Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:46

ATAQAM "Şrödingerin qara pişiyi" (Onluqdan hekayə)


Schrödinger's Cat
Schrödinger's Cat
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin onluğuna keçib.


Azər Həsənli (Ataqam)


ŞRÖDİNGERİN QARA PİŞİYİ

Mayra, bu yazıda sənin adından yararlandığım üçün məni bağışla.

Pəncərənin arxasından hər gün obaşdan eşitdiyi melodik səs gəldi. O, bu səsi yaxşı tanıyırdı. Gəncliyində bəstələmək istədiyi “Kəpənəklər” mahnısından idi.

Yatağında bu gözəl melodiyanı xeyli dinlədi. Mayra hələ oyanmamışdı. Üzünü divara çevirib yatmışdı. O, həmişə belə yatırdı. Həmişə də kürəyi açıq qalırdı. “Qoy yatsın, bu gün yəkşənbədi” – düşündü. Yorğanın ucu ilə Mayranın belini örtdü. “Hə, durmaq vaxtıdı” - yorğanı tərpətmədən sivişib yataqdan çıxdı.

Dizi üstə oturub bir neçə gərilmə hərəkəti eləyib ayağa durdu. On yeddinci mərtəbədən dənizin ilahi mənzərəsi açılırdı. Pəncərənin arxasında qoşa ağ göyərçin dimdiklərini uzadıb yem gözləyirdi. Cəftəni ehmalca açıb dənizin havasını ciyərlərinə çəkdi.

Öskürək onu boğdu. Əlləri ilə qarnını qucaqlayıb var gücü ilə bir neçə dəfə öskürdü. “Zəhrimara qalasan... Şükr, keçdı”. Axşamdan plastik qutuya yığdığı yemək qalıqlarını miyoldayıb küçə tərəfdən pəncərəni cırmaqlayan qara pişiyin qabağına itələdi.

Güzgünün qarşısında dayandı. “Yaz gəlir!..” – içindən xoş bir gizilti keçdi. Mayranın kürəyi yenə açılmışdı. “Ay Allah, bu qıza soyuq dəyəcək”- yatağa yaxınlaşıb onu yorğanbükülü qucağına alıb, özünə sıxdı. “Yaxşı, Mayra, axşam yenə görüşərik” – yorğanı qatlayıb kürpaçanın üstünə qoydu. Yatağı yığıb yumrulayıb dikinə küncə söykədi. Yuyunub mətbəxə keçdi. Səhər yeməyini həmişə özü hazırlayardı. Bu dəfə də belə etdi. Əslində, burda nə çətin iş var ki? Soyuducudan ürəyin istəyəni çıxardıb düzürsən süfrəyə, elektrik çaydanının düyməsini basırsan, çörək dilimlərini tosterə atıb qızardırsan...

-Xarabdı, qurdalama! – Sadbarq arvad başını zirzəminin qapıəvəzı bacalığından uzadıb xırıltılı səslə ona çəmkirdi, - qaz buraxırdı, evdə nəfəs ala bilmirdim, axşam qoydum aynabəndə, tamam boşaldı.

Dinmədi. Qaz balonunu ayağı ilə otağın küncünə itələdi. Tez-tələsik dünən özbək yeməkxanasından aldığı yuxadan dürmək bükdü, nərdivanın altına qoyduğu boyaq alətlərini də qapıb zirzəmidən çıxdı.
-Boyaqçı, bu gün kirayəpulunun vaxtıdı, unutma ha!

Sadbarq arvad ona “Albaycon” əvəzinə “boyaqçı” deyirdi və hər dəfə də elə bilirdi bununla onu daha çox borca salır. O isə, Sadbarq arvad öz əzici müraciətindən ləzzət alsın deyə, üz-gözünü türşudurdu. Əslində, Sadbarq arvad ona “boyaqçı” yox, “boyaçı” desəydi, nənəsi yerində olan bu arvada nifrəti daha az olardı.

