Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Yazıçılar haqda lətifələr (Ramiz Rövşəni həbs edirlər...)


Ramiz Rövşən
Ramiz Rövşən

.
2016-cı ildə Hüseynbala Mirələmov və Əkrəm Əylisli Milli Məclisə təkrar deputat seçilirlər. Tərslikdən otaqları da üzbəüz düşür. Bir gün Əkrəm Əylisli görür, Mirələmovun otağında hay-küy qopub, köməkçisi başını götürüb otaqdan qaçır. Tez həmkarına su gətirir, dil-ağız edir ki, əsəbiləşmə, de görüm nə məsələdir? Hüseynbala müəllim ağlamsınır:

- Ə, ay Əkrəm, nə məsələ olacaq, bu dəyyusa arxayın olub təzə romanımı nəşriyyata göndərdim. Kitabları mətbəədən götürəndə baxmayıb, vərəqləri qopur-tökülür, kleyini az ediblər.

- Əh, mən də deyirəm nə olub! Onda günah yoxdu, mən ölüm, torpaq pis adamı götürməyən kimi, kley də bezdarnı əsərə yapışmır.


* * *

Şair Ramiz Rövşən, akademik Rafiq Əliyev və filosof Niyazi Mehdi “sənətə xəyanət”də günahlandırılıb həbs olunurlar. Həbsxana nadzoru şair Qəşəm Nəcəfzadə hər gün qapını açıb bağıra-bağıra deyirmiş:

- Darıxmayın, xainlər, sizi dəhşətli işgəncələr gözləyir.

Həbsxananın rəisi şair Dayandur Sevginin imzası ilə məktub gəlir:

- Məhbuslara səhər işgəncəsi – Aydın Xan Əbilovla görüş.

- Günorta dəhşəti: Xanəmir Telmanoğlunun Azərbaycan ədəbi dili haqqında mühazirəsi.

- Axşam zülmü: Əsəd Cahangirin mahnılarından ibarət axşam konserti.


* * *


Gənc şair Qismətin təzə-təzə tanınan vaxtlarında, yazarlar bu eynəkli oğlanın intellektini tərifləmək üçün növbəyə dururlar. Xoş sözlərdən çiçəyi çırtlayan Qismət ərinməyib Çin yazıçılarının son on ildə yazdığı romanları oxumağa girişir. Deyilənə görə Hind hekayəçiləri, şairləri növbə gözləyirmişlər. Mövlud Mövlud zəng vurur:

- Ə, ay Qismət, özünü çox əziyyətə salma. Kitabların içində itib-batmaq adamı şair etsəydi, Axundov kitabxanasının müdiri çoxdan Puşkin olmuşdu.


***


Gənc yazar Cavid Zeynallıdan iki ay xəbər-ətər olmur. Telefonu bağlı, Facebookda görünmür, e-mail məktublar cavabsız qalır. Yazırlar ki, Orxan Pamuk AYB-də mühazirə oxuyacaq, Paulo Koelyo yolunu “Şirzadın kafesi”ndən salacaq, xeyri olmur. Hooop!!! Bir də görürlər, budur e, qardaş Varisin kitab təqdimatında peyda oldu. Mövlud Mövlud gülə-gülə yaxınlaşır ki:

- Çoxdandır şəhərdə görünmürsən. Deyirlər, roman yazmağa girişibsən.

- Hə, - Cavidin qoltuqları şişir- “Günəşi gözləyənlər” romanımı bitirmək üzrəyəm. Ona görə evdə oluram.

- Sən bu istedadla hələ adam içinə də çıxmaq istəyirsən? - Mövlud şaqqanaq çəkib uzaqlaşır.


* * *


2042-ci ildə Elnur Astanbəyliyə xalq şairi adı, üstəlik xidməti maşın, bağ evi verilir. “Yeni Şivən” qəzetində idman müxbiri işləyən Seymur Baycan Elnurdan soruşur ki, Yazıçılar Birliyindən razı qaldın?

- Yazıçılar Birliyi anti-demokratik, totalitar və mağara qanunları ilə idarə edilən, Stalin siyasətini Azərbaycan cəmiyyətinə sırımaq istəyən mənfur bir qurumdur. – Əsəbdən Elnurun boğazının damarı şişir.

Seymurun dili ağzında quruyur:

- Niyə Eliş? İndi nədən narazısan?

- Cibimə yüz manat qoymadılar ki, qonaq-qaramı yola salım.


* * *


Üsyankar-dissident-qəhrəman Qan Turalının “Azadlıq” qəzetinə köşə yazan zamanlardı.

Köşənin şirin yerində axsaq qoca qarışqa klaviaturanın üstünə dırmaşıb şıllaq atır. Qan vurur Turalın beyninə:

- İbtidai qanunların tüğyan etdiyi bu ölkədə hakimiyyət vətəndaşı, ziyalını necə alçaltmağın, onun şərəf və ləyaqətini tapdamaq üçün axsaq bir qarışqadan belə yararlanmaqla fürsəti əldə vermir. Kim bilir, bəlkə bu qarışqa içinə mikrosxem yerləşdirilmiş zəhərli qurğu, yaxud kütləvi ölüm silahıdır. Bəsdir bu rəzalət, yetər bu rüsvayçılıq. Yetər, yetər, yetər!!!

...Vaxt keçir, vədə yetişir. Qan Turalı “APA”nın döyünən ürəyinə çevrilir. “Sırtıq sərçələr” qəzetinin poçtalyon-müxbiri Elmin Həsənli köhnə dostu ilə məzələnmək üçün zəng edib ağlaya-ağlaya deyir:

- Tural, xəbərin var da, “Eurovision” günü vicdan məhbuslarını edam edəcəklər. Bu məsələ haqqında mövqeyini yazmaq istəyirəm?

- Aaaaa, ııııı, həəə..., hiiii, he-he-he... Ay Eli, bir az qəliz məsələ oldu e cavab vermək... Qoy Vüsalə xanımın yanına girim...


* * *


Hay düşür ki, Yazıçılar Birliyinin qurultayında prezidentlə görüş olacaq. Birliyin sədri xaricdə olduğundan bir neçə şair-yazıçı Fikrət Qocanın otağında divarboyu sıra ilə düzülürlər. Fikrət Qoca bir-bir soruşur ki, kim nə danışmaq istəyir? Növbə Qulu Ağsəsə çatır.

- Qulu, bala, sən nə deyəcəksən?

- Fikrət müəllim, mən dizimi tutacam ki, əsməsin.


* * *


Yazıçı Elçin Hüseynbəylidən soruşurlar:

- Sizi bir günlük Təhsil Naziri təyin etsəydilər nə edərdiniz?
- Əlbəttə, Nizami Cəfərovun acığına dərhal əsərlərimi dərsliklərə salardım.
- Bəs, spiker seçilsəniz?
- Həə... Məcbur edərdim ki, Qənirə Paşayeva başda olmaqla deputatlar “Şah Abbas” romanımı əzbər danışsınlar.
- Birdən Prezident oldunuz?
- Ondaa... Əmr edərdim ki, Kamal Abdulla və Elçin Əfəndiyev növbə ilə “Balıq adam” romanımı “Azadlıq meydanında” ucadan oxusunlar.


P.S. İncik düşənlər bu ünvana etiraz notalarını göndərə bilərlər: gedinözünüzüdolayınbizciddiadamlarıq@mail.ru.

“AYB və AYO-nun qardaşlıq qrupu”

XS
SM
MD
LG