Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:44

İmdat Afşar: "Şabranın icra başçısının hekayələrini Türkiyədə yayımlamaq niyyətindəyəm"


Türk yazarı İmdat Avşar öz hekayə yazma texnikası haqda
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00
Direct-ə keçid

Türk yazarı İmdat Avşar öz hekayə yazma texnikası haqda

"Anarın adı niyə türk televiziyalarında çəkilmir? Burda məsələ ayrı cürdür. Məsələn, bir yazar deyir ki, türklər erməniləri öldürüblər. Bu adama böyük yazar deyib, Nobel mükafatı verirlər".

Cavid Zeynallının "Şənbə qonağı" türkiyəli yazar, bu günlərdə Bakıda Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatı almış İmdat Afşardır.

- İmdat bəy, eşitdiyimizə görə, son illər Azərbaycan yazarlarının əsərlərini Türkiyə türkcəsinə ən çox siz çevirirsiz...

- Dörd-beş il ərzində Azərbaycan ədəbiyyatlı ilə bağlı on beş kitabı türkcəyə çevirmişəm. Rəsul Rzanın 100 illiyində seçilmiş əsərlərini, Anarın Nazim Hikmət haqqında olan “Kərəm kimi” kitabını çap etdik.

Bundan başqa Elçin Əfəndiyevin “Aydınlıq gecələri” adlı seçilmiş hekayələrini, Elçin Hüseynbəyli və Eyvaz Zeynalovun Qarabağla bağlı hekayələrini və Ramiz Rövşənin seçilmiş şeirlərini Türkiyədə yayımlamışıq. “Qardaş qələmlər” jurnalının hər sayında mən Azərbaycan ədəbiyyatı ilə bağlı bir yazı verirəm.

İndi Azərbaycan ədəbiyyatına aid böyük bir antologiya hazırlamışam. Bu, şeir yox, nəsr antologiyasıdır. Əlliyə yaxın yazarın hekayələrini türkcəyə çevirib nəşr etmək niyyətindəyik.

Bu antologiyada Mirzə Fətəli Axundovdan tutmuş, günümüzün yazarlarınacan istedadlı qələm sahiblərinin hekayələri yer alacaq. Türkiyə Kültür Bakanlığı ilə anlaşa bilsək, bu nəşr yaxın vaxtlarda işıq üzü görəcək.

Vaqif Bəhmənli mənə dedi ki, bu il Mirzə Fətəli Axundovun 200 illik yubileyidir və istərdim, Axundovun əsərləri Türkiyədə sənin çevirində nəşr olunsun. Mən bu təklifi məmnuniyyətlə qəbul etdim və düşünürəm, müqavilə bağlanandan sonra bu işə başlayacağam.

Hazırda Məmməd İsmayılın bütün şeirlərini türkcəyə uyğunlaşdırıram. Həmçinin Şabranın icra başçısı Novruz Nəcəfoğlunun hekayələrini Türkiyədə yayımlamaq niyyətindəyəm.

- Tərtib etdiyiniz antologiyada gənc yazarlardan kimlərin əsərləri olacaq?

- İlqar Fəhminin, Günel Anarqızının, Aysel Əlizadənin hekayələri həmin topluda olacaq. Antologiyada elə gənc yazarlar var ki, onlar çox istedadlıdırlar, amma az tanınıblar. Bundan başqa Əkrəm Əylislinin, Mövlud Süleymanlının və digər yazarların əsərlərini çap edəcəyik.

- Bu siyahını özünüz müəyyənləşdirirsiniz, yoxsa sizə yardımçı olan həmkarlarınız var? Azərbaycan ədəbiyyatının bütün rənglərini əhatə edə bilirsiz?

- Mən uşaqlıqdan Azərbaycan ədəbiyyatını çox sevmişəm. O vaxt oxuduğum və
bəyəndiyim əsərləri özüm üçün qeyd etmişəm. Amma bu siyahını tərtib edəndə azərbaycanlı dostlardan da yardım istədim.

Ola bilər ki, yaradıcılığı ilə tanış olmadığım, tanımadığım, fəqət çox istedadlı qələm sahibləri olsun və bu işlərdə azərbaycanlı həmkarlarımın rəyi ilə hesablaşıram. Anar müəllimlə, Elçin Hüseynbəyli və Məmməd İsmayıl ilə məsləhətləşmişik. Məsələn, Fərman Kərimzadənin “Sonuncu eksponat” adlı hekayəsi çox gözəl əsərdir.

