Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:26

S.Baycan: “Tənqidçilər müasir ədəbiyyatdan xəbərsizdi"


Seymur Baycan: Tənqidçilər müasir ədəbiyyatdan xəbərsizdir
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00
Direct-ə keçid

Seymur Baycan: Tənqidçilər müasir ədəbiyyatdan xəbərsizdir

"Əgər 60-cılar mənim gün-güzəranımı yaşasaydılar, bir qotur hekayə də yaza bilməzdilər..." Müsahibimiz yazıçı Seymur Baycandır.

.
...Məni sevən qızlar var, yeməyimi onlar gətirirlər...

...Tənqidçilərin yazılarını oxuyanda xəcalət çəkdim...

...Mən indən belə yüz il də dərc olunsam, Anarın tirajını yığa bilmərəm...

...Bir də gördün, Rusiyanın hansısa bazarında reketlik edən bir boynuyoğun adama xəbər göndərdi ki, ə, gəlib səni... (söyüş söyür) ha, sən mənim kəndim haqqında yazırsan, oğraş?

...Ədəbiyyatda 60-cılar nəsli deyilən yazıçılar sovet dövründə şişirdilmiş insanlardır. Bu adamlar həyat görməyiblər, ədəbiyyata atalarının hesabına gəliblər. Bəs qədər maddi təminat, kef-damaq, sanatoriyalar, tədbirlər... Yəni bu adamlar mənim kimi vağzalda qalmayıb, kirayə dərdi, ayaqqabı dərdi çəkməyiblər. Əgər onlar mənim gün-güzəranımı yaşasaydılar, bir qotur hekayə yaza bilməzdilər...

Cavid Zeynallının “Şənbə qonağı” yazıçı Seymur Baycandır.

- Seymur, sənin “Quqark” romanın “Oxu zalı”nda peşəkar tənqidçilərin iştirakı ilə geniş müzakirə edildi, xeyli iradlar, tənqidlər də oldu, bu tənqidlərdən nələrisə əxz etdinmi?

- - Əvvəla, tənqidçilərin hamısına təşəkkür edirəm. Əziyyət çəkib romanımı oxuyublar. Amma mənə elə gəlir ki, “Oxu zalı”ndakı bu müzakirə olmasaydı, onlar romanımı oxumayacaqdılar. Hamısını deyə bilmərəm, amma oxumayanlar olacaqdı. Nərmin Kamalın yazısı təkcə “Quqark” haqda yazı deyildi, həm də roman haqda yazılacaq yazılara cavab idi. Tutarlı cavab idi.

Mən hansı ölkədə yaşadığımı gözəl bilirəm və çalışıram ki, reallıq hissini itirməyim. Trotskinin bir sözü var: reallığı dərk etmək qələbənin yarısı deməkdir. İnan, roman haqqında danışılanları, yazılanları eynimə almıram.

“Oxu zalı”nda müzakirə olunanda o tənqidçilərdən bir təkinin fikri məni maraqlandırmadı, içimi tərpətmədi. Oxudum və özünə tənqidçi deyən bu adamların halına acıdım. Ki, gör bizim tənqidimiz nə gündədir, 60-cı illərdən bəri ədəbiyyatda baş verən hadisələrdən xəbərsizdirlər. Mənim nəsrdə olan üstünlüyümü bu adamlar qüsur kimi göstərirlər.

- Elnarə Akimova yazır: “Əgər uçurum iki millət arasında olan nifaqdırsa, bu nifaqın əlamətləri, çözümü burda heç lokal olaraq da qabardılmır. Əsərdəki Seymur Anuş xətti zəifdir, predmetini nədən alır bilinmir. Əsərin bir neçə yerində nəql olunan hekayələrdə cəmiyyət yazar problemi sərgilənməsindən sonra belə bir məhəbbət motivi süjetə əlavə etmək əsərə əlavə nə qazandırır? Buyur, Elnarə xanımın sualını cavablandır....

