Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:48

Rəsul Quliyev: «Hökumətdə olanların 90 faizi Cavadov qardaşlarından qorxurdu»


Rəsul Quliyev
Rəsul Quliyev

-

Martın 17-si hökumət qüvvələri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) arasında yaşanan silahlı qarşıdurmanın 17 ili tamam olacaq. Həmin hadisələr barədə AzadlıqRadiosunun suallarını o vaxt parlamentin sədri olmuş, hazırda mühacirətdə yaşayan Rəsul Quliyev cavablandırır.


- Rəsul bəy, bu günlərdə məlum 17 mart hadisələrinin 17 ili tamam olacaq. Bu gündən baxanda Sizcə, o hadisələrdən qansız-qadasız sovuşmaq olardımı?

- Sözsüz. Ancaq o dövrdə bu məsələnin qansız-qadasız həll olunması məsələsi Cavadov qardaşlarından asılı idi. Azərbaycanda bəzən məsələləri səthiləşdirməyi sevirlər, dərindən təhlil etmək istəmirlər. Amma 1995-ci ilin 17 mart hadisəsini dərindən təhlil etsək, görərik ki, bu, qəfil ortaya çıxan bir problem deyildi.

*Youtube Kanalımıza abunə olmaq məsləhətdir

1988-ci ilin Sumqayıt hadisələrindən başlayaraq həmin ilin dekabr, 90-cı ilin yanvar, 92-nin mart və may, 93-ün iyun hadisələri müəyyən qüvvələrin Azərbaycanda hökumətin mütləq mənada köməksizliyindən istifadə edərək dövlət əleyhinə çıxmaları idi.

Elə bu köməksizliyin nəticəsində də 1994-cü ilin oktyabr və 95-ci ilin mart hadisələri baş verdi. Əlbəttə ki, bu proseslərə son qoymaq lazım idi. 1994-ün oktyabr hadisələrində bu prosesə son qoymaq imkanı var idi.

O vaxt məsələlər qismən qansız-qadasız həll olundu. Bunun da 3 səbəbi var idi. Biri o idi ki, Surət Hüseynovla Cavadov qardaşları bir-biri ilə dil tapa bilmədilər. Çünki onların sahibləri müxtəlif idi. Bax, bu da ikinci səbəb idi. Birinə Türkiyə, digərinə isə Rusiya kəşfiyyatı rəhbərlik edirdi.

Rusiya ilə Türkiyə arasında olan düşmənçilik bunların birləşməsinə imkan vermədi.

Üçüncü-ən əsas məsələlərdən biri isə sözsüz ki, bizim camaatı vaxtında mitinqə çıxartmağa nail olmağımız idi.

Surət Hüseynovla Cavadov qardaşları bir biri ilə dil tapa bilmədilər


Bir çoxları deyir ki, 1994-cü ildə camaat özü axışdı meydana. 30 dəqiqə ərzində 3 minə yaxın adam toplaşdı ora. Amma əslində bu, belə deyil.

- Əhali özü meydana axışmadısa, onda bu qədər adamın az bir vaxta yığışması necə baş verdi?

- Əslində hadisələrin bu cür inkişafından bizim xəbərimiz var idi. Cənab Əliyev (Heydər Əliyev - İ.R. ) onda Amerikada səfərdə idi. Hadisələrin baş verməsinə 5 gün qalmış mən icra başçılarını yığıb təlimatlandırmışdım. Hər rayonda 250 nəfər olmaqla avtobuslarla təmin olunmuş şəkildə hər an üçün hazır vəziyyətə idi. Ona görə də o mitinqə biz dəvət edəndə - baxmayaraq ki, gecənin yarısı idi - 30 dəqiqə ərzində onları avtobuslara yığıb meydana gətirmək mümkün oldu. Bunun nəticəsində də sözsüz ki, qan tökülmədi, onlar geri çəkildilər.

Ancaq bu məsələnin Rusiya variantı ləğv olunandan sonra da proses dayanmadı. O addım-addım həmin bu 17 mart hadisələrini yaxınlaşdırırdı.

Mart hadisələrinin baş verməməsinin, yaxud qansız həll olunmasının yeganə bir yolu var idi. O da ancaq və ancaq Cavadov qardaşlarının OMON-la birlikdə silahları təhvil verib, dövlətin qanunlarına tabe olmaları idi. Təəssüf ki, onlar belə bir addım atmadılar. Silah ancaq dövlətdə ola bilər. Silahlanmış qrupların olması mümkün deyil. Belə şeylərlə dövlət yaşaya bilməz. Təəssüf ki, onlar tərksilah olmadılar. Çünki 100 faiz əmin idilər ki, çox tezliklə qələbə çalacaqlar. Artıq Azərbaycanda belə hadisələr baş vermişdi. Ümid edirdilər ki, yenə də təkrar oluna bilər. Belə bir eyforiya danışıqlara mane oldu və nəhayət qan tökülməsi ilə qurtardı.