Bu hekayəni dostlarımızın məsləhəti ilə antologiyaya daxil etdik. Çalışırıq ki, azərbaycanlı yazarları Türkiyə oxucusuna daha yaxından tanıdaq. Düşünürəm, bəzən siyasətin görə bilmədiyi işləri ədəbiyyat və mədəniyyət vasitəsi ilə həyata keçirmək olur.

Bəzən düşmən dövlətlər, bizim dostluğumuzu həzm edə bilməyən qüvvələr siyasi müstəvidə öz niyyətlərini həyata keçirməyə çalışırlar. Siyasi əlaqələrdə bəzən enib-qalxmalar, fərqli durumlar yaranır. Amma könül və sənət birliklərini heç bir qüvvə bir-birindən ayıra bilməz.

Mənim Cəlil Məmmədquluzadəyə, mənim Anara olan sevgimi kim dəyişdirə bilər? Çünki bu könül sevgisi, sənət körpüsüdür.

- Azərbaycan ədəbiyyatı haqqında bir “Biləcəri sindromu” fikri formalaşıb. Yəni deyirlər, Azərbaycan ədəbiyyatı sərhədləri aşa bilmir, özümüz yazıb, özümüz oxuyuruq. Maraqlıdır, Türkiyədə bizim müəlliflərə oxucu münasibəti necədir? Oxuyurlarmı?


- Bir çox azərbaycanlı qardaşlarımız haqlı olaraq bu suala məndən cavab istəyirlər. Azərbaycan ədəbiyyatında 60-cılar nəsli deyilən bir ədəbi nəsil var. Həm Sovet, həm də müstəqillik dövründə Türkiyədə bu nəsli təmsil edən yazıçıların əsərləri daha çox nəşr olunub və tanınır.

90-cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatı ilə bağlı Türkiyədə çoxlu əsərlər çap olundu. Həmin dövr mənim gənclik dövrüm idi və bu kitablardan Azərbaycan ədəbiyyatı ilə tanış oldum.

O dövrdə Şəhriyarın “Heydər babaya salam” poeması, Bəxtiyar Vahabzadənin şeirləri, Anarın, Elçinin kitabları nəşr olundu və Türkiyədə böyük maraqla qarşılandı. İnsanların içində 70 illik bir həsrət var idi, türk oxucusu sanki Azərbaycan ədəbiyyatına susamışdı.
Sonrakı illərdə əlaqələr genişləndi, get-gəl çoxaldı, amma kitab sahəsində bir boşluq yarandı, kapitalizm ruhu insanları başqa sahələrə sürüklədi.

Anarın bir sözü var, deyir, Sovet rejimi bizə kapitalizm haqqında nə demişsə, doğru çıxıb, kommunizm haqqında nə söyləmişsə, yalan oldu. Kapitalizm cəmiyyəti, insanları çox dəyişdirdi. Belə olanda əlaqələr də azalır, hətta ailədə ata ilə oğul arasında münasibətlər korlanır.

Bir fikri xüsusi vurğulamaq istərdim: Türkiyədə Azərbaycan ədəbiyyatına maraq hələ də var. Nə vaxt Azərbaycan ədəbiyyatından bir kitab çap edirik, onlarla adam mənə zəng çalıb soruşurlar ki, kitabı haradan əldə edə bilərik, satışda varmı?

Bizim nəşr etdiyimiz kitabları müəllimlər universitetlərdə örnək olaraq oxutdururlar. Çox sevindirici bir şey söyləyim, universitetlərdən birinə Elçin Hüseynbəylinin və Eyvaz Zeynalovun hekayələr kitabını hədiyyə etmişdim.

Ədəbiyyat müəllimləri bu kitabları tələbələrə oxudublar, təhlil ediblər. Bir müddət sonra həmin tələbələr məndən xahiş etdi ki, bu yazarlarla bizi tanış edin.

Tələbələr Elçin Hüseynbəylinin “Keçid dövrünün toyuğu” hekayəsinə heyran olmuşdular ki, xocam, bu nə gözəl hekayədir. Yəni Azərbaycan ədəbiyyatına maraq çox böyükdür. Azərbaycanlı yazar qardaşlarım arxayın olsunlar ki, onların əsərləri Türkiyədə sevilir və oxunur.