- (Uzun-uzadı sükut. Dərindən köks ötürür.) Allah haqqı, heç nə başa düşmədim. İnan, Quran haqqı, Tövrat haqqı, İncilə and olsun, 124 min peyğəmbər haqqı bir şey anlamadım. Ay qardaş, gəl, başqa şeydən danışaq. (Sükut) Bir dəqiqə... Ermənilərin də, Azərbaycanlıların da faciəsini yazmışam da! Elnarə xanım diqqətlə oxumayıbsa, buna mən nə edim?! Romanın bir əvvəlini, bir axırını oxuyubsa buna mən nə edim? Anuş və Seymur xəttinin hansı şəkildə olacağını mən bilirdim, sadəcə, düsturunu tapmaqda çətinliyim vardı. Hansı əsərlərdə məktublaşma varsa, tapıb oxudum. Qaxda Turgenevin üçcildliyini oxudum. Məni plagiatlıqda suçlayan bisavadlara məcburam hər şeyi özüm açıb deyim. Amma istəyirəm yekə-yekə danışmaqdansa, özləri hardan nə götürdüyümü tapsınlar. Məsələn, Əsəd Cahangir mənə dedi, romandakı çörək növbəsi səhnəsini bilirəm hardan götürmüsən: Sabir Əhmədlinin “Gedənlərin qayıtması” əsərimdən. Xoşuma gəldi, ləzzət elədi mənə. Bilirsən, mən julikəm, bilirəm hardan nə götürmək lazımdır. “Quqark”da “Min bir gecə”dən tutmuş, Özbək xalq nağıllarınacan səhnələr var. Məktublaşma səhnəsindəki düsturu Turgenevin “Rudin” əsərindən götürmüşəm. Bu tənqidçilərin yazılarını oxuyanda xəcalət çəkirəm.

- Səncə, romanın haqqında yaxşı yazını hansı təqidçi yaza bilər?

- Var, amma o azad insan deyil. Ona görə cəsarəti çatmaz yazmağa. “Quqark”ı Anar
Cavid Zeynallı və Seymur Baycan
Cavid Zeynallı və Seymur Baycan
ya Elçin yazsaydı, indi İsa Qəmbərdən tutmuş Ramiz Rövşənə, Rəşad Məciddən tutmuş Cəmil Həsənliyə qədər hamısı tərif üçün növbəyə durmuşdular. Onları başa düşürəm, bu ölkədə gənc yazar haqqında yazmaq çox çətindir.

- Elnarə Tofiqqızının nəzərincə roman böyük bir reportajı xatırladır...

- Əəə, getsin oxusun da reportaj janrında yazılmış əsərləri. (əsəbiləşir) İndi durub Elnarə Tofiqqızına kitab verim ki, bunları oxu, sonra danış?! Yazıçının tənqidçiyə kitab verməsi ayıbdır e! Henri Milleri, Dovlatovu, Bukovskini oxusun da!

- Əminsən ki, Elnarə xanım Dovlatovu oxumayıb?

- Oxusaydı belə şeylər yazmazdı. Əgər oxuyub belə yazırsa, deməli, qərəzlidir.

- Sənə irad tutulan məsələlərdən biri də xatirələrin pərakəndəliyidir...

- Mən xəyal qurmaqdansa, xatırlamağı sevirəm. Dünən baş vermiş hadisəni elə bəzəyib danışaram, mat qalarsan. Keçmişin mənim üzərimdə böyük hökmranlığı var. Bəli, “Quqark”da çox ciddi qüsurlar var, mən özüm bunu çox gözəl bilirəm...

- Maraqlıdır, bəlkə bir-ikisini deyəsən...

- Niyə deyirəm e axı, adlarını tənqidçi qoyan bisavadlar tutsunlar da bu qüsurları. Bu tənqidi yazılar o adamların savadsızlığının təsdiqiydi. Mən əsəri qura bilmirəm, texnik deyiləm. Romandakı səhnələrdən bir-ikisini qurmağı bacarsaydım, hə, yaxşı olardı, amma bunu bacarmıram. Yaza bildiyim kimi yazmaq istəyirəm.

- Bu, yazıçı qeyri-peşəkarlığından irəli gələ bilərmi?

- Ola bilər! Həvəsim yoxdur nəyisə çeşidləyim, qurum. Ərinirəm. (Gülür) Yazmışam oxusunlar da. Nəyə lazımdır e, düzüb-qoşmaq. Mən özüm özümə bu icazəni vermişəm.

- Tehran Əlişanoğlunun qənaətincə roman ideoloji baxımdan ziyanlıdır.

