Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:54

Serrozun danışdırdığı Adil Mirseyid...


Adil Mirseyid Azadlıq Radiosunun "Can Bakı" proqramında, 2011
Adil Mirseyid Azadlıq Radiosunun "Can Bakı" proqramında, 2011

-

Avtobusdan düşər-düşməz zəng edib yerimi-yurdumu nişan verirəm. “Gəldim, gəldim...” deməsindən beşcə dəqiqə keçmir ki, uzaqdan görünür.


Hava küləklidir, toz-torpaq aləmi başına alıb. Dər-divara daldalanıb, ağır addımlarla irəliləyir. Hal-əhval tutanda görürəm təngnəfəsdir, yolboyu dönə-dönə ayaq saxlayıb dincini alır.

Barmaqlarının arasında tüstülənən siqaretə işarə ilə soruşuram: “Səhhətinizə ziyan deyil?”

Əstəğfürullah, suç üstə yaxalanmış uşaq kimi alınır, öləziyən tütün közünə uzun-uzun baxıb lap pəsdən dillənir: “Evdəkilərdən gizlin çəkirəm. Xəbərləri yoxdur” – boğuq, xırıltılı səsin arxasınca bəbəklərində sevinc işığı közərir. İraq olsun, elə bilir tənə edib, onu günahkar gözündə görürəm. Aramıza çökən sükutun ardınca uşaq sadəlövhlüyü ilə dillənir: “Həkimlər gündə üç dənə çəkməyə icazə veriblər. Əvvəllər çox çəkirdim, hə, günə iki qutu...”

Başdan-başa kağız-kuğuzla dolu olan darısqal otağında göz-gözə oturub dərdləşirik:

- “Ekspress” qəzetinin redaksiyasından gəlirdim, gördüm, ovcum qızarıb. Fikirləşdim ki, yəqin çantanı bərk tutmuşam, keçib gedər. Axşamı gözlədim, əllərimin içindən qızartı çəkilmədi. Sonra halsızlıq, yuxusuzluq oldu. Get-gedə ağrılarım başladı, dözülməz olurdu.

Beş-altı gün evdəkilərdən gizlətdim ki, narahat olmasınlar. Gördüm yox, daha bacarmıram: yuxu çəkilib, iştahsızlıq, ağrılar... Həkimə getdim, məlum oldu ki, qara ciyər serrozudur. Düzü çox qorxdum.

Əvvəllər bu xəstəlikdən əziyyət çəkən rəssam dostlarım vardı. Düşündüm ki, vəssalam, körpünü keçirəm. Oğlum çox qorxdu, qızım ağladı. Həmin vaxt kasıbçılıq idi, güzəranımız ağır keçirdi. Bir tərəfdən də dalağım naxələf çıxdı, iki xəstəlik bir-birinə qarışdı. İndi pəhrizlə yaşayıram, gündə üç stəkandan artıq maye qəbul etməyə həkimlər icazə vermirlər. Yeddi aydır duzun nə olduğunu bilmirəm.


"Elə vaxt olub ki, rəsm əsərimi 20 manata satmışam. Vəziyyət çətin olub, evə çörək gətirmək lazım idi... Yoxdur da, neynim?!. Sərginin pulu ilə borclarımı qaytardım. İnan, mağazadan yeyib-içməyi də nisyə götürürdüm, 400 manat yığılmışdı, aptekə də bir az borcum vardı. Hamısını ödəyib rahatlaşdım".





- Adil müəllim, dolanışığınız çətindir, bir tərəfdən də xəstəlik... Dərmanların xərcini necə çəkirsiniz?