Kabrioleti işə salıb mühərrikin qızmasını gözlədi. Boylanıb pəncərədəki cüt göyərçinlərə baxdı. “Görünmürlər, yəqin uçub gediblər... Quşların içində ən xoşbəxti qarğadı. Gör ömründə neçə dəfə zoğalın çiçəklədiyini görüb!”

Maşına mindi. “Getdik!”- bu, onun “bismillah”ı əvəz eləyən sözü idi. Sükanı burub Nurek yoluna çıxdı. Hava sərin idi, amma maşının örtüyünü qaldırmaq istəmədi.

Seyrək ağ saqqallı kişi əlindəki iri zənbili avtobusun qapısından zorla içəri pərçimləyib onun yanında dayandı:

-Ako, o yer boşdu?

-Boşdu, - ayağa durub seyrəksaqqala yer verdi.

Maşından düşüb mağazaya tərəf addımladı. Bu gün başqa bir gün olacaqdı! Yağlı boya ilə işlədiyi yeni rəsmini axır ki tamamlaya bilmişdi. Rəssam dostlarını ilk baxışa çağırmışdı. İşini bəyənəcəklərinə əmin idi. “Bircə Mayra da gələ biləydi”. Qonaqları üçün süfrə açacaqdı. “Bir az nabat, hərəyə də üç-dörd isti sambusa. Yetməz, yenə alaram”.

- Bu məsləhət deyil, akai Albay, - uzun illərdi tanıdığı satıcı xanım onun əli ilə göstərdiyi peçenyelərdən birini sındırıb yenidən qutuya atdı, - nəm çəkib, kiflənib.

Cibindən açarı çıxarıb qıfıla saldı. Qapı açıq idi. “Ola bilsin məndən qabaq gəliblər”. Kaş qarşıma birinci Mayra çıxaydı!”

- Bu nə rəngdi bura yaxmısan?! – o, addımını qapıdan içəri qoyan kimi ev yiyəsi bağırdı, - sənə demədim göy rəng vur?! Mən də deyirəm dünən neçə saat oturub o küncdə nə qarışdırır! Mən indi sənin bu sarılı-qırmızılı qaraçı divarına hansı mebeli uyğunlaşdırım?!

Canın çıxsın qaşı, təzədən vur. Göy olsun! Sənə pul verirəm ki, mən dediyimi eləyəsən!

- Baş üstə, apai Dilrubo, göy vuraram, - başını aşağı saldı.

Gödəkçəsini soyunub emalatxananın küncündəkı şkafdan asdı. Yellənən kətilə əyləşib divardan asdığı rəsmlərə baxdı. Mayranın çılpaq portretini ağ parça ilə örtmüşdü. Nişanlısının ovaxtkı, başqasına qoşulub qaçdığı gündən iki ay öncəki qəribə hərəkətini yadına salıb gülümsündü. Mayranın döşlərini tamamlaya bilmirdi. “Deyəsən bu qızı çılpaq görməmisən, - nişanlısı demişdi və paltarının yuxarıdan üç düyməsini açıb sinəsini göstərmişdi, - istəyirsən soyunum, bax, çək”.

- Axşama hazır olsun! – ev yiyəsi hikkəli tonda dedi, - sabah bacımgil baxmağa gələcək, - barmağı ilə onu hədələdi, - başa düşdün?! Bacım incəsənət adamıdı, hünərin var, o bəyənməsin! Pul üzünə həsrət qalarsan!

Paltarlarını dəyişdı. Çəpkənini geydi. Şkafın qapısına içəridən bərkitdiyi güzgüdə özünə baxdı. “Paltarın lap çəmənliyə bənzəyir ki!” – Mayra onun rəngə batmış çəpkənini görsəydi, mütləq belə deyərdi. Emalatxanada əl-ayağa dolaşan nə vardısa, götürüb arxa otağa yığdı. Nabatı nəlbəkiyə boşaldıb küncdəki mizin üstünə qoydu, isti qalsın deyə sambusaları dəsmala bükdu. Çay qoydu. “Uşaqlar gəlincə, “Güllər”i çərçivəyə salım”. Mıxçaları çəpkəninin cibinə tökdü. Çəkici götürüb bir neçə dəfə o üz-bu üzünə çevirdi. Şəkili çərçivəyə yerləşdirib mıxçaladı. “Sonra yapışqanla bərkidərəm”.

