Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:36

Üsyankarların rəqsi [Video]


Fransızların modern rəqs dərsləri
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Fransızların modern rəqs dərsləri

FRANSIZ GÖZƏLİ SARAH VƏ MODERN RƏQS

Döşəmədə sürünən rəngli corablar. Sahibləri bir hərəkəti 100 dəfə təkrarlamaqdan artıq sürtülüblər. Görəsən, bir rəqsin başa gəlməsi üçün neçə cüt corab cırılmalıdır?... Gözlər indi ayaqlarda yox, sarışın, mavigözlü, əsl fransız gözəli Sarah Balizinger'in ağzına, onun hərəkətlərinə dikilib.

«Baş, mədə... Hərəkət edin. İlan kimi...».

4 GÜNƏ RƏQS

«Yuğ» Teatrının qədim hamamda yerləşən binası. Mistik musiqi. Və 3 fransız - Sarah Balizinger, Alexandre Lipaux, Loic Faquet azərbaycanlı gənclərə modern rəqs öyrədirlər. Onlar Fransa səfirliyinin dəvəti ilə Bakıya gəliblər. Arzu edənlərə 4 gün pulsuz-parasız master-klass verəcəklər. Aprelin 12-də isə «Yuğ» Teatrının binasında şou göstərəcəklər. Hələliksə həvəslə, səbirlə məşq gedir.

- Mənim adım Sarah'dır. 22 yaşım var. Biz Fransanın «Mirage» və «Totun» şirkətində çalışırıq. Fransa səfirliyinin dəvəti ilə gəlmişik, müasir rəqsi təbliğ edirəm.

Modern rəqsi öyrənməyə gələn azərbaycanlı tələbələr peşəkar rəqqaslar deyillər. İncəsənət Universitetinin tələbələri, «Yuğ» və Pantomima teatrlarının aktyorlarıdır. Təxminən 15 nəfərdir. 4 gün modern rəqsi öyrənməyə bəs edərmi?

Alexandre və Sarah gülüşür. Deyirlər ki, vaxt qısa da olsa, mümkündür.

- Tələbələrin öyrənməsində çətinlik yoxdur. Açıqfikirlidirlər. Götürmə qabiliyyətləri yaxşıdır.

- Çətin hərəkətlər var. Bu hərəkətlər əslində rəqsdə sonsuzdur. Biz bəzilərini çatdırırıq. Uşaqlar, deyərdim ki, tez mənimsəyə bilirlər.

«BU, MƏNİM QATILDIĞIM 4-CÜ MODERN RƏQS MASTER-KLASSIDIR»

Sarah Balizinger və Alexandre Lipaux
Sarah Balizinger və Alexandre Lipaux
Tələbələrdən biri də «Yuğ»un aktyoru və rejissoru Ruslan İsmayılovdur:

- Mənim vaxtilə plastikaya marağım və meylim olub. Uzun illər Pantomima Teatrında işləmişəm. Bu yaxınlarda bir tamaşa qoymuşam. Orda modern rəqs elementlərindən istifadə etmişəm. Ona görə də maraqlıdır. Gəldim, qatıldım. Baxım görüm bunlarda yeniliklər nədir, inkişaf necədir. Bu, mənim qatıldığım dördüncü modern rəqs master-klassıdır.

BALETƏ QARAŞI ÇIXANLAR

Modern rəqs ötən əsrdə yaranıb. ABŞ-da və Almaniyada təşəkkül tapan modern rəqs əslində ənənəvi, klassik baletə qarşı çıxanların rəqsi kimi tanınır. Kanonları, köhnəlmiş süjet və mövzuları, klassik hərəkətləri inkar edən modern rəqs daha fərqlidir, daha plastikdir, daha ifadəlidir və tənqidçilərə görə daha demokratikdir. Yozumlara, improvizələrə həmişə açıqdır. Bu gün onun çoxlu cərəyanları və növləri var...

Ruslan İsmayılov:

- Modern rəqs baletə üsyan olaraq yarandı. Klassik ənənələri pozmaqla yeni cərəyan, yeni nəfəs gətirdi. Rəqsə müasirlik gətirdi. Artıq balet öz erasını yaşamışdı. Modern rəqs isə bu gün inkişaf edir. Alqışlayıram bu təşəbbüsü.

Rəqslərə bu gündən başlayan Gülşanə Mustafayeva isə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda oxuyur:

- Bizim üçün bu, bir yenilikdir. Onların plastikası necədir, bədən həllərini necə tapırlar.

- Yəni onlardan vücud dilini öyrənirsiz?

- Bəli.

- 4 gün bəs edirmi?

Arzu edənlərə 4 gün pulsuz-parasız master-klass verirlər
Arzu edənlərə 4 gün pulsuz-parasız master-klass verirlər
- Məncə, azdır. Amma anlayış üçün bəsdir. Mən rejissorluqda oxuyuram. Gələcəkdə burda öyrəndiklərimdən istifadə edə bilərəm.

BƏS FRANSIZLARI BAKIDA VALEH EDƏN NƏ OLDU?

İndi də qayıdaq qonaqların yanına. Bir neçə gündür Bakıda olan Sarah’dan soruşuruq ki, fürsət tapıb Azərbaycan rəqsləri ilə tanış ola bilibmi? Bunu demişdik ki, Alexandre ilə Sarah Azərbaycan rəqslərindən bəzi elementləri təkrar etməyə cəhd edirlər. Deyəsən, hələlik bir şey alınmır. Gülüşürlər. Yerli rəqsi isə onlara tərcüməçi göstərib. Deyirlər ki, çətindir.

Onları valeh edənsə təkcə Azərbaycan rəqsləri deyil. Həm də Azərbaycan insanları olub:

- Azərbaycanlılar avropalılardan fərqlənirlər. Yolda gedəndə dara düşsən sənə yardım edirlər. Qonaqpərvərlikləri, musiqisi, yeməkləri çox gözəldir.

Modern rəqsi sevənlər aprelin 12-də «Yuğ» Teatrında 3 rəqqasın şousuna tamaşa edə bilər.
XS
SM
MD
LG