- Dünyada yaxşı insanlar çoxdur. Mən nə ədəbiyyatla, nə də rəssamlıqla sən deyən maddiyyat qazanana adam deyiləm. Lap cavanlığımdan pula meylli olmamışam. İnan, indi də bu cürəm. Bəzən bunun altını çəkirəm. Vaxt olub ki, dolanışıq xətrinə kiməsə güzəştə getmək tələb olunub, həmin adam güləndə mən də gülməli idim, xoş söz deyib qılığına girməli idim. Mən bunları nə bacarmışam, nə də istəmişəm. Demişəm Adil Mirseyid, sən o adam deyilsən. Bu xəstəliyi tapanda, ehtiyac içində boğulan vaxtlarım idi. Bir gün “APA”-nın rəhbəri Vüsalə Mahirqızı mənə zəng vurub rəsm əsəri istədi. Dedi, özüm gəlib seçəcəyəm. Bir gün xəbər çıxmadı, iki gün xəbər çıxmadı. Dedim, yəqin lazım olmayıb, ya da yadından çıxıb. Lap ümidsiz vəziyyətə düşmüşdüm. Sənə qardaş kimi deyirəm, evə çörək almağa pulum yox idi, nəinki dərman... Bərəkət haqqı, ay olur ki, 500 manat dərmana pul verirəm. Nə isə, Vüsalə xanıma zəng vurdum ki, siz rəsm əsəri istəmişdiniz. Üzrxahlıq etdi, dedi, bu gün mütləq gələcəyəm. Əziyyət çəkib yol gəlməyinə razı olmadım, dedim, bu gün şəhərə yolum düşəcək, özüm gətirərəm. Bismillah deyə-deyə, dua eləyə-eləyə altı rəsmi qoltuğuma vurub getdim. Həmin gün yaman ağrıyırdım, yüküm də ağır idi. Evdəkilərə bildirmədim, birtəhər dözdüm. Burdan təşəkkür edirəm Vüsalə xanıma. Dedi, əsərlərə qiymət kəs, mən də belə işləri bacarmıram. Birini hədiyyə etdim, yerdə qalanların pulunu paketdə verdi. Həmin pulla vəziyyətdən birtəhər çıxdım. Dostlarıma ağız açmağa utanırdım. Elə bildim, on beş-iyirmi günə yaxşılaşacağam. Adam nə qədər yatar, artıq yeddinci aydır... Sonra “Azadlıq Radiosu”ndan, “APA”—dan gəlib mənə baş çəkdilər, təskinlik verdilər, ürəyimi boşaltdım, yüngülləşdim. Saytlarda xəbər çıxandan sonra dostlarım xəbər tutdular ki, xəstəyəm.

- Laqeydliyindən incidiyiniz dostlarınız olubmu? Yəni zəngini bu gün də gözlədiyiniz insan varmı?

- Bu xəstə vaxtımda gileylənmək mənə yaraşmaz. Birdən məni düzgün anlamazlar. Çünki insanlar düzgün anlamamağa meyllidirlər. İllərlə çörək kəsdiyim adamlar qapımı açmadılar. Halbuki onları gözləyirdim. (Kövrəlir) Mənə qardaş deyən, imtiyazım olan vaxtlarda ondan istifadə edən, kitablarını təmənnasız redaktə elədiyim dostlarım indiyəcən qapımı açmayıblar. O adamlardan pul gözləmirdim, istəmirəm əlidolu gəlsinlər, yox, eləcə gəlsəydilər bir stəkan çay içərdik. İnan, on il görmədiyim adamlar qapımı döydü, gəlib baş çəkdilər. Bunlar umu-küsü deyil, necə deyərlər, xəstə könlü çox şey istər, amma ona qismət olmaz. O saat başımın üstünü alan dostlarımdan biri Fəxri Müslim oldu. Bax elə sən oturduğun yerdə oturub, ağlayırdı. O mənə təsəlli verməkdən, mən onu sakitləşdirirdim.