Qapı döyüldü. Sevincək qapıya cumdu. Rəssamlar həmişə otağa boysırası ilə girirlər- əvvəlcə balacaboylular, sonra uzunlar. Niyəsini bilmirdi, amma bu dəfə də belə olacağına şübhə etmirdi. Dodağından təbəssüm əskik olmayan Mayra ən axırda gələcəkdi. Ona yol verməyin mənası yox idi, onsuz da, hamını irəli buraxacaqdı.

- Usta, divarı yavaş döyəclə, evdə xəstə uşaq var, - yuxusuzluqdan gözlərinin altı tuluqlanmış otuz beş-qırx yaşında bir xanım güllü xalatının yaxasını dartışdıra-dartışdıra dedi,- bayaqdan neçə dəfə yuxulayıb, amma sənin taqqıltın oyadıb.

- Üzrlü sayın, apa, indicə bitirərəm, - udqundu, - apai Dilrubonun divarlarını boyayıram, bu axşama bitirməliyəm, biritməsəm pulumu verməyəcək.

- Üzünü qarayara bassın! – qonşu xanımın qarğışı apai Dilruboyamı, ya onun özünəmi aid idi, bunu tuta bilmədi.

Əlini çərçivənin perimetri boyunca sürtüb tilişkə olub-olmadığını yoxladı.

“Qaydasındadı. Çərçivəçi bacarıqlı oğlandı, onun əl işinə söz ola bilməz”. Çərçivənin qulaqcığını tapıb divardakı mismara keçirtdi. “Güllər” divarın sifətini açırdı. Tablodan işıq süzülürdü. “Görəsən neçəyə gedər? Rahat sata biləcəm, inşallah! Satan kimi Danğaradakı evimə yol çəkdirəcəm!”.

Dostları səs-küylə emalatxanaya doluşdu.

-Göstər görək nə yaratmısan?!

-Bunu bəyəndim! Bəs niyə arxadan çəkmisən? Sifətini göstərmək də olardı.

-Aaa, sambusa! Quxusu adamı bihuş eləyir. Bizim üçün almısan, ya natürmort çəkəcəksən?

-Təzə çəkdiyin budu? Hmmm...

-Qəribədi. Ako, elə bil sən çəkməmisən. O biri şəkillərdə rənglər oynayır, burda isə... Sən nə vaxtdan göy rəngə belə vurulmusan?!

-Adı nədi? Bu nə hərfidi? Hə, “İ”di. “İblis yuyunur”?!

Ara-sıra piyalələrə süzülən çayın şırıltısı nəzərə alınmasaydı, otağa sükut çökmüşdü.

- Mayra gələ bilmədi. Gəlmək istəyirdi, amma... bilirsən də, hamiləliyi ağır keçir.

-...

- Akai Albay, niyə belə eləmisən? Ayrı İblis tapa bilmirdin?! Axı bu sənin nəyinə lazımdı?! Səni irəli çəkirlər, sərgilərə çağırırlar, tezliklə “hizbi-xalq”-dan da dəvət alacaqsan. Hələ deyirlər “Rudəki”də ev də verəcəklər. Hə, hə, belə də eşitmişəm. Ötən həftə akai Rahmatullo “Opera”nın qabağındakı kafedə dilindən qaçırtdı... Bilirsən də, akai Rahmatullo kimlərlə oturub-durur?! “Nahzati-islamii” damğasından qorxmursan?

- Çox oxşayır yəni? – Albay hüznqarışıq səslə soruşdu.

