Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:45

Mülki geyimlilərin axtarışında


17 mart mitinqində mülkigeyimlilər
17 mart mitinqində mülkigeyimlilər
Onlar qara rəngdə geyinirlər. İlk baxışdan adi vətəndaşdan seçilməsələr də, ictimai yükləri adi vətəndaşınkından fərqlidir: onlar etiraz aksiyalarının əsas atributlarıdır. Mülkigeyimlilərdən gedir söhbət.

NAMƏLUM 55

ABŞ-da yaşayan azərbaycanlıların AZAD təşkilatı onların axtarışına çıxıb. Onların siyahısı, fotoları yerləşdirilir, oxuculara müraciət edilir. Məsələn, «Naməlum 55» kimi təqdim olunan mülkigeyimli barəsində deyilir: «Şəkildə gördüyünüz gənc sivil geyimli polis işçisidir. Sizin onun haqqında məlumatınız varsa, lütfən şərh bölməsində və ya e-mail ünvanımıza yazın».

Saytda hələ ki, 55 mülkigeyimli təqdim olunur.

Gənclərin 17 mart mitinqi zamanı da mülkigeyimlilər fəallıq nümayiş etdirirdilər. Həm video çəkilişlərdə, həm də gənclərin döyülməsində.

«Bulistan» qrupunun gitaraçısı Natiq Kamilov da mitinqdə ilk yumruğunu mülkigeyimlidən aldığını deyir:

«MÜLKİGEYİMLİLƏR BAYIRDA VURURLAR, İÇƏRİDƏ YOX»

«Orda hamı mülkigeyimli olduğu üçün bilmirsən mülkigeyimli polis hansıdır. İnsanlar da mülki geyimlidir. Mənə birinci yumruq vuranı polisdə də gördüm, amma sonra fərqinə vardım. Həm də onun rütbəsi yüksək idi, çoxlu təhqir edirdi, söyüş söyürdü. Mülkigeyimlilər əsasən çöldə mitinq vaxtı vururlar. İçəridə isə polis geyimlilər rahat-rahat
Natiq Kamilov
Natiq Kamilov
vururdular».

Nə «Polis haqqında», nə də «Sərbəst Toplaşmaq haqqında» qanunda mülkigeyimli şəxslərin mitinqlərə cəlb olunmasına dair bir fikrə rast gəlmədik.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev də hesab edir ki, bu, kobud qanun pozuntusudur, sivil ölkələr mülki şəxslərin mitinqə müdaxiləsinə yol verməz:

«BUNLAR HANSI YUVANIN QUŞUDUR?»

«Onların alnına yazılmayıb ki, bunlar hüquq-mühafizə orqanının işçiləridir. Üstəlik, hər hansı şəxsə fiziki müdaxilə edəndə, belə bir təsəvvür yaranır ki, onlar qoçulardır, qoluzorlulardır. Axı qıraqdan baxan bilmir bunlar hansı yuvanın quşudur. Ən təhlükəli vəziyyət də nədir? Həmin tədbirlər vaxtı cinayətə meylli şəxslər, cinayətkar ünsürlər mülki geyimdə onlara qoşulub hərəkət edə bilərlər. Belə bir təsəvvür yaranar ki, bunlar da orqan işçisidir».

Mahmud Hacıyev keçmiş polis rəisi kimi öz təcrübəsindən də danışdı. Onun müşahidəsinə görə, mülkigeyimli şəxslərdən istifadə son 10 ildə vüsət alıb:
Mülkigeyimlilər - 2010
Mülkigeyimlilər - 2010

MÜDAXİLƏ YOX, MÜŞAHİDƏ!

«Sovet dönəmində də belə tədbirlərdə mülkigeyimli xüsusi xidmət orqanlarının əməkdaşları iştirak edirdi. Onlar ancaq və ancaq müşahidə etmək niyyəti ilə qatılırdılar. Heç kimə bildirmirdilər və heç kimə qəti surətdə toxunmurdular. Müəyyən iğtişaş olanda, ona da müdaxilə etmirdilər. Çünki de-şifrə oluna bilərdi».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, polis əməkdaşının mülki geyimdə kütləvi tədbirə çıxması qanunazidd hesab oluna bilməz:

«Mən ümumiyyətlə məsələnin qoyuluşu ilə razılaşmıram. Söhbət polisin ictimai asayişi qorumasından, hər bir şəxsin təhlükəsizliyini təmin etmək kimi məsul, məsul olduğu qədər şərəfli vəzifədən gedirsə, burda polis əməkdaşlarının hansı formada xidmət aparması texniki bir məsələdir. Əsas məsələ polisin qanunla üzərinə düşən vəzifəsinin öhdəsindən necə gəlməsidir. Belə tədbirlər zamanı adətən terror, təxribat hallarının qarşısını almaq üçün mülki geyimdə polis əməkdaşlarından istifadə olunur. «Polis haqqında» qanunda xidmət apararkən polis əməkdaşının mülki, yaxud xidməti geyimdə olmasına dair heç bir maddə yoxdur. Qanunda mülki geyimlə bağlı qadağanedici heç bir tələb yoxdursa, deməli bu, qanunidir».
XS
SM
MD
LG