Bir dəfə Mirmehdi Ağaoğlu Zəng vurdu ki, əmi, sizə gəlmək istəyirik. Dedim, buyurun, nə vaxt istəyirsiniz, qapım açıqdır. Bir də gördüm Aqil Abbasla gəldilər. Aqil də ayağını əzmişdi, axsayırdı. Xeyli söhbətləşdik. Bazarlıq da etmişdilər. Onlar gedəndə gördüm

Aqil Abbasın gətirdiyi bazarlığın içində bir araq da var. (Gülür) Mən 11 ildir içmirəm, özü də bilir. Yəqin mənimlə zarafatlaşmaq üçün edirmiş ki, könlüm şad olsun.
Bir axşam Qənirə Paşayevadan zəng gəldi ki, “Həzi Aslanov” metrosuna çatırıq, evə necə gələ bilərik? Oğlum onları qarşıladı. Ərklə, səs-küylə evə girdilər, söhbət etdik. Qənirə xanıma bir rəsm bağışladım. Elə ərkyana, qınayıcı şəkildə dedi ki, niyə bir sərgi keçirmirsən? Bu mənim çoxdankı arzum idi, dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişəm, müxtəlif bəhanələrlə sərgimi keçirməyiblər. Nazirlikdən demişdilər ki, əgər sponsorunuz varsa, biz sərgini təşkil edərik. Tələb etdim ki, imtinanın səbəblərini yazılı şəkildə mənə bildirin. Məktub gəldi ki, fondda maliyyəmiz yoxdur, siz həm də Yazıçılar Birliyinin üzvüsünüz müraciət edin, Yazıçılar Birliyi sərginizi təşkil etsin. O vaxt çox arzu edirdim sərgim olsun. Elçin Əfəndiyevə məktub yazdım ki, sərgi üçün mənə kömək edin. Elçin mənim xətrimi istəyən adamdır, dəfələrlə yazılarında, müsahibələrində deyib ki, dostum Adil Mirseyid... Nə başını ağrıdım, cavab vermədilər. Ruhdan düşdüm, əsərlərimi kimə gəldi bağışladım. Qənirə xanımın təşəbbüsü mənə xoş oldu. Özü də sağ olsun, mənə maddi köməklik etdi, dərmanlarımı aldı. Üç gün keçdi zəng vurdu ki, yer danışmışıq, əsərləri hazırla.

- Adil müəllim, mənə acığınız tutmasın, soruşmaq bəlkə yaxşı çıxmır, amma sirr deyilsə, illərlə can qoyduğunuz sənətiniz sizə nə qədər qazanc gətirdi? Yəni min manat, iki min manat...

- Bir az çox oldu. Elə vaxt olub ki, rəsm əsərimi 20 manata satmışam. Vəziyyət çətin olub, evə çörək gətirmək lazım idi... Yoxdur da, neynim?!. Sərginin pulu ilə borclarımı qaytardım. İnan, mağazadan yeyib-içməyi də nisyə götürürdüm, 400 manat yığılmışdı, aptekə də bir az borcum vardı. Hamısını ödəyib rahatlaşdım. Qəribə idi ki, sərgidə Yazıçılar Birliyinin rəhbərliyindən heç kim iştirak etmirdi. Rəssamlar İttifaqından katiblər çıxış etdilər, yaradıcılığım haqqında xoş sözlər dedilər. Həmin sərgidə Vüsalə xanım bir rəsm əsərini alıb mənim özümə bağışladı. Bu sərgilərdə görünməmiş bir şeydir ki, iş alınıb, rəssamın özünə bağışlana. Mən bunu unuda bilmərəm. (kövrəlir) Nə deyim, Allah razı olsun ondan.

Bu yerdə Adil Mirseyidin xanımı soyumuş çayları təzələmək üçün otağa girir. Üzrxahlıq edib deyir: Yazıçılar Birliyi haqqında danışığınızı qulağım aldı, bir-iki kəlmə deməyi özümə borc bilirəm. Anar müəllim zəng vurmuşdu, söz vermişdi gələcəyəm, görünür, imkan edə bilməyib. Pul köməkliyi də etdilər, tez-tez xəbər tuturdu, kim gəlib gedirdisə, salam göndərirdi.