- Şübhən olmasın! Bütün cizgilər onunkudu - bax, burnu, qaşları, çənəsi, qulağı...

- Gözlərini dəyişmişəm axı. Daha doğrusu, baxışlarını...

- Hanı dəyişmisən?! Bəbəklərini qırmızı boyayıb qan hopdurmusan deyə, zənn eləyirsən tanıyan olmayacaq? Elə bilirsən suda inkasını verməklə illüziya yaradıb fikiri yayındıra bilmisən? Yox, alınmayıb, akai Albay.

- ...

- Gizlə bunu, görən olmasın.

- Bəlkə ruslara sata bildim? Rus hərbçilərinin yaxşı pulu var. “Əfqan yolu”na onlar baxırlar... Alıb, baha qiymətə avropalılara satarlar.

- Yox, ako, yox, gizlə. Asiya iblisi avropalıların nəyinə gərəkdi?!

- Yaxşı... Gizləyərəm... Büküb ataram zirzəmiyə, üzə çıxartmaram.

Dəhlizdə ev yiyəsinin səsi eşidildi. Əl saxladı. Yelçəkən qapıları çırpmasın deyə, tez pəncərəni örtdü. Ev yiyəsi bir neçə qonaqla gəlmişdi. “Hə, güman ki, o yaraşıqlı xanım apai Dilrubonun bacısıdı. Amma boynuna sarıdığı zərif şərfi saymasaq, zolaqlı kecimindən incəsənət adamına heç oxşamır”.

- Ustan budu? – yaraşıqlı xanım parıltılı daşlarla bəzənmiş yan-yana bir neçə üzük taxdığı başala barmağını ona tuşladı, - baxaq görək neyləyib? – Deyəsən, buralı deyil, hə?- bacısından soruşdu.

-Elədi, apa, tükmənəm, əslim Daşoğuzdandı.

-Sizin yerlərdə boyaqçıya ehtiyac yoxdu, buralara gəlib çıxmısan?

- ...

Qonaqlar otaqları gəzib bir-birinin sözünü kəsə-kəsə nəsə danışırdılar. O, qarışıq səslərin arasından apai Dilrubonun bacısı ilə nə danışdığını ayırd eləməyə çalışdı.

-Ustan rəngləri çox yaxşı vurub. Görürsən, heç yerdə fırçanın izi qalmayıb, - yaraşıqlı xanımın dediyi bu sözdən başqa qalan bütün tərifləri işə qiymət verməkdən çox, özünün biliyini gözə soxmağa oxşayırdı. Qonaqlar dayanıb xanımın dəyərləndirməsinə qulaq asır, razılıqla başlarını tərpədirdilər. - Bu otağın rəngi lap çox xoşuma gəlir! Göy divarlar otağı hava ilə doldurur.

O, əlindən saldığı fırçanı yerdən qaldırdı. Süni nəzakətlə xanıma baxdı. Ev yiyəsi bacısının sözlərindən xoşhallanıb əlini çantasına salıb bir dəstə əllilik somoni çıxartdı.
- Amma... - bacısı nəsə demək istədi. Ev yiyəsi tez pulu yerinə dürtüb çantanın bir-binə keçən yumru dodaqlarını çıqqıldadıb bağladı. - Amma elə bil nəsə çatmır.

O, “bu divarı zoğal çıçəyinə boyamaq lazım idi” demək istədi, amma ev yiyəsini açıqlandırmamaq üçün susdu.

- Dilrubo, - bacısı dedi, - sənə sözüm var, yadıma sal, sonra deyim, - bu,
yaraşıqlı xanımın fırlanıb qapıdan çıxmazdan qabaq dediyi son sözlər oldu.

Qapı çırpılıb bağlandı. “Bəyənmədi” – dizlərini yerə atıb gözlərini yumdu. Fırçada qalan göy rəngi üzünə yaxdı. “Lənət sənə, isti rəng!”

