Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:53

Nazir: «Qəbələ RLS-lə bağlı Rusiyanın təklifi müzakirə edilir, yaxında cavab veriləcək»


Elmar Məmmədyarov və Sergey Lavrov, 3 aprel 2012
Elmar Məmmədyarov və Sergey Lavrov, 3 aprel 2012
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıdadır. Səfər iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyinin tamam olduğu ərəfədə baş tutur. Bu haqda danışan nazir dedi:

«İki ölkə arasında münasibətlər əslində daha dərinlərə gedir. Amma belə alınıb. Geosiyasi dəyişikliklər baş verib və son 20 ildə yeni münasibətlər qurulur. Biz bu müddətdə qarşılıqlı dialoq qurmağa nail olduq».

Nazirlərin görüşü təxminən saat yarım çəkdi. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Xəzərin hüquqi statusu, İran və Suriya ətrafında baş verənlər müzakirə edilib. İran və Suriya haqda müzakirələr haqda məlumat verilmədi.

NAZİR MEDVEDEVƏ TƏŞƏKKÜR ETDİ

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə danışdılar.

Sergey Lavrov bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır:

«Biz istəyirik ki, bu nizamlama bu regionda yaşayanların maraqlarına cavab versin».

Elmar Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə səylərinə görə Rusiya prezidenti Dmitri Medvedevə təşəkkürünü bildirdi. Onun bu münaqişəni yerindən tərpətmək yönündə müxtəlif variantların hətta şəxsən redaktəsi ilə məşğul olduğunu dedi:

Qəbələ RLS
Qəbələ RLS
«Hələlik bu, alınmayıb. Amma mən ümidimi itirmirəm».

QƏBƏLƏ RLS DƏ MÜZAKİRƏ EDİLİB

Qəbələ RLS-lə də bağlı müzakirələr olub. Amma nazirlər bu müzakirələrin müdafiə nazirlikləri səviyyəsində getdiyini bildirdilər. Elmar Məmmədyarov isə dedi ki, Azərbaycan hökuməti Rusiyanın təklifini nəzərdən keçirir və yaxınlarda ona cavab verəcək:

«Əsas odur ki, danışıqlar gedir».

«TƏHLÜKƏLİ SƏFƏR»

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə bu səfəri təhlükəli sayır. Quluzadə deyir ki, onda olan məlumatlara görə, Rusiya Azərbaycana «maraqlı» təkliflə gəlir:

«Lavrov Azərbaycana 5 rayonun qaytarılmasını təklif edə bilər. Dağlıq Qarabağ, Kəlbəcər, Laçın çıxmaq şərtilə. Amma onun əvəzində Azərbaycan başqa şərtləri qəbul edir. Məsələn, Azərbaycan Rusiyanın əsgəri müttəfiqi olur. Rusiya sərhədçiləri Azərbaycan sərhədlərini qoruyur və havadan müdafiə sistemi Azərbaycanda qurulur. Bax, belə yağlı təklif ola bilər Rusiya tərəfdən. Bu da Azərbaycan iqtidarına böyük qələbə kimi təbliğ etməyə imkan verər.
Vəfa Quluzadə
Vəfa Quluzadə
Amma edə bilərmi, ona şübhə edirəm. Məncə, Lavrovun təklifləri də iflasa uğrayacaq».

Vəfa Quluzadə deyir ki, Rusiya Azərbaycandan müsbət cavab almasa, təzyiqləri artıra bilər.

«Məsələn, Rusiya Azərbaycanı hədələyə bilər ki, İranla müharibə başlasa, Ermənistan Azərbaycan əleyhinə müharibəni davam etdirə bilər, yeni Azərbaycan torpaqlarını işğal edə bilər. Ona görə Lavrov Azərbaycanı dəvət edə bilər ki, gəl, Rusiyanın qanadı altına. Rusiyanın havadan müdafiə sisteminə razı ol... Hər yerdə deyilir ki, İran Azərbaycana zərbələr endirə bilər. Bu da Azərbaycan üçün, Azərbaycanın müstəqilliyi üçün təhlükəlidir».

Vəfa Quluzadə yada salır ki, hələ sabiq prezident Heydər Əliyev zamanında Rusiya Azərbaycana böyük təkliflərlə gəlib. Amma Moskvaya rədd cavabı verilib:

«İndi niyə rədd cavabı verməyək? Azərbaycanın bir yolu var - Qərb yönündə işləməli və onun dəstəyi ilə özünü təhlükədən sığortalamalıdır».
XS
SM
MD
LG