Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:45

Ziyalılar Forumu Xədicə İsmayılova ilə bağlı bəyanat yaydı


Ziyalılar Forumu
Ziyalılar Forumu
«Hakim qruplaşmalardan hər hansı birinin jurnalist Xədicə İsmayılova ilə bağlı baş verənlərə aidiyyəti varsa, o zaman simanı xilas etmənin yalnız bir mədəni üsulu var – istefa».

Azərbaycan Ziyalılar Forumunun AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı hərəkətlərlə bağlı yaydığı bəyanatda belə deyilir. Bildirilir ki, «qadının ləyaqətinin alçaldılmasına imkan verən bir ölkə, habelə öz vətəndaşını qorumağa qadir olmayan hökumət hörmətə layiq deyil. Çünki Azərbaycan ailəsinin çoxəsrlik mənəvi dəyərləri bir anda ayaqlar altına atılıb».

Forumdan AzadlıqRadiosuna daxil olan bəyanatı təqdim edirik:

«Xədicə İsmayılovaya – AzadlıqRadiosunun əməkdaşına qarşı hiddətdoğurucu hərəkətlər onu göstərdi ki, Azərbaycanda heç kim özünü şəxsi həyatına müdaxilədən müdafiə olunmuş hesab edə bilməz. Şəxsiyyətin toxunulmazlığı, təhlükəsizliyi mövcud deyil. Sivil cəmiyyəti diktaturaların istənilən formalarından fərqləndirən bu təməl vətəndaş dəyərlərinin zəmanətçisi hər yerdə hüquqi dövlətdir. Lakin nə respublikanın hüquq-mühafizə orqanları, nə də KİV-in fəaliyyətinə cavabdeh olan dövlət orqanları X.İsmayılovanın naməlum şəxslərin təhdidlərinə və kobud şantajına məruz qalması barədə xəbərdarlıqlarına lazımi münasibət göstərmədilər.

Bütün aydınlığı ilə görünür ki, X.İsmayılovanın təqibi onun peşəkar fəaliyyəti ilə bağlıdır. O, son zamanlar siyasi hakimiyyətdə korrupsiya və sui-istifadəyə, ölkə iqtisadiyyatının mühüm sahələrində bir sıra iri holdinqin ali hakimiyyət nümayəndələrinə məxsusluğuna dair dəhşətli faktları üzə çıxaran ardıcıl dərin, dəlillərə əsaslanan jurnalist tədqiqatları aparmışdır.

X.İsmayılovaya qarşı məkrli hərəkətin mənası yalnız siyasi-hüquqi məzmunu və nəticələri ilə məhdudlaşmır. Bu, milli mənliyə vurulmuş sillədir. Bu, şərəf məsələsidir. Kimliyindən asılı olmayaraq qadının ləyaqətinin alçaldılmasına imkan verən bir ölkə, habelə öz vətəndaşını qorumağa qadir olmayan hökumət hörmətə layiq deyildir. Çünki Azərbaycan ailəsinin çoxəsrlik mənəvi dəyərləri bir anda ayaqlar altına atılmışdır.

Cəzasızlığın hökm sürməsi bundan sonra hansı eybəcər təzahürlər doğuracağını təsəvvür eləmək çətin deyil. Çünki indinin özündə belə insanlar bir-biri ilə telefonla açıq şəkildə danışmaqdan qorxur və hətta doğmaları ilə siyasi söhbətlərdən yayınırlar. ABŞ Konqresinin xarici siyasət üzrə informasiya xidmətinin dünyaca tanınan radiostansiyasının əməkdaşının şəxsi həyatına təcavüz, narazılığın istənilən formasının təzahürləri ilə bağlı repressiv tədbirlərin güclənməsi fonunda, ölkənin bütün düşünən vətəndaşlarına qarşı xəbərdarlıq və şantaj kimi anlaşıla bilər.

Söhbət ancaq bütün vətəndaş birliyinin – beynəlxalq təşkilatların, jurnalistlərin, hüquq müdafiəçilərin, ictimai xadimlərin tam əsasla tələb etdiyi satisfaksiyadan – tənqid olunan şəxsin izzəti və şərəfini
Xədicə İsmayılova
Xədicə İsmayılova
qorumaq üçün cavabdan getmir. İnsanlar hiddətlənib, onlar narahatdır və anlayırlar ki, siyasi hakimiyyətdən kimsə X.İsmayılovaya ilə bağlı işi ört-basdır etməyə cəhd göstərərsə, Azərbaycan «uotorqeyt»i qara damğa kimi respublikanın imicini ləkələyəcək, Azərbaycanın beynəlxalq əlaqələr sisteminə arzu olunmaz mənfi təsirə səbəb olacaq.

Tanınmış jurnalist qadına qarşı iyrənc, əxlaqsız hərəkətlərlə bağlı ikinci dərəcəli rəsmi şəxslərin açıqlamaları cəmiyyəti qane etmədi. Cəmiyyətdə belə bir qənaət möhkəmlənir ki, başlanmış istintaqın imitasiyası böyük ehtimalla nəticəsiz qalacaqdır. Çünki müstəqil jurnalistlərə münasibət kifayət qədər məlumdur: onları fiziki cəhətdən yox edir, azadlıqdan məhrum edir, ləkələyir, zorakılığa məruz qoyurlar.

Bununla bağlı qeyd etməyi vacib bilirik: hüquq-mühafizə orqanları cinayətkarları müəyyənləşdirməyə qabil deyillərsə, onda bu hakimiyyətin gücsüzlüyü və həmçinin məsuliyyətsizliyi deməkdir. Yox, siyasi hakimiyyətin özü təxribat qurbanıdırsa, lakin bu təxribatın təşkilatçıları və icraçılarını müəyyənləşdirməkdə acizdirsə, deməli, o, özü xoşluqla, yaxud könülsüz şəkildə bu çirkin siyasi oyuna şərait yaradır. Hakim qruplaşmalardan hər hansı birinin bu və ya digər dərəcədə baş verənlərə aidiyyəti varsa, o zaman simanı xilas etmənin yalnız bir mədəni üsulu var – istefa.

Azərbaycan Ziyalılar Forumu bir daha bəyan edir ki, istənilən halda, siyasi məsuliyyət hakimiyyətin üzərinə düşür və cəmiyyət ondan aydın və birmənalı mövqe tələb etmək haqqına malikdir».

Naməlum şəxslər Xədicə İsmayılovanı şantaj etmək istəyiblər. Martın 7-də jurnalistin ev ünvanına gələn poçtda ondan susması tələb olunub, əks halda, intim şəkillərini yaymaqla hədələyiblər.

Əvvəlcə hüquq-mühafizə orqanları buna reaksiya verməyiblər. Yalnız jurnalistin intim həyatına aid video internetdə yayımlandıqdan sonra reaksiya verilib.
XS
SM
MD
LG