- Yazıçılar Birliyi mənə 200 manat yardım etdi. Ədalət Əsgəroğlu zəng vurdu, oğlum gedib götürdü. Bilirsən, mən heç vaxt kiminsə adamı olmamışam, heç kimi yalandan tərifləməmişəm. Heç Elçin Əfəndiyevin adamı ola bilmədim. Elçin vəzifəyə təzə keçəndə vəzifəli adamlar deyirdilər, Elçin dostundur da, sənin nə problemin ola bilər?! Belə şeylərdən çox danışmaq istəmirəm, ovqatım yaxşıdır, korlanmasın. Mənim əsərlərimə baxan insanlar deyirlər, niyə adam-zad çəkmirsən? Deyirəm, adamlar məni incidirlər, ona görə onları çəkmirəm.

- Bəlkə adamlar sizi başa düşmürlər?!

- Bir də görürsən gəlib soruşurlar ki, Səttar Bəhlulzadə yaxşı rəssamdır, yoxsa Mircavad? Özümdən utanıram. Bu mənada incidirlər. İmpressionizmlə sürrealizmin fərqini ayıra bilməyən adamlar yekə-yekə insan taleyindən danışırlar. Bu incitmək deyil?! Bu yaxında bir xanım jurnalist gəlmişdi, deyir Vahid Əzizdən sizin haqqınızda soruşdum, dedi, Adil rəsmləri fransız stilidir. Nə poeziyada, nə də rəssamlıqda fransız stili deyilən bir şey yoxdur. Deyirlər, Adil Mirseyid niyə Sena çayından yazır, Kür çayından yox! Elə hey deyirlər ki, bir az sadə yaz, hamı başa düşsün. Hamının mənim şeirimi sevməyinə, başa düşməyinə mənim ehtiyacım yoxdur, qardaşım. Bəkir Nəbiyev mənə deyirdi, bilirsən, mən anlayıram, amma səni hamı başa düşmür axı! Deyirdim, Bəkir müəllim, mən sürücülərə şeir oxuyuram, onlar anlayırlar, niyə elə deyirsiniz?!

- Həmkarlarınızdan sizin haqqınızda kim yazıb?

- İlk dəfə mənim haqqımda Elçin Əfəndiyev yazıb. 80-ci illərdə “Ulduz” jurnalında böyük bir məqaləsi çıxdı. Anar “Azadlıq” qəzetində mənim yaradıcılığımda heç kimin görmədiyi məqamlardan yazmışdı. Urbanist, sürrealist, mistik şeyləri ilk dəfə o görmüşdü. Vaxtilə Bəkir Nəbiyevin mənə dediyi sözü kim desə yaxşıdır, Sabir Rüstəmxanlı! Ki, Adil mürəkkəb şairsən. Belə şeylər məni incidir. Aydın Talıbzadənin, Vaqif Yusiflinin, Azər Turanın, Şamil Salmanın, Elçin İsgəndərzadənin şeirlərim haqqında yaxşı yazıları olub.

Əl sıxıb ayrılanda “Ay suvarisi” kitabını mənə bağışlayır. Evdən xeyli aralanıb kitabı vərəqləyəndə dörd qatlanmış birmanatlığı gözüm alır. Geri qayıdıram. Yenə huşsuzluq... Özümü ha ora-bura vururam, evin yerini tapa bilmirəm ki, bilmirəm... Kor-peşman geri qayıdıram.

Adil müəllim, çörəkpulu tapmadığınız o çətin günlərdən oğurlanan bu pulu bir dilənçi uşağına verib deyəcəm ki, sizə dua eləsin, alqış desin. Desin ki, tanrının nəzərləri üstünüzdən əskik olmasın, yastığınız yüngül olsun! Daha şeirlərinizdən giley-güzar tökülməsin:

Papağımı yan qoyduğum o günlər
Haralarda veyil veyil dolanır…

2012

XS
SM
MD
LG