Şəkili zirzəmiyə endirdi. Bura onun özündən, bir də Mayradan başqa kimsənin ayağı dəyməzdi. Mayra ilə ən şirin söhbətləri burda, bu yarıqaranlıq zirzəmidə olurdu. Bir neçə dəfə qaranlığa salıb Mayranı öpmək istəmişdi, amma Mayra əlləri ilə üzünü örtmüş, sonra da başını divara söykəyib qəhərli səslə udquna-udquna “Albaycon, axı mən ərdəyəm” demişdi. “Yox, bu şəkil zirzəmilik deyil. Kim nə deyir, desin, lap girişə, gözəgirən yerə vuracam. Hər müştəri gələndə də göstərəcəm”. O, emalatxanaya qayıtdı. Giriş qapısının ağzında durub divarlara baxdı. Ən tez gözə çarpan yeri karandaşla nişanlayıb ora mismar vurdu. Şəkilin çərçivəsni uzun-uzadı sığalladı. “Görəsən, qarğalar nə qədər iblis görüb?”.

- Albay Kuşan? - üzərində ağ buta işləmələri olan qara araqçınlı bir kişi əlini onun çiyninə qoydu.

- Hə, mənəm, - səksəndi.

Əynində hökumət adamlarının geydiyi qara plaş olan qonaq boynunu uzadıb şəkilə baxmaq istədi, amma o, şəkili arxasında gizlətdi.

- Buyurun, gəlin, - qonağı içəri çağırdı, - Çay içirsiniz?


- Albay Kuşan...- qonaq keçib kürpaçanın üstündə bardaş qurub oturdu, - Al-bay Ku-şan... şəkil almağa gəlmişəm, nəyin var?

- Varımdı, yaxşı şəkillərim var, mənzərə, natürmort, portret... – sizi ən çox nə maraqlandırır, akai...?

- Hakimcon Şopayev!- qonaq öz adını xüsusi təntənə ilə deyib əlini döş cibinə saldı, nəyinsə yerində olduğuna əmin olub əlini tez də çıxartdı.

“Şopayev!? Mayranın da soyadı belədi”- onun içinə istilik yayıldı. Qonağa əziz adamı kimi gülümsədi.

- Məni portretlər maraqlandırır, - qonaq piyaləni dodağına söykəyib çaydan ağızdolusu qurtum aldı.

O, satış üçün çəkdiyi portretləri qonağın qabağına yığdı. Qonaq şəkilləri bir-bir götürüb işığa tutdu, gözünə yaxınlaşdırıb diqqətlə baxdı, dilinin altında nəsə məzıldanıb kənara qoydu.

- Ayrısı yoxdu, Albay Kuşan?

- Yox, akai Hakimcon, başqası yoxdu.

Qonaq ayağa durub otaqda o baş-bu başa gəzişdi.

- Bəs bayaqkı şəkil nə idi?

- Bumu? – o, üzünu divara çevirib söykədiyi şəkili göstərdi, - bu portret deyil.

- Eybi yox, bir baxım.

Qonaq şəkili çevirib baxdı. “Ey Xuda!” – deyib yenidən divara söykədi. – Buna nə verim?

- İki min somoniyə gücünüz çatar? – o, qonağı fikrindən daşındırmaq üçün qəsdən belə qiymət qoydu.

- Razılaşarıq, - qonaq ikibaşlı cavab verdi, - bəs bunu niyə örtmüsən?

- Bu satlıq deyil, akai Hakimcon, - ailə şəkilidi, özüm üçün çəkmişəm.

- Baxaqmı?- qonaq cavab gözləmədən əlini uzadıb Mayranın şəkili üzərinə çəkilmiş örtüyü götürdü. Gözlərini tez-tez qırpıb şəkilə baxdı və örtüyü şəkilin üstünə atdı. -Belə... Hmmm... Bunu çoxmu adam görüb?

- Yox, təkcə mən özüm baxıram.