- Ümumiyyətlə, bu gün Siz həmin o 17 mart hadisələrini necə dəyərləndirirsiniz?

Hadisələrin baş verməsinə 5 gün qalmış mən icra başçılarını yığıb təlimatlandırmışdım


- Əslində mart hadisələri Azərbaycanın tarixində baş vermiş faciəvi hadisələr sırasında diqqət mərkəzində dayana biləcək hadisə deyil. Məsələn, Horadizin və Cəbrayıl rayonunun azad olunması uğrunda döyüşlərdə 5 minə yaxın adam həlak oldu. O, xatırlanmır, amma məsələn, burada bir qrup OMON-un həlak olması xatırlanır. Niyə? Səbəb nədir? Səbəb odur ki, mart hadisələrində dövlətçiliyi qorumaq, bərpa etmək lazım idi. Bu, aksiomadır. Bunun ikinci variantı yoxdur və ola da bilməz.

- Sizcə, o hadisələrdə dövlətçilik qorundu, bərpa oldumu?

- Görülmüş iş doğru idi. Amma bu görülmüş iş dövlətçiliyin bərpa olunmasına xidmət etmədi. Həmin o hadisədən sonra demokratik yolla dövlətin 3 qolu yaranmasaydı - müstəqil məhkəmə sistemi, müstəqil parlament və seçilmiş prezidentin olmasından söhbət gedir -deməli, dövlətçilik də bərpa olunmayacaqdı. Belə alındı ki, 17 mart hadisələrindən sonra dövlətçiliyin bərpası yox, Heydər Əliyevin diktaturasının bərpası baş verdi.

- Onda demək olarmı, o hadisələr həm də ona görə baş verdi ki, hakimiyyətin dediyiniz 3 müstəqil qolu mövcud deyildi?

Heydər Əliyev
Heydər Əliyev

- Sözsüz ki, o, üç müstəqil qol əvvəlcə də mövcud deyildi. Hə, o Azərbaycanın qarşısında dayanırdı. Azərbaycan o işi həyata keçirməli idi. Belə bir silahlı dəstənin olması (onu müxalifət də adlandırmaq olmazdı) ümumiyyətlə Azərbaycanda gedəcək proseslərin hamısına maneçilik törədən bir məsələ idi. Yəni, bu aradan çıxmalı və dövlətçilik bərpa olunmalı idi. Yenə də o məsələyə qayıdıram, mart hadisələri ona görə yaddan çıxmır ki, onun nəticəsində Heydər Əliyev dövlətçiliyi yox, özünün mütləq diktaturasını bərpa etdi. Ona görə də xalqda belə bir fikir formalaşdı və indi də qalmaqdadır ki, o vaxt OMON qalib gəlsəydi, bəlkə də Azərbaycan bu gün bu vəziyyətdə olmazdı. Ona görə o mart hadisələrinə belə bir diqqət var.

- Amma Sizcə, o vaxt OMON qalib gəlsəydi, onda necə olardı?

- Əlbəttə ki, bir tərəfdən Heydər Əliyevin diktaturasının bərpa olunması Azərbaycanın faciələrindən biridir. Amma o dövrdə Cavadov qardaşları OMON-la birlikdə qalib gəlsəydilər, faciənin digər səhifəsi başlayacaqdı. Tutaq ki, Cavadov qardaşları Heydər Əliyevi və məni öldürəydilər o vaxt. Çünki mən heç vaxt imkan verməzdim ki, onlar qeyri-konstitusion yolla gəlib hakimiyyətdə otursunlar. Deyək ki, bu baş verdi. Ondan sonra nə yaradacaqdılar bunlar? Məsələ ondadır ki, sonra onların nəsə yaradacağı mümkün olan şey deyildi. Çünki dövlətçiliyi bərpa etməyə Cavadov qardaşlarının potensialı imkan vermirdi. Deməli, ölkədə dərin bir xaos başlayacaqdı. Yeni silahlı qüvvələr ortaya çıxacaqdı, hakimiyyət bölgüsü uğrunda müharibə başlayacaqdı. Yəni, dediyim kimi, bir faciə digəri ilə əvəzlənəcəkdi.

