Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Bertran Rassel. İlahiyyatçının yuxusunu qarışdırmağı


Bertrand Arthur William Russell
Bertrand Arthur William Russell
Bertran Rassel


İLAHİYYATÇININ YUXUSUNU QARIŞDIRMAĞI

Günlərin bir günü, necə oldusa, ilahiyyat üzrə adlı-sanlı elmlər doktoru Taddeus özünün yuxuda öldüyünü gördü, ona görə də üz tutub, göyə sarı yollandı. İlahiyyat üzrə çalışmalarından göyü yaxşı tanıdığı üçün, azıb eləmədən, birbaşa gəlib uğrağına çatdı. Ancaq gəlib çıxandan sonra göyün qapısını döyəndə, qarşısına çıxan qapıçının davranışı ona çox anlaşılmaz göründü.

–Buyurun, məni içəri buraxın,- o qapıçıya üz tutub dedi.- Mən buraya Yer planetindən, yamanlıqlardan arınıb gəlmişəm, özüm də bütün ömrümü yaradanın ad-sanını ucaltmaq yolunda qoymuş bir insanam.

–İnsan? – qapıçı çaşqınlıq içində, gözlərini döyərək soruşdu.- O nədir elə? Bir də sözün düzü, mən anlaya bilmirəm, sizin təki cılız, lap deyərdim gülməli bir varlıq, necə olur, tanrının ad-sanını ucalda bilir?


Doktor Taddeus tutuldu:
–Siz insanı tanımaya bilməzsiniz,- deyə o dirəndi.- Ola bilməz, mən inanmıram, siz insanın tanrının yaratdığı ən yüksək varlıq olduğunu bilməyəsiniz.

–Düzünü desəm, mən sizin könlünüzə toxunmaq istəməzdim,- qapıçı dilləndi,- ancaq indi sizin bu dedikləriniz doğrudan-doğruya mənim üçün çox gözlənilməz bir yenilik oldu. Mən inanmıram, burada insan adında bir varlığın olduğunu bilən kimsə tapılsın. Ancaq siz belə dirəşirsinizsə, onda mən gedim bizim kitabxanaçını bura çağırım, ola bilsin, o sizin dediklərinizdən baş aça bildi.

Bir azdan kitabxanaçı gəlib çıxdı, o yupyumru biçimdə bir varlıq olub, minə yaxın gözü, tək bircə ağzı vardı. Onun yüzə yaxın gözləri, bir andaca, adlı-sanlı ilahiyyatçıya dikildi.

–Bu nədir belə? – o, doktor Taddeusu göstərib, qapıçıdan soruşdu.

–Bilmirəm, bu haradansa gəlib çıxıb bura, - qapıçı dilləndi,- özünün deməsinə görə, hansısa insan adlanan bir soydandır, Yer adlanan planetdən gəlib. Bundan başqa da yaman anlaşılmaz sözlər danışır. Sən demə, yaradan bunların o Yer deyilən planetinə də, insan adlanan soyuna da, çox böyük qayğı ilə yanaşırmış. Mən bunun sözündən baş açmadım, düşündüm, ola bilsin siz bununla bağlı nəsə bilirsiniz?

–Siz mənə o dediyiniz Yer adlanan planetin harada yerləşdiyini anlada bilərsinizmi? – deyə kitabxanaçı dönüb, böyük bir sayqı ilə ilahiyyatçıdan soruşdu.

–Paho,- doktor Taddeus çımxırdı,- Yer, Günəş sisteminin içindədir də!

–Günəş sistemi nə deməkdir?- deyə kitabxanaçı soruşdu.

–Ah,- doktor Taddeusun qanı lap qaraldı,- mən ilahiyyatçıyam, tanrı sözlərinin bilicisiyəm, bu isə dünyəvi biliklərdəndir. Ancaq astronomiya biliciləri olan arxadaşlarımdan eşitdiyimə görə, Günəş–“Süd Yolunun” içində olan bir ulduzdur.

