS
SM
MD
LG