Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:48

Elxan Məmmədov. Şadlinski küçəsində bir ev


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


Elxan Məmmədov


ŞADLINSKİ KÜÇƏSİNDƏ BİR EV

Şadlınski küçəsində bir ev...
Tənhalıqdan ağrıyır
Bir qadın bədəni,
Amma çox istərdi
Sevdiyi bir kişi qollarında
Ağrıya hər tərəfi.

Şadlınski küçəsində bir ev...
Üçüncü mərtəbədə hüzünlü baxış...
Bayırda narın bir yağış...
Duyğular yağışın səsinə çırpar özünü,
Duyğular pəncərə şüşəsində naxış.

Şadlınski küçəsində bir ev...
Boyalı dodaqlarda boyasız şeir,
Dərdini deyir.
Bir kişi kürəyində
şırıma həsrət boyalı dırnaqlar,
Ovcunun içini cırmaqlar.

Şadlınski küçəsində bir ev...
Bir dolu otaqda bir boş ürəklə
iç-içə,
Üz-üzə,
Göz-gözə durub
O tənha otaqla o tənha qadın.
Küləklər,
Tərpədin pəncərə pərdələrini
Donunun altından keçin bir əsim.
Bir az kişi olun, onu aldadın,
Ona qadınlığını xatırladın.

Şadlınski küçəsində bir ev...
Tənha qadın,
sevə bilirsənsə tənhalıqda sev...


SEVGİLƏR ALDATDI SƏNİ

Sevgilər aldatdı səni,
aldandın gözəlliyinə.
Bir həzzin sonunda halsız qalmalar,
sevgi gətirməz,
gətirmədi.
Gözəlliklər zövq almaq üçünmüş…
Kimsə yaşamağı düşünmədi.
Hamı gözəlliyində qadın gördü,
sevgi görmədi.
Yatağına girənlər
bədənləriylə girdi,
ruhuyla girmədi.
Tablondakı mənzərəyə yox
rənglərə baxdılar,
Onlar sənin yanındaykən belə
yoxdular…
Gözəlliyindən qorxdular,
Sevgindən qorxdular.
Sənsə hələ də yuxuda
özünlə oynamaqdasan…
Gobud kişi əllərinin,
sığalında əriyirsən,
Ehtiras rəngli buludların
üzərində yeriyirsən.
Yaşın on səkkiz,
ümidin sonsuz dəniz,

aynada özünü gördüyün kimi
gözəl və təmiz
deyil
bütün yollar,
sığındığın qollar.
Bir sözlə, yaşadıqların
şeir olmadı, qadın!
Kişi-kişi bölündün,
kişi-kişi parçalandın.
Sevginlə unuduldun,
gözəlliyinlə xatırlandın…
Sevgilər aldatdı səni,
Gözəlliyinə aldandın.
XS
SM
MD
LG