- Ümumiyyətlə, bu hadisələrin mərkəzində dayanan şəxslərdən biri kimi o vaxt bəs Siz nəyə ümid edirdiniz?

- Heydər Əliyevin öz diktaturasını bərpa edəcəyinə o vaxt biz inanmırdıq. Düşünürdük ki, dövlətçiliyimizi bərpa edirik və demokratik cəmiyyət quracağıq. Amma OMON qalib gələrsə, nələr baş verəcəyini biz 100 faiz bilirdik.

Hökumətdə olanların 90 faizi Cavadov qardaşlarından qorxurdu


Ona görə də o hadisənin qarşısı alınmalı idi. Bunun başqa çarəsi yox idi.

- O vaxt mərhum Rövşən Cavadov Sizin də istefanızı gündəmə gətirmişdi. Bu məsələlərdə sizin iştirakınız nə dərəcə idi?

- Siz deyirsiniz mənim də istefamı tələb edirdi. amma əslində Cavadov elə mənim istefamı tələb edirdi. Başqa bir adamın istefasını tələb etmirdi.

- Onda nəyə görə Sizin istefanızı tələb edirdi?

- Çünki hökumətdə olanların bir çoxu, demək olar ki, 90 faizi Cavadov qardaşlarından qorxurdu. Özü də elə-belə yox, fiziki qorxurdular. Ona görə də altdan-altdan Cavadov qardaşları ilə əlaqə yaratmaq istəyirdilər, onlara xəbərlər göndərirdilər. Bu xəbərlərin də əsas mahiyyəti ondan ibarət idi ki, «bizi yuxarıdan qoymurlar, yəni məcbur edirlər ki, sizə qarşı çıxaq. Bu işlərin hamısının başında Rəsul Quliyev dayanır. O, Heydər Əliyevə imkan vermir sizinlə yaxınlaşsın». Bu fikirləri Cavadov qardaşlarının beyninə yeridə bilmişdilər. Onlar da həqiqətən əvvəl-əvvəl belə düşünürdülər ki, doğurdan da mən olmasam, bunlar bu hakimiyyəti Heydər Əliyevlə bölüşdürə bilərlər. Bunlarda belə bir illüziya yaranmışdı.

- Heydər Əliyev özü necə yanaşırdı baş verənlərə?

- O hadisələr baş verməmişdən qabaq, oktyabr hadisələrindəki kimi Heydər Əliyev yenə xaricdə səfərdə idi. Oktyabr hadisələrində o, Amerikada səfərdə idi, bu hadisələrdən əvvəl də deyəsən ya Skandinaviya ölkələrində idi, ya da Hollandiyada. Martın 13-də Heydər Əliyev qayıtdı. Ancaq o, qayıdana qədər məlum idi ki, qardaşlar nə isə hazırlayır, dövlət çevrilişi etmək istəyirlər.

Heydər Əliyev dəhşətli dərəcədə depressiyaya, təlaşa düşmüşdü


Heydər Əliyev səfərdən qayıdıb, səhv etmirəmsə, Pakistana getməli idi. Amma getmədi. Çünki əvvəlki səfərdəki görüşdə dövlət başçıları iştirak etmişdilər və Süleyman Dəmirəl Heydər Əliyevə demişdi ki, «sizdə Cavadov qardaşları dövlət çevrilişi yapacaqlar». Ona görə də Heydər Əliyev Pakistana getməyi təxirə saldı. Cavadov qardaşları mənim istefamı tələb edəndə, Heydər Əliyev gecə iclas keçirtdi. İclasda 4-5 adam iştirak edirdi. Baş nazir, mən, özü, bir də baş prokuror. Mən orda dedim ki, elə bu gecə hazıram, parlamenti yığam, istefa verim. Siz də danışıqlar aparın, deyin ki, mən istefaya gedirəm, onlar da tərksilah olurlar, bununla da məsələ qurtarır. Ancaq Heydər Əliyev ətrafındakılardan fərqli olaraq ağıllı adam idi, bilirdi ki, mənim getməyim onun da vəzifəsini itirməyi ilə qurtarmalıdır. Durub dedi ki, bu, qəti surətdə yolverilməzdir. Orda çox mübahisələr oldu. Dedim mən parlamentin sədriyəm, mənim bu işlərə nə dəxlim var. Bu hökumətin işidir. Cavadov sizin nazirin müavinidir, qoşun sizin qoşununuzdur, hökumət də sizsiniz, gedin işinizlə məşğul olun. Ancaq sözsüz ki, Heydər Əliyev nazirlərinin tamamilə qorxu içində olduqlarını görürdü, onların hər biri ayağa durub dedi ki, biz bunun qarşısını ala bilməyəcəyik. Cavadov qardaşları da gördülər istefa məsələsi bir nəticə vermədi, 3 gündən sonra başladılar Heydər Əliyevin istefasını tələb etməyə. Heydər Əliyevin istefasını tələb etməyə də səbəb Qazax OMON-nun tərksilah edilməməsi oldu.