–Yaxşı, bu “Süd Yolu” deyilən nəmənədir? – kitabxanaçı soruşdu.

–Eşitdiyimə görə, göydə yüz milyona yaxın qalaktika var, “Süd Yolu” da onlardan biridir.

–Bu qalaktika dediklərinizin sayı belə çoxdursa, - kitabxanaçı dilləndi,- siz nədən, mənim onların hamısını tanıya biləcəyimi düşünürsünüz? Ancaq mənə elə gəlir, bu “qalaktika” sözünü mən haradasa eşitmişəm. Hə, doğrudan mənim köməkçilərimdən biri deyəsən elə bu qalaktikalar üzrə çalışır. Dayanın, mən indi onu çağırım, ola bilsin, o bu işdən baş aça bildi.

Çox keçmədən, qalaktikalar üzrə çalışan köməkçi gəlib çıxdı. Bu onikiüzlü biçimdə olan bir varlıq idi. Onun haçansa çox işıqlı, parlaq bir görünüşü olduğu bilinirdi, ancaq kitabların arasında eşələnməkdən üstünə çökmüş toz, indi onu çox sönük, solğun göstərməkdəydi. Kitabxanaçı doktor Taddeusu göstərib, onun hansısa qalaktikadan gəldiyini danışaraq, köməkçisindən kitabxanada, onun çalışdığı bölmədə, bu yöndə hansısa bilgilərin olub-olmadığını soruşdu.

–Əlimizdən nə gəlirsə, eləyərik,- deyə köməkçi dilləndi. – Ancaq bilirsiniz də, qalaktikaların sayı yüz milyondur, bizim bölmədə hər qalaktika üçün bir kitab vardır. İndi bu yüz milyon kitabı arayıb, gərəkən arayışı yazmaq bir-iki günün işi deyil. Bu molekul,- o əli ilə doktor Taddeusu göstərib soruşdu,- hansı qalaktikadan gəlib?

–Mənim gəldiyim ulduz “Süd Yolu” qalaktikasının içindədir,- deyə yazıq-yazıq büzüşüb dayanmış doktor Taddeus dilləndi.

–Yaxşı,- köməkçi dedi,- mən çalışaram, onu tapım.

Üç həftədən sonra kitabxanaçının köməkçisi qayıdıb gəldi, dediyinə görə onların bölməsində kartotekalar yaxşı düzənləndiyinə görə, soruşulan qalaktikanı tapa biliblər, onun kartoteka nömrəsi XO 321762-dir.

–Bizim bölmənin beş min işçisinin hamısı, sizin qalaktikanı tapmaq üçün gecə-gündüz əlləşib, vuruşublar,- kitabxanaçının köməkçisi bunu deyib, soruşdu: - Gəlsəniz, o qlaktikanı tapan işçimizlə sizi görüşdürüm?–o artıq sizin qalaktikanın bilicisidir.
“Süd Yolu” qalaktikasının bilicisi olan işçini çağırdılar, bir azdan səkkizüzlü biçimdə bir varlıq gəlib çıxdı, onun hər üzndə bir gözü, ancaq bir kiçik ağzı var idi. Bütün ömrünü alaqaranlıq kitabxana güncündə keçirdiyindən, işıq onun gözlərini bərk qamaşdırırdı, gözlərini qıyıb, key-key baxırdı. Bir azdan özünə gəlib, toxdaq bir səslə doktor Taddeusdan soruşdu:

–Siz bu qalaktikadan nə bilmək istərdiniz?

–Mən bilmək istəyirəm, siz Günəş sistemindən nə bilirsiniz?- deyə, doktor Taddeus bərkdən, inam duyulan bir səslə soruşdu.- O sizin tapdığınız qalaktikanın içindədir, orada başına çoxlu planetlər fırlanan bir ulduz var, ona biz Günəş deyirik.