- Qadın ağ kətan kimidi, ruhunda nə var, yax üstünə, - qonaq sezilən acıqla dedi, - amma çalış boyağı tez qurusun, Albay Kuşan, yoxsa qara əllər dəyər, ruhun bərk sancar. -Bunu alıram, - qonaq hərbçilər kimi dairə vurub geri dönüb “İblis yuyunur”u qamarladı, - pulunu axşam göndərəcəm.

“Şükr!” – o, qonaq çıxan kimi qapının cəftəsini vurdu, - iki min somoni!”. Gülümsündü. “Deyəsən Mayranın şəkilini də bəyəndi. Yox, aşna, onu heç bir pula satmaram”.

Mayranın portretini divardan endirib örtüyünü götürdü. “Yox, örtməyəcəm... amma yad gözlərdən də qorumalıyam. Qaranlıqda, amma azadlıqda!”. Çərçivədən yapışıb dalı-dalı zirzəmiyə düşdü. Şəkili köhnə qarmaqlardan birinə keçirtdi.

Qapı yenidən döyüldü. Ev yiyəsi keçib otaqlara bir də baxdı.

- Sabah mebelləri gətirəcəklər, yığış get. Pulunu mebellər qurulandan sonra verəcəm.
- Axşam... bu axşam kirayəpulu verməliyəm, apai Dilrubo, lütfən...

- Bir-iki günlə dünya dağılmaz, dözərsən.

- Mən dözərəm, apai Dilrubo, amma Sadbarq bibi dözmür. Məni evə buraxmayacaq...

- Olsun, - ev yiyəsi çiynini çəkdi, - dünyada nə çox zirzəmi, birini kirayələyərsən.

O, boyaq alətlərini yığdı. Ev yiyəsinin adını çəkmədən sağollaşıb qapını arxasınca bağladı. Pilləkənləri enib blokun ağzında dayandı. Evə qayıtmaq istəmirdi. Sadbarq arvadla üzləşməkdənsə... Əlini çibinə saldı. “Çaya çatar” – cibindəki bir neçə somonini bir az da dərinə dürtdü. “Bəlkə...” Keçmiş nişanlısının bir zaman ona dediyi sözləri xatırladı. “Albaycon, - nişanlısı demişdi, -sən pis adamsan, məni anam sənə zorla nişanladı, sən də sevindin. Zorla meyvəni dərmək olar, amma zorluqla çiçək açmaz. Mən çiçək açacağım yeri seçdim”. Sonra da ona “nə vaxt çətinliyin olsa, mənə xəbər yolla, əlindən tutaram” demişdi. Nişanlısı sonuncu sözlərini ona təsəlli vermək üçünmü demişdi, ya onun gözlərini öz gələcək xoşbəxtliyinin işığı ilə qamaşdırmaqmı istəyirdi, bunu nə o vaxt anlamışdı, nə də indi. “Yox, mənə kömək lazım deyil! – özünü əmin etmək üçün sözləri bərkdən dedi, - özüm yol tapacam!”. O, çantanı çiyninə atıb blokdan çıxdı.

Hava xeyli yumşalmışdı. Emalatxanada vargəl elədi. “Dostlarımı yığıb Hovalinqə aparacam. Bədəxşan da yaxşıdı, amma oralar hələ çox soyuq olar. Bəlkə Xocənd tərəfə gedək? Hmm... Kurqan-Təpə necə? İki min somoni ən azı beş nəfərə çatar. Bir həftə saf dağ havası udarıq”.

İşıqlar qəflətən söndü. “Eybi yox, - düşündü, - bir azdan yanacaq”. Qonşu həyətlərdə analar uşaqlarını evə çağırırdılar. Şər qarışanda işıqların sönməsindən ən çox analar qorxur.

