Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:30

Ev tikmək qəzet açmaq kimi asan olacaq?


Səyyad Kərimov
Səyyad Kərimov
Yeni Tikinti və Şəhərsalma Məcəlləsi qəbul olunandan sonra 1-2-mərtəbəli fərdi ev tikmək qəzet açmaq kimi asan olacaq. Tikintiyə başlamaq üçün bu sahəyə cavabdeh quruma sadəcə xəbərdarlıq məktubu göndərmək kifayət edəcək. Cavabdeh qurum bir ay ərzində təklif və irad bildirməyəcəksə, bu, razılıq əlaməti sayılacaq.

Bu fikirlər aprelin 13-də Tikinti və Şəhərsalma Məcəlləsi layihəsinin ictimai müzakirəsi zamanı səslənib. Layihə müəlliflərindən biri, Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov layihədə tikintiyə icazənin xeyli sadələşdirildiyini deyir:

TİKİNTİDƏ DƏ VAHİD PƏNCƏRƏ

«Tikintisinə icazə tələb olunan və olunmayan obyektlər var. Hündürlüyü 12 metrə qədər olan fərdi ev tikmək istəyən şəxs layihəni və tikinti ilə bağlı ərizəni müvafiq icra hakimiyyəti orqanına təqdim edəcək. Həmin qurum 1 ay ərzində irad və təkliflərini bildirməzsə, həmin şəxs heç bir icazə almadan tikintiyə başlaya bilər».

Səyyad Kərimova görə, təklif və iradların bildirilməsi də tikintiyə icazə verilməməsi anlamına gəlməməlidir. Burda sadəcə layihənin tikinti və şəhərsalmaya uyğunluğu ilə bağlı sənədlər tələb oluna bilər.

Layihə həmçinin icazəli tikintilərlə bağlı işlərin «vahid pəncərə» prinsipi ilə həyata keçirilməsini nəzərdə tutur.

LAYİHƏ BARƏDƏ FİKİR AYRILIQLARI

Elə bu prinsipin tətbiqinə görə də yeni layihədə sovet dövründən qalma tikintinin istismara qəbulu institutundan imtina olunur:

«Çünki bu məsələ çox mürəkkəb bir proseduradır. Hər birinin öz marağı olan onlarla dövlət qurumu bu işə cəlb olunurdu. Layihədə «vahid pəncərə» sisteminin bir hissəsi kimi tikintinin istismarına icazə institutu nəzərdə tutulur».

Şahid Şükürov
Şahid Şükürov
Layihə müəllifi Səyyad Kərimova görə, «vahid pəncərə» sistemini həyata keçirən qurum tikintiyə nəzarətlə yanaşı, onun istismara yararlığını qəbul edəcək.

Amma layihəni şərh edən Amerika Ticarət Palatasının nümayəndəsi Şahid Şükürov «vahid pəncərə» prinsipinin layihədə aydın izah olunmadığını deyir. O hesab edir ki, tikintinin başlaması anından bitməsinə qədər bütün proses sənəddə aydın göstərilsə, daha yaxşı olardı. Bundan başqa o, təklif edir ki, tikinti ilə şəhərsalma, bir çox Avropa ölkələrində olduğu kimi, ayrı-ayrı məcəllələr ilə tənzimlənsin.

Səyyad Kərimov isə bu iradları qəbul etmir. Deyir vahid pəncərə ilə bağlı layihədə hər şey aydın göstərilib. Qaldı ki, bu məsələnin iki ayrı məcəllə ilə tənzimlənməsinə, o, deyir ki, tikinti ilə şəhərsalma bir birinə çox bağlıdır.

«VƏTƏNDAŞ HEÇ VAXT ALDADILMAMALIDIR»

Tikinti haqqında ayrıca məcəllənin qəbulunun tərəfdarı olan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, yeni məcəllə tikintidə heç də bütün problemləri həll edə bilməyəcək:

«Misal üçün, tikintidə indi ən ciddi problem qiymətqoyma məsələsidir. Bu məsələ açıq qalıb. Elə bir orqan yoxdur ki, əmlaka, torpağa qiymət qoysun. Ona görə də, əhali arasında çox ciddi problemlər var. Misal üçün «Füzuli» küçəsi ətrafında evləri sökülən adamlar bilmir hara müraciət etsin.
Vahid Əhmədov
Vahid Əhmədov
Biri deyir «1 kv.m.-ə 1500 manat kifayətdir», o biri deyir «yox, mənim evimin kvadratı 4 mindir». Bu siyasət əhali arasında böyük narazılıqlar yaradır. Qiymət məsələsi bu Tikinti və Şəhərsalma Məcəlləsində öz əksini tapmalıdır. Bilməliyik ki, vətəndaşın torpağını əlindən alırıqsa, evini sökürüksə, onun qiyməti nədir. Vətəndaş heç vaxt aldadılmamalıdır. Ona bazar qiyməti ödənilməlidir».

Elə Bakının mərkəzindəki mənzilindən çıxarılan Afaq İsmayılova da AzadlıqRadiosuna deyirdi ki, onun əmlakının hər kvadrat metrinə müstəqil qiymətləndirmə şirkəti 2400-2800 manat qiymət qoyduğu halda, ona 1500 manat ödənir.

İCAZƏSİZ TİKİLİLƏR NƏ VAXT SÖKÜLƏ BİLƏR?

Layihədə icazəsiz tikililərlə bağlı da müəyyən proseduralar nəzərdə tutulur. Belə ki, təklif edilən məcəllə icazəsiz tikililərin sökülməsinə yol vermir. Səyyad Kərimov deyir ki, obyekt hansısa səbəbdən icazəsiz tikilibsə, dövlət qurumlarının vəzifəsi onu sökmək yox, tikintinin məcəllənin tələblərə uyğun gəlib-gəlmədiyini araşdırmaq olacaq:

«İcazəsiz tikinti qanunvericiliyin bütün tələblərinə uyğun tikilibsə və təhlükəsizlik baxımından problemsizdirsə, onu sökməyin əhəmiyyəti yoxdur. Çünki icazəsiz olsa da, məqsədə çatılıb və həmin obyekt leqallaşdırılmalıdır.
Elxan Əsədov
Elxan Əsədov
Qanunvericiliyin tələbi pozulubsa, onda qanunla müəyyən edilən qaydada tikintiyə icazə verən qurum tərəfindən sökülə bilər».

TİKİNTİDƏ QONŞU MARAĞI

Yeni layihədə bir məsələ də başlanması nəzərdə tutulan tikinti barədə qonşuların məlumatlandırılması və onların rəyinin nəzərə alınmasıdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyir ki, hündürmərtəbəli evlərin tikintisinə icazə veriləndə, ətrafda olan tikintilər və ərazidə yaşayan insanların rəyi nəzərə alınacaq. Tikinti işləri kiminsə maraqlarına toxunmamalıdır. Əks halda, tikintiyə icazə verilməyəcək.

Tikinti və Şəhərsalma Məcəlləsi layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
XS
SM
MD
LG