Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:54

22 332 nəfər qəbul imtahanı verməyib, amma diplomu var


Arxiv foto: TQDK sədri Məleykə Abbaszadə
Arxiv foto: TQDK sədri Məleykə Abbaszadə
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Martın 28-də “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimat mərasimində Məleykə Abbaszadə deyib ki, 1992-2011-ci illər arasında Azərbaycanda ali məktəblərə 1 milyon 978 min 226 nəfər imtahan verib.

O deyib ki, TQDK ali məktəblərə qəbul imtahanlarında iştirak etməyib, amma əlində diplomu olanların “qara siyahısı”nı hazırlayıb. Siyahıda 22 332 nəfərin adı var.

TQDK sədri bu insanların necə diplom almalarına aydınlıq gətirməyib.

Qəbul Komissiyasının sədri bundan əvvəl də bir neçə dəfə ali məktəblərə qəbul olanlarla oranı bitirib diplom alanların sayının çox olmasına diqqət çəkib. Məleykə Abbaszadə bildirir ki, xüsusilə də Gürcüstan və Rusiya ali məktəblərindən Azərbaycana ali məktəblərə ikinci kursa köçürmələr çoxalıb.

Məleykə Abbaszadə bu yaxınlarda Trend informasiya agentliyinə müsahibəsində deyir: “Nədənsə belə çıxır ki, birdən-birə 200-300 azərbaycanlı qatara minir, Dağıstana gedib ali məktəbə qəbul olunur, II kursda isə hamısı qatara minib yenidən Azərbaycana gələrək burada oxuyur. Təbii ki, onların demək olar ki, hamısı bizim imtahanlarda iştirak edib aşağı nəticə göstərənlərdir. Son vaxtlar Ukraynadan da köçürmələr artıb.”
Təhsil naziri Misir Mərdanov
Təhsil naziri Misir Mərdanov

Təhsil Nazirliyindən də bu ittihama reaksiya öyrənmək mümkün olmadı.

Amma Təhsil naziri Misir Mərdanov bu yaxınlarda APA informasiya agentliyinə müsahibəsində deyib ki, diplom alanların sayının qəbul imtahanlarından keçənlərin sayından niyə çox olduğunu onlar da araşdırırlar:

"Dörd il əvvəl ölkədə digər ölkələrin ali məktəblərinin 10-dan çox filialı bağlanıb. O zaman biz məhkəmənin qərarı ilə həmin ali məktəblərdə oxuyan uşaqları digər ali məktəblərə köçürdük. Tələbələrin sayının çox olmasının səbəblərindən biri budur" – deyə nazir bildirib.
XS
SM
MD
LG