- Qazax OMON-u niyə tərksilah edilmədi?

- Azərbaycanın daxilində baş verən hadisələri düzgün qiymətləndirə bilməyən adamların sayı kifayət qədər idi.

Rövşən Cavadov
Rövşən Cavadov

Bu adamlar fikirləşirdilər ki, birdən Cavadov qardaşları hakimiyyətə gələr. Ona görə də istəyirdilər birtəhər onunla dil tapsınlar və çox da kəskin hərəkət etməsinlər. Faktiki olaraq Qazax OMON-nun Gəncə istiqamətində hərəkəti böyük ruh yüksəkliyinə gətirib çıxartdı. Həmin vaxt «8-ci kilometr»də bunların hay-küyü az qala gəlib şəhərin mərkəzə çatırdı ki, «artıq Gəncəyə qədər bizimdir, hər yer bizimdir. Bu gün - sabah da Bakıda olacağıq».

Yəni, Qazaxda OMON-çuların tərksilah olunmaması bunlarda elə bir eyforiya yaratdı ki, tələblərini Rəsul Quliyevin istefası ilə məhdudlaşdırmadılar. Heydər Əliyevin də istefasını qoydular. Vəziyyət başladı bu şəkildə inkişaf etməyə. Qazax OMON-nun orda hərəkət etməsi bu qırğınların başlanğıcı oldu. Bunun nəticəsində həm Qazax OMON-nun bir çox üzvü məhv oldu, həm də 17 mart hadisələri baş verdi. 17 mart hadisələri baş verməmişdən qabaq da bir-iki dramatik vəziyyət yarandı. Usubov (Ramil Usubov, daxili işlər naziri) 5 minlik qoşunla başda Mahir Cavadov olmaqla 10 nəfər OMON-çunu tərksilah edə bilmədi. Həmin 10 nəfər Mahir Cavadovla birlikdə o qoşunun arasından keçib getdi «8-ci kilometr»ə. Biabırçı bir vəziyyət idi. Qazax OMON-nun belə hərəkət etməsi çox komik bir vəziyyət yaratmışdı. Heydər Əliyev dəhşətli dərəcədə depressiyaya, təlaşa düşmüşdü. Haradasa ayın 16-da Heydər Əliyev dedi ki, o, 500 nəfərdən ibarət bir qrup hazırlayıb. Bu çox dəhşətli bir qrupdur, amma sadəcə silahları yoxdur. Məndən xahiş elədi ki, müdafiə nazirinə tapşırım, onlara silah versin. Deyirdi bu qrup problemi həll edəcək.

- Özü tapşıra bilməzdi müdafiə nazirinə? Niyə Sizdən xahiş edirdi ki?

- Çünki Heydər Əliyev ona qədər müdafiə və daxili işlər nazirliklərinin tabeçiliyini mənə vermişdi. Mən rəhbərlik etməliydim OMON-la əlaqədar məsələlərin hamısına.
Soruşdum kimdir bu qrup? Məlum oldu ki, 500 nəfərə yaxın bu qrupun başında da Muştu adlı bir adam dayanıb. Mən sözsüz ki, dedim onlara inana bilmərəm, Siz haradan inanırsınız? Bu harada belə qəhrəmanlıq göstərdi? Dedi yox, bunlar canavar kimi şeydir. Nə isə, beləliklə bu canavar kimi şeylər silahları bizdən aldılar.
Deməli, bunlar getdilər, üstündən 2 saat keçmiş mənə zəng elədilər ki, bəs bu Cavadov qardaşlarının və OMON-un tələblərinə qulaq asmaq, dediklərini eləmək lazımdır (gülür). Nə isə, yəni OMON-dan qorxub geri çəkildilər. Bunların qorxub geri çəkilməkləri cənab Əliyevi təlaşa saldı. Təsəvvür edə bilməzsiniz, o, artıq fikirləşirdi ki, OMON 2-3 saata gəlib Prezident Aparatını tutacaq....

Müsahibənin ikinci hissəsini burdan oxuya bilərsiz

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Heydər Əliyev kimə və nəyə əsəbləşmişdi?

Elçibəy: Heydər Əliyevi mən prezident etdim

XS
SM
MD
LG