- Yəqin Tehran müəllim gözləyirmiş ki, Qarabağ haqqında yazılan ənənəvi romanlar kimi bir əsgər əlinə avtomat alıb Yeravana qədər irəliləməliymiş, orda da Sərkisyanı öldürüb geri qayıtmalıymış. (gülür) Məni bağışlayın, özünə hörmət edən adam kimi belə şey yaza bilmərəm. Hələ Tahran Əlişanoğlu yazmışdı ki, Seymur Baycan çaşır və bir də roman yazmaycağını deyir. Bəli, yazmayacağam. Çünki pulum yoxdur.

- “Quqark”ın satışından pul qazana bilmədin?

- Niyə, qazandım. 5-6 min manat gəlirim oldu. Bu, xalis qazancdır. Yəni kitabın çap xərcini dostlar çəkmişdilər. Üstəlik, elə adamlar oldu, roman xoşlarına gəlmişdi, adamlarına tapşırmışdı ki, aparın şairin payını verin.

- Cavanşir Yusifli səni improvizasiya baxımından açıq tipli yazıçı sayır...

- Düz deyir! Romanda nə var üzdədir, ona görə də məni hamı qabağına qoyub şillələyə
Seymur Baycan
Seymur Baycan
bilər. Roman çox asan oxunur. Bu, yazıçının uğurudur. Somerset Moyemin sözü var: Bir çox yazıçılar özlərinə əziyyət verib asan yazmağı öyrənməyiblər.

Bilirsən, ümumiyyətlə, ədəbiyyatın işi çətindir. Hamı iki-üç kitab oxuyandan sonra səni qabağına qoyub danlamağı özünə haqq bilir. Adamın da mərifəti yol vermir ki, deyəsən rədd ol başımdan ... Amma rəssamlara bunu eləyə bilmirlər. Rəssamlar belə debilləri iqnora qoyurlar. Məsələn, iki dənə əyri-üyrü xətt çəkirlər, danqazdar gəlib baxanda ağıllı-ağıllı başlarını tərpədirlər ki, “aa çıı,” yaxşıdır, lap dahiyanədir. Musiqidə də belədir. Bu mənada, yazıçılar başıqapazlı, ən bədbaxt zümrədirlər. İstənilən birini qoy qabağına, başda şillələməyə. Ələlxüsus, adam hər şeyi aydın yazırsa, vəssalam, yıxıldı dədəsinin xarabası! Dəfələrlə demişəm, bir də təkrar edirəm: əsərin asan oxunması onun asan yazılması demək deyil.

- İstəyirəm, Cavanşir bəyin bir iradına da cavab verəsən. Yazır: “bir hərflə təqdim edilən personajlar barədə məsələn, K. dayı, N. Xala və.s bu adları tam yazsan da mahiyyət dəyişmir. Müəllif bəzi yerlərdə çaşıb onları açır, adları tam şəkildə yazır...

- Haqlı iraddır. Əvvəldə qorxumdan istəmişdim hoqqabazlıq edəm, sonra özümü buraxdım ki, nə ola-ola! Görünür, düzəltmək yadımdan çıxıb. Mən yazdığımı az hallarda pozuram. Bilirsən, rayon söhbəti çətindir. Ölkə haqqında fikir bildirirsən heç kimin vecinə olmur, kənd haqqında danışanda bir də gördün, Rusiyanın hansısa bazarında reketlik edən bir boynuyoğun adama xəbər göndərdi ki, ə, gəlib səni... (söyüş söyür) ha, sən mənim kəndim haqqında yazırsan, oğraş? Qorxuram. Ona görə rayon haqqında yazmaq çətindir.

- Seyfəddin Hüseynlinin yazısı haqqında nə düşünürsən? Məsələyə fərqli rakursdan yanaşma var...

- Vallah, heç nə başa düşmədim. Deyir, satiranın ən yüksək həddi odur ki, müəyyən etmək olmur müəllif özünü, yoxsa, başqalarını dolayır. Bilmədim, Seyfəddin müəllim özü ilə məzələnir, yoxsa məni ələ salır?! O yazını satiranın ən yüksək həddi kimi qiymətləndirirəm. Mən klassik ədəbiyyatl bilmirəm, orda qəribə-qəribə şeirlər yazmışdı. İndi durub gedim kiməsə deyim ki, bunu mənə başa sal?! Buna həvəsim yoxdur. Bilmirəm, o yazıda məni söyüb, təhqir edib, ya tərfləyib.

- Seymur, sirr deyilsə, necə dolanırsan?

