Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

Buraxılış və qəbul imtahanları birləşdiriləcəkmi?


Foto: Arxiv
Foto: Arxiv
-
«BURAXILIŞ VƏ QƏBUL İMTAHANLARININ BİRLƏŞDİRİLMƏSİ
BU İLİN İŞİ DEYİL»


Bundan sonra orta məktəblərdə buraxılış imtahanını da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aparacaq. Prezident bu haqda fərman imzalayıb. İndiyədək buraxılış imtahanlarını Təhsil Nazirliyi aparırdı. TQDK sədri Məleykə Abbaszadə isə dəfələrlə Təhsil Nazirliyini tənqid edirdi. O deyirdi ki, buraxılış imtahanlarında yüksək qiymət alan şagirdlər ali məktəbə qəbul imtahanlarında bu nəticəni göstərə bilmirlər. Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadəyə ilk sual da bununla bağlı olur:

- Demək olarmı ki, bundan sonra buraxılış və qəbul imtahanlarındakı nəticələr üst-üstə düşəcək?

- Ümidvarıq. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olurdu. Bununla bağlı həmişə elmi-statistik təhlillər aparılırdı, ictimaiyyətə də məlumatlar bildirilirdi. Ümidvarıq ki, bundan sonra imtahan nəticələri üst-üstə düşəcək. Gələcəkdə ola bilsin buraxılış imtahanı nəticələri qəbul imtahanlarında nəzərə alınsın. Ancaq bu 2 imtahanın birləşdirilməsi, vahid imtahan keçirilməsi bu ilin işi deyil. Gələcəkdəsə olacaqmı-olmayacaqmı, zaman göstərər.

MİSİR MƏRDANOV MÜNASİBƏT BİLDİRMƏYİB

Təhsil naziri Misir Mərdanov isə prezidentin fərmanına – nazirliyin bir sıra səlahiyyətlərinin TQDK-ya verilməsinə münasibət bildirməkdən imtina edib.
Misir Mərdanov
Misir Mərdanov
«Bu gün bu məsələni müzakirə etməməliyik. Hər birimizin borcu dövlət başçısının fərmanlarını vaxtında həyata keçirməkdən ibarət olmalıdır», - nazir aprelin 20-də jurnalistlərin sualına cavabında belə deyib.

«HANSI İMTAHANI GÖZLƏYİRDİLƏR O DA OLACAQ»

Buraxılış imtahanlarına çox az qalıb. Tədris ilinin sonunda belə dəyişiklik bəzi valideyn və müəllimlərin narahatlığına səbəb olub. Türkan Qurbanova da 11-ci sinifdə oxuyur. Anası Tənzilə xanım deyir ki, belə qəfil dəyişikliyin uşaqların psixologiyasına mənfi təsir göstərəcəyindən, imtahanqabağı əlavə gərginlik yaradacağından narahatdır:

«Əlbəttə çox narahatam. Necə olacaq, necə imtahan verəcək? Qalmışıq belə... Türkan sinifkomdur, hər gün dərsdə olub. Amma əsas 5 fəndən hazırlaşıb. Yalandan deyə bilmərəm ki, hamısından qüvvətlidir».

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə deyir:

«Biz düşünmürük ki, əlavə gərginlik yarana bilər. Hansı imtahanı gözləyirdilər, həmin imtahan da olacaq. Bu imtahanlarda da, qəbul imtahanlarda olduğu kimi, şəffaflıq, obyektivlik təmin olunacaq. Bundan da şagirdlər narahat olmasın».

Elnur Nağızadə imtahanın keçirilməsi, məzmunu ilə bağlı dəyişiklər olacağını istisna etmir. Amma deyir ki, hələlik bu haqda qərar yoxdur.

VURĞUN ƏYYUB: «GEC DƏ OLSA, DÜZGÜN ADDIMDIR»

Bu dəyişikliyi təhsil üzrə ekspertlər müsbət dəyərləndirirlər. TQDK-nın sabiq sədri Vurğun Əyyub:
Vurğun Əyyub
Vurğun Əyyub

«Buraxılış imtahanlarında o qədər mənfi hallar baş verib ki, gec-tez bu addım atılmalıydı. Hələ ləngiyiblər. Gec də olsa, düzgün addım atılıb. Həm orta məktəbdə qazanılan biliklərin qiymətləndirilməsini, həm də abituriyentlərin biliklərinin qiymətləndirilməsini eyni qurumun aparması daha məqsədəuyğundur».

«QƏBUL VƏ BURAXILIŞ İMTAHANI BİRLƏŞDİRİLMƏSƏ, BU ADDIMIN FAYDASI YOXDUR»

Prezidentin son fərmanından sonra indi ekspertlər əmindirlər ki, illərdir onların səsləndirdiyi bir təklif gerçək olacaq. Yaxın illərdə orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanı birləşdirilə bilər. Əlövsət Osmanlıya görə, bu, baş verməsə, həmin addımın heç bir faydası olmayacaq:

«Yəqin ki, bu il və ya gələn il buraxılış və qəbul imtahanları ayrı-ayrı olsa da, sonra birləşdiriləcək. Doğru deyil ki, uşaq buraxılış imtahanı verir, bir ay sonra da qəbul imtahanı başlayır. İndiyədək beynəlxalq ekspertlərin də bununla bağlı iradları vardı. Məncə, sonucu məhz belə olacaq».

TQDK rəsmisi Elnur Nağızadə isə bu haqda qəti fikir demir. «Bunu söyləmək üçün əlimizdə əsas yoxdur. Hələ ki, mövcud qaydalara əsasən imtahanlar aparılacaq. Gələcəkdə hər hansı qəbul olacaq, indidən bilmirik» deməklə kifayətlənir.
Etibar Əliyev
Etibar Əliyev

İSLAHATLAR OLACAQMI?

«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevə görə, buraxılış imtahanlarını TQDK kimi cəmiyyətdə rəğbət qazanmış qurumun aparması alqışlanmalıdır. Onun fikrincə, hətta bu addım təhsildə ciddi islahatlara start işarəsi ola bilər:

«20 min şagirdin attestat ala bilməməsi, əlaçıların 0-100 bal toplaması, nazirlik qarşısında buraxılış imtahanları ilə bağlı valideynlərin piketləri göstərirdi ki, qiymətləndirmədə ciddi qüsurlar var. Korrupsiya var. Bu gün məktəb ölüb. Ona o qədər alternativ təşkilat yaranıb. Hər yerdə tədris mərkəzlərinin reklamı gedir, yazırlar ki, bizim uşaqlar 600-700 bal yığıblar. Bəs məktəbin nailiyyəti hanı? Əslində qiymətləndirmə texniki məsələdir. Buna qədər ciddi islahatlar aparılmalıdır. Dövlət hər uşağa 1000 manat ayırır. Bu pul onun 2 almasınamı gətirməlidir?».

Vurğun Əyyub isə hesab edir ki, islahatlar daha çox siyasi iradəyə bağlıdır.
XS
SM
MD
LG