–Hmm!- qalaktika bilicisi mızıldandı.- Yüz milyon qalaktikanın içindən birini güclə tapa bildik, indi gəl, bu qalaktikada hansısa ulduzu tap görüm, necə tapırsan. Mənim bildiyimə görə, sizin qalaktikada üç yüz milyarda yaxın ulduz var, indi bilmirəm, mən onları biri-birindən ayırıb, siz deyən ulduzu tapa biləcəyəmmi? Ancaq mənim çoxdan eşitdiyimə görə, yuxarıdan gələn buyuruq üzrə, haçansa bu üç yüz milyard ulduzun siyahısı tutulub, özü də bu yazılar bizim kitabxananın yeraltı otaqlarında olmalıdır. Siz,- o üzünü kitabxanaçıya tutdu,- bu Günəş deyilən ulduzu arayıb tapmağa gərək duyursunuzsa, onda gərək göstərişverəsiniz, kitabxanamızın başqa bölmələrindən də minlərlə adam bu işə qoşulsun.

Çox götür-qoydan sonra, belə bir sorğunun artıq qaçılmaz olaraq ortaya çıxdığını, doktor Taddeusun çıxılmaz durumda qalıb sıxıntı çəkdiyini göz önündə tutaraq, Günəş adlanan ulduzu tapmaq üçün çalışmağı gərəkli saydılar.

Bir neçə ildən sonra, çox yorğun, üzgün görkəmi olan bir dördüzlü varlıq, kitabxanaçının qalaktikalar üzrə bilici olan köməkçisinin yanına gəlib dedi:

–Mən o Günəş dediyiniz ulduzu axtarıb tapdım, ancaq mən bunu anlaya bimirəm, o sizin nəyinizə gərəkdir? O da bu “Süd Yolunda” olan milyardlarla ulduzlardan ancaq biridir də. Orta ölçülü, orta istilikli bir ulduzdur, başına da “planet” adlanan kiçik cisimlər fırlanır. Mən bu planetləri də araşdırdım, sən demə onlarda hansısa çox kiçik mikroorqanizmlər də yaşayır, mənə elə gəlir, bura gəlib çıxan bu varlıq da, elə o mikroorqanizmlərdən biridir.

Bu yerdə doktor Taddeus lap özündən çıxdı, acı, öfkəli bir səslə kükrədi:

–Nə üçün, ah nədən!- o hayqırdı,- yaradan bizdən, Yer üzünün bu qara günlü insanlarından, bizim bildiyimizdən başqa da sayıbilinməz göylər yaratdığını gizlədib?! Mən də bütün bu uzun ömrüm boyu ona ürəkdən qulluq eləyirəm, nə var-nə var yaradan mənim bu qulluğumu görür, özü də öləndən sonra bunun ödülünü verəcək, mənə sonsuzlaracan yaxşılıqlar içində yaşamağı bağışlayacaq. İndi isə belə bəlli olur, mənim olub-olmamağımın yaradan üçün bir önəmi yoxmuş. İndi siz də mənim üstümə ayaq alıb deyirsiniz, mən hansısa gözəgörünməz, mikroskopik bir varlığam, bizim qalaktikanın üç yüz milyardlıq ulduzlarının içində, gözə çarpmayan bir ulduzun başına fırlanan bir kiçicik planetdə yaşamışam. Yoox!–mən artıq buna dözə bilmərəm, mən elə günü-bugündən, yaradanı öyməyin də daşını atıram.

–Çox yaxşı,- qapıçı dilləndi.- Deməli siz yol azmısınız, indi düşünün, görün haraya getməlisiniz.

Bu yerdə adlı-sanlı ilahiyyatçı yuxudan ayıldı.

–Şeytanın bizim yuxularımıza ağalıq eləməsi, əliuzunluğuna salıb, onu belə qatıb-qarışdırıb, bizi yanıltması, doğrudan-doğruya çox qorxunc imiş,- deyə o, öz-özünə mızıldandı.

Rus dilindən Araz Gündüz çevirib.
2-3 aprel 2012-ci il
XS
SM
MD
LG