- Niyə sirr olsun ki! (Həvəslənir) Müxtəlif qəzetlər üçün yazıram. Məni sevən qızlar var, yeməyimi onlar gətirirlər. Xaricdə və Azərbaycanda yaşayan dostlarım var, onlar mənə kömək edirlər. Əynimdəki köynəyi mənə Amerikadan hədiyyə gətiriblər. Gödəkçəmin qiyməti 160 manatdır, bir dostum alıb. Lap pis vəziyyət yarananda sosial şəbəkələrdə yazıram ki, 100 manat kirayə pulu lazımdır, kimsə mənə kömək etsin. Birdə gördün, əlaqə saxlayan oldu ki, gəl götür. Mən belə şeyə görə utanmıram. Təəssüf ki, hələ də belə vəziyyətdə yaşamağa məhkumam. Ümid edək ki, ölkəmizdə çıxan neftdən nə vaxtsa bizim də payımıza bir vedrə düşəcək.


- Son həcv qovğasından sonra sosial şəbəkələrdə yazdılar ki, Seymur Baycanın “sezon”u başladı...

- Mənim gündəm problemim yoxdur. İstənilən vaxt qovğa yaradıb mətbuatı zəbt edə bilirəm. Həmişə demişəm, bir də təkrar edirəm: on üç mövzum var və bu mövzuları bala-bala dövriyyəyə buraxıb, kef edəcəyəm. Daha doğrusu, artıq mövzu boğçamın ağzını açmışam, effekt göz qabağındadır. Durğunluqdan, ölü sükutdansa polemika, dartışma gözəldir. Mən fikir mənasında sakitliyi sevməyən adamam. İndi özümü çox gümrah, əla hiss edirəm (stola yayxanır). Son hadisələr göstərdi ki, bizim yazdıqlarımız,
Seymur Baycan Murad Köhnəqala ilə
Seymur Baycan Murad Köhnəqala ilə
mübarizəmiz boşuna getməyib. Yeni təfəkkürün tərəfdarlarını bu böyük qələbə münasibəti ilə təbrik edirəm. Biz qələbə, qələbə, qələbə qazanmışıq!!!

- Beş altı il əvvəl verdiyin müsahibədə də eyni cümləni demişdin: biz qələbə qazandıq! Deməli, o vaxt özünü təsəlliyə tuturdun?

- Qətiyyən! Bu, bizim təkrar qələbəmizdir. Mən bunu o mənada demişdim ki, vaxtilə tribuna problemimiz var idi və bizi çap etmirdilər. Yazılarımız çox çətinliklə qəzet səhifələrinə çıxırdı. Elə bir dövr gəldi ki, yeni yaranan mətbuat orqanlarında yazılarımıza ehtiyac yarandı. Qələbəni o mənada demişdim. Bizim mübarizəmiz birxətli deyil, qarşıda neçə-neçə mərhələlər var.

- Hansı redaksiyalar üzünüzə qapı bağlayıb? Bildiyim qədər sən də, digər həmkarların da uzun müddət “525-ci qəzet”də çap olunmusunuz...

- Mən Anar haqqında yazanda insanlar elə bilirlər ki, bu tək Seymur Baycanın davasıdır. Xeyir!!! O vaxt biz on-on beş nəfər ehtiyac içində çabalayan, kövrək uşaqlar idik. Sadəcə, özümüzdən əvvəlki nəsildən fərqli olaraq, ədəbiyyata yedəkdə gəlmədik, onun-bunun əlindən su içmədik. Ortalığa platforma qoyduq və bunun mübarizəsinə qalxdıq. Bir-birimizi dəstəklədik, arxa olduq, sözümüzü dedik, yazdıq... Yəni imkan vermədik ki, bizdən tamada düzəltsinlər. Əksinə, tamada xislətli adamların gözlərinə baxıb, həqiqəti dedik. Qəzetdə işləyəndə bu tamadaxislət adamlar işimizi bururdular, televiziyalara telefon açıb ayağımızı efirlərdən kəsməyə çalışırdılar. Başa düşürsənmi, bu nə deməkdir?! Ümumiyyətlə, bizim start vəziyyətimiz çox ağrılı olub. Rişxəndlər, həqarətlər, istehza... Hamımızı üçüncü-dördüncü sort insan gözündə görürdülər. Bilirsən, bu xalq gəncliyi qəbul etmək istəmir. Hətta, mənimlə eyni siyasi əqidəni daşıyan insanlar belə mədəni baxışlarında mühafizəkarların yanındadırlar. İndi bəziləri səhvlərini başa düşüblər.Ədəbiyyatda 60-cılar nəsli deyilən yazıçılar sovet dövründə şişirdilmiş insanlardır. Bu adamlar həyat görməyiblər, ədəbiyyata atalarının hesabına gəliblər. Bəs qədər maddi təminat, kef-damaq, sanatoriyalar, tədbirlər... Yəni bu adamlar mənim kimi vağzalda qalmayıb, kirayə dərdi, ayaqqabı dərdi çəkməyiblər. Əgər onlar mənim gün-güzəranımı yaşasaydılar, bir qotur hekayə yaza bilməzdilər. Dövr dəyişdi, zaman gəldi və bu adamların kim olduqları üzə çıxdı. Müstəqillik dövründə heç nə yaza bilmədilər. Yazdıqları da bayağı, düşük, istedadsız mətnlərdir. Çünki sovet dövründə o yazılara senzura əl gəzdirirdi, ssenarilərini ruslara yazdırırdılar, mətnlərini yəhudi redaktorlar düzəldirdilər. Elə ki, bu adamlar özləri oldular, həqiqi simaları, istedadsızlıqları üzə çıxdı.