- Azərbaycanlı yazarlara kitablarına görə pul-para ödənilirmi, qonorar sistemi necədir?

- Mən də yazaram, amma Türkiyədə kitab yazıb pul qazanmaq mümkün deyil. Adı gündəmdə olan yazarlar var ki, onların böyük yazar olduğuna inanmıram. Türkiyədə yüzə yaxın telekanal var, bir də görürsən, hamısı bir yazıçını reklam etməyə başladı. Bir qisim yazarlar bu reklam hesabına kitabdan pul qazana bilirlər.

Amma sözün həqiqi mənasında sənət və ədəbiyyat adamların kitabla dolanışıqlarını çıxarmaları mümkün deyil. Mən dövlət qulluqçusu işləyirəm, çox şükür ki, yaxşı məvacib alıram. Amma bununla yanaşı kitablar da yazıram, tərcüməçiliklə məşğulam. Tərcümə kitablarına görə mən qonorar almıram.

Bəzi yazarların kitablarını tərcümə edib, zəhmət haqqı alıram. 2009-cu ildə mənim
böyük bir yayın evindən kitabım çıxdı. Dörd dəfə nəşr olundu. Amma belə deyək, qəpik-quruş qazancım oldu.

Əgər sizin Türkiyədə 40 min tirajla kitabınız çıxarsa, cəmi 500-700 manat qazancınız olacaq. Azərbaycanlı yazarlar da kitablarına görə pul istəmirlər və zatən, yayın evləri də bu pulu vermirlər. Türkiyə 70 milyonluq ölkədir. Qonorar olmasa belə, azərbaycanlı yazar qardaşlarımız maraqlıdırlar ki, onları Türkiyədə tanısınlar, oxusunlar.

Qonorar yazarın da, tərcüməçinin də haqqıdır. Yazara elə məbləğdə pul vermək lazımdır ki, o, dolanmaq xətrinə məşğul olduğu digər işləri kənara qoyub ədəbiyyatla məşğul olsun, dolanışıq dərdi çəkməsin. Amma bu nə Azərbaycanda nə də Türkiyədə mümkün deyil. Əslində, bu Avropada da belədir. Son vaxtlar Avropa yazarları kitabdan pul qazana bilmirlər.

- Belə başa düşdüm ki, reklamları aparılan yazıçılara münasibətiniz birmənalı deyil. Mən biləni, Türkiyədə daha çox Əlif Şəfəq və İsgəndər Pala reklam olunur...

- Yox, bunu siz “münasibətiniz birmənalı deyil” şəkilində qəbul etməyin. Elə adamlar var ki, onların üzərində bu qədər təntənə, reklam qurmağın tərəfdarı deyiləm. Bu adamlar yazırlar, yaradırlar düzdür, amma əcəba, bu qədər səs-küy qoparıla biləcək qədər böyük deyillər.

Məsələn, o yazarları Anarla müqayisə edək. Anarın yaradıcılığına baxsaq, ədəbiyyatın hər sahəsində əsərləri var, dövrlərdən keçib gəlib. “Ağ qoç, qara qoç” Türkiyədə nəşr olundu.

Mən sizdən soruşmaq istəyirəm, bu əsər adını çəkdiyiniz yazarların əsərlərindən az qiymətlidirmi? Yox!!! Onda, Anarın adı niyə türk televiziyalarında çəkilmir. Burda məsələ ayrı cürdür. Məsələn, bir yazar deyir ki, türklər erməniləri öldürüblər.

Bu adama böyük yazar deyib, Nobel mükafatı verirlər. Bu yazarlar istedadsızdırlar demək istəmirəm, amma Türkiyədə bəzi yazarlar var, ortada bir əsəri yoxdur, Avropada böyük yazar deyirlər ona. Mən etirazım budur. Biz də yazırıq, türk dilinə, mədəniyyətinə töhfələr veririk, amma heç kim adımızı çəkmir.

Türkiyədə bir elit zümrə var – qəzetlər, nəşriyyatlar, televiziyalar onların əlindədir. Öz-özlərini tərif edirlər, üç-beş yazarın məqsədli şəkildə reklamını aparırlar. Oxucu vitrində İmdat Avşarın kitabını görsə də almır, amma hər gün televiziyada reklamı aparılan kitabı dərhal oxuyurlar.

Cavid Zeynallı
XS
SM
MD
LG