Zirzəmidən səs gəldi. Qulaq verib dinlədi. Kibrit yandırıb başının üstünə qaldırdı. Ayaqqabısının ucu ilə pilləkənləri tapıb ehtiyatla zirzəmiyə düşdü. Yenidən kibrit alışdırdı. Divardakı şəkillərdən biri qarmaqdan çıxıb beton döşəməyə düşmüşdü. “Tanrım! Mayranın portretidi!” – sönməkdə olan kibrit çöpünü atıb döşəməyə oturdu, fəhmlə şəkili tapıb qaldırdı. Elə qaranlıqdaca əlini şəkilin üstündə gəzişdirdi. “Heyf, zədələnib. Bir neçə yerdə boyağı da qopub”

- Albay Kuşan, akai Albaaay!

- Buyurun, gəlin, burdayam, zirzəmidə. Çıxıram. İşıqlar sönüb. Bir azdan yanacaq.

- Albay Kuşan, pulunuzu gətirmişik, Hakimcon Şopayevin adamlarıyıq, tanıyırsan? Apai Dilrubonun qardaşı, Sadbarq bibinin oğlu! - getdikcə səs zirzəmidən daha aydın eşidildi, - Mayranın əri general Şopayevi deyirik.

Körpünün altında iki kişi oturmuşdu. Qarşılarına kartondan süfrə salmışdılar. Yol fonarının işığı qovaq ağacının qanadları arasından süzülüb onların üstünə düşürdü.

- Qonaq ol, ako, - kişilərdən biri araq şüşəsinin boğazından yapışıb çırtma ilə şüşəyə vurub ona göstərdi, - gəl bəri içini qızdır.

Ona karton parçası uzatdılar. Altına salıb oturdu.

-Sifətin niyə göyərib, ako? Səni döyüblər? – o biri kişi araq dolu plastik stəkanı ona uzadıb soruşdu.

- Yox, boyaçıyam, - arağı birnəfəsə içdi, - divarları boyayıram. Qara divarlara bənövşəyi rəng vururam. Hərdən göy rəng istəyən də olur, - konserv qutusundan kilkə götürüb ağzına atdı.

- Hə, qazanclı peşədi, yəqin yaxşı qazanırsan. Bizə araq alarsan?

O, əlini cibinə salıb bir neçə əskinazı süfrəyə atdı. Kişilərdən nisbətən cavanı əskinazları qapıb araq dalınca qaçdı.

Qara bir pişik miyoldayıb quyruğunu onun ayağına sürtdü. O, süfrənin küncünə qalaqlanmış kilkə quyruqlarını ovuclayıb pişiyin qabağına qoydu.

- Rədd elə onu, həyasızın biridi, bayaqdan bəri neçə dəfə yemək vermişik.

- Qoy yesin, onsuz da quyruqları atacağıq, - o, pişiyin başını sığalladı.

- Arağını təzələyimmi, ako? – kişi cavab almamış stəkanını doldurdu,- adın nədi?

- Adım yoxdu. Elə boyaçı deyə bilərsiniz.
- Bizdən çəkinmə, ako, - kişi əlini onun dizinə vurdu, - bura, körpünün altında gecələməyə gələnlərin hamısı bizim qardaşımızdı.

- Bu da mən, -araq dalınca gedən kişi əlindəki şüşəni süfrəyə qoyub öz yerini tutdu, - yarıma çatmadı, balacasını aldım.

- Boyaçının canı sağ olsun, birini də nisyə yazdırar.

- Boyaçı demişkən, mağazada qızlar danışırdı ki, Albay Kuşan adlı bir boyaçı özünü öldürüb. Meyidini zirzəmidən tapıblar.

- Demədilər niyə öldürüb? – o biri kişi etinasızlıqla soruşdu.

- Yox, demədilər, ele dedilər ki, ürəyinə bir güllə sıxıb, amma ölməyib, sonra da əzab çəkməsin deyə, tapançanı qaldırıb boynunun dalından vurub. Deyirlər bütün bədəni gömgöy imiş.

Uzaqdan pişiyin miyoltusu gəlirdi. Ətrafa boylandı. Qaranlıqda heç nə görmək olmurdu.

Körpünün üstündən keçən maşın karvanının tırıltısı pişiyin səsini batırdı...
XS
SM
MD
LG