Məni “525-ci qəzet”ə Rəşad Məcid özü dəvət etmişdi. Daha doğrusu, Səbuhi Məmmədli vasitəsilə Rəşad Məcidlə görüşmüşəm. Dedi, sənin bir yazını oxudum, istərdim bizim qəzetə yazasan. Mən çox məmnun oldum, sevindim. Dəfələrlə bunu demişəm, yazmışam və təkrar-təkrar deməyə də hazıram: Mənim ədəbi zövqümün formalaşmağında “525-ci qəzet”in müstəsna rolu var! Bu qəzetə yazmaqla bərabər “Milli Yol” qəzetində də yazılarım çıxırdı. Bir dəfə “525”də yazım getmədi, girdim Rəşad müəllimin otağına ki, sizin qəzetə yazmağımda problem var? Dedi, hə! Mən Rəşad müəllimin vəziyyətini başa düşürdüm, ona görə getməyə özüm razılıq verdim. Çünki eyni vaxtda Anar haqqında “Milli yol”da kəskin bir yazı çap etdirmişdim. Zəng edib tapşırmışdı ki, Seymur Baycan qəzetdə yazmamalıdır, vəssalam! Onlarla belə fakt sayaram. Elnur Astanbəylini də “Xalq cəbhəsi” qəzetindən Anar uzaqlaşdırdı. Həmid Herisçi “Space”də veriliş aparanda hər gün ora-bura zəng edib camaatı dəng edirdi, donos yazırdı ki, Həmidi “Gecə kanalı”ndan uzaqlaşdırsın. O boyda kişi... (Dişini-dişinə qıcıyıb hiddətlənir) Mən indən belə yüz il də dərc olunsam, Anarın tirajını yığa bilmərəm. Bu məsələlərə görə o adamlara qarşı amansızam və axıra qədər də mərhəmətsiz, amansız olacağam. Çünki bunlar o qədər cılız, balacadırlar istəmirlər özlərindən sonra bir ədəbi nəsil yetişsin və qürrələnsinlər ki, gördünüz, bizdən sonra heç nə yazılmadı, ədəbiyyat olmadı.

- Səni bir mövzuda dəfələrlə eyni şeyi yazmaqda qınayırlar. Yəni çevir tatı, vur tatı...

- Yaxşı edirəm! Bəyəm, problem həll olunur ki, mən də onu təkrar yazmayım?! Onu deyən adamlar gedib Anara da desinlər ki, 24 ildir bir vəzifədəsən, get, otur evində-eşiyində. O adamların cəsarətləri çatırsa, Elçin Əfəndiyevə bir dəfə yazsınlar ki, niyə Azərbaycan teatrlarını şikəst etmisən?! İlyas Əfəndiyevlə Elçinin əsərləri illərdir teatrların repertuarını zəbt edib. Qardaşı İncəsənət Universitetində oturub 20 ildir oranı bədbaxt günə qoyub, özü isə düşük, bayağı əsərlər yazıb camaatın zəhləsini tökür. Mən dəliyəm, həll olunmuş məsələ haqqında təkrar-təkrar yazım?
